Xəbər lenti


Azərbaycan 44 günlük Vətən Müharibəsi nəticəsində Ermənistanın işğalı altında olan ərazilərini azad edib. Azad olunmuş kənd, qəsəbə və şəhərlərin mütləq əksəriyyəti xarabalığa çevrilib, evlərin damı, qapı-pəncərələri, hətta daşları belə sökülüb talan olunub. Eyni zamanda Ermənistan işğal etdiyi ərazilərimizdəki maddi-mədəniyyət abidələrini məhv edib. 
Azərbaycan Prezidentin İlham Əliyev Ermənistanın bu vandallığı nəticəsində Azərbaycana vurulan zərərin hesablandığını, beynəlxalq təşkilatlar, məsləhətçilər cəlb olunmaqla qiymətləndirmələrin aparılacağını və Ermənistana qarşı təzminat davasının açılacağını bəyan edib. Ermənistanın keçmiş baş prokuroru, Ermənistanı Avropa İnsan Hüquqları Məhkəməsində təmsil etmiş Gevork Kostanyan  bildirib ki, ermənilər Azərbaycana vurduqları ziyana görə 50 milyard dollar ödəməli olacaqlar. Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın noyabrın 9-da imzaladığı təslimçi sülh razılaşması buna hüquqi əsas yaradır. 


Hüquq üzrə fəlsəfə doktoru, kommersiya hüququ üzrə mütəxəssis Eldar Qocayev bildirir ki, hətta bu sənəd (razılaşma) olmadan da Azərbaycanın təzminat davası açmaq hüququ var: “Əsası odur ki, hələ heç bir sənəddə Azərbaycan tərəfi sülh şərti kimi razılaşmayıb ki, gələcəkdə təzminat və ya dəymiş zərərin ödənilməsi iddiası hüququndan imtina edir. Bununla əlaqədar, əlavə sülh müqaviləsi və müvafiq sülh komissiyası çərçivəsində, BMT çətiri altında xüsusi kvazi-məhkəmə, Beynəlxalq Ədalət Məhkəməsi çərçivəsində iddialara baxmaq olar. 2000-ci ildən sonra baş vermiş cinayətlər üçün həm də Beynəlxalq Cinayət Məhkəməsinə üz tutmaq mümkündür. Bu zaman 7 (d), 75 və s. Maddələrə əsaslana bilərik”. 


İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, Azərbaycan ciddi beynəlxalq təşkilatlarla, xarici qiymətləndirmə şirkətləri ilə birgə illərdir işğal altında qalan, ordumuz tərəfindən azad edilən torpaqlarımıza dəyən maddi ziyanı mütləq hesablamalı, bu rəqəmi ciddi əsaslandırmalı, beynəlxalq hüquqa uyğun sənədlər hazırlamalıdır: “Sənəddə tək dağıdılmış infrastruktur, binalar, evlər deyil də, 27 ildə faktiki itirilmiş qazanc da hesablanmalıdır. Ermənistan təbii ki, inkar edəcək, razılaşmayacaq, on milyardlarla dollar ödəməyə heç imkanı da olmayacaq, amma doğru və hüquqi hazırlanmış sənəd daim onların başı üzərində "Domokl qılıncı" kimi asılmalıdır. Hər fürsətdə həm danışıqlar masasında, həm də beynəlxalq siyasi-hüquqi müstəvidə xatırladılmalıdır. Tarixi abidələrlə bağlı xüsusi araşdırma və qiymətləndirmə aparılmalı, bu sənədlər mövzu ilə məşğul olan bir çox beynəlxalq təşkilatlarda ayrıca qaldırılmalıdır. Bu tək maddı yox, həm də mənəvi təzminat üçün əsas yarada bilər”. 


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının sözlərinə görə, Azərbaycan beynəlxalq ekspertləri də cəlb etməklə Ermənistanın torpaq, su, meşə və faydalı qazıntılara, habelə əmlaka və mədəni sərvətlərimizə vurduğu ziyanı dəqiq hesablayacaq: “Ermənistan dinc azərbaycanlılara vurduğu zərərə görə humanitar hüquq, sülh hüququ və insan hüquqları  kimi hüququn fərqli istiqamətləri üzrə məsuliyyətə cəlb oluna bilər. Beynəlxalq hüquqi məsuliyyət - mütləq məsuliyyət hesab olunmaqla beynəlxalq hüquq subyektinin digər eyni dərəcəli subyektə qarşı  beynəlxalq hüquq öhdəliyinin pozulması nəticəsində vurduğu ziyanı aradan qaldırmaq və vurulmuş ziyanı ödəmək öhdəliyidir. Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə görə reparasiya, restitusiya, təzminat və satisfaksiya məsuliyyəti yaranıb. Bu məsuliyyət həm maddi, həm də qeyri-maddi  olmaqla müxtəlif formalara malikdir. Reparasiya - hərbi əməliyyatlar nəticəsində məğlub tərəfin qalib tərəfə ödədiyi onlar tərəfindən vurulmuş zərərin qarşılanması prosesidir. Restitusiya - bir dövlətin cinayət törədilməzdən əvvəl mövcud vəziyyətinə qayıtmasıdır. Buna qanunsuz olaraq tutulmuş şəxslərin sərbəst buraxılması, ələ keçirilmiş əmlakın geri qaytarılması misal göstərilə bilər. Təzminat və ya kompensasiya- müasir beynəlxalq hüquqda maddi və ya mənəvi ziyana görə maddi vəsaitlərin ödənilməsini ifadə edir. Kompensasiya, beynəlxalq münasibətlərdə zərərin ödənilməsinin ən çox istifadə edilən formasıdır. Eyni zamanda, pozuntuları törədən tərəfin əks tərəfdən ictimai formada üzr istəməsi - satisfaksiya, eyni və ya oxşar davranışların təkrarlanmayacağına dair öhdəlik götürməsi də beynəlxalq hüquqda nəzərdə tutulan addımlardır”.
Maraqlıdır ki, reparasiya ilk dəfə Birinci Dünya Müharibəsi nəticəsində təyin olunub: “1919-cu ildə Almaniyanın və müttəfiqlərinin məsuliyyətini qeyd edən Versal Sülh Müqaviləsi bağlanıb və 269 milyard qızıl marka - təxminən 100 min ton qızılın ekvivalentində təzminat miqdarı təyin olunub.

İkinci Dünya Müharibəsində də Almaniya və müttəfiqlərinin üzərinə reparasiya yükü qoyulub. Bu qərar 1945-ci ildə Yalta Konfransında qəbul olunub. Nəticədə Almaniyadan SSRİ-yə təxminən 400 min dəmir yolu vaqonu yük, 2885 fabrik avadanlıqları, 96 elektrik stansiyası avadanlıqları, 340 min maşın, 200 min elektrik mühərriki, 1 milyon 335 min baş heyvan, 2,3 milyon ton taxıl, bir milyon ton kartof və tərəvəz, yarım milyon ton yağ və şəkər, 20 milyon litr spirt, 16 ton tütün göndərilib. Bundan başqa, Humboldt Universitetinin astronomik rəsədxanasından teleskoplar, Berlin metro vaqonları və kruiz laynerləri və digər texnoloji avadanlıqlar reparasiya məhsulu olaraq SSRİ-yə ödənildi. Almaniya tərəfindən digər ölkələrə də reparasiya ödənişi mərhələlərlə həyata keçirilib.

Bundan başqa, BMT tərəfindən İraqa 1990-91-ci illərdə Küveytə qarşı qanunsuz işğal nəticəsində dəyən ziyana və itkilərə görə təzminat ödəmək öhdəliyi irəli sürülüb. Təzminatın ödənilməsini təmin etmək üçün isə Beynəlxalq Millətlər Təşkilatının Təzminat Komissiyası qurulub. Mərkəz rəhbərinin sözlərinə görə, beynəlxalq müstəvidə məsuliyyətə cəlbetmə həm də Azərbaycan Respublikasının “Cinayət Məcəlləsi”ndə öz əksini tapıb: “Bu baxımdan ermənilərin Azərbaycana qarşı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etmə həm beynəlxalq hüquq qaydasında, həm də dövlətdaxili qanunvericilik əsasında həyata keçirilə bilər. Dövlətdaxili hüquq qaydasına əsasən cinayətdə məsul tutulan şəxslər beynəlxalq axtarışa verilir, daha sonra olduğu hər hansı bir ölkənin müvafiq orqanları tərəfindən şəxs tutularaq istintaq orqanına təhvil verilir və Azərbaycan Respublikasının məhkəmələri tərəfindən mühakimə olunur. Bu mümkün olmadıqda beynəlxalq hüquqda və beynəlxalq məhkəmələrdə bu məsələnin həlli nəzərdən keçirilir.

Azərbaycan Baş Prokurorluğu bu sahədə sistemli və təqdirəlayiq fəaliyyətlər göstərir. Artıq qeyd olunduğu kimi, ermənilər tərəfindən törədilmiş cinayətlər beynəlxalq cinayət hesab olunur və universal yurisdiksiyaya malikdirlər, bu, o deməkdir ki, digər dövlətlər öz dövlətdaxili qanunvericiliyinə arxalanıb Azərbaycanda beynəlxalq cinayətləri törətmiş şəxsləri məsuliyyətə cəlb edib mühakimə edə bilər. Danimarkanın, Almaniyanın və bəzi başqa dövlətlərin son illərin praktikasında məhz universal yurisdiksiyaya söykənərək dövlətdaxili qanunlarla Yuqoslaviyada və Ruandada insanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin mühakimə edilməsi praktikasını misal göstərə bilərik”.
V.Qasımlı qeyd edir ki, bunlardan əlavə, “Ad hoc” - müvəqqəti tribunallar yaradıla bilər: “Bu tip orqanlar konkret bir münaqişənin həll olunması, bu istiqamətdə təqsirləndirilən tərəfin məsuliyyətə cəlb olunması üçün müvəqqəti olaraq yaradılır. Bu tip tribunallar BMT-nin Təhlükəsizlik Şurasının və ya BMT Baş katibinin təşəbbüsü ilə BMT-nin Baş Assambleyasının qərarları əsasında təşkil oluna bilər. Dünya təcrübəsində Yuqoslaviya, Ruanda, Livan və ya Syerra-Leone tipli ad hoc tribunalların yaradılmasını qeyd etmək olar.

Beynəlxalq Cinayət Məhkəməsi (ICC) - 124 ölkə tərəfindən ratifikasiya olunan Roma Statutu əsasında fəaliyyət göstərərək beynəlxalq müstəvidə törədilmiş cinayətlər üzrə günahkar tərəflərin məsuliyyətə cəlb olunmasını təmin edir. Beynəlxalq Cinayət Məhkəməsi hazırda üç cinayət növünü əhatə edir: soyqırım, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər. Roma Statutu qüvvəyə minməmişdən əvvəl törədilmiş hər hansı cinayətlə bağlı yurisdiksiya həyata keçirə bilmədiyindən birinci Qarabağ müharibəsində ermənilər tərəfindən törədilən vəhşiliklər məhkəmənin baxdığı hər 3 istiqaməti əhatə etsə də təəssüflər olsun ki tribunaya çıxarılması mümkün olmayıb. Lakin bu gün Qarabağın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində düşmənin etdiyi beynəlxalq hüququ pozan davranışlar BMT vasitəsilə Beynəlxalq Cinayət Məhkəməsinə də çıxarıla bilər”.

Beynəlxalq Millətlər Təşkilatının Təzminat Komissiyası (UNCC) Təhlükəsizlik Şurasının 687 saylı qətnaməsinə əsasən, 1991-ci ildə, İraqın 1990-91-ci illərdə Küveytə qanunsuz işğalı nəticəsində təzminat ödənməsini təmin etmək məqsədi ilə qurulub: “Komissiya tərəfindən  2,7 milyon iddiaya qarşılıq bu günə qədər 350 milyard dollar təzminatın ödənilməsi təmin olunub. Komissiya altı tələb kateqoriyası üzrə təzminat ödənilməsini tənzimləyir.

Beynəlxalq Ədalət Məhkəməsi — Birləşmiş Millətlər Təşkilatının ali məhkəmə orqanı olaraq iş prinsipi geniş məhkəmə fəaliyyəti ilə xarakterizə olunur. Onun əsas vəzifələri dövlətlərə təqdim edilmiş hüquqi mübahisələrin həlli və lazımi qaydada səlahiyyətli beynəlxalq orqanlar və qurumlar tərəfindən ona təqdim edilmiş hüquqi məsələlər üzrə məsləhətçi rəy verməkdir.

Avropa İnsan Hüquqları Məhkəməsi  "İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvensiya əsasında yaradılmış beynəlxalq məhkəməyə bu Konvensiyanı ratifikasiya etmiş dövlətlərin vətəndaşları müraciət edə bilər. Lakin Konvensiya üzrə müdafiə yalnız fərdlə hakimiyyət arasında olan münasibətlərə tətbiq edilir. Yəni zərər çəkmiş hər bir Azərbaycan vətəndaşı Ermənistan dövlətini bu şəkildə şikayət edərək məsuliyyətə cəlb edə bilər. Artıq bu istiqamətdə fəaliyyətlər başlayıb”.

Mərkəz rəhbəri deyir ki, konfliktlərin vurduğu zərərlərin ölçülməsi istiqamətində iki üsuldan istifadə oluna bilər: “Birincisi, birbaşa zərərlərin qiymətləndirilməsi, burada birbaşa olaraq dağıdılmış infrastruktura dəymiş zərərlərin real dəyəri ilə qiymətləndirilməsi aparılır. İkincisi, dolayı zərər, burada isə infrastrukturun məhvi nəticəsində itirilmiş imkanlar və əlavə faydaların qiymətləndirilməsi aparıla bilər.
Müxtəlif münaqişələrdə əsas təsirlərin qiymətləndirilməsi metodlarından da istifadə edilib. Örnək olaraq, Yəməndə 2019-cu ildə BMT-nin İnkişaf Proqramı tərəfindən dəymiş təsirlərin qiymətləndirilməsi aparılıb. Bu daha çox nəticəəsaslı qiymətləndirmə metodologiyasına əsaslanıb. Müharibənin vurduğu zərərlərin qiymətləndirilməsi və nəticədə yeni infrastruktur sisteminin qurulması üzrə ehtiyacların müəyyənləşdirilməsi üçün digər bir qiymətləndirmə isə Dünya Bankı tərəfindən 2018-ci ildə İraqda aparılıb. İŞİD terror təşkilatı  tərəfindən dağıdılmış infrastrukturun sosial, istehsal, kommunal təsərrüfatı, dağıdılmış evlər, turizm obyektləri, nəqliyyat, dövlət obyektləri, ekologiya və s. sahələr üzrə qiymətləndirilməsi həyata keçirilib.

2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycan ərazisində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə vurduğu ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb”.

“Yeni Müsavat”



Ana səhifəyə qayıt        Baxış: 2 771          Tarix: 13-11-2020, 22:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma