Xəbər lenti


Vyaçeslav Molotov uzun illər SSRİ-nin siyasi elitasında ən ciddi fiqurlardan biri sayılıb. İosif Stalinin ən sədaqətli silahdaşlarından biri olan Molotov hakimiyyətə gələnlərin kimliyindən asılı olmayaraq, ömrünün sonuna qədər bu sədaqəti nümayiş etdirməkdən çəkinməyib. Sözsüz ki, bu yolda Molotova qarşı böyük təzyiqlər olub, haqqında yerli-yersiz ittihamlar irəli sürülüb, hətta ən ağır siyasi cəzalara məruz qalıb.

Nikita Xruşşov hakimiyyətə gəldikdən sonra Stalin haqqında şəxsiyyətə pərəstiş məsələsini qaldırmaqla onun bütün xidmətlərinin üstündən xətt çəkməsini Molotov sakitliklə qarşılamayıb. Bütün bunlara son qoymaq üçün Molotov və onun həmfikirləri 1957-ci ildə Xruşşovu hakimiyyətdən devirməyə cəhd edib.

Ancaq bu cəhd baş tutmayıb. Bununla da Molotov Xruşşovun hədəfinə düşərək bütün vəzifələrindən azad edilib. 1961-ci ildə isə o, Stalin hakimiyyəti dövründəki qanunsuz əməllərdə, repressiya hadisələrində ittiham olunaraq partiya sıralarından da xaric olunub.


Molotov vəzifələrindən uzaqlaşdırılması ilə barışsa da, partiyadan xaric edilməsini heç cürə qəbul edə bilməyib. 1964-cü ildə saray çevrilişi nəticəsində Xruşşov hakimiyyətdən devrildikdən sonra Molotov Leonid İliç Brejnevə partiyaya bərpa olunması üçün məktub ünvanlayıb. Eyni məzmunlu müraciət baş katibə dəfələrlə ünvanlansa da baş katib bu məktublara müsbət reaksiya verməyib.

Kremlin susması Molotovu partiya həvəsindən salmayıb. Yuri Andropov SSRİ-nin birinci kürsüsünə sahib olanda Molotov partiyaya bərpa olunması ilə bağlı yenidən Mərkəzi Komitəyə müraciət edib. Vaxtilə SSRİ-də ikinci şəxs sayılan Molotovun Andropovun 15 aylıq hakimiyyəti dövründə Kremlə göndərdiyi 8 məktub cavabsız qalıb.

1984-cü ildə 94 yaşlı Molotov partiya şakərindən əl çəkməyərək növbəti dəfə baş katib Konstantin Çernenkoya məktubla müraciət edib. Nəhayət, bu dəfə Kreml Molotovu sevindirib.


Qeyd edək ki, 13 aylıq hakimiyyətinin yarısını xəstəxanada keçirən Çernenko baş katib kimi fəaliyyətində çox az hadisələrlə yadda qalıb. Bu qısa müddətdə Çernenko daha çox İosif Stalinin fəaliyyətinə tam bəraət qazandırmaq istəyi ilə tarixə düşüb. Çernenko 1985-ci ilin mayın 9-da, qələbənin 40 illiyində Volqoqrad şəhərinin adının dəyişdirilərək əvvəlki Stalinqrad adına qaytarılmasını da planlaşdırıb. Daha sonra o, Stalin haqqında 3 cildlik kitabın dövlət sifarişi ilə çap olunması haqqında da qərar hazırlayıb. Amma onun vəfat etməsi ilə bütün bu və digər planların icrası dayandırılıb.
Elə Molotovu partiyaya bərpa etmək qərarı da Çernenkonun Stalinə olan böyük ehtiramından irəli gəlib.

Tanınmış publisist Feliks Çuyevin “Molotovla 140 söhbət” kitabında Molotov sözü gedən hadisə ilə bağlı fikirlərini belə bölüşüb:
“Konstantin Çernenkonun məni Kremlə dəvət etməsi mənim üçün gözlənilməz hadisə idi. Partiyaya bərpa olunmağımla bağlı uzun illərin yazışmasından sonra bu məsələnin müsbət həll olunmağından əlimi üzmüşdüm. Amma düşündüyüm kimi olmadı. Çernenko məni yanına dəvət etdi, müraciətimə baxdıqlarını söylədi və Siyasi Büronun müsbət qərar qəbul etdiyini bildirdi. Partiya biletini mənə şəxsən Çernenko özü təqdim etdi. Bu mənim həyatımda əlamətdar bir hadisə idi və bunu baş katibə də bildirdim ki, partiyaya bərpa olunduğum gün mənim ikinci doğum günüdür. Digər bir tərəfdən mən Çernenkonun bu addımını Stalin hakimiyyətinə verdiyi dəyər kimi qiymətləndirirdim...”


Uzun müddət Kremldə söz sahiblərindən biri olan Molotov 94 yaşında da həmin Kremldə ona göstərilən diqqətə baxmayaraq, Çernekoya da öz sözünü deyib. Belə ki, həmin görüş zamanı Molotov “məni niyə partiyadan xaric etdilər” sualını Çernenkoya verəndə, baş katib bu sualı qısa formada “mən sizi xaric etməmişəm”,- deyə cavablandırıb.

Bu cavab Molotovu qane etməyib və o, Çernenkonun bu konkretliyinə sərt cavab verib: “Bu cavab baş katibə yaraşan cavab deyil, Xruşşovun qanunsuz əməllərini dilə gətirməməyiniz məni məyus edir...”

Təmkinli Çernenko “qoca” kommunistin sərtliyinə çox da məhəl qoymayıb. Səhəri gün mərkəzi qəzetlər Vyaçeslav Molotovun Kommunist Partiyasına bərpa olunması ilə bağlı məlumatlar yayıb.

Molotovun partiyaya bərpa olunması Siyasi Büronun növbəti iclasında kiçik müzakirəyə səbəb olub. Büronun 12 iyul 1984-cü il tarixli iclasının stenoqramında aşağıdakı sətirlər qeyd olunub:
“Konstantin Çernenko: “Bildiyiniz kimi Mərkəzi Komitənin ünvanına hər gün çoxsaylı məktublar daxil olur. Onlardan biri də Vyaçeslav Molotovun partiyaya bərpa olunması ilə bağlı yazdığı məktub idi. Mən onu yanıma dəvət etdim və bildiyiniz kimi xahişini nəzərə aldım. Bu hadisə Molotovu hədsiz dərəcədə sevindirdi. O, 94 yaşına keçir, amma çox gümrah və sağlamdır. Molotov bu gün partiyamızın göstərdiyi fəaliyyəti yüksək qiymətləndirdi. Bildirdi ki, Siyasi Büronun, Mərkəzi Komitənin apardığı işi daima mətbuat vasitəsilə izləyir və alqışlayır”.

Dmitri Ustinov: “Molotov kimi təcrübəli bir siyasətçinin, dövlət xadiminin işimizi bu cür qiymətləndirməsi yaxşı haldır”.

Nikolay Tixonov: “Biz Molotovu Kommunist Partiyasına bərpa etməkdə düzgün qərar qəbul etdik”.

Andrey Qromıko: “Mən belə düşünürəm ki, digər iki nəfəri də, Kaqanoviç və Malenkovu da partiyaya bərpa etmək lazımdır. Onların da yaşı kifayət qədər çoxdur. Bu işi vaxtında etsək daha yaxşı olar...””
Bürodakı müzakirələrdə Kaqanoviçlə Malenkovun da partiyaya bərpa olunması məqbul sayılıb, amma bu məsələ bir az sonraya saxlanılıb. Amma həmin “sonra”ya Çernenkonun ömrü çatmayıb.

İlham Cəmiloğlu, Musavat.com



Ana səhifəyə qayıt        Baxış: 2 457          Tarix: 16-12-2020, 17:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma