Xəbər lenti
"National Review" rəsmi Moskvanın Gürcüstan və Ukraynadakı pasport fırıldağından yazdı

Bu yaxınlarda "The New York Times" qəzetində Stepanakertdən (Xankəndi) hazırlanmış geniş reportaj verilmişdi. Məqalədə vurğulanırdı ki, yerli ermənilər arasında belə bir şayiə gəzir ki, tezliklə onlara Rusiya pasportu təqdim olunacaq. Bu haqda mətbuatda məlumat verilib.

Amerika mətbuatı bu məsələ ilə bağlı yeni nüanslar açıqlayıb. Belə ki, "National Review" saytında İvan Sascha Sheehan "Russia's New Territory" (Rusiyanın yeni ərazisi) adlı məqalə ilə çıxış edib. Müəllif yazır ki, Rusiya əsgəri sülhməramlı adı altında öz çəkmələrini yeni ərazidə yerə vurdu. ABŞ isə bu ətalət içində bu prosesi izlədi.
Ermənilərin müharibəni udmaq şansı yox idi. Onların iki seçimi vardı: Ya Azərbaycanın idarəçiliyi altına keçirdilər, ya da Rusiyanın himayəsinə sığınırdılar. Onlar sonuncunu seçdilər.

Müəllif bildirir ki, son illərdə Azərbaycan ABŞ və Avropa Birliyinin ilıq dəstəyinə sahib olmuşdu. Ancaq Azərbaycanın da Rusiyadan başqa elə bir variantı yox idi. Çünki adıçəkilən tərəfləri özləri bölgədən xeyli uzaqlaşmışdı. Azərbaycanın əsas hissəsi ilə anklav Naxçıvan arasında dəhlizin açılması da Bakı üçün önəmli idi: "Şübhəsiz ki, Qərb hadisələrin bu istiqamətdə gedişini hesablaya bilərdi. Rusiya həmişə belə başlayır: Dayaq nöqtəsi sonda ayaq izinə çevrilir. Krım, Şərqi Ukrayna, Cənubi Osetiya, Abxaziya - nümunələrin siyahısını davam etdirmək də olar. Rusiyanın varlığı sonda Rusiyanın nəzarətinə çevrilir: Putinin neo-çarist ambisiyalarının məntiqi belədir".
Rusiya sülhməramlıları dislokasiya olunmalı ərazini özbaşına şəkildə genişləndiriblər və bunu yaydıqları xəritədə göstəriblər. Yalnız Azərbaycanın diplomatik kanallarla təzyiqindən sonra xəritə əvvəlki halına qayıdıb. Məqalədə belə deyilir.


Yazıda vurğulanır ki, ermənilərə Rusiya pasportlarının verilməsi haqqında şayiələr dolaşır. Rusiya bu üsuldan bir çox keçmiş Sovet respublikasında istifadə edib. Rusiya qanunlarına görə, əgər Rusiya vətəndaşlarına qarşı təhlükə yaranırsa, dövlət həmin əraziyə hərbi müdaxilə edə bilər: "Repertuarda olan Krım bu baxımdan klassik nümunə sayıla bilər. Gürcüstanın iki bölgəsində-Cənubi Osetiya və Abxaziyada da belə oldu. Orada müharibə başlamamışdan Rusiya pasportları paylandı. Müharibədən də Rusiya qalib çıxdı. Bu yaxınlarda Rusiya Ukraynanın şərqində də eyni metoddan yararlandı. Moskvanın hesablamasına görə bu ilin sonuna qədər orada 1 milyon insanın Rusiya pasportu olacaq".

Müəllif yazır ki, Rusiya Dağlıq Qarabağ probleminin həllinə imkan verməyəcək. Rusiya vətəndaşı arqumentindən istifadə edərək istənilən vaxtı əraziyə hərbi müdaxilə edəcək. Rəsmi Moskva hesab edir ki, pasport məsələsi onlara hüquqi baxımdan belə bir haqq tanıyır. "Rusiya vətəndaşı" üçün hər hansı təhlükə yaranarsa, rəsmi Moskva bölgəyə müdaxilə edə bilər.

Məqalənin sonda qeyd olunur ki, ABŞ bu işə müdaxilə etməlidir. Dağlıq Qarabağda Rusiyanın pasport paylamasına kəskin şəkildə imkan verməməlidir. Amerika şirkətləri infrastruktur və enerji layihələrinə sərmayə qoymalıdır. Bu, Rusiyanın bölgədə manevr imkanlarını azalda bilər. ABŞ-ın Ermənistan və Azərbaycana birgə şəkildə qoyduğu sərmayə isə hər iki ölkənin Rusiyadan asılılığını azaldar: "Amerikanın diplomatik və iqtisadi səylərini artırması və bu prosesdə yenidən yer alması zamanı gəldi. Əks təqdirdə, Rusiya imperiyasının nəzarətsiz genişlənməsi davam edəcək".

Aydın görünür ki, ABŞ-in yeni prezidenti Co Bayden və onun administrasiyası tezliklə hərəkətə keçəcək. Rusiya o vaxta kimi Dağlıq Qarabağda möhkəmlənməyə çalışacaq. Məqalədə də qeyd olunduğu kimi, Amerika bu prosesdən xeyli kənarda qalıb. 

Ancaq ortada Türkiyə amili var. Xırda-para narazılıqlara baxmayaraq ABŞ-la Türkiyə müttəfiqdir. Və ABŞ Türkiyənin bölgədəki mövcudluğuna ciddi dəstək verməklə Rusiyanı xeyli kənara sıxışdıra bilər. O da aydındır ki, ABŞ Cənubi Qafqazda aktivləşsə, Avropa Birliyinin də regiona marağı artacaq. Bu isə Azərbaycanın xeyrinə olardı.("Yeni Müsavat")



Ana səhifəyə qayıt        Baxış: 2 691          Tarix: 24-12-2020, 10:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma