Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Rəşad Bayramov,
AMİP Mərkəzi Şura sədri
Son statistikaya görə Azərbaycanda artıq 3 713 143 nəfər vaksinasiya olunub ki, bunlardan da 2 457 233 nəfəri vaksinin hər iki dozası üzrə peyvəndlənənlərdir. İlk baxışdan yaxşı nəticə kimi görünməsinə baxmayaraq fevral ayından, yəni vaksinasiya prosesi başlayandan keçən 8 aylıq bir dövr üçün heç də müsbət göstərici sayıla bilməz. Hal-hazırda gün ərzində səhiyyə müəssisələrimiz ortalama 40-60 min arası peyvənd vurulmasını həyata keçirir ki, bu da ölkədə nə vaksin ehtiyatında, nə də onun vurulmasında hər hansı bir problem olmadığını göstərir. Demək ki, problemi başqa yerdə axtarmaq lazımdır.
Mənimlə razılaşarsınız ki, vaksinasiya prosesinin ləng getməsinin əsas səbəbi insanlarda vaksinə qarşı inamsızlıqdan qaynaqlanır. İnamsızlığın isə bir səbəbi müvafiq qurumların maarifləndirməni düzgün təşkil edə bilməməsi və düzgün təbliğat aparmamasıdırsa digər səbəbi də vaksinləşmənin düzgün həyata keçirilməməsi ilə bağlıdır.
Yanlış təbliğat
Əvvəla ondan başlayaq ki, vaksin insan orqanizmində müvafiq anticismlər yaratmaq üçün vurulur. Başqa sözlə vaksin orqanizmimizi kənardan daxil olan virusa qarşı hazırlayır və nəticədə vaksinasiya olunmuş insan xəstəliyi daha yüngül formada və bəzən də heç özü də bilmədən simptomsuz keçirmiş olur. Yəni, Covid-19 peyvəndi immun sistemimizi virusla qarşılaşdıqda daha güclü mübarizə aparmağımızı təmin edir.
İndi deyəcəksiniz ki, onsuz da bunu hamı bilir və müvafiq qurumlar da bununla bağlı hər gün məlumat verirlər. Razıyam, məlumat verilməsinə verilir. Amma bu sadə izahın yanına o qədər əlavə informasiya yerləşdirilir ki, normal insanda vaksinlə bağlı şübhələr yaranmağa başlayır. Məsələn “vaksin olunun, özünüzü və yaxınlarınızı xəstəlikdən qoruyun” və ya “flan sayda insan vaksin olunacağı halda pandemiya bitəcək” kimi cümlələr işlədildikdə düşünən insanlarda avtomatik olaraq suallar meydana gəlməyə başlayır.
Birincisi, Ümumdünya Səhiyyə Təşkilatının da, TƏBİB-in də, Səhiyyə Nazirliyinin və Operativ Qərərgahın da məlumatlarında açıq şəkildə göstərilib ki, peyvənd insanın xəstəliyə tutulmasının qarşısını almır. Peyvənd xəstəliyə tutulmuş insanın o xəstəliyi yüngül şəkildə keçirməsini təmin edir. Yəni, bu o anlama gəlir ki, peyvənd olunmuş insan da xəstələnə və deməli ki, həm də xəstəlik keçiricisi ola bilər. Elə isə “vaksin olunun və yaxınlarınızı xəstəlikdən qoruyun” təbliğatı heç bir işə yaramır, əksinə bir qism problemlər yaradır. Amma bu haqda bir qədər sonra.
İkincisi, “ölkə əhalisinin 60-70 faizi vaksin olunacağı halda pandemiya bitəcək” təbliğatı da suallar doğurur və inamsızlığa səbəb olur. İnsanımız o dəqiqə “İsraildə və ya başqa bir ölkədə 100% vaksinasiya olmuşdu amma pandemiya davam edir, demək ki, mənasız şeydir” deyərək vaksin vurulmasından yayınırlar.
Maarifləndirmədə olan yanlışlıqlarla bağlı bir misal da çəkim. Bakı Metrosunun vaqonlarının içərisində bir poster var və yəqin ki, metrodan istifadə edənlər həmin posteri dəfələrlə görüblər. Özündə guya ki, Covid -19 təhlükəsi ilə bağlı xəbərdarlığı ehtiva edən posterdə “Ehtiyatlı olun, çağırılmamış qonaq var” yazılıb. Təsəvvür edirsiniz? - Qonaq. Bu təbliğat bəlkə də hansısa Avropa ölkəsində, qonaq sevməyən bir cəmiyyətdə keçərli ola bilər, amma bizdə “Qonaq Allah qonağıdır” deyib, evdəki son azuqəni və ən dadlı təamları masaya düzərək qonağa təklif edən bir cəmiyyətdə heç bir işə yaramaz. Başqa sözlə Covid-19 virusuna qonaq adlandırmaqdansa “Özünüzü qoruyun, yaxında düşmən var” deyib düşmən adlandırmaq lazımdır ki, daha effektli nəticələr əldə etmək mümkün olsun.
Bəli, Covid düşməndir. Özü də elə bir düşmən ki, Vətən müharibəsində verdiyimiz şəhid sayından təqribən iki dəfə artıq insanımızı qətl edib. Bu düşmənə qarşı mübarizədə isə hələlik ki, ən effektli yol vaksinasiya olunmaqdır. Yəni vaksin güllə keçirməyən gödəkçə kimidir. Necə ki, gödəkcə güllə dəyəndə incidir amma ölümün qarşısını alır, vaksin də xəstəliyə tutulduğun zaman daha ağır nəticələrlə üzləşməyin qarşısını ala bilir.
Yanlış vaksinasiya metodu
İndi isə vaksinləşmə prosesinin düzgün həyata keçirilməməsi ilə bağı fikirlərimi bölüşmək istəyirəm. ÜST-ün təlimatlarına müvafiq olaraq, Covid -19 xəstəliyi keçirmiş şəxslərdə anticisimlər formalaşdığı üçün vaksinasiyaya 6 ay sonra cəlb olunurlar. Əks göstəricisi olanlar, hamilə qadınlar və s. bu kimi kateqoriyaya aid insanların da vaksinasiya prosesinə cəlb olunması tövsiyyə edilmir. Azərbaycanda isə xəstəlik keçirmiş və orqanizmdə artıq anticisimlər olan şəxslər də hər hansı bir yoxlama aparmadan vaksin olunurlar. Mən buraya xəstəliyə tutulan zaman müvafiq qeydiyyata düşmüş insanları aid etmirəm. Söhbət özü də bilmədən xəstəlik keçirmiş və ya həkimə müraciət etmədən evdə müalicə almış insanlardan gedir. Belə insanların sayı isə rəsmi statistikaya görə, xəstələnmiş insanların sayından az deyil, əksinə bəlkə də daha çoxdur. Lakin müvafiq qurumlarımız bu kateqoriyadan olan insanlara Covid pasportu verilməsindən imtina edir. Axı niyə? Əgər vaksinin tək vəzifəsi orqanizmdə anticismlər yaratmaqdırsa, o zaman artıq sağalmış və orqanizmində anticisimlər olan insanlara niyə Covid pasportu verilmir? Bu insanların yenidən vaksinasiyaya cəlb olunmasında məqsəd nədir?
Digər bir problem xəstəlik keçirmiş, amma bundan xəbəri belə olmayan əhali qrupu ilə bağlıdır. Axı bu günə qədər həm ÜST, həm də Operativ Qərərgahın ayrı-ayrı rəsmi şəxsləri Covid-19 virusunun simptomsuz keçirilməsi ehtimalının olduğunu dəfələrlə bildiriblər. Bu o deməkdir ki, çoxlu sayda insan orqanizmində artıq anticisimlər formalaşdığından xəbərsiz halda vaksinasiyaya cəlb olunur. Mən həkim deyiləm, odur ki, orqanizmində anticisimlər formalaşmış insanların vaksinasiyaya cəlb olunmasının hər hansı bir problem yaradıb-yaratmayacağını deyə bilmərəm. Amma əgər Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu insanların vaksinasiyaya cəlb olunması üçün 6 ay gözləməyi tövsiyyə edirsə demək ki, buna əməl etmək lazımdır.
Nəhayət, sonuncu problem anticisimlərin formalaşıb-formalaşmadığını müəyənləşdirmək üçün keçirilən testlərlə bağlıdır. Bu cür testlərin məqsədi virus, bakteriya və parazit kimi bir sıra mikroorqanizmlərə qarşı bədənin hazırladığı antikorların var olub-olmadığını müəyyənləşdirməkdir. Tez tətbiq oluna bilməsi və qısa müddətdə nəticə verməsi bu testlərin əsas üstünlüklərindəndir.
Çox təəssüf ki, Azərbaycanda müvafiq testlərin nəticələri ilə bağlı vahid sistem yoxdur. Səhiyyə müəssisələri nəticənin qiymətləndirilməsində müxtəlif sistemlərdən istifadə edirlər ki, bu da müəyyən problemlər yaradır. Nəticədə bir səhiyyə müəssisəsində orqanizmdə anticisimlər formalaşdığı haqda məlumat aldığın halda, digəri anticisimlərin formalaşmadığını iddia edir.
Təklif
- Vaksinasiyayla bağlı maarifləndirmə işi təkmilləşdirilsin. Bununla bağlı açıqlama vermək hüququ olan şəxslər üçün vahid tezislər müəyyənləşdirilsin ki, hərə öz bildiyi kimi təbliğat aparıb insanlarda peyvəndə inamı azaltmasın.
- Orqanizmdə anticisimlərin olub-olmamasını müəyyənləşdirmək üçün həyata keçirilən testlərdə vahid qiymətləndirmə metodu tətbiq olunsun.
- Vaksin kimi, müvafiq testlər də özəl və ya dövlət səhiyyə müəssisəsi olmasından asılı olmayaraq pulsuz həyata keçirilsin. Bu, bir təfərdən daha çox insanın müvafiq testdən keçməsinə və anticisimlər formalaşmış əhalimizin real sayı haqqında düzgün məlumat almağa imkan verəcək. Digər tərəfdən isə dövlət büdcəsinə milyonlara başa gəlmiş vaksinlərin boş yerə israf edilməsinin qarşısını alacaq.
- Testin nəticələrinə görə orqanizmində anticisimlər formalaşmış insanlara xəstəlikə bağlı portalda qeydiyyatı olub-olmamasından asılı olmayaraq Covid pasportu verilməsi təmin edilsin.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar