Bizcə, “qərblilər”in türklərə qarşı bu cür davranışları əsassız deyildir. Qərblilər rusları nə qədər sevməsələr də, amma ən azı xristian olduqları üçün dünya hökmranlığını onlarla paylaşmaqdan son dərəcədə rahatsız deyillər. Bunu, 20-ci əsrdə baş verənlər, bu gün də davam edənlər açıq şəkildə ortaya qoyur. Bəlkə də, bu sözləri buddist çinlilərə də aid etmək olar. Amma iş türklərə, özəlliklə müsəlman türklərər gəlincə vəziyyət xeyli dərəcədə dəyişir. Qərblilər dünyanı türklərlə paylaşmaq istəmirlər. Burada da iki önəmli faktor var: 1) İslam dini; 2) Türklər. Xristian-Qərb dünyası üçün ikisi də qəbuledilməzdir. Onlar üçün İslam dünyası fərqli bir sivilizasiya, türklər də həmin sivilizasiyanın öncülləridir. Bu iki amil bir-birini tamamladığı üçün “qərblilər” onu yaxına buraxmaq istəmirlər. Ancaq yalnız istəməməklə iş bitmir. “Qərblilər” onlar üçün təhlükə mənbəyi olan İslamlıq və Türklük məfkurəsini bir-birindən ayırmağa da çalışırlar.
Çünki “Qərb” aydınlarının əksəriyyətinin fikrincə, dünyanın tamamının qərbləşəcəyi təqdirdə qlobal problemlər həll edilə bilər ki, amma bu gün dünyanın qərbləşdirilməsi prosesində əsas əngəllərdən biri müsəlman türklərdirlər. Başqa sözlə, yalnız İslam dini intellektual ruh, Türklük isə insanlıq dəyəriylə bir güc olaraq “Qərb sivilizasiyası”na alternativ olmaq gücündədir. Bu baxımdan vaxtilə Avropanı bir neçə dəfə fəth etmiş türklərin İslam-Türk sivilizasiyası öncüllüyündə yenidən dirçəlişi “Qərb”ə əl vermir. “Qərb” çalışır ki, son iki əsrdə kölgədə buraxdığı İslam-Türk sivilizasiyasını tamamilə yenərək liderliyini davam etdirsin.
“Qərb”in İslam və Türklüyü bir-birindən ayırmaq istəyi Orta Çağa gedib çıxsa da, bunun bir proqram halına gəlməsi və sürətləndirilməsi son əsrlərin planıdır. Özəlliklə, 19-20-ci əsrlərdə Türklüyü “Qərb”ə yönəltmə ciddi şəkildə gündəmə gətirilmişdir. Bunun nəticəsidir ki, bu günün özündə belə Azərbaycanda və Türkiyədə Avropasayağı demokratik dövlət qurmağımızı fəxrlə yazır və dilə gətiririk. Yəni “qərbləşmə” İslamlıq və Türklük kimi, bizim əsas idealımıza çevrilmişdir. Hətta, ötən yüz ildə bəzi aydınlarımız bu və ya digər formada İslamdan imtina edərək daha çox türklük və “qərbləşmə”nin sintezindən çıxış etmişlər, bu gün də belələri az deyildir.
Bu fikri madafiə edənlərin əsas tezisi də odur ki, türklərin inkişafdan qalmasına səbəb İslam dini olmuşdur. Bu anlamda “qərbləşmə” yolunu tutmuş türklər üçün İslam dini bir əngəl təşkil edir vəs. Bu cür düşünənlər yeri gəldikcə, eyni müddəanı dəstəkləyən fukuyamalardan, toynbilərdən də örnəklər gətirirlər. Əslində bu fikrin ilk qaynağı “Qərb” aydınları olduğu üçün burada təəccüblü heç nə yoxdur. Biz yuxarıda da göstərdik ki, “Qərb” aydınlarının əsas hədəfləri Türklük və İslam dinini aradan qaldırmaqdır. Bu o anlama gəlmir ki, Qərb üçün İslam dininin zəifləməsi və bunun fonunda türklüyün güclənməsi, ya da əks prosesin baş verməsi olduqca nisbidir. Sadəcə, Qərb üçün birinci mərhələdə İslamı kənarlaşdırmaq üçün Türk milliyyətçiliyinin qalxınması önəmlidir. Zatən, türklər əksəriyyətlə İslamdan üz döndərərlərsə, Qərb ikinci mərhələdə Türklüyü sıradan çıxaracaqdır.
Bu baxımdan Qərb aydınları birinci mərhəldə türkləri, onların təbrincə desək “mühafizəkar İslamdan”, “İslam fundamentalizmindən” ayırmağa çalışırlar. Bunu gerçəkləşdirmək üçün indiyə qədər müxtəlif nəzəriyyələr də irəli sürülmüşdür və sürülməyə də davam edir. Toynbilər, Fukuyamalar, Habermaslar, Hantinqtonlar və b. Qərb aydınları Türklüklə İslam arasında ayrılıq toxumu səpmək üçün əllərindən gələni edirlər. Onların apardığı bu ideolojinin müəyyən nəticələr verdiyini də etiraf etməliyik. Hər halda, Qərbin 17-18-ci əsrlərdən bu yöndə apardığı siyasət 20-ci əsrin əvvəllərində öz bəhrəsini verdi. Əvvəlcə İslam dünyasının dirəyi olan Osmanlı imperatorluğu çökdü, Osmanlının yerində yaranan Türkiyə isə ilk dövrlərdə xeyli dərəcədə İslami dəyərlərdən, müəyyən qədər isə milli adət-ənənələrdən imtina etdi. Bunun əvəzində Türkiyə Yunan-Roma və Xristian mədəniyyətinə əsaslanan “Qərbləşmə”yi, onların adət-ənənələrini özünə rəhbər tutdu.
Beləliklə, İslam-Türk sivilizasiyası bir tərəfdən sözdə bütün dinlərin əleyhdarı olan marksizmin, digər tərəfdən xristian əsaslı liberal-demokratizmin böyük ölçüdə təsirinə məruz qaldı. Bütün bunlar müsəlman türklərin şüurlarına xeyli dərcədə təsir göstərdi. Dinmi-İslammı, yoxsa millətmi-türklükmü önəmlidir məsələsi gündəmə gəldi. Bununla da, dünənə qədər milli və dini kimliyini bütöv bir şəkildə dərk edən türklər “Qərb milliyyətçiliyi”nə yoluxdular. Başqa sözlə, dünənə qədər türklüyünü və müsəlmanlığını müqayisə və müzakirə etməyi ağlına belə gətirməyən, türklük və İslam üçün canını eyni dərcədə fəda etməyə hazır olan bizlər “Qərb milliyyətçiliyi”nin gəlişindən sonra bütün birləşdirici cəhətləri bir kənara qoyub fərqləri axtarmağa başladıq. “Qərb milliyyətçiliyi”nə əsaslanan fərqlər çoxaldıqca millət və din bütövlüyünün pozulması daha da dərinləşdi.
Qeyd edək ki, “Qərb milliyyətçiliyi”ni ruslar daha çox marksizm şəklində Azərbaycanda, Türkistanda yaydıqları halda, avropalılar Türkiyədə bunu həm liberal-demokratizm, həm də marksizm ideolojisi ilə şüurlara yeritdilər. Hər iki halda əsas məqsəd birinci olaraq türkülük və islamlıq arasında bağları qırmaq idi. Hətta, bunu reallaşdırmaq naminə bəzi marksist və liberal ideoloqlar yeri gələndə Türklüyü tərif və məhd belə etdilər. Onlar “Qərb milliyyətçiliyi”ni türklərin üstələnməsini gah olagaünüstü hal, ən ilginc olay, gah da “gerçəktə, milliyyətçilik müsəlmanların içinə düşdükləri bir oyun. Müsəlmanların böyük bir çoxu üçün milliyyətçiliyin sonucu, Qərb dünyasının proletar qələbəliyi içində ərimək olacaqdır”, kimi yozdular.
Türklərin “qərbləşmə” xətti altında “Qərb milliyyətçiliyi”nə müraciət etmələri başdan yanlış idi. Bu, türk olmayan müsəlmanlarla türk müsəlmanlar arasında ziddiyyətlərə gətirib çıxartdı. Bu ziddiyyətlər zaman ötdükcə daha da kəskinləşdi. Çünki Qərb millətləri dini və milli kimlikləri formalaşdırarkən buna hazır idilər. Türklər isə sadəcə “Qərb milliyyətçiliyi”nin kopyasını dövlətə tətbiq etməklə işin bitəcəyini sanmaqla səhvə yol verdilər. Bunu yaxşı dərk edən prof. Erol Güngör “Kültür Değişmesi ve Milliyetçilik” əsərində yazırdı ki, bütün yad ideyalara qarşı dayanmaq üçün Türk milliyyətçiliyini Milli xarakter halına gətirmək lazımdır. Bu zaman milli və dini kimlik milli xarakterin bütövlüyü olmalıdır. Hilmi Ziya Ülken isə “Türkiyede Çağdaş Düşünce Tarihi” əsərində bu məsələləri geniş şəkildə ələ almış, Türk düşüncəsinin Qərb düşüncəsi içində əriməsi təhlükəsindən bəhs etmişdir.
Beləliklə, biz türklər bir vaxtlar Çin mədəniyyətinə, İran mədəniyyətinə, Ərəb mədəniyətinə yenildiyimiz kimi, bu dəfə də Qərb mədəniyyətinə yenilməyə üz qoymuşuq. Biz türklər Çin mədəniyyətindən köç etməklə, İran mədəniyyətindən hakimiyyəti ələ keçirməklə qurtulduqsa, Qərb mədəniyyətindən xilas olmağımız hələ mümkün olmamışdır. Bunun yollarını hələ də aramaqdayıq. Ancaq bu günə qədər doğru bir təsbit yox kimidir. Əgər varsa da belə, həmin təsbit ciddiyə alınmır və yox kimi qəbul edilir. Belə bir durumda “Qərb” əngəlini aşmağın yollarını aramaqda davam edirik. Təbii ki, nicat yolları aranarkən “Qərb sivilizasiyası”nın, “Qərb demokratiyası”nın bugünkü durumu da bizi çox maraqlandırır. Özəllilkə, “Qərb” aydınlarının “Qərb sivilizasiyası”, “Qərb demokratiyası”, “Qərb millətçiliyi” barəsində fikirləri də bizlərin şüurlarını çox işğal edir. Şübhəsiz, bunun müsbət tərəfləri ilə yanaşı, mənfi cəhətləri də az deyildir.
Bizcə, yeni bir sivilizasiyaya qədəm qoymaq istəyən millət və ya millətlərin aydınları bunların hər ikisini ələ almalıdır. Başqa sözlə, bir tərəfdən daima “Qərb” aydınlarının düşüncələrini, özəlliklə bizi maraqlandıran fikirlərini təqib edəcəyiz, digər tərəfdən yalnız onların fikirlərini aşağı-yuxarı dəyərləndirməklə qalmayacağız. Özümüz fikir yürüdəcək, tezislər irəli sürəcək, bir anlamda özümüzü daima inkişaf etdirəcəyiz. Əks təqdirdə “Qərb”in və onların aydınlarının arxasınca sürünməklə, onları təqlid etməklə, onlardan mövzular alıb doktorluq dissertasiyaları yazmaqla heç bir şeyə nail olmayacağıq. Örnəyi Qazaxıstan, Türkmənistan, Azərbaycan, Türkiyə vəb. Türk cümhuriyyətləri araşdırmaçıları “Qərb fəlsəfəsi”ndən, “Qərb” filosoflarından doktorluq dissertasiyaları, kitablar yazmağa hələ də davam edirlər. Artıq iki əsrdən çoxdur ki, Qərb düşüncəsninin əsrinə çevrilmişik, bir cür bundan qurtula bilmirik. Hətta, bundan qurtulmağa və öz yolumuzu şeçməyə cəhd edən düşünürlərimizi bu günə qədər ciddiyə almamışıq da. Bu günə qədər bizim üçün ciddi və elmi dəyəri olanlar yalnız “Qərb sivilizasiyası” və “Qərb demokratiyası”nı müdafiə edən aydınlarımız olmuşdur.
Bu anlamda Türkçülüyü də yalnız “İslamçı Türklük” ya da “Qərbçi Türklük” kimi ifadə etmək də bizə doğru yol göstərə bilməz. Zatən, bir çox Türk aydınlarınını düşüncələrinin əsasında da, “İslamçı Türklük” ya da “Qərbçi Türklük” deyil, məhz milli və özə əsaslanan bir Türklük olmuşdur. Bu o demək deyildir ki, bununla da biz Türklərin çoxunun müsəlman olmasını, yaxud da Qərb mədəniyyətinə bağlılığını inkar edirik. Sadəcə, Türkçülük düşüncələrimizi yeri gəldi-gəlmədi mütləq islamçılıqla qərbçiliklə bağlamağımızı doğru görmürük. Doğrudur, bu günün özündə də Türkçülük üzərində İslamçılıqla Qərbçiliyin böyük təsiri vardır. Amma bizim gedəcəyimiz yolda Türkçülüyümüz, Turan ülkümüz heç də İslamçılığın və Qərbçiliyin yedəyində olmamalıdır. Hesab edirik ki, əksinə Türkçülük yolumuzda bizlər istər İslam dinimizdən, istərsə də Qərb mədəniyyətindən faydalana bilərik. Yəni burada öncüllük Türkçülük məfkurəmiz və və Turan ülküsü olmalı, özəlliklə İslamçılıq da bizlərə bu yolda yürüməkdə əsas dayaq nöqtələrindən biri olmalıdır.
Müəllif: Dos., dr. Faiq ƏLƏKBƏRLİ
Ovqat.com
Paylaş: