Azərbaycanda çoxları kimi, mən də onu tanıyırdım. Yazılarını oxumuş, çıxışlarına baxmışdım. Onu peşəkar jurnalist kimi qəbul edir, fəaliyyətini daim izləyirdim. Ancaq 2022-ci ilin mart ayına qədər şəxsi tanışlığımız və ünsiyyətimiz olmamışdı. Vasif Talıbovun “şəxsi həbsxanası” adlandırılan Böyükdüz cəhənnəmindən xilas olub 2021-ci ilin sonlarında Naxçıvandan Bakıya qayıtdıqdan sonra pozulmuş hüquqlarımın bərpası, muxtar respublikadakı qanunsuzluqların, Talıbovların Azərbaycan dövləti əleyhinə fəaliyyətlərinin ifşa edilməsi üçün mübarizə aparmağa qərar vermişdim.
O vaxt Vasif Talıbovun qılıncının dalı da, qabağı da kəsirdi. Mübarizə aparmaq üçün tribuna, dəstək lazım idi. Bu həmin dövr idi ki, çoxları nəinki mənə tribuna və dəstək verməkdən, hətta telefon zənglərimi belə açmaqdan çəkinirdi. Mənim açıq müdafiəmə qalxan, Vasif Talıbovun zülmünə məruz qaldığımı bütün Azərbaycana bəyan edən təkcə jurnalist dostum Heydər Oğuz idi.
2022-ci il fevral ayının sonları idi. Dostlardan biri zəng edib dedi ki, Prime TV-də sənin haqqında danışıblar. Dərhal YouTube kanalından həmin proqramı tapıb baxdım. Proqramda Heydər Oğuz qanunsuz şəkildə həbsimdən danışmış, Prime TV-nin rəhbəri Aygün Muradxanlı isə məni efirə dəvət etmişdi.
Bir neçə gündən sonra mobil telefonuma zəng gəldi. Telefonu açdım.
-Salam.
-Salam, buyurun.
-Tural Səfərovla danışıram.
-Bəli.
-Sizi narahat edən Aygün Muradxanlıdır.
-Buyurun Aygün xanım, eşidirəm sizə.
- Tural bəy, başınıza gələnlərdən xəbərdaram. Sizi efirə dəvət edirəm. Naxçıvan barədə hərtərəfli məlumatınızın olduğunu da bilirəm. Gəlin sizin timsalınızda naxçıvanlıların problemlərindən danışaq. Sabah saat 15:00 efiri üçün sizə gözləyəcəyik.
Beləcə, Aygün Muradxanlı ilə ilk tanışlığımız və ünsiyyətimiz yarandı. Və il yarımdır ki, biz Aygün xanımın rəhbəri olduğu Prime TV-də Naxçıvanın və naxçıvanlıların problemlərindən danışırıq. Bu müddət ərzində Aygün Muradxanlını daha yaxından tanımaq imkanım oldu. Əgər ilk vaxtlar mən onu cəsarətli jurnalist, haqqın, ədalətin yanında olan vətəndaş kimi tanıyırdımsa, zamanla Aygün xanımın digər müsbət keyfiyyətlərini də müşahidə etdim. Aygün Muradxanlının fəaliyyəti jurnalistika ilə məhdudlaşmır. O, ictimai xadim, bu ölkənin müstəqilliyinin qorunub saxlanılması, millətimizin işıqlı gələcəyi naminə canını qurban verməyə hazır olan dəyərli Azərbaycan ziyalısıdır.
Çağdaş filosof Əbu Turxan yazır ki, hərə öz qəlbinin dərinliklərindəki işığı üzə çıxara bilsə, dünya daha işıqlı olar. Dünyamızın daha işıqlı olması üçün bizə işıqlı ziyalılar lazımdır. Cəmiyyətin ən çətin, qarışıq və qaranlıq anlarında ziyalı ziyasına həmişə ehtiyac duyulub. Qaranlığa düşüb çətin vəziyyətdə olan cəmiyyəti məhz onun ziyalısının nuru işıqlı dünyaya çıxarıb, məhv olmaqdan xilas edib. Məhz işıqlı ziyalılarının sayəsində Azərbaycan xalqı əsrlərlə məruz qaldığı basqılara, yadelli işğalçıların onu kökündən qoparmaq, məhv etmək cəhdlərinə baxmayaraq, milli kimliyini itirməyib, milli dəyərlərini, ənənələrini qoruyub saxlaya bilib. Bəzən bu millət üçün ömrünü şam kimi əridən insanlara zamanında layiqli qiymət verilməyib, onların xidmətləri lazımınca qiymətləndirilməyib. Belə hallar çoxdur. Amma müdrik Azərbaycan xalqı çətin dövrlərdə ziyası ilə qaranlıqdan aydınlığa çıxdığı heç bir ziyalısını unutmayıb, onları öz qəlbində əbədi yaşadıb, beləliklə, bu insanlara layiq olduğu qiymətini verib. Müdrik xalqımız zamanla kimin ziyalı olub olmadığını da aydınlaşdıra bilib, yalançı işığı ilə insanları qaranlıqdan qaranlığa aparanları heç vaxt bağışlamayıb. Bu mənada Azərbaycan insanı bəzən seçim qarşısında qalıb. Onu doğru istiqamətə yönəldən gerçək ziyalısı ilə cəmiyyəti qaranlığa sürükləyən adamları ayırd edə bilməyib. Ancaq bu xalq o qədər müdrikdir ki, səhv etdiyinin fərqinə tez varıb, işıqlı, gerçək ziyalılarının arxasınca gedərək bütün təhlükələri aşıb, özünü qoruya bilib.
Aygün Muradxanlını çəkinmədən Azərbaycanın belə ziyalılarının siyahısının əvvəlinə yazmaq olar. O, bu gün Azərbaycan dövlətinin güclənməsi üçün, illərdir, dövlətimizin içinə sızıb onu parçalamaq istəyənlərlərə qarşı apardığı mübarizə ilə bu haqqı qazanıb.
Aygün Muradxanlının Vətən, millət sevdasını, tanıdığım çox az adamda müşahidə etdiyim mübarizə ruhunu ifadə etməyə sözün gücü çatmır.
Bəzən öz-özümə sual verirdim ki, Aygün xanım bu qədər basqılara, hücumlara niyə və necə dözür? Özü də bu hücumların heç biri şəxsi maraqlarından qaynaqlanmır.
Bu sualın cavabını Vasif Talıbovun istefasından sonra onunla birlikdə Naxçıvana gedəndə yolda etdiyimiz söhbət zamanı tapdım. Təyyarə Naxçıvan hava limanına yaxınlaşanda onun da Heydər Oğuz və mənim qədər həyəcanlandığını gördüm. Bizim həyacanlanmağımız başa düşüləndir. Biz naxçıvanlıyıq, xeyli vaxt idi doğma yurdumuza gedə bilmirdik.
Elə bu zaman ona belə bir sual verdim: “Naxçıvan sizin üçün niyə bu qədər önəmlidir?”
Cavabı çox qısa, məntiqli və mənalı idi: “Bura Turan qapısıdır”.
Aygün Muradxanlı üçün türkçülükdən dəyərli heç nə yoxdur, Turan ideyasının gerçəkləşməsi onun ən böyük arzusudur. O, Turanın nə vaxtsa qurulacağına, Azərbaycanın və Türkiyənin daha qüdrətli dövlətlərə, türkün dünyanın sahibinə çevriləcəyinə qəlbən inanır. Bunun reallığa çevrilməsi üçün ciddi mübarizə aparır. Ona görə də bütün hücumlara, basqılara dözür.
Aygün Muradxanlı Turan ideyasının arzudan reallığa çevrilməsi istiqamətində əməli addımlar atan Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə dövlətinin başçısı Rəcəb Tayyib Ərdoğanın tərəfdarıdır. Turanı quran bu dövlətlərin liderləri Muradxanlının qırmızı xəttidir. Onun olduğu yerdə bu xətti heç kim keçə bilməz.
Aygün Muradxanlı mükəmməl anadır. Onun ailəsində böyüyən iki parlaq gənc qız dünyanın istənilən nöqtəsində dövlətimizi layiqincə təmsil edə bilər. Muradxanlı övladlarına elə təhsil və tərbiyə verib ki, onlar da anaları kimi, vətənpərvər, millət sevdalısı və türkçüdür.
Jurnalist həmkarımız həm də etibarlı dostdur. Onunla dostluq, yoldaşlıq edən bir adam deyə bilməz ki, Aygün xanım onu yarıyolda qoyub. Dəyərli dostumuz bütün dostlarını hər zaman müdafiə edib, onlara arxa-dayaq olub.
Belə bir müdrik kəlam var: “Yolu ağıl seçir, iradə hərəkətə gətirir, inam isə yola işıq salır”.
Aygün Muradxanlı ağılla seçdiyi doğru həyat yolunu öz iradəsi və inamı ilə davam etdirir. O, artıq ömrünün müdriklik dövrünə qədəm qoyub, 50 yaşına gəlib çatıb. İndi o geriyə baxanda Vətənə və dövlətə xidmətə həsr olunmuş necə zəngin bir həyat yolu keçdiyini görür. 50 illik ömründə onun Azərbaycan naminə xidmətləri qürur duyulası, öyünüləsidir.
Onun 50 illik ömrü Ay kimi işıqlı, Gün kimi aydın və parlaqdır.
Yubileyiniz mübarək, əziz Aygün Muradxanlı!
Tural Səfərov,
“TNS” İnformasiya Agentliyinin direktoru
Paylaş: