Xəbər lenti


Allah Mirzə Cəlilə rəhmət eləsin, bu gecə yuxuma girmişdi. Xoş-beş-on beşdən sonra soruşdu:

 

-Eşitmişəm, Naxçıvan “canişinliyi”nin məmurları yumurtası tərs gəlmiş toyuq kimi Naxçıvan-Bakı reysi ilə o tərəfə-bu tərəfə gedib-gəlirlər, amma cəsarət edib Cənab Prezidentə qarın ağrılarını çatdıra bilmirlər. Deyə bilmirlər ki, Cənab Prezident, siz seçkilərdən əvvəl yeni eranı başladacağınıza söz vermişdiniz. Amma iş elə gətirib ki, bu vədinizi bir anlıq unutmaq lazım gələcək. Siz Allah, gözünüzü yumub “Media haqqında Azərbaycan Respublikası Qanunu”na bir xırda düzəliş edin, biz də köhnə əyyamın xan məddahını yeni dövr Naxçıvanının baş təbliğatçısı qoya bilək. Yoxsa neçə aydır o “qızcığaz”ı hara baş redaktor təyin etmişik, heç özümüz də bilmirik. Bu hüquqi biabırçılığı ört-basdır etmək üçün sizin xalqa  verdiyiniz vədi bir anlıq unutmaqdan başqa çarəniz və həmçinin bizim çarəmiz yoxdur. Siz Həzrət Abbasın cəddi, bir kağıza imza atmaq nədir ki, bizim xətrimizə, “Media haqqında Qanun”un 59 maddəsinin 2 bəndinin uyğun yerinə “Naxçıvan MR Ali Məclisi” əlavə edin, məsələ bitsin. Lütfən, bizi də, Naxçıvan əhlini də bu müşküldən qurtarın. Yoxsa, binəva “qızcığaz” hüquqən mövcud olmayan media qurumuna necə rəhbərlik etsin?

 

Dedim: - Ay Mirzə, sən də dərd tapıbsan çəkməyə? Böyük dövlətdir, elə xırda kargüzarlıq problemi çıxar da. Nə var burda, xırda bir məsələni böyüdüb fil edirsən?

 

Dedi: - Rəhmətliyin oğlu, yeni dövr vədi ilə hakimiyyətə gələn iqtidar komandasının ilk işinin köhnə idarəçiliyin ən mübahisəli simasını vəzifə başına gətirmək üçün qanun dəyişikliyinə getməsi ehtimalından danışıram, ey. Bu nə vaxtdan xırda məsələ sayılır? Yeni dövrün siftəsi pozulur ey, siftəsi. Sən heç başa düşürsən siftə nədir?

 

-Yaxşı, mən nə edim indi? Bunları mən yetimə niyə deyirsən? “Canişin” həzrətləri Simurq qanadlı Ramiz Məmmədovla hər gün sənin heykəlinin yanında var-gəl edirlər. Ərzi-gileyini özünə çatdır da.

 

-Deyirəm, eşitmirlər, axı. Sən barı Kefli İsgəndər kimi, bir şüşə arağı götür əlinə, öz rəhbərinə andını pozdurmaq  istəyən o canışın tayfasının üzünə... 

 

-Dayan, ay kişi, - deyib Mirzənin sözünü kəsdim: - Sən nə edirsən? İndi 1909-cu il deyil ey. Sən “Ölülər”i yazandan bəri 115 il vaxt keçib. Artıq çox şey dəyişilib. İndi ölkəmizdə Konstitusiya deyilən bir şey var. O kitabda yazılıb ki, Azərbaycan hüquqi dövlətdir. Ölkəmizdə bir də Məhkəmə-Hüquq Şurası deyilən bir qurum fəaliyyət göstərir. O quruma isə Fransanın ən möhtəbər ali məktəblərindən birini bitirən hüquqşünas rəhbərlik edir. Özü də son zamanlar bütün diqqətini ölkədəki fransız agentlərini təmizləməyə yönəldib. Bizim bu söhbətimizi eşidər, səni də, məni də fransız agenti sanar. Sənə nə var, yəqin ki, bədəninin dərisi çoxdan yox olub gedib. Mənim üzərimdə isə hələ də dəriyə bənzər nəsə var. Ona təhsil aldığım Uludağ Universitetinin Fransada və ya ABŞ-da yox, Türkiyədə yerləşdiyini sübut edənə qədər dartar dərimi boğazımdan çıxarar. Sən Həzrət Abbas, əl çək məndən. Öz sözünü özün de.

 

-Yaxşı onda, mənim sözümü elə mənim adımdan “canişin” əfəndiyə çatdır.

 

-Hansı sözünü? Rəhmətliyin oğlu rəhmətlik, o qədər söz yazıbsan ki, hamısı bu günümüzə və bu günümüzün insanlarına yaraşır. Mən hansı sözünü “canişin” əfəndiyə çatdırım?

 

Mənim sualım bitər-bitməz Mirzə Cəlil eynəyini gözünə taxıb əlindəki kitabı vərəqlədi və az sonra oxumağa başladı:

 

“Baxın! Baxın! Yaxşı baxın! Diqqətnən baxın! Sizin tarixlərinizin kitabında bu, qan ilə yazılmış bir səhifədir. Sizdən sonra gələnlər bu kitabı vərəqləyib, bu səhifəni görəndə sizi yada salıb deyəcək”... 

 

Anladım ki, Mirzə, Kefli İsgəndərin monoloqunu oxuyur. Hiss etdim ki, bir az da dayansam, tüpürcəyin biri 5 qəpik olacaq, tez qulağımı tutub yanından qaçdım. Bir də gözümü açıb gördüm ki, yatağımdayam. Yastığım isə yaş içində. Bilmədim o yaş Mirzənin tüpürcəyi idi, yoxsa mənim tərim?

 

Heydər Oğuz





Ana səhifəyə qayıt        Baxış: 6 167          Tarix: 13-02-2024, 10:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma