Xəbər lenti

 

İranın İsrailə uğursuz hava hücumuna ən çox üzülən onun strateji müttəfiqi Ermənistandır. Hətta İranın özü məşhur lətifədə deyildiyi kimi, arvadı oğrular tərəfindən təcavüzə uğradığı halda, onların cızdığı “qırmızı cizgi”ni 3 dəfə ayaqlaması ilə qürur duyan molla misali, sionist rejimə qarşı sadəcə tətiyi çəkmək cəsarəti göstərməyi belə qəhrəmanlıq sayaraq, bunu bayram olaraq qeyd edir, Tehranın, Təbrizin küçələrində az qala qələbə paradları keçirir. İrəvanda isə İranın bu başarısızlığından duyulan xəyal qırıqlığı açıq şəkildə dilə gətirilir, yeni himayədar axtarışına daha sürətli davam etmək barədə çağırışlar eşidilir.

 

“ArmenianReport”un analitiki Qalust Qriqoryanın dünən qələmə aldığı ABŞ əsl müttəfiqin necə olmalı olduğunu göstərdi” sərlövhəli məqaləsi də bu xəyal qırıqlığının açıq-aşkar etirafı idi.

 

Şəkildə: İranın İsrailə hücumunu əks etdirən divar rəsmi Tehranın Fələstin meydanında divara vurulub. Şəkildə “Növbəti sillə daha sərt olacaq” yazılıb.


Məqalədə Azərbaycan Müdafiə naziri Zakir Həsənovun İranın İsrailə hava hücumları zamanı İordaniyada bulunduğuna və ölkənin hava hücumundan müdafiə sistemlərinin necə işlədiyini yerində izləməsinə də toxunulub, bunun Ermənistan üçün ciddi təhdid mesajı ehtiva etdiyi vurğulanıb. Erməni təşvişini tam mənası ilə anlamaq üçün xatırlatmaq yerinə düşərdi ki, İranın İsrailə atdığı raket və silahlı dronlarının mühüm qismi İordaniya tərəfindən zərərsizləşdirildi. Görünür, erməni analitik də Zakir Həsənovun məhz bu hadisəni yerinə izləməsindən və Azərbaycanın yaxın zamanlarda bu sistemə keçə biləcəyindən narahatdır. 

                                                                                               

““ArmenianReport”un paxıllığı” rubrikası ilə dərc olunan məqalənin tərcüməsini Ovqat.com oxucularına təqdim edirik:

 

Bu gün bütün dünya İranın Suriyadakı konsulluğuna hücuma cavab olaraq İsrailə qarşı həyata keçirdiyi ən böyük əməliyyatının nəticələrini müzakirə edir. “New York Times” yazır: “İran İsrailə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və 110 yer-yer raketi atdı. Əsas hədəflər hərbi bazalar, aerodromlar və hökumət obyektləridir. Bununla belə, İranın hücumunun miqyasını nəzərə alsaq, zərbədən İsrailə dəyən zərər “nisbətən cüzi” olub”, - nəşr yazır.

 

Burada aşağıdakı məqam önəmlidir - İsrailə raket və İHA hücumları həm də Livan, Yəmən, Suriya və İraq tərəfindən həyata keçirilib. Lakin ABŞ, Böyük Britaniya və İordaniya raketlərin və pilotsuz təyyarələrin əksəriyyətini İsraildən kənarda ələ keçirib. Əslində, bu, İsrailin müttəfiqlərinin onun üçün belə çətin bir anda necə hərəkət edə biləcəyinin bariz nümayişi idi.

 

Və bu vəziyyət Türkiyə-Azərbaycan tandeminin açdığı müharibədən “Artsax” və Ermənistanı qoruyaraq, eyni şəkildə hərəkət etməli olan Rusiya üçün birbaşa qınaqdır. İndi Rusiyanın siyasi və hərbi rəhbərliyi bizim tərəfimizdən əsaslandırılmış arqumentlər qarşısında təəccüblənmiş kimi görünməyə çalışır, lakin bu, sadəcə olaraq, pis oyunda yaxşı üz göstərmək cəhdidir.

 

Rusiyanın 44 günlük müharibədən əvvəl də Azərbaycana siyasi təzyiq göstərmək üçün bütün imkanları var idi. Lakin o, müttəfiqin etməli olduğu işi etməməyi seçdi. Bu, Türkiyə-Azərbaycan tandeminə “Artsax”da “etnik təmizləmə” apararaq onu ələ keçirmək imkanı verdi. Biz Rusiyadan İsrailin müttəfiqlərindən aldığı hərbi və siyasi dəstəyə yaxın heç nə görmədik.

  

Əksinə, hələ də Rusiyadan kobudluq, hədə-qorxu, şantaj eşidirik. Bütün bunlar isə yalnız ona görədir ki, Ermənistan yeni, daha etibarlı müttəfiqlər axtarmağa çalışır. Rusiya xüsusilə, ABŞ və Ermənistanın təhlükəsizlik və müdafiə ilə bağlı çox aktiv və mənalı müzakirələr aparmasına çox əsəbi reaksiya verir. Onlar ABŞ-ın Ermənistan Müdafiə Nazirliyinə kömək edəcək müşavir təyin edəcəyinə daha çoc əsəbiləşiblər.

 

Amma Rusiyanın narazılığına, ölkəmizə təzyiq cəhdlərinə məhəl qoymamağı bacarmalıyıq. Üstəlik, İranın açıq-aşkar zəifləməsi var. Bəli, İranın İsrailə vurduğu zərbə qonşu ölkənin gücünün yox, zəifliyinin göstəricisi idi. Onun imkanları, göründüyü kimi, yalnız zəif ölkələrlə qarşılaşmaq üçün kifayətdir. İsrail və onun müttəfiqləri ilə qarşıdurmada, təəssüf ki, İran gücsüzdür.

 

Buna görə də, başqa şeylərlə yanaşı, İsrail indi İranın zərbələrinə cavab verməyəcək. İsrailin müharibə kabinetində portfelsiz nazir Benni Qantz, "İsrail İranın hücumuna lazımi vaxtda və lazımi şəkildə cavab verəcək" dedi.

 

Bəli, “The New York Times”ın İsrail rəsmilərinə istinadən yazdığı kimi, İsrail İrana cavab zərbəsi endirmə ehtimalını nəzərdən keçirdi, lakin Netanyahu Baydenlə danışıqlarından sonra bu ideyadan imtina etdi. Aydınlaşdırılır ki, qisas almaqdan imtina həm də hücumların nisbətən az ziyan vurması ilə bağlıdır.

 

Və bu, İran üçün çox biabırçı bir hökm idi. Biz xarici siyasət istiqamətlərinin dəyişdirilməsi prosesini sürətləndirməliyik. Axı, göründüyü kimi, Rusiya-İran tandemi də zəifdir. Yəhudi dövlətinin Azərbaycanla, o cümlədən müdafiə sektorunda çoxdankı əlaqələri olması fonunda bu aşkar fakt da nəzərə alınmalıdır. Üstəlik, Bakı bu əlaqələri artırır, açıq şəkildə ölkəmizə qarşı yeni hərbi təxribatlara hazırlaşır.

 

Bundan əlavə, Azərbaycanın Müdafiə naziri Zakir Həsənovun hazırda İordaniyada rəsmi səfərdə olması təsadüfi deyil. O, hətta İordaniya kralı II Abdullah ibn Əl Hüseynlə görüşmək fürsətinə layiq görülüb.

 

Bundan əlavə, o, Kral II Abdullah Xüsusi Əməliyyat Təlim Mərkəzində olub, burada baş direktor polkovnik Nael Alşgirat ilə görüşüb.

 

Sonra Z.Həsənov Kral Hərbi Hava Qüvvələrinin komandanlığına gələrək burada İordaniya Kral Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Məhəmməd Hyasətlə görüşüb. Görüşdə silahlı qüvvələrin inkişaf perspektivləri, hərbi təhsil və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib.

 

Bu ümumi ifadənin arxasında nə dayandığını təxmin etmək çətin deyil. Azərbaycan İordaniya ilə əməkdaşlığı inkişaf etdirir, İsrail, Pakistan və Türkiyə ilə sıx əlaqələrə malikdir. Bütün bunlar isə Rusiyanın açıq-aşkar Ermənistana yanlış əllərlə “dərs vermək” istəyi fonunda baş verir. Beləliklə, bizi çox narahat anlar gözləyir.

 

Tərcümə etdi: Ovqat.com

 

 




Ana səhifəyə qayıt        Baxış: 6 001          Tarix: 15-04-2024, 09:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma