Xəbər lenti

“Rus sülhməramlılarının Qarabağdan çıxarılmasını ümumregion kontekstindən çıxararaq təhlil etmək olmaz. Ümumregion kontekstindən isə belə görünür ki, Rusiya bütövlüklə Cənubi Qafqazı tərk etmək niyyətindədir. Fikrimcə, bunun səbəbi Rusiya ilə Qərbin hansısa sövdələşməyə getməsi ola bilər. Xüsusilə bir neçə saatlıq İran-İsrail müharibəsi testində müdafiə strategiyası çökən Rusiyanın bundan başqa çarəsi qalmamışdı”.

Bunu Musavat.com-a açıqlamasında siyasi şərhçi Heydər Oğuz deyib.

Rus sülhməramlılarının Qarabağdan çıxarılması barədə rəsmi məlumatları şərh edən həmsöhbətimiz xatırladıb ki, İran İsrailə 300-dən çox mərmi atmışdı.

“Onlardan 180-nə yaxını silahlı dron, 36-sı qanadlı raket, 110-u isə ballistik raketlər idi. İranın özü də etiraf edir ki, silahlı dron və qanadlı raketlər İsrailin hava hücumundan müdafiə sistemlərini çaşdırmaq üçün atılmışdı. Əsas məqsəd isə İsrailə ballistik raketlərdən zərbə vurmaq idi. Odur ki, biz də məlum hücumu dəyərləndirərkən, ballistik zərbələrin nə dərəcədə uğurlu olub-olmadığını təhlil etməliyik”, - deyən siyasi şərhçi vurğulayıb ki, ABŞ-ın iddialarına inansaq, bu raketlərdən cəmi 7-si İsrailin hava hücumundan müdafiə sistemlərini dəlib keçə bilib.

“Hərçənd İran bu iddianı yalanlayaraq 7 yox, 15 ballistik raketinin hədəfə dəydiyini bildirir. Hətta İranın iddialarının doğruluğunu qəbul etsək belə, bu, o qədər də ciddi uğur demək deyil. Belə çıxır ki, ABŞ-ın əlindəki HHM sistemləri 95-85 faizi uğurla işləyir”, - Heydər Oğuz bildirib.

Onun fikrincə, ballistik raketlərin qarşısının alınmasında bu uğur payı olduqca ciddi nailiyyətdir və təkcə İranın deyil, həm də Rusiyanın təhlükəsizlik və müdafiə strategiyasının iflası anlamına gəlir:

“Belə ki, Rusiya indiyədək Qərb dövlətlərini nüvə başlıqlı ballistik raketlərlə təhdid edirdi. İranın İsrailə hücumunda sübut olundu ki, Qərbin əlindəki HHM sistemləri cəmi 5 və ya 15 faiz hədəfdən yayınma potensialına malikdir. Nüvə təhdidində isə hətta 50 faizlik yayınma ehtimalı ciddi uğursuzluq deməkdir. Çünki ehtimal olunan nüvə savaşlarında ilk hücumdan yayına bilən tərəf növbəti zərbəni endirir. Bir növ duelə bənzəyən bu savaşda uduzan tərəf də elə ilk zərbəsi uğursuz alınan olur. Cavab zərbələri ilə o tamamilə darmadağın olmaq taleyi ilə üzləşə və növbəti raketi atəşləndirməyə bilər. Bu baxımdan İranın İsrailə hücumunu potensial nüvə müharibəsinin testi da saymaq olar. Qərb müttəfiqləri sanki İsrailin HHM ilə həm də Rusiyaya “öz ballistik raketlərinə çox güvənmə” mesajı verdilər”.

Heydər Oğuz məhz bu test atışlarından sonra Rusiyanın öz “şələ-şüləsini” toplayıb Qarabağdan çıxmasını mesajın ünvanına çatması kimi qiymətləndirir:

“Üstəlik, Rusiya təkcə Azərbaycandan çıxmır, onun bütövlüklə Cənubi Qafqazı tərk etməsi perspektivi doğub. Bilirsiniz ki, Ermənistan artıq çoxdan Rusiya ilə yollarını ayırıb. Xüsusilə Paşinyanın Brüssel səfərindən sonra bu qərar tam qətiləşdi. Rusiya bütün imkanlarını səfərbər etsə də, İrəvanı öz qərarından yayındıra bilmədi. Azərbaycan da onun təxribatlarına uyub növbəti müharibəyə getmədi. Sözsüz ki, bu məsələdə Brüsseldə qulağına nələrsə söylənən Paşinyanın da Azərbaycanın demək olar ki, bütün tələblərini qəbul etməsi və geri qayıtdıqdan sonra sülh istiqamətində qərarlı addımlar atması da mühüm rol oynadı. Cənubi Qafqazın digər ölkəsi Gürcüstanda da artıq rusyönümlü hakimiyyətə son qoyulması prosesi gedir. Maraqlıdır ki, Tbilisidə vəziyyətin qarışmasında “rusqafalı” İrakli Kobaxidze hökumətinin də əvəzsiz rolu oldu. O, birdən-birə ötən il gürcü ictimaiyyəti tərəfindən rədd olunan “casus qanunu” layihəsini yenidən parlamentin müzakirəsinə çıxardı. Həssas bir dövrdə bu layihənin gündəmə gətirilməsi ictimai narazılığı qızışdırmaq cəhdindən başqa bir şey deyildi. Heç bir ehtiyac olmadan gürcü xalqının əsəbləri ilə oynamaq mövcud hakimiyyətin devrilməsi ilə nəticələnə bilər və inanmıram ki, Kobaxidze hökuməti Kremlin təzyiqləri olmadan bu təhlükəli oyuna girsin. Mümkündür ki, Rusiya Gürcüstandakı hakimiyyətini qəsdən təhlükəli oyunlara cəlb edərək, Qərbdən müəyyən güzəştlər qoparmağa çalışır. Demək istədiyim odur ki, rus sülhməramlılarının Qarabağdan çıxarılmasını ümumregion kontekstindən çıxararaq təhlil etmək olmaz. Ümumregion kontekstindən isə belə görünür ki, Rusiya bütövlüklə Cənubi Qafqazı tərk etmək niyyətindədir. Fikrimcə, bunun səbəbi Rusiya ilə Qərbin hansısa sövdələşməyə getməsi ola bilər. Xüsusilə bir neçə saatlıq İran-İsrail müharibəsi testində müdafiə strategiyası çökən Rusiyanın bundan başqa çarəsi qalmamışdı”.

Heydər Oğuzun bu mülahizələri, sözsüz ki, Azərbaycan Prezidentinin köməkçi Hikmət Hacıyevin açıqlamaları ilə örtüşmür. Məlum olduğu kimi, Hikmət Hacıyev dünənki açıqlamasında rus sülhməramlılarının Qarabağdan çıxarılmasını Azərbaycan və Rusiya liderlərinin qarşılıqlı razılaşması əsasında verilmiş qərar olaraq təqdim etmişdi. Siyasi şərhçi bu mülahizələri ilə Azərbaycan hakimiyyətinin uğurlarına kölgə salmaqmı istəyir?

“Əlbəttə, yox. Ümumiyyətlə hakimiyyətin Qarabağ siyasətinin uğurlarını inkar etmək mümkün deyil. İlham Əliyevin son 4 ildə yürütdüyü siyasət istər-istəməz bu nəticəni doğurmuşdur. Əvvəla, bu siyasətin sonucunda Qarabağdakı rus sülhməramlılarının missiyası faktiki tamamlanmışdı və istər-istəməz “onlar kimi kimdən qoruyurlar” sualı yaranırdı. Rusiya bu sualları ortadan qaldırmaq və sülhməramlı missiyanı beynəlxalq hüquq normalarına uyğunlaşdırmaq üçün hətta öz əsgərlərindən minatəmizləyən kimi istifadə olunmasına razı idi. Azərbaycanın isə bu xidmətə ehtiyacı yox idi. Deməli, rus əsgərləri öz hərbi nüfuzunu qorumaq üçün şələ-şülələrini yığışdırıb Qarabağı tərk etməliydilər”.

Azərbaycan hakimiyyətinin yürütdüyü ikinci ən uğurlu siyasətin geosiyasi balansı qorumaq bacarığı olduğuna inanan Heydər Oğuza görə, rəsmi Bakının bloklara qoşulmaması Rusiyanı rahatladan amildir:

“Odur ki, Azərbaycanda hərbi baza saxlamağa ehtiyac qalmamışdı. Sirr deyil ki, Moskvanın başlıca tələbi ətraf bölgələrin tərəfsizliyini qorumasıdır və o bunu dəfələrlə dilə gətirib. Üstəlik, Azərbaycan ərazisi Rusiyanın ən yaxın müttəfiqi sayılan İranla həmsərhəddir və bu sərhəddən özünə hər hansı təhlükə gözləmirdi. Məntiqlə, Rusiyanın ən etibarlı sərhədlərində yerləşdirilən minatəmizləyənlərdənsə, daha təhlükəli bölgələrdə xidmət edən real əsgərə ehtiyacı vardı. Söhbət təkcə Ukrayna savaşında xidmət göstərəcək hərbi qüvvələrdən də getmir. Ərazisi xeyli böyük və hər cür təxribatlara açıq olan Rusiyaya ön cəbhədə döyüşəcək əsgərlər kimi, sərhədlərini və daxili stabiliyini qoruyan hərbi qulluqçular da lazımdır. Xüsusilə Finlandiyanın NATO-ya daxil olmasından sonra bu ehtiyac xeyli artmışdı. Bu qədər ağır vəziyyətdəykən, 2 minə qədər və ya bundan artıq rus əsgərinin Qarabağda milçək qovalamaqla məşğul olması boş yerə xərclənən vəsait demək idi. Rusiya indiki zamanda boş xidmətlərə vəsait xərcləyəcək qədər zəngin deyil, onun daha ciddi işlərlə uğraşan əsgər potensialını artırması tələb olunurdu. Amma bunun üçün ona geosiyasi maraqlarını təhdid etməyəcəyinə dair qarantiya verilməliydi. Görünən budur ki, tərəfsizliyi qorumaqla Azərbaycan faktiki bu qarantiyanı vermişdi”.

Rus sülhməramlılarının Qarabağdan çıxmasında Azərbaycanla bərabər Türkiyə rəsmilərinin də mühüm rol oynaya biləcəyini düşünən həmsöhbətimizin fikrincə, qardaş ölkə prezidentinin bu yaxınlarda Rusiya mediasında yer alan sülh təklifləri ilə Moskvanın istəkləri üst-üstə düşürdü. Kremldə yaxşı anlayırlar ki, Ukraynada uzanan müharibə onu iqtisadi cəhətdən tamamilə tükəndirməyə hesablanıb. Məhz bu səbəbdən də açıq dilə gətirməsələr də Türkiyənin sülh təkliflərinə suda boğulanın saman çöpündən yapışdığı kimi böyük ümidlə baxırlar. Prinsipcə, təkcə Rusiya yox, Avropanın güclü dövlətləri də bu qənaətdədirlər. Gələn həftə Almaniya prezidentinin Türkiyəyə səfərində də bu məsələnin masaya yatırılacağını düşünürəm. Maraqlıdır ki, Rusiya prezidentinin həmin ərəfədə Türkiyəyə, Türkiyə prezidentinin isə ABŞ-a səfərləri gözlənilir. Böyük ehtimalla bu diplomatik trafik zamanı Ukraynada sülh variantları da müzakirə olunacaq”.

Heydər Oğuzun fikrincə, Qarabağdakı qüvvələrini çıxarmaqla Moskva əyani şəkildə göstərmək istəyir ki, o, ətraf ölkələrin tərəfsizliyində maraqlıdır və bu, təmin olunarsa, əlini-qolunu sallayıb işğal altında tutduğu əraziləri rahatlıqla tərk edə bilər:

“Hesab edirəm ki, Putin Türkiyəyə əliboş getmək istəmir. Moskvanın bu addımı ABŞ-la Rusiya arasında qalan Türkiyəyə müsbət jest kimi də qiymətləndirilə bilər. Bilirsiniz ki, Ərdoğanın son prezident seçkilərindən sonra Qərbə yaxınlaşması açıq-aydın hiss olunurdu. Türkiyənin xarici işlər, müdafiə nazirlərinin və MİT başqanının ABŞ-a səfərindən sonra prezident Rəcəb Tayib Ərdoğanın da okeanın o tayına gözlənilən səfəri Rusiyanı narahat etməyə bilməzdi. Rusiya ipə-sapa yatmasa, Ərdoğanla Baydenin görüşündə iki NATO müttəfiqinin portfelində Ukraynaya dəstək verilməsi məsələsi də yer ala bilər. Məncə, Rusiya bu perspektivin qarşısını almaq üçün faktiki olaraq Cənubi Qafqazdan çıxmaq mesajı verərək danışıqlara hazır olduğunu göstərmək istəyir. Bu alınmasa, Azərbaycanı və Cənubi Qafqazı Türkiyəyə buraxa biləcəyini göstərərək Ankaranı özü ilə əməkdaşlığa həvəsləndirir”.

Siyasi şərhçinin sözlərinə inansaq, artıq Avropa İttifaqında belə, Cənubi Qafqaz məsələsinin bitdiyinə, yeni mərhələnin başladığına dair siqnallar gəlir:

“Bunun ən bariz nümunəsi Aİ diplomatiyasının rəhbəri Josep Borrell ittifaqın Özbəkistandakı nümayəndə heyətinin rəhbəri vəzifəsinə Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaarın namizədliyini irəli sürməsidir. Məlumata görə, Borrelin təklifi Özbəkistan tərəfindən qəbul olunsa, Klaar indiki missiyasını həm də Mərkəzi Asiyada davam etdirəcək. Cənubi Qafqazda mühüm təcrübələr toplayan Avropa diplomatının Mərkəzi Asiyaya göndərilməsi Qərb üçün yeni mərhələnin Orta Asiya olduğunu göstərir”.

E.MƏMMƏDƏLİYEV,

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 5 789          Tarix: 18-04-2024, 13:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma