Xəbər lenti

Fransa tarixinin ən kritik növbədənkənar parlament seçkisinin birinci turu keçiriləcək. Bazar günü baş tutacaq seçkidə əsas iddiaçılar - ifrat sağçı Milli Birlik və solçu Yeni Xalq Cəbhəsidir. Bu seçkidə Fransa ilk dəfə ifrat sağçı hökumət əldə edə, Makron isə prezidentlik müddətinin sonuna qədər "axsaq ördək" olaraq qala bilər.

Avropa Parlamentinə (AP) keçirilən seçkilərdən sonra ultrasağçılardan məğlubiyyət alan Fransa Prezidenti Emmanuel Makron parlamenti buraxıb növbədənkənar seçki elan etmək kimi riskli addıma gedib. Hesab edib ki, bununla da Marin Le Penin qeyri-formal lideri olduğu Milli Bilrliyin hakimiyyətə gəlişinin qarşısını almağa müvəffəq ola bilər. Lakin prezidentin taktikası əks-effekt də verə bilər. Son sorğular prezident partiyasına qələbə vəd etmir, makronçulara cəmi 22 faiz insan səs verməyə hazırdır. Bu da onu deməyə əsas verir ki, hakim partiya hökuməti təkbaşına formalaşdırmağa müvəffəq olmayacaq.

Hakim partiya öz ətrafında Yeni Xalq Cəhbəsini, kommunist və sosialistləri, hətta "yaşıllar"ı birləşdirib. Onların ümumi səs faizi 29 faiz göstərilib. Halbuki, sağçılara 36 faiz seçici səs verməyə hazırdır. Bunlar, sadəcə, bu proqnozdur. Nəzərə alaq ki, seçkilər iki turda olacaq və bu müddət ərzində çox şey dəyişə bilər.

Məsələ ondadır ki, Fransanın ikipilləli səsvermə sistemi partiyaların ikinci tura çıxmaq şanslarını artırmaq üçün manevrlər etməyə və ittifaqlar yaratmağa yol açır. Seçicilər hər hansı partiyanın qalib gəlməsinin qarşısını almaq üçün sözdə taktiki səsvermə edə bilərlər. Le Penin partiyası artıq belə səsvermənin qurbanı olub. Makron da buna ümidlidir. Hesab edir ki, bu seçkilərdə də belə olacaq. Həm solçuları, həm də ultrasağçıları ara-sıra tənqid edir, onları Fransanın mövcudluğu üçün əsas təhlükə adlandırır. Hətta ifrat sağçı və ifrat solçuların hakimiyyətə gələcəyi təqdirdə vətəndaş müharibəsi ehtimalına eyham vurub. Birinci şəxsin bu cür bəyanatı ciddi rezonans doğurmalı idi və doğurur da. Məsələn, Fransanın O-de-Frans regionu Şurasının prezidenti Ksavye Bertranın bununla bağlı fikirləri maraqlıdır. "Siyasi böhranda birliklər, təsisatlar deyil, prezident özü günahkardır", - deyə bildirib.

Yeri gəlmişkən, əgər Makronun ehtimalları keçməzsə və Milli Birlik qələbə qazanarsa, o zaman Fransa yeni hökumət başçısı əldə edəcək. Bu da 28 yaşlı Jordan Bardella ola bilər. Le Pen baş nazirliyə can atmır, səbəb də odur ki, daha ambisioz hədəf qarşıya qoyub - Fransanın növbəti prezidenti olmaq.

Bardellaya gəldikdə - miqrasiyanı məhdudlaşdıracağını, pensiya islahatlarını ləğv edəcəyini və yalnız ölkə vətəndaşları üçün müavinətlərin saxlanacağını vəd edir. Xarici siyasətə gəlincə, o, Fransa ilə Rusiya Federasiyası arasında münasibətlərin pisləşməsinə səbəb olmayacağı təqdirdə Ukraynaya hərbi yardım göstərməyə razıdır. Bardella bu barədə Londonun "The Financial Times" qəzetinə müsahibəsində də bildirib. Əgər əvvəllər "Milli Birlik" rusiyapərəstliyi ilə seçilirdisə və Ukraynaya silah göndərilməsinə qarşı çıxırdısa, indi Kiyevi dəstəkləməyə etiraz etmir. "Mənim mövqeyim dəyişdi", - Bardella vurğulayıb.

Düzdür, o şərt qoymuşdu ki, "Milli Birlik" mütləq səs çoxluğu qazandığı halda hökumətə başçılıq etməyə razı olacaq. Bardella bu və ya digər qərarı həyata keçirmək üçün tərəfdaşlar axtarmaq istəmir. "Mən Fransa xalqına deyirəm: ölkəni idarə etmək, fransızların gündəlik həyatını dəyişmək üçün... bizə mütləq çoxluq lazımdır", - media siyasətçidən sitat gətirir.

Milli Birliyin uğur əldə edəcəyi də sual altındadır. Ancaq Makronun partiyasının buna sahib olmayacağı göz qabağındadır. Deməli, prezident üçün ən çox ehtimal olunan variant müxalifətlə birgə idarəçilikdir.

Fransada "makronizmin" gələcəyi məsələsi qızğın şəkildə müzakirə olunur. Bir çox analitiklər etiraf edirlər ki, Makron 2027-ci ilə qədər hakimiyyətdə qalsa belə, bu siyasi fenomen bitib. Ötən gün yenidən fransızlara müraciət edən Makron ölkədə idarəetmə tərzinin dəyişəcəyini vəd edib. Yada salaq ki, bu cür vədlər 2019-cu ilin əvvəlində "sarı jiletlilər" hərəkatına son qoymalı olan debatlar zamanı və ötən yay ölkəni bürümüş şəhər üsyanlarından sonra da verilmişdi. Yeni idarəetmə formaları da bir neçə dəfə sınaqdan keçirilib - yaşıl tranzit, ətraf mühitin inkişafı və s.

Beləliklə, istənilən halda Makron iqtidarını qarşıda çətin günlər gözləyir. Ultrasağçıların mümkün qələbəsi ilə ölkəni çətin günlər, hətta vətəndaş müharibəsi təhlükəsi gözləyə bilər.

"Report" İnformasiya Agentliyi




Ana səhifəyə qayıt        Baxış: 4 821          Tarix: 28-06-2024, 19:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma