Bir neçə gün əvvəl Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısına damğasını vuran əsas müzakirə mövzularından biri də Ukrayna ilə bağlı idi. Sammitdə çıxış edən Rusiya prezidenti Vladimir Putin Ukraynadakı böhranın “Qərb ölkələri, xüsusilə Böyük Britaniya və ABŞ-ın qəddar və avantürist siyasəti nəticəsində yarandığını” bildirdi.
“Rusiya heç vaxt (Ukrayna ilə) danışıqlardan əl çəkməyib və indi də danışıqları davam etdirməyə hazırdır. Ukrayna tərəfi isə danışıqlardan qaçır və bunu Londonla Vaşinqtonun göstərişi ilə edir. Ukrayna rəsmiləri bunu açıq şəkildə deyirlər”, - Putin vurğulayıb.
2022-ci ildə İstanbulda Rusiya ilə Ukrayna arasında danışıqlar aparıldığını xatırladan Putin, bu dialoqun ərsəyə gətirilməsində vasitəçi kimi iştirak edən prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirərək vurğulayıb ki, əldə edilən razılaşma Ukrayna nümayəndə heyətinin rəhbəri tərəfindən paraflanmışdı: “Bu isə o deməkdir ki, razılaşmalar Ukraynaya da sərf edirdi. İstanbul razılaşmaları hələ də müzakirə masasındadır və danışıqların davam etdirilməsi üçün əsas rolunu oynaya bilər”.
Maraqlıdır ki, Putinin bu çıxışından bir gün sonra Macarıstan Baş naziri Viktor Orban Moskva səfər etdi. Rusiya prezidenti Putinlə görüşən Orbanın da gündəliyində Ukrayna ilə sülh danışıqları vardı. Moskvaya səfərini ölkəsinin Aİ-yə sədrlik edəcəyi növbəti altı ay müddətində “sülh missiyası” kimi gördüyünü bildirən Orbanın bu çıxışına Brüsseldən sərt açıqlamalar gəldi. İstər Avropa Şurasının sədri Şarl Mişel, istərsə də Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Orbanın ittifaq adından danışıqlar aparmağa səlahiyyəti olmadığını vurğuladılar.
Bununla belə, bir sıra müşahidəçilər Orbanın bu ziyarətini təsadüfi saymırlar. Onların fikrincə, bu addım əslində noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkilərindən sonrakı dövrə hesablanıb. Həmin mülahizəyə inansaq, ABŞ-da Donald Tramp hakimiyyətə gələrsə, Rusiya ilə Ukrayna arasında sülh danışıqlarına başlayacaq. Trampla da yaxın əlaqələri olan Orban da əslində bu istiqamətdə ilk addımlar atır. Doğrudanmı, belədir?
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında Orbanın Trampın “sözçüsü” kimi alqılanmasının macar liderin bir müddət əvvəl ABŞ-a gedib Trampla səmimi söhbət aparmasından qaynaqlandığını bildirdi. “Əslində bu mülahizələri istisna etmək də olmaz. Həqiqətən də Orban Trampla Putin arasında dialoq xətti yaradaraq Ukrayna savaşını bitirmək istəyə bilər. Putinin də belə bir planının olduğu şübhə doğurmur. Hətta Donald Tramp da belə bir niyyətə düşə bilər. Amma bu plan və niyyətlərin reallaşma imkanları həmin üç şəxsin heç birindən asılı deyil. Rusiya ilə Ukrayna savaşının bitirilməsi ilk növbədə ABŞ-ın gerçək iradə sahiblərinin planlarından asılıdır. ABŞ-da isə ölkənin ən strateji qərarlarını prezidentlər qəbul etmir”.
ABŞ “dərin dövlət”inin öz maraqları naminə prezidentlərini belə qurban verdiyini düşünən siyasi şərhçi xatırlatdı ki, bu ölkənin tarixində sui-qəsdə məruz qalan xeyli sayda prezidentlər olub: “Onlardan 4-ü dünyasını dəyişib. Sui-qəsdlər içərisində ən müəmmalısı Con Kennedi cinayətidir ki, 1963-cü ildə həyata keçirilən bu terror hadisəsinin əsl mahiyyəti indiyədək aydınlaşdırılmayıb. Cinayətin bir çox dəlillər ortadan qaldırılıb. Məhz bu səbəbdən də bir çox amerikalı mütəxəssislər sözügedən terror hadisəsinin siyasi sifarişlə həyata keçirildiyinə inanırlar. İddialara görə, Kennedi bir sıra məsələlərdə “dərin dövlət”lə hesablaşmırdı. Məhz bu səbəbdən də Pentaqon, MKİ, FTB (Federal Tədqiqatlar Bürosu) və Gizli Əməliyyatlar qurumu tərəfindən ortadan qaldırılmışdı. İddiaların nə qədər səhih olub-olmadığı üzərində fikir yürütmək fikrindən uzağam. Sadəcə onu vurğulamaq istəyirəm ki, ABŞ-da dövlət cizgisindən kənarlaşan prezidentləri belə yaşatmırlar. Bu baxımdan, Trampın da ABŞ-ın milli maraqlarına qarşı getməsi mümkün deyil. O da başına tac geyinəndən sonra “haqqa gəlib ağıllanacaq”.
Rusiya ilə Ukrayna müharibəsinin tezliklə bitirilməsinin ABŞ-ın milli maraqlarına uyğun olmadığını düşünən Heydər Oğuz bunu qlobal güc mərkəzlərinin hegemoniya uğrunda mübarizəsi ilə əlaqələndirdi. Siyasi şərhçinin fikrincə, Çinin getdikcə böyüyən iqtisadi gücü və Rusiyanı da yanına almaq potensialı ABŞ-ı ürküdür: “Odur ki, Çinin qlobal iqtisadi əməkdaşlıq bağlarını qoparmağa çalışır. Məqsəd dünya dövlətlərini bir-birindən qalın ayırıcı xətlərlə iki qütbə ayırmaqdır. Bunun üçün də Bayden 2021-ci ildə Demokratiya sammiti ideyasını ortaya atdı. Həmin il 110, daha sonrakı iki ildə isə 120 dövlətin dəvət edildiyi sammitə Tanzaniya, Mozambik, Nigeriya, Kenya, Filippinlər kimi demokratik təsisatları tam formalaşmayan və mübahisə doğuran ölkələr də qatılmışdı. Dərin demokratik ənənələrə sahib Türkiyə isə kənarda saxlanılmışdı. Bu isə hətta sammit iştirakçılar arasında belə, fikir ayrılıqlarına yol açmışdı. Fikrimcə, bu qurumun formalaşdırılması heç də demokratiya axtarışı ilə əlaqədar deyildi. Sadəcə, ABŞ sözəbaxan bəzi ölkələri öz cərgəsinə çəkərək dünya üzərindəki hegemonluğunu davam etdirmək niyyətindədir. Demokratiya isə Vaşinqtonun öz imperialist siyasətində üçün təsir aləti, əsaslı bəhanədir və ABŞ faktiki olaraq ikiyə böldüyü dünya qütbləri arasında ayırıcı xətlər yaradır, müharibələrlə həmin xətləri daha da dərinləşdirir. Məhz bu səbəbdən də ABŞ-ın Rusiya Ukrayna müharibəsinin sona çatmasına icazə verəcəyinə inanmıram”.
Siyasi şərhçinin fikrincə, Macarıstan və Türkiyə liderlərinin sülh təşəbbüslərinə ABŞ və Avropa rəsmilərinin reaksiyaları da Qərb dövlətlərinin müharibə istəkləri ilə bağlı ehtimalları qüvvətləndirir: “Bilirsiniz ki, Ukrayna və Rusiya arasında Türkiyənin təşəbbüsü ilə başlayan İstanbul görüşmələri həqiqətən də Böyük Britaniya və ABŞ-ın müdaxilələri ilə təxirə salındı. Orbanın son təşəbbüsünə də yenə eyni mərkəzlərdən bənzər reaksiyalar verildi. Bütün bunlar Qərbin Ukrayna-Rusiya xəttində sülh arzusunda olmadığını göstərir”.
Son zamanlar Avropada aşırı sağçıların hakimiyyətə gətirilməsinin də geosiyasi qütblər arasındakı ayırıcı xətləri genişləndirmək siyasətinə qulluq etdiyini düşünən Heydər Oğuz fikrini belə əsaslandırdı: “Düzdür, Qərb dünyasında sağa meyllənmələr əslində Rusiya və Çinlə əlaqələrin qoparmasına etirazdan doğdu. Avropa xalqları bu siyasətin doğurduğu nəticələrə etiraz edərək aşırı sağçılara səs verdilər. Bununla belə, aşırı sağçıların hakimiyyətə gətirilməsi belə, qütblər arasındakı ayırıcı xətləri genişləndirməyə xidmət edir. Belə ki, aşırı sağçı partiyalar ölkələrini içə qapılmağa sürükləyir. Nəticədə qlobalist iqtisadi təmayüllər zəifləyir. Bu da ilk növbədə Çinlə ticari münasibətlərə mənfi təsir göstərəcək. Əslində ABŞ-a da bu lazımdır. Vaşinqton Çinin təsir dairəsindən qurtulmağa can atan Avropanı aşırı sağçı ideyalarla öz iqtisadiyyatına bağlayır. Beləcə, ticari imkanları zəifləyən qlobal sərmayənin Çindən qaçmasına şərait yaradır.
Bu istiqamətdə atılan digər bir iqtisadi siyasət Çində istehsal olunan bir çox məhsullara tətbiq olunan gömrük rüsumları və verginin faiz dərəcələrini artırmaqdır. Yeni fiskal siyasət nəticəsində Çinin sənaye şirkətləri Avropa və Amerika bazarında fürsət bərabərliyi imkanlarını itirir, beləcə, öz məhsullarını xeyli baha qiymətə satmaq məcburiyyətində qalır. Bu da nəticə etibarilə Çin məhsullarını Qərb bazarından sıxışdırıb çıxarılmasına yol açır və dünyaya yayılma siyasətində iqtisadi əməkdaşlığa söykənən Çinin ən güclü silahını əlindən alıb “zərərsizləşdirir”.
Trampın ABŞ-da hakimiyyətə gətirilməsini də ultrasağçı yüksəliş siyasətinin tərkib hissəsi kimi görən siyasi şərhçi onun qarşısına ciddi alternativ çıxarılmamasını təsadüfi saymır: “Məlumdur ki, Trampın tək alternativi Baydendir. Bayden isə getdikcə zehni qabiliyyətini itirir. Onun bir müddət əvvəl Trampla debatda sərgilədiyi zəif performans olan-qalan nüfuzunu da itirməsinə yol açdı. İndiki halıyla seçkilərə gedərsə, yarışı böyük hesabla uduzacağı qeyd olunur. Buna baxmayaraq, Demokratların və medianın “Yarışdan çəkil” çağırışlarına da müsbət cavab vermir. Dünən mövzu ilə bağlı açıqlamasında onu bu yarışdan ancaq Allahın ayıra biləcəyini vurğulamışdı. Bu isə seçkilərdə Trampı hardasa rəqibsiz buraxmaqla eyni anlama gəlir. Mənim fikrimcə, ABŞ dövlət ağlı istəsəydi, Baydeni seçkilərdən geri çəkilməyə məcbur edə və ya onu öz iradəsindən kənar yollarla uzaqlaşdıra bilərdi. Amma belə bir addım atılmadı və atılmır. Görünür, ABŞ-ın gerçək siyasi iradəsi Trampın qarşısındakı bütün əngəlləri qəsdən ortadan qaldırır. Bunun isə yalnız bir məntiqli açıqlaması var – Okeanın o tayında da “öncə Amerika” şüarı ilə çıxış edən ultrasağçılar hakimiyyətə gətirilir”.
Heydər Oğuz Qərb dünyasında yaşanan bu qlobal dəyişikliklərin səbəbini daha aydın anlamaq üçün bəzi tarixi hadisələrə nəzər salmağı məsləhət görür: “Sirr deyil ki, Qərb ölkələri liberal qlobalist siyasətlərlə bütün dünya üzərində hegemoniya qurmaq istəyirdilər. Məhz bu məqsədlə də Rusiya və Çinlə münasibətlərini normallaşdırırdılar. İnanırdılar ki, demokratiyanın cazibəsi onları məftun edəcək və əbədi olaraq bu prinsiplərə bağlanacaqlar. Bu məqsədlə Rusiyanı Avropa Şurasına, Çini isə Beynəlxalq Ticarət Təşkilatına üzv etmişdilər. Amma Vladimir Putinin hakimiyyətinin ilk illərində Qərbə bağlı oliqarxlara qarşı açdığı savaş və onların yerinə milli oliqarxlarını yaratması, Çinin isə Beynəlxalq Ticarət Təşkilatına üzvlüyünün onu istehlakçı ölkədən istehsal nəhənginə çevirilməsi, ən əsası isə Qərbin alətinə çevrilən demokratikləşmə prosesinə diqqət ayırmaması böyük xəyal qırıqlığına səbəb oldu. Artıq qlobalist iqtisadiyyatın təktərəfli şəkildə Çinin və Rusiyanın işinə yaradığını görən Qərb dünyası yenidən ulusalçılıq ideyalarına qayıtmağa qərar verdilər. Qərb dünyasında yaşanan milliləşmə onun dünya liderliyi uğrunda mübarizəsinə də ağır zərbələr vurur və vuracaq da. Umduqlarını ultrasağçı hakimiyyətlərdən də ala bilməyən Avropa getdikcə sosial toqquşmalara doğru sürüklənəcək”.
Bu arqumentlərdən çıxış edən siyasi şərhçi Rusiya-Ukrayna xəttində müharibəni dayandırmağın ABŞ-ın dövlət maraqlarına uyğun olmadığına inanır: “Əksinə, ABŞ-a özünün kənarda qaldığı böyük müharibələr lazımdır. Amma bu elə böyüklükdə olmalıdır ki, təsiri ona toxunmasın. Yəni nüvə silahlarından istifadə olunmasın. Uzun illərlə sürən bu müharibələrdən darmadağın olaraq çıxan dünya dövlətlərini yenidən öz istədiyi kimi inşa etmək ABŞ-ın maraqlarına daha uyğundur”.
Böyük müharibələrin qütblər arasındakı ayırıcı xətlər üzərində daha şiddətli olacağını bildirən Heydər Oğuz Azərbaycan – Ermənistan gərginliyinin də bu qırılma xətti üzərində yerləşdiyini düşünür: “Odur ki, rəsmi Bakı mümkün olduğu qədər bu çarpışmalardan kənarda qalmalı, bütün tərəflərə eyni məsafədə dayanmalıdır”.
E.Məmmədəliyev,
Musavat.com
Paylaş: