Xəbər lenti

“Hər ikisi dindən siyasi alət kimi yararlanıblar...”

“Hər halda hazırda dövlətlərin, yaxud hakimiyyətin legitimliyini qədim türk törələri müəyyənləşdirmir və bu kimi məsələlərin gündəmə gətirilməsinin heç bir əsası yoxdur.

“Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Çaldıran döyüşü haqdakı məlum çıxışından sonra bəziləri Şah İsmayıl Xətainin və ümumiyyətlə, səfəviliyin Azərbaycana yalnız zərbələr vurmasından, İrançılığın və teokratik rejimlərin təməlini məhz səfəviliyin qoymasından və s. bəhs edir. Siz necə düşünürsüz?

Bu sualla müraciət etdiyimiz siyasi şərhçi Heydər Oğuz Moderator.az-a açıqlamasında bildirib ki, siyasi liderlərin günün aktual məsələlərini bir kənara atıb tarixi şəxsiyyətləri və prosesləri müzakirəyə çıxarması yaxşı hal deyil və cəmiyyətə heç bir fayda vermir: 

“Nə yazıq ki, zaman-zaman bu cür mübahisələr gündəmə gətirilir və bütün bunlar milli dövlətçiliyimizin, strateji hədəflərimizin əleyhinə təbliğata çevrilir. Sirr deyil ki, bu gün Türkiyənin qarşıya qoyduğu strateji hədəflərdən biri Türk Birliyi ittifaqı yaratmaqdır. İnsafən, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bu istiqamətdə çox mühüm addımlar atmışdır. Amma onun birdən-birə Osmanlı-Səvəfi, Osmanlı-Teymurilər münasibətlərinə girməsi və üstəlik, birtərəfli mövqe sərgiləməsi bu zamana qədər gördüyü işlərin üzərinə ciddi kölgə salır. Sevinirəm ki, bu yanlışlarını rəsmi Ankaranın özü də başa düşmüş və Ərdoğanın həmin açıqlamaları internet saytlarından ya yığışdırılmış, ya da ümumiyyətlə, yayılmamışdır. Hər halda Ərdoğanın fikrini necə ifadə etməsini aydınlaşdırmaq üçün internet üzərindən axtarışlarım heç bir nəticə vermədi və mənə belə gəldi ki, o videolar “you-tube”dən silinib”.

Heydər Oğuzun fikrincə, istər Sultan Səlim, istər Əmir Teymur, istərsə də Şah İsmayıl böyük türk coğrafiyasının ən böyük şəxsiyyətləridir və onlardan kimin doğru, kimin yanlış yolda olmasını aydınlaşdırmağı tarixçilərin öhdəsinə buraxmaq lazımdır: 

“Ən azı ona görə ki, həmin şəxsiyyətlərin heç biri milli dəyərlər uğrunda mübarizə aparmayıblar. Məqsədləri öz hakimiyyətlərinə türk xalqı arasında legitimlik qazandırmaq, bacardıqları qədər ətraflarına döyüşçü cəlb etmək və o döyüşçülərin hərbi motivasiyasını yüksəltmək üçün dini motivlərdən istifadə etmək olub. Bir növ, həm Sultan Səlim, həm də Şah İsmayıl Xətai dindən siyasi alət kimi yararlanıblar. Nəticədə nə dinə, nə də milli maraqlara xidmət ediblər. Yenə onların içərisində az-çox milli dəyərləri ön plana çıxaran da elə Şah İsmayıl olub. Bilirsiniz ki, Səvəfi dövlətinin qurulmasında və böyüməsində Şah İsmayıl düşündüyümüz qədər böyük rol oynamayıb. Əksinə, Anadolu torpaqlarında Osmanlı hakimiyyətinin yürütdüyü türksüzləşdirmə siyasətindən qaçan türkmənlər 5 yaşlı bir uşağı dirəniş simvoluna çevirib öz haqları uğrunda mübarizə aparıblar. Çaldıran döyüşünün əsl mahiyyəti bundan ibarətdir. Hər halda 5 yaşlı uşağın dünyanın super gücünə qarşı mübarizə aparacaq qədər güclü dövlət qurması inandırıcı deyil”.

“Bəs Osmanlı və Səvəfi dövlətlərinin nə kimi legitimlik problemi vardı ki, həm Sultan Səlim, həm də Şah İsmayıl bu problemdən yayınmaq üçün dini motivlərə əl atırdı?”

Heydər Oğuz bu suala cavabında bildirdi ki, hər hansı tarixi prosesə qiymət vermək üçün ilk növbədə o dövrün siyasi reallıqlarına nəzər salmaq lazımdır:

“Bilirsiniz ki, 13-cü əsrin əvvəllərində monqol-tatar işğalına məruz qalan Azərbaycanda daha sonra Elxanilər dövləti quruldu. Bu dövləti quranlar da əslində Çingiz xanın nəvələri idi. Məhz onların hakimiyyəti dövründə dövlət idarəçiliyimizin əsası sarsıldı, Türk törəsi Türk törəsi deyilən anlayış deformasiyaya uğradı. 14-cü əsrin sonlarında dağılan Elxanilərdən sonra vahid Oğuz torpaqları müxtəlif şahlıqlara parçalandı. Oğuz türkləri qədim Türk törəsinin əsaslandığı soylu-köklü şah arayışına girdilər. Osmanlı dövləti məhz Elxanilər dövründə Anadolu torpaqlarında bir bəylik kimi quruldu və Elxanilərin süqutundan sonra müstəqilləşmək, bir növ xanlığa çevrilmək istədi. Di gəl ki, Osmanlı sülaləsi xanlıq vəsfi daşıyacaq xarakterə malik deyildi. Çünki Türk törəsinə görə, yeni qurulan müstəqil dövlətləri xanları və ya sultanları mütləq Oğuz xanın səcərəsindən gəlməli idilər. Osmanlı isə bu sülalədən gəlmirdi və bu da Türk xalqları arasında onun legitimliyini şübhə altına alırdı. Türk salnamələrinə inansaq, həm Qazi Bühranəddin, həm də Əmir Teymur bu məsələni dəfələrlə gündəmə gətirmiş, Osmanlı sultanlarına göndərdikləri məktublarında onlara qayıqçı ailəsindən gəldiklərini xatırlatmışdılar. Bu isə açıq şəkildə onların dövlət qurmaq yetkilərini şübhə altına almaq demək idi. Osmanlı da bu problemi çözmək üçün müxtəlif yollara əl atmışdı. Yollardan biri rəsmi salnamələrində özlərini Oğuz xana, hətta Nuh peyğəmbərə bağlamaq, digəri isə Avropanın müxtəlif ölkələrindən gətirib adət-ənənələri öyrətdikləri devşirmə adlanan xristian uşaqlarını hakimiyyət orqanlarına yerləşdirmək idi. Bu da istər-istəməz türkmən bəylərini narazı salır, onların hakimiyyətdən uzaqlaşmasını şərtləndirirdi. Osmanlılara qarşı türk üsyanları da məhz bu səbəbdən meydana çıxmışdı. Haqları əllərindən alınan həmin Anadolu türk/türkmən bəyləri də Osmanlıya qarşı mübarizə aparmaq üçün indiki İran ərazilərinə axışır və dövrün hörmətli ailəsindən gələn Şah İsmayılı dirəniş simvolu kimi ön plana çıxarırdı. Göründüyü kimi, Şah İsmayılın şəcərə problemi vardı və bəlkə də bu səbəbdən özünü seyid adlandırıb Məhəmməd Peyğəmbərin fiziki varisi kimi göstərirdi. Türk/Oğuz coğrafiyasının bölünməsi istər-istəməz onları savaşa sürükləyir, Çaldıran döyüşünün təməlləri atılırdı. Elə bu səbəbdən də türklüyü parçalayan bu ideyanın yenidən xortladılması milli maraqlarımıza zidd olduğu kimi, günün aktual məsələsi də deyil. Hər halda hazırda dövlətlərin, yaxud hakimiyyətin legitimliyini qədim türk törələri müəyyənləşdirmir və bu kimi məsələlərin gündəmə gətirilməsinin heç bir əsası yoxdur".

Təqdim etdi:

Sultan Laçın




Ana səhifəyə qayıt        Baxış: 5 341          Tarix: 21-05-2025, 20:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma