Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs iştirak etməyib. Onun vəkili sənəd təqdim edərək müvəkkilinin xəstəxanada müalicə olunduğunu deyib. Zərərçəkmiş şəxslər isə onun prosesi qəsdən uzatmasını deyiblər və axtarışa verilməsini istəyiblər. Məhkəmə E. Hüseynovun məcburi gətirilməsi barədə qərar qəbul edib. Proses fevralın 2-də davam edəcək.
İttihama görə, E. Hüseynov vətəndaş Tural Hüseynovun etibarından sui-istifadə edərək, ondan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat, Emil Məmmədovdan 2 milyon 500 min dollar, Mərziyyə Rzayevadan isə 19 500 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Həmin şəxslərin hüquq-mühafizə orqanlarına şikayətindən sonra cinayət işi başlanıb. Cinayət işi materiallarına əsasən, E.Hüseynov Gürcüstan Respublikasından izolyasiya və digər materiallar gətirmək adı ilə həmin vətəndaşları aldadıb.
O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
E. Hüseynov 2016-cı ilin dekabr ayında "İnrerpol" xətti ilə Qazaxıstanda həbs edilərək Azərbaycana təhvil verilib.
Barəsində həbs qətimkan tədbiri seçilən E. Hüseynovun daha sonra ev dustaqlığı qətimkan tədbiri seçilib.
E. Hüseynov “Azərbaycan Dövlət Dəmir yolları” QSC-nin sabiq sədri Arif Əsgərovun baldızı oğludur. Onun qardaşı Rahib Hüseynov da külli miqdarda dələduzluqda təqsirləndirilir. Onun barəsində olan cinayət işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Paylaş: