Xəbər lenti

 

Mayın 18-də ABŞ-ın paytaxtı Vaşinqtonda ikigünlük Trans-Xəzər Forumuna start verilib.

 

APA-nın məlumatına görə, forumun əsas məqsədi Trans-Xəzər region dövlətləri, o cümlədən Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Əfqanıstan, Özbəkistan və Türkmənistan tərəfindən həyata keçirilən infrastruktur layihələri, mövcud biznes, ticarət və sərmayə imkanları barədə ABŞ-ın siyasi, akademik və biznes ictimaiyyətinin məlumatlandırılmasıdır.

 

3 milyondan çox üzvü olan nüfuzlu ABŞ Ticarət Palatası və Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilən, ilk dəfə olaraq ABŞ Ticarət Palatasının “Ağ Ev” ilə üzbəüz yerləşən möhtəşəm “Hall of Flags” auditoriyasında baş tutan forumda ABŞ administrasiyası və region dövlətlərinin yüksək rütbəli nümayəndələri bir araya gələrək Trans-Xəzər regionunun potensialını müzakirə ediblər. Ümumiyyətlə, tədbirdə ABŞ dövlət qurumlarının, akademik təşkilatların, biznes və siyasi dairələrin, diplomatik korpusun 200-dən çox nümayəndəsi iştirak edib. ABŞ Ticarət Palatasının vitse-prezidenti Qari Litman və Xəzər Araşdırma Mərkəzinin direktoru Əfqan Niftiyev tədbirin əhəmiyyətindən danışıblar.

 

ABŞ dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin birinci müavini Brayn Makfiters müasir İpək Yolunun vacib komponenti olan Trans-Xəzər dəhlizinə ölkəsinin dəstəyini ifadə edib. O, bu dəhlizin Şərq-Qərb yükdaşımalarının həyata keçirilməsində mühüm rolunu vurğulayıb və ABŞ-ın tərəfdaş olmaqda maraqlı olduğunu qeyd edib. ABŞ rəsmisi region ölkələrin bu dəhlizin inkişafı sahəsində mühüm infrastruktur layihələri həyata keçirdiklərini və bu xüsusda ötən il açılışı olan Baku-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini diqqətə çatdırıb. B.Makfiters ABŞ-ın bu istiqamətdə region ölkələri ilə yaxından əməkdaşlıq etməyə hazır olduğunu və yaxın zamanlarda özünün regiona səfər etmək niyyətinin olduğunu söyləyib.

  

Daha sonra ABŞ ticarət nazirliyinin beynəlxalq ticarət administrasiyasının direktoru Matyü Edvard çıxış edərək ticarət naziri Vilbur Rosun tədbirlə bağlı xoş arzularını çatdırıb və 2016-cı ildən bəri Vaşinqtonda təşkil edilən sözügedən forumun region ölkələri ilə yeni əməkdaşlıq imkanlarının təşviqi baxımından vacib platforma olduğunu ifadə edib. O, çıxışında ABŞ şirkətlərinin tarixi İpək Yolunun canlandırılmasında region ölkələrinin gördüyü işlərə yaxından cəlb edilməsi üçün böyük potensialın olduğunu qeyd edib. M.Edvard, həmçinin Trans-Xəzər dəhlizi ölkələrini dəstəkləmək üçün ABŞ ticarət nazirliyi tərəfindən həyata keçirilən proqramlar barədə məlumat verib.

 

Sonra Azərbaycanın və Forumun digər təşkilatçı dövlətlərinin ABŞ-dakı səfirləri çıxış ediblər. Ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov çıxışında Trans-Xəzər Forumunun Azərbaycanın regionda ticarət, tranzit əlaqələrinin təmin edilməsində mərkəzi rolunu, xarici investisiyalar və ticarət üçün işgüzar dostluq mühitinin təqdim edilməsində potensialını vurğulamaq üçün başlıca platforma olduğunu bildirib. O, bu tədbirin Azərbaycan Demokratik Respublikasının yaranmasının 100-cü ildönümünə təsadüf etdiyini və Sovet İttifaqının süqutundan sonra Azərbaycanın müstəqilliyini yenidən bərpa edən digər region ölkələri ilə bərabər böyük inkişaf yolu keçdiyini bildirib. Səfir hazırda regionun tranzit potensialının inkişafında Azərbaycan hökumətinin fəaliyyətinə diqqəti çəkərək bu işdə mövcud vacib enerji və nəqliyyat infrastruktur layihələrinin əhəmiyyətini vurğulayıb. Bu baxımdan diplomat ABŞ şirkətləri ilə əməkdaşlığın önəmli olduğunu və cari ilin 15-18 may tarixində Azərbaycandakı Amerika Ticarət Palatası tərəfindən ilk dəfə olaraq Vaşinqtona işgüzar missiyanın səfərinin bu əməkdaşlığa əlavə töhfə verəcəyinə əminliyini ifadə edib.

  

Həmçinin səfir Azərbaycanın regionda lider rolunun ölkəmizin başçısının strateji və uzaqgörən baxışı ilə bağlı olduğunu vurğulayıb, həyata keçirilən irimiqyaslı layihələrdən, o cümlədən Bakı-Tbilisi-Qars, Bakı Beynəlxalq Ticarət Limanı, Bakı Karqo Terminalını xatırlatmış, bu layihələrin regionun  tranzit potensialının artırılmasında xüsusi rolunu qeyd edib. Bununla yanaşı, o, nəqliyyat və tranzitlə bərabər Azərbaycanın həm də peyk ölkəsinə çevrildiyini bildirib.

 

Forum təşkilatçılarına, o cümlədən ABŞ Ticarət Palatası və Xəzər Araşdırma Mərkəzi təşəkkürünü ifadə edən səfir tanınmış amerikan diplomatı Riçard Hoqlandın aparıcı rolunu vurğulayıb. Azərbaycan diplomatı Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq bu münaqişənin regionun tam inteqrasiyası və əməkdaşlığına maneə olduğunu və ABŞ-ın sabiq həmsədri R.Hoqland kimi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin sülhə nail olunmasına sadiq qalaraq səylərini artıracağına ümid bəslədiyini qeyd edib.

 

Daha sonra E.Süleymanov vaxtilə diger aparıcı ölkələrin təcrübəsini öyrənən Azərbaycanın "Asan xidmət" kimi öz milli brendini yaratdığını və bu təcrübənin regionun digər ölkələrində tətbiq edildiyini deyib: "Bu təcrübənin bölüşülməsi və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi baxımdan “Asan xidmət”in nümayəndəsinin bu günki tədbirdə iştirakı xüsusi əhəmiyyət daşıyır".

Daha sonra Əfqanıstan, Türkiyə, Gürcüstan və Türkmənistanın ABŞ-dakı diplomatik nümayəndəlik rəhbərləri Trans-Xəzər dəhlizinin üstünlükləri və görülən işlər barədə danışıb, həmçinin bu Forumun ABŞ-ın paytaxtında keçirilməsinin əhəmiyyətini, cəlb olunmuş dövlətlər arasında əməkdaşlığın daha da artırılmasında və bunun ölkələrin iqtisadi inkişafında vacibliyini qeyd ediblər.

  

Forum çərçivəsində Trans-Xəzər dəhlizi ölkələrində biznes və sərmayə şəraiti, dəniz, dəmir yolu və hava nəqliyyatının imkanları, regionun enerji təchizatı və təhlükəsizliyi baxımından qlobal mərkəzə çevrilməsi, eləcə də texnologiya və innovasiyalar üzrə təşkil edilən dörd paneldə dövlət və şirkət nümayəndələri çıxışlar edib, müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

Tədbirin sərmayə və ticarət mövzusuna həsr olunmuş və səfir R.Hoqlandın moderatorluğu ilə keçən ilk paneldə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə Azərbaycanda ticarət, nəqliyyat və tranzit sahəsində dövlət siyasətindən danışıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə son dövrlər aparılan islahatlar və əldə edilən nəticələr barədə ətraflı məlumat verib. O, Azərbaycanın biznes mühiti sahəsində aparıcı beynəlxalq reytinqlərdə mövqeyini yaxşılaşdırdığını və Amerika şirkətləri üçün qeyri-neft sektoru, o cümlədən nəqliyyat və logistika, yüksək texnologiyalar, infrastruktur, sənaye və digər sahələrdə əməkdaşlıq üçün yeni imkanların yarandığını vurğulayıb. Bu paneldə həmçinin, ABŞ Prezidentinin köməkçisinin müavini və “Ağ Ev” Milli Təhlükəsizlik Şurasının Mərkəzi Asiya üzrə Baş direktoru Liza Kurtis, Əfqanıstan Prezidentinin infrastruktur və texnologiya üzrə köməkçisi Mohammad Qayoumi, Türkiyənin İqtisadiyyat nazirinin müavini Fatih Metin, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Qenadi Arveladze çıxış etmiş, regionun geostrateji əhəmiyyətindən bəhs edib, burada həyata keçirilən infrastruktur layihələrinin  və Trans-Xəzər dəhlizinin üstünlüklərindən danışıblar.

 

Liza Kurtis, çıxışında həmçinin ABŞ-ın Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini, eləcə də Xəzər regionunun həmişə ABŞ-ın xarici siyasətinin ən vacib prioritetlərindən olduğunu və bu siyasi kursun indiki Administrasiya tərəfindən də daha da gücləndiriləcəyini qeyd edib.

 

Nüfuzlu beyin mərkəzi olan “Heritage” Fondunun nümayəndəsi Lük Kofenin moderatorluğu ilə keçən nəqliyyat infrastrukturunun inkişafına həsr olunmuş növbəti paneldə çıxış edən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı baş direktorunun müşaviri Tural Əliyev Azərbaycanın nəqliyyat infrastrukturu və dəhlizlər barədə məlumat verib, eləcə də limanın tikintisi üzrə görülən işlərdən, azad ticarət zonasının yaradılmasından və onun regionda nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətində oynayacağı roldan bəhs edib. Bu paneldə çıxış edən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəsmisi Tariyel Mirzəyev təmsil etdiyi şirkətin Trans-Xəzər dəhlizindəki rolu, bu dəhliz üzrə daşımaların artırılması imkanları, marşrut boyu “bir pəncərə” sisteminin tətbiqi, regional tərəfdaşlığın gücləndirilməsi, regionda həyata keçirilən infrastruktur layihələri barədə məlumat verib.

  

Enerji sahəsinə həsr olunmuş və ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekutanın moderatorluğu ilə keçən paneldə çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov ölkəmizin enerji siyasəti, enerji dəhlizləri, bu şirkətin regionda gördüyü işlər, mövcud və tikilməkdə olan neft və qaz layihələri barədə söz açıb. O, gələn ay Avropanın enerji diversifikasiyası və təhlükəsizliyində xüsusi rol oynayacaq Cənub Qaz Dəhlizinin Trans-Anadolu qaz boru kəməri hissəsinin açılış mərasiminin keçirilməsinin nəzərdə tutulduğunu bildirib. Bu paneldə həmçinin BP şirkətinin region üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli və Equinor (əvvəlki Statoil) şirkətinin vitse-prezidenti, Vaşinqton ofisinin rəhbəri Qeir Vestqard çıxış edib və Azərbaycanla həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs ediblər.    

Nəqliyyat infrastrukturunun inkişafına həsr olunmuş paneldə çıxış edən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı baş direktorunun müşaviri Tural Əliyev və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin idarə rəisi Tariyel Mirzəyev Azərbaycanın nəqliyyat infrastrukturu və dəhlizlər barədə məlumat verib, eləcə də liman sahəsində görülən işlərdən, onun regionda nəqliyyat-logistika qovşağına çevrilməsi istiqamətində oynayacağı rol və Trans-Xəzər dəhliz üzrə daşımaların artırılması imkanlarından bəhs ediblər.

 

İnnovasiya və texnologiyalar sahəsinə həsr olunmuş sonuncu paneldə AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aparat rəhbəri Azad Cəfərli və “Azərkosmos” ASC-nin sədrinin müşaviri Abbas Məmmədov çıxış edib. A.Cəfərli “ASAN Xidmət” təcrübəsi və onun Trans-Xəzər regionunda indiyədək həyata keçirilmiş tətbiqi və gələcək perspektivlərindən danışıb. A.Məmmədov isə “Azərkosmos”un fəaliyyəti, xidmətləri və regionda qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi sahəsində atılacaq növbəti addımlar, habelə peyk sənayesində ABŞ şirkətləri ilə uğurlu əməkdaşlıqdan bəhs edib.

 

Ümumilikdə, forumun ilk günü Trans-Xəzər dəhlizinin üstünlükləri iştirakçıların diqqətinə çatdırılıb. Digərləri ilə müqayisədə bu dəhlizin daha qısa olması və gələcəkdə Çindən Avropaya daşımaların 15-20 günə çatdırıla bilmə potensialı, dəhliz boyu sabitlik və təhlükəsizliyin hökm sürməsi, dəhliz dövlətləri arasında sıx əməkdaşlıq, artan ticarət, müasir standartlara cavab verən infrastruktur və azad ticari zonaların mövcudluğu, “bir pəncərə” sisteminin tətbiqi və daha da müasirləşməkdə olan sərhəd-keçid və gömrük rəsmiləşdirməsi prosedurları və s. vurğulanıb.

 

Qeyd edək ki, Forum Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Türkiyə, Özbəkistan və Türkmənistanın ABŞ-dakı səfirliklərinin dəstəyi ilə keçirilir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, “Boeing”, “Chevron”, “Schneider Group”, “Caspian Foundation”, ABŞ-Azərbaycan Ticarət Palatası, Amerika Xarici Siyasət Şurası nəzdində Mərkəzi Asiya və Qafqaz İnstitutu, ABŞ-Gürcüstan Biznes Şurası, Amerikanın Azərbaycanda Ticarət Palatası, Amerikanın Gürcüstanda Ticarət Palatası, Amerikanın Qazaxıstanda Ticarət Palatası, ABŞ-Qazaxıstan Biznes Assosiasiyası, ABŞ-Türkiyə Şurası Forumun tərəfdaşlarıdır. “Boeing”, “Chevron”, “Schneider Group” və “Caspian Foundation” şirkətləri builki forumun sponsorlarıdır.

 

Forumda Azərbaycanı Nəqliyyat, Rabitə, və Yüksək Texnologiyalar Nazirliyi, Dövlət Neft Şirkəti, AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”, “Azərkosmos”, “Azərbaycan Hava Yolları”, “Silk Way” və “Azərsun Holding” nümayəndələri təmsil edir. Eyni zamanda, foruma Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) tərəfindən Vaşinqtona səfəri həyata keçirilmiş missiyanın üzvləri də qatılıb. 

 

Trans-Xəzər Forumu çərçivəsində həmçinin ABŞ Konqresində brifinq və nüfuzlu “Heritage” Fondunda analitik müzakirələr nəzərdə tutulub. Bundan başqa, Azərbaycan nümayəndə heyətinin Vaşinqtona səfəri zamanı “Ağ Ev”, Dövlət Departamenti, Ticarət Nazirliyi, ABŞ Ticarət Palatası və Konqresdə ikitərəfli görüşləri keçirilib.

 

Qeyd edək ki, Azərbaycanın təşəbbüsü ilə ərsəyə gəlmiş Trans-Xəzər Forumu 2016-cı ildən etibarən hər il Vaşinqtonda keçirilir.




Ana səhifəyə qayıt        Baxış: 791          Tarix: 19-05-2018, 10:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma