Özbəkistan prezidenti Şövkat Mirziyayevə yaxınlaşmaq istəyən altı özbək qadın həbs olunub. Həmin qadınlar ölkə başçısına özlərinin və ailələrinin polislə, prokurorla yaşadıqları problemlərdən şikayətlənmək istəyiblərmiş.
Daşkənddən hüquq müdafiəçisi Tatyana Dovlatova “Azadlıq” radiosuna deyib ki, iyulun 23-də prezident aparatının qarşısına yığışmış 30 qadın saxlanıb.
Onlardan altısına sonradan kiçik xuliqanlıq ittihamıyla 15 sutkalıq həbs cəzası kəsilib. Digərləri altı saat polisdə saxlandıqdan sonra buraxılıblar.
Dovlatovanın radioya deməsinə görə, qadınlar prezidentlə görüşüb ailə üzvlərinin polisdə, təcridxanalarda başlarına gələnlərdən, digər məsələlərdən danışmaq istəyiblər.
2016-cı ildə Islam Kərimovun ölümündən sonra hakimiyyətə gələn Mirziyayev məmurlarla sıravi vətəndaşları arasında açıqlığa, daha sıx münasibətlərin qurulmasına çağırıb.
Mirziyayev adamların problemlərini səsləndirməsi üçün onlayn “virtual qəbul” da yaradıb. Dovlatova həmin qadınların onlayn sistemdə qeydiyyatdan keçə bilmədiyi üçün prezidentlə birbaşa görüşmək qərarına gəldiyini deyib.
Mirziyayevin mətbuat xidməti də məsələni şərh etməyib, radioya həbs olunmuş qadınlar barədə məlumatı olmadığını deyib.
Paylaş: