Xəbər lenti
Bu gün, 19:25

 

Azərbaycan aqrar məhsulların ixracını getdikcə artırır. Məhsullar həm təzə, həm də emal olunmuş formada ixrac edilir. Rəsmi statistikaya nəzər yetirsək, təkcə meyvə-tərəvəz ixracında illik 15-20 faizə yaxın artım olduğunu görərik. Ümumilikdə qeyri-neft sektorunda ixrac 2017-2018-ci illərdə 36,5 faiz, 2019-cu ilin 5 ayı ərzində isə 17,8 faiz artıb. Bu ilin ötən dövründə kənd təsərrüfatı və emalı məhsullarının ixracı 37,6 faiz artıb.

Kənd təsərrüfatı ixracının artması, əlbəttə, müsbət tendensiyadır. Lakin bu ixracın 90 faizdən çoxunun bir istiqamətə yönlənməsi heç də müsbət proses hesab oluna bilməz. Söhbətin Rusiya kimi etibarsız tərəfdaş imicinə malik dövlətdən getdiyini nəzərə alsaq, bu prosesin Azərbaycanın aqrar sektoru üçün daim risklər formalaşdırdığını söyləyə bilərik. 2015-ci ildə Rusiya ilə Türkiyə arasındakı siyasi böhran zamanı Moskvanın Türkiyədən idxala tətbiq etdiyi qadağaların hansı fəsadlara səbəb olduğunu yəqin ki, hamı xatırlayır. Lap yaxın tariximizdə - iyun ayında Gürcüstanda anti-Rusiya aksiyalarına görə Moskvanın atdığı məhdudlaşdırıcı iqtisadi addımlar da var. Yəni təcrübə göstərir ki, Rusiya hakimiyyəti siyasi müstəvidə problem yaşadığı ölkələrə qarşı ilk olaraq iqtisadi rıçaqları işə salır. Nəhayət, kənd təsərrüfatı kimi həssas sahədə ixracın az qala tamamən Dağlıq Qarabağ münaqişəsində birmənalı olaraq erməni işğalçılarının tərəfində dayanan bir dövlətə istiqamətlənməsi torpaqlarını nə yolla olursa-olsun azad etmək niyyətində olan ölkə üçün yaxşı perspektiv vəd etmir.

Aqrar məhsullarımızın əksəriyyəti Şimala aparılır

Rəsmi məlumatlara görə, 2018-ci ildə Rusiya ilə Azərbaycan arasında 3405 mal növü üzrə ticarət əməliyyatları aparılıb. Ötən il Azərbaycandan Rusiyaya 619,2 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub ki, bu da Azərbaycanın ümumi qeyri-neft ixracının təxminən 37 faizini təşkil edib. Bunun 87 faizi, yaxud 540 milyon dolları kənd təsərrüfatı və emalı məhsullarının payına düşüb.

Kənd təsərrüfatının Rusiyaya ixracdan asılılığını göstərən bir neçə fakta diqqət yetirək. Pomidor bu gün Azərbaycanın qeyri-neft ixracında liderdir. Ötən il Azərbaycandan ixrac olunan 171 min 921,1 ton pomidorun 170 min 315,58  tonu Rusiyaya satılıb. Eyni vəziyyət xurma, alma ixracında da müşahidə olunur.

Hökumət 2016-2017-ci illərdə Körfəz ölkələri və Avropa istiqamətində ixracın təşkil olunması üçün müəyyən addımlar atdı. Lakin Azərbaycan sahibkarları Mərakeş, Əlcəzair kimi aqrar ixracatçılarla rəqabətə girməyə həvəsli olmadılar. Avropa istiqamətində ixracın genişlənməsi isə yalnız fındıq və nar şirəsi məhsulları üzrə baş tutdu.

Hökumət ixrac coğrafiyasını genişləndirmək üçün nə edir?

İqtisadiyyat Nazirliyinin İxracın və İnvestisiyalarınTəşfiqi Fondundan verilən məlumata görə, qeyri-neft ixracının coğrafiyasını genişləndirmək üçün bir sıra addımlar atılır. Bunlardan biri müxtəlif ölkələrdə Azərbaycan ticarət evlərinin yaradılmasıdır: “Artıq bizim Latviya, Belarus, Ukrayna, Polşa, Rusiya, Çin, Birləşmiş Ərəb Əmirliklərində ticarət evlərimiz fəaliyyət göstərir. Ticarət evləri yaradılmamışdan əvvəl təhlillər aparılır, bazar araşdırılır, harada zərurət varsa, orada da bu mexanizm tətbiq edilir. Hazırda Rusiyanın bir sıra şəhərlərində, eləcə də Birləşmiş Ərəb Əmirliklərində, Çində və Qazaxıstanda ticarət və şərab evlərinin yaradılması işləri aparılır.

Bundan başqa, Rusiyada “Azərbaycan nemətləri” mağazalar şəbəkəsinin yaradılması layihəsi həyata keçirilir. Layihə çərçivəsində ilk mağaza bu ilin martında Moskvada açılıb. Rusiyanın digər şəhərlərində də bu cür mağazaların açılması planlaşdırılır".

Fonddan bildirildiyinə görə, Azərbaycanın xarici ölkələrdə maraqla qarşılanan məhsullarından biri də şərabdır. Hazırda şərablarımız Rusiyada uğurla satılır: “Biz istəyirik ki, yeni bazarlara da çıxaq. Bu baxımdan Çin bazarı bizim üçün cəlbedicidir və Çində artıq Azərbaycanın bir neçə şərab evi açılıb. Çində Azərbaycan şərablarına böyük maraq göstərilir və inanıram ki, Çin bazarında şərablarımiz daha çox satılacaq”.

RüfÉt MÉmmÉdov ile ilgili görsel sonucu

İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyir ki, Azərbaycan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi məqsədilə intensiv tədbirlər həyata keçirilir, xarici ölkələrə ardıcıl olaraq ixrac missiyaları təşkil edilir, nüfuzlu beynəlxalq sərgilərdə Azərbaycan şirkətlərinin iştirakı təmin olunur: “Qeyri-neft ixracının stimullaşdırılması, ”Made in Azerbaijan" brendinin təşviqi məqsədilə indiyədək xarici ölkələrə 29 ixrac missiyası təşkil edilib. Azərbaycan məhsulları indiyədək 24 beynəlxalq sərgidə nümayiş olunub. Bu tədbirlər çərçivəsində Azərbaycan məhsullarının ixracına dair razılaşmalar əldə edilib, müqavilələr imzalanıb. Bundan başqa, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə xarici ölkələrdə Azərbaycan ticarət və şərab evləri yaradılır. Belə ki, 2017-ci ildə Belarusda, 2018-ci ildə Ukrayna, Latviya, Polşa və Çində, bu ilin yanvar ayında isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan ticarət evləri açılıb. Bu ticarət evlərinin hər birində müxtəlif növ Azərbaycan məhsullarının daimi sərgisi, Çinin Urumçi və Şanxay şəhərlərində Azərbaycan şərab evləri fəaliyyət göstərir. Bu şəbəkənin genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu ilin sonunadək Qazaxıstanın Nur-Sultan şəhərində ticarət evinin, Rusiyada və Çində şərab evlərinin açılması nəzərdə tutulur.

Eyni zamanda, Rusiya, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Mərkəzi Avropa ölkələri üzrə Azərbaycanın ticarət nümayəndələri fəaliyyət göstərir ki, onlar ölkəmizin iqtisadi maraqlarının təmin olunmasında, xarici investorların cəlb edilməsində, potensial alıcılarla əlaqələrin qurulmasında mühüm rol oynayır".

Rusiya - ənənəvi bazardır, lakin...

Firdovsi FikrÉtzadÉ ile ilgili görsel sonucu

Qeyd olunanlar göstərir ki, hökumət ixracın genişləndirilməsi istiqamətində tədbirlər həyata keçrir. Lakin proses kifayət qədər ləng gedir.

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzi direktorunun müşaviri Firdovsi Fikrətzadə hesab edir ki, kənd təsərrüfatı ixracının şaxələndirilməsi zaman tələb edən prosesdir, amma mümkündür: “Soğan nümunəsi göstərdi ki, məhsullarımızın Avropaya çıxması üçün imkanlar var. Bu gün Azərbaycan soğanı Polşa, Rumıniya, Bolqarıstana ixrac edilir. Bundan əlavə, İranla, Türkiyə ilə qarşılıqlı ticarət əməkdaşlığını genişləndirə bilərik. Xüsusilə Türkiyə vasitəsilə Yaxın Şərqə, Avropaya daha rahat çıxa bilərik”.

KTN rəsmisinin sözlərinə görə, fındıq, nar şirəsi, soğan, xurma və digər məhsulların təcrübəsi göstərir ki, aqrar məhsullarımızın Rusiyadan kənar ölkələrə çıxışı prosesi gedir: “Düzdür, bu, bir qədər yavaş gedir ki, bu da təbiidir - məhsulun tanıtımı, bazara uyğun təqidmatı vaxt aparan prosesdir. Lakin bu sahədə imkanlarımız getdikcə genişlənir. Rusiya bazarının ixracımızda üstünlük təşkil etməsi, bir növ, təbii prosesdir. Rusiya bizim kənd təsərrüfatı məhsullarımız üçün ənənəvi bazardır. Uzun illərin təcrübəsi aqrar ixracatçılar üçün bu bazarda daha rahat iştirak imkanı yaradır. Yəni ixracatçılarımız Rusiya bazarına tam bələddirlər. Yeni bazarlara çıxış yeni təcrübə, yeni qaydalara uyğunlaşma deməkdir və bu da zamanla baş verəcək bir prosesdir. Biz artıq bu prosesi başlamışıq, yəqin ki, getdikcə ixrac coğrafiyamızın daha da genişlənəcəyinin şahidi olacağıq”.

İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, Rusiya artıq öz ərazisinə idxal olunan kənd təsərrüfatı məhsullarına tələbləri sərtləşdirir: “Bu sərtləşmə yalnız Azərbaycanla deyil, bütün ölkələrlə bağlıdır. Rusiya idxal məhsullarına qarşı Avropa standartlarını tətbiq etmək niyyətindədir, getdikcə öz standartlarını buna yaxınlaşdırırlar. Yəni bu gün Avropa standartlarına uyğun mal təklif edə bilməyib, məhsullarını Rusiyaya istiqamətləndirən bütün ölkələr tezliklə orada da eyni standartlarla üzləşəcəklər. Bu isə Azərbaycan ixracatçıları üçün ciddi problemlər yarada bilər. Faktiki olaraq, Azərbaycanda aqrar məhsulların Avropa standartlarına uyğun sertifikatlaşması sahəsində ciddi çatışmazlıqlar var. Fermer öz məhsulunu müvafiq standartlara uyğun istehsal etsə belə, bunu təsdiqləyən sənədləri əldə etməkdə çətinlik çəkir”.

RÉÅad HÉsÉnov ile ilgili görsel sonucu

İqtisadçı bildirir ki, Rusiyanın tələbləri sərtləşdirməsi indiki halda Azərbaycanın kənd təsərrüfatı istehsalçıları üçün ciddi çətinliklər yarada bilər: “Bizim daxili bazarımızın ixrac üçün nəzərdə tutulan həcmləri qəbul etmək imkanı yoxdur. Eyni zamanda qısa müddət ərzində digər ölkələrə ixracın kəskin genişləndirilməsi də mümkün deyil. Bu isə istehsalçıların ciddi maddi zərərə düşməsinə gətirib çıxara bilər. Bu gün Azərbaycanın aqrar istehsalçılarının belə hallara qarşı immuniteti yoxdur. Yəni bir dəfə məhsulunu itirən, yaxud dəyərindən aşağı qiymətə satan fermer növbəti il həmin məhsulu, ümumiyyətlə, becərməyə bilər. Çünki onun zərərini qarşılayacaq sistem, aqrar sığorta mexanizmi mövcud deyil”.

R.Həsənovun fikrincə, avtoritar idarəetməyə malik Rusiya kimi ölkələri heç vaxt etibarlı tərəfdaş hesab etmək mümkün deyil: “Bu ölkədə qərarlar prosedur və mexanizmlər əsasında deyil, bir nəfərin siyasi iradəsi əsasında qəbul edilir. Belə ölkələr həmişə etibarsız tərəfdaş kimi tanınırlar. Onlarla iqtisadi əməkdaşlıq zamanı orta və uzunmüddətli dövr üçün planlaşma aparmaq qeyri-mümkün olur. Yəni bu gün Azərbaycan fermeri Rusiya bazarına arxayın olub orta və uzunmüddətli istehsal planlaşması apara bilməz. Çünki hətta ən yaxın aylarda belə bu ölkənin siyasi hakimiyyəti tərəfindən ixraca maneələr qoyula bilər. Belə vəziyyət isə əlbəttə ki, aqrar istehsalçılar üçün əlverişli deyil. Hesab edirəm ki, aqrar məhsulların ixrac coğrafiyasını genişləndirmək üçün tədbirlər sürətləndirilməlidir. İlk növbədə ölkədə müasir beynəlxalq standartlara uyğun məhsul istehsalı təmin olunmalı, həmin məhsulların beynəlxalq tələblərə uyğun sertifikatlaşdırılması mexanizmi qurulmalıdır. Bundan əlavə, aqrar sığorta mexanizmi tətbiq olunmalıdır. Eyni zamanda Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesi nəhayət ki, yekunlaşdırılmalıdır. Çünki hazırda beynəlxalq ticarətin 90 faizdən çoxu bu təşkilatın qaydaları əsasında həyata keçirilir. Dünyada ÜTT-dən kənarda qalan 5-6 dövlət var ki, onlardan biri də Azərbaycandır. Düzdür, rəsmi məlumatlarda bu təşkilata üzvlükdə əsas problemin aqrar sektorun subsidiyalaşdırılması ilə bağlı olduğu deyilir. Lakin hesab edirəm ki, bu məsələdə razılığın əldə olunması mümkündür”.

Dünya SAKİT,
“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 461          Tarix: 26-07-2019, 09:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma