Xəbər lenti

 

Avqustun 11-12-də Türkmənistanın Türkmənbaşı şəhərində Birinci Xəzər İqtisadi Forumu keçirildi. Forum nə ilə yadda qaldı?

Teleqraf.com xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin növbəti analitik yazısında bu suala cavab axtarılır.

Qeyd olunur ki, birincisi, iqtisadi forum Xəzərin hüquqi statusunu müəyyən edən konvensiyanın imzalanmasının bir illiyinə təsadüf etdi:

“2018-ci ilin avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran prezidentlərinin görüşündə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı. Bununla 22 illik danışıqlar sona çatdı. Ancaq hüquqi statusun müəyyənləşməsi ilə bərabər Xəzər sahili ölkələr arasında əməkdaşlığın inkişafı yolları aranmalı idi. Buna görə də hər il sahil ölkələrinin iqtisadi forumlarının keçirilməsinə qərar verildi. Gələnilki forum Rusiyanın Həştərxan şəhərində keçiriləcək, bu hesabla növbə Bakıya da çatacaq.
İkincisi, forumda sahilyanı ölkələr Xəzər çərçivəsində əməkdaşlıq imkanlarından danışdılar, bəzi təkliflər səsləndi. Doğrudur, forumda xüsusi sazişlər imzalanmadı və səslənən təkliflər də hələ niyyət xarakteri daşıyır. Məsələn, Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov Xəzər regional logistika mərkəzinin yaradılması təklifi ilə çıxış etdi. Türkmənistan Prezidenti Xəzəryanı dövlətlərin öz aralarında yaxşı nəqliyyat əlaqəsi sistemi yaratmalı olduğunu vurğuladı. Onun sözlərinə görə, region ölkələri müasir liman infrastrukturu qurmalı, effektiv logistikanı təmin etməli və nəqliyyat sahəsində əməkdaşlıq planı üzərində daha aktiv çalışmalıdırlar”.

“Atlas” qeyd edir ki, bu iş onsuz da gedir:

“Məsələn, Azərbaycan və Qazaxıstan Xəzər sahilində yeni limanları məhz ona görə tikiblər ki, Xəzər üzərindən nəqliyyat daşımaları artsın. Əslində regional layihələrə Türkmənistanın özünün qoşulmasına ehtiyac var. Türkmənistan prezidentinin logistik mərkəz təklifinin reallaşması isə problematikdir. Çünki Xəzər sahili ölkələr status məsələsində razılığa gəlsələr də, regional layihələrdə ortaq baxışa malik deyillər. Ortada fərqli regional layihələr var. Məsələn, Moskva Çin mallarının Rusiya üzərindən Avropaya daşınmasını istəyərkən, Bakı Çin və Mərkəzi Asiya mallarının Ələt limanı və Bakı-Tbilisi-Qars üzərindən Avropa bazarlarına daşınmasını istəyir. İndi bu məsələdə Azərbaycanla Rusiyanın və İranın maraqları Xəzərdə necə üst-üstə düşə bilər? Azərbaycan Rusiya və İranla Şimal-Cənub nəqliyyat dəhlizinin istifadəsində maraqlıdır. Bu isə başqa regional layihədir. Başqa sözlə Azərbaycan hamı ilə bir yerdə əməkdaşlıq etməkdənsə, ikitərəfli və ya mümkün olduğu halda qruplar halında əməkdaşlığa üstünlük verir. Elə Türkmənistandakı forumda çıxış edən baş nazir Novruz Məmmədov Azərbaycan və Türkmənistan arasında əlaqələrin möhkəmlənməsinin vacib olduğunu bildirdi. İki ölkə arasında isə həllini gözləyən ən azı iki məsələ – Xəzərin dibinin bölüşdürülməsi və “Kəpəz” yatağının istifadəsinin həlli qalır.
Üçüncüsü, forumda çıxış edən Rusiyanın Baş naziri Dmitri Medvedyev dedi ki, Rusiya Xəzərə axan Volqa çayının imkanlarının artırılmasına 200 milyard rubl xərcləyəcək. Maraqlı təşəbüsdür, ancaq bunun reallaşdırılması mexanizmləri müəyyənləşməlidir. Rusiyadakı iqtisadi vəziyyət və artan iflyasiya əldə olan maliyyənin ehtiyatla xərclənməsini diqtə edir. Məsələn, Medvedyedin gizli tənqidçilərindən sayılan Rusiya Hesablama Palatasının sədri Aleksey Kudrin hər rublun ehtiyatla xərclənməsinin tərəfdarıdır. Ona görə də Volqa çayına ayrılmalı olan 200 milyard rublun büdcədə yerini hələ tapmaq lazımdır”.

Analizdə qeyd olunur ki, Türkmənistandakı forumda əsas suallardan biri də “Rusiya və İranın parlamentləri Xəzərin statusunu müəyyənləşdirən və ötən il imzalanan Konvensiyanı nə zaman ratifikasiya edəcəklər?” sualı idi. Bildirilir ki, Rusiyanın baş naziri yaxınlarda konvensiyanı ratifikasiya edəcəklərini vəd edib:

“Eyni vədin Türkmənistanda İran tərəfdən səsləndirilməsinə dair məlumat yoxdur. Azərbaycan parlamenti “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı fevral ayında təsdiq edib. Rusiya da sənədi təsdiq edərsə yerdə qalacaq İran. Bu ölkənin xarici işlər naziri Məhəmməd Cavad Zərif iyul ayının sonuna verdiyi açıqlamada demişdi ki, “lazımi prosedurdan sonra konvensiya təsdiq üçün parlamentə göndəriləcək”.

Görünür, İran ali dini lideri ilə Milli Təhlükəsizlik Şurasının ratifikasiya üçün razılıqları lazımdır. Ancaq İran Prezidenti ötən il konvensiyanı imzalayanda ali dini liderin xeyir-duasını almışdı. Belədirsə, parlamentin ratifikasiyası niyə gecikir? Bu gecikmədən İran rejiminə müxalif olan qüvvələr də istifadə etməyə çalışır. 1979-cu il inqilabından sonra atası ilə ölkədən qaçan Məhəmməd Rza Pəhləvinin oğlu mühacirətdə yaşadığı ABŞ-dan Tehranın Xəzərin hazırki şəkildə bölüşdürüləsinə etiraz edib. Guya atasının vaxtında İranın Xəzərdəki payı daha çox idi, indi azaldı. Pəhləvi bunu deyərkən SSRİ adlı dövlətin var olmadığını və Xəzər sahilində yeni ölkələrin mövcudluğunu unudub. Pəhləvi sadəcə “İranın payı Xəzərdə azaldı” deyərkən ümid edir ki, onun bir qrup tərəfdarı Tehranda fəallaşa bilər”.

Təhlildə konvensiyanın imzalanması və ratifikasiyasının indiki şəraitdə ilk növbədə İranın maraqlarına xidmət etdiyi vurğulanır:

“İranı Amerika sanksiyalarından qurtara biləcək qonşu ölkələrlə ikitərəfli və regional əməkdaşlığı genişləndirməsidir. Elə İrandakı hakimiyyət 22 il danışıqları uzatdıqdan sonra Xəzərin status ilə bağlı konvensiyanı məhz ötən il ona görə imzaladı ki, Ağ Ev administrasiyasının yeni sanksiyaları fonunda qonşu ölkələrlə əməkdaşlığa ehtiyacı var idi. O ki qaldı, İranın sonuncu şahının Amerikadakı oğluna, onun bütün açıqlamaları ailə hakimiyyətinin İrana geri dönüşü ümidlərinə hesablanıb. O, bu ümidlərlə 40 ildir yaşayır...”




Ana səhifəyə qayıt        Baxış: 565          Tarix: 12-08-2019, 22:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma