Bakının Binəqədi rayonunda, 3-cü mədən ərazisində dünəndən bəri itkin düşmüş 2 azyaşlı bacı-qardaşın axtarışları ilə bağlı rəsmi strukturlardan hər hansı məlumat almaq mümkün olmayıb. Binəqədi qəsəbəsi üzrə icra nümayəndəliyindən, yerli polis bölməsindən axtarışların necə getdiyi barədə suallara cavab verən olmayıb, uşaqlar haqda sualı eşidənlər ya «bilmirik» deyiblər, ya dəstəyi asıblar.
Həmin ərazi çoxsaylı sahibsiz itlərin, narkomanların dolaşdığı yerdir, ətrafını zibilliklər basıb və son illərdə xaotik məskunlaşma nəticəsində formalaşmış məhəllələrdən biridir. Belə ərazidə azyaşlıların itkin düşməsi onların sonrakı taleyi ilə bağlı ciddi narahatlıqlara səbəb olmaya bilməz. Hansı ki, başqa ölkələrdə bu cür hallarda axtarışlara çoxsaylı polis qüvvələri, xilasedicilər, o cümlədən könüllülər cəlb olunur.
Bakıda azyaşlı bacı və qardaş itkin düşüb.
Virtualaz.org xəbər verir ki, hadisə Binəqədi rayonu 3-cü mədən, korpus 76 ünvanında ötən gün axşam saatlarında baş verib. 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu və 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı həyətdə oynadıqları zaman itkin düşüblər. Yaxınlarının bildirdiyinə görə, uşaqların hər iki valideyni işləyir. Hadisə baş verən vaxtı da valideynlər işdə olublar.
Uşaqların itkin düşməsi ilə bağlı Binəqədi rayon Polis İdarəsinin 43-cü polis bölməsinə müraciət olunub.
Azyaşlılarla bağlı hansısa məlumatı olanlardan 055-904-99-99 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.
Paylaş: