Xəbər lenti

 

“Balkanlarda alban-Kosova siyasətçilərinin “Böyük Albaniya”nı yaratmaq barədə planlarına mane olmaq üçün bütün səyləri ortaya qoyacam”.

“RİA-Novosti” agentliyi xəbər verir ki, bunu Serbiyanın yeni seçilmiş prezidenti Aleksandr Vuçiç baş nazir vəzifəsində son mətbuat konfransında bildirib.

“Böyük Albaniya”ya gəlincə, düşünürəm ki, əlçatmazdır. Hər şeyi edəcəyəm ki, onlar heç vaxt bu hədəfə nail olmasınlar”, - o vurğulayıb.

Qeyd edək ki, Kosovo və alban siyasətçiləri “Böyük Albaniya”nın yaradılması barədə istəklərini son vaxtlar tez-tez dilə gətirirlər. Son olaraq Serbiyadakı Preşevo bələdiyyəsinin sədri Yonuza Musliunun Serbiyanın cənub hissələrinin (Preşevo, Buyanoviç, Medvedja) Albaniya və Kosovoya (albanlar Preşevo və Buyanoviç bələdiyyələrinin əsas əhalisidir – red.) birləşdirilməsinin vacibliyi haqqında bəyanatı Belqrad tərəfindən sərt etirazla qarşılandı.

Regionda formalaşan vəziyyəti şərh edən Serbiya Xarici İşlər Nazirliyinin başçısı İvisa Daçiç vurğulayıb ki, alban siyasətçiləri bəyanatlarında diqqətli olmalıdır. Onun sözlərinə görə, “Böyük Albaniya” fantaziyası əsl dəhşətə gətirib çıxara bilər.

Eyni zamanda Serbiyanın əmək naziri Aleksandr Vulin Serbiyanın cənub hissələrinin Albaniya və Kosovoya birləşdirilməsinin vacibliyi haqqında bəyanatı Üçüncü Balkan Müharibəsinin başlanğıcına açıq çağırış kimi qiymətləndirdi.

“Bu, şəxsi mövqeyin ifadəsi deyil. Bu, Konstitusiya quruluşunun dağıdılmasına açıq çağırış və Serbiyanın ərazi bütövlüyünə təhdiddir. Onun bu bəyanatını Albaniyanın baş naziri Edi Rama və Kosova prezidenti Haşim Taçı dəstəklədi. Bu, Üçüncü Balkan Müharibəsinin başlanması üçün açıq çağırışdır”, - Vulin qeyd edib.

Rusiyanın “Sputnik” agentliyinə danışan ekspertlər bildiriblər ki, Albaniya və Kosovonun potensial birləşməsi regionda “domino effekti” yarada bilər. Onlar eyni zamanda qeyd edirlər ki, albanlar Qərblə razılaşdırılmadan heç nə etmirlər. Ekspertlər bütün bu addımların Vaşinqtonun göstərişi üzrə atıldığını istisna etmirlər.

“Təcrübə göstərdi ki, alban amili heç vaxt sərbəst rol oynamır. Fikrimcə, bu oyun ya Brüssel, ya da Vaşinqton tərəfindən uyğunlaşdırılıb. Qərbin “yaşıl işıq” yandıması albanların fitnəkar addımlarına cəsarət verib”, - Priştina Universitetinin professoru Deyan Miroviç hesab edir.

Rusiya Xarici İşlər Nazirliyindən isə bildirilib ki, NATO-nun çətiri altında regionda sabitləşmə haqqında ikiüzlü danışıqlar adı ilə Balkan sərhədlərinin yenidən çəkilməsi xətti götürülüb. “Tirana və Priştinanın əsas himayəçiləri ABŞ və Avropa İttifaqıdır”, - Rusiya xarici siyasət idarəsinin bəyanatında deyilir.

Xatırladaq ki, “Böyük Albaniya”nın yaradılması ideyası XIX əsrdə Avropanın mason lojalarından ibarət olan alban intellektualları tərəfindən ortaya atılıb. İdeya alban etnosu yaşayan bütün ərazilərin birləşdirilməsini nəzərdə tutur. Söhbət Makedoniyanın şimali-qərbində yerləşən rayonlar, Çernaqoriya və Serbiyanın cənubu, həmçinin Kosovo və Yunanıstanın şimalından gedir.

“Böyük Albaniya” müasir ideoloqları hazırda əsas tələb kimi Kosovo və Albaniyanın birləşməsini irəli sürürlər. Son ictimai rəy sorğularına əsasən, bu ideyanı Kosova əhalisinin 80 faizindən çoxu, həmçinin Albaniya əhalisinin 70 faizi, Makedoniya albanlarının isə yarısından çoxu dəstəkləyir.

Ömər Dağlı, /Publika.az/




Ana səhifəyə qayıt        Baxış: 1 031          Tarix: 30-05-2017, 17:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma