Xəbər lenti

 

Bu gün tarixin ən amansız və qəddar şəxsiyyətlərindən olan SSRİ lideri İosif Stalinin (1878-1953) doğum günüdür.

Kult.az Azərbaycanın 4 məşhur şəxsiyyətinin Stalinlə bağlı xatirəsini təqdim edir:

Stalinin axtardığı Nadir Babayev kim idi?

Stalin Bakıda ikən Azərbaycan KP MK-nın birinci katibi Mircəfər Bağırovdan soruşub:

- Mən Suraxanıda işləyəndə neft buruqlarında bir azərbaycanlı çalışırdı, 1907-ci ildə. Çox təmiz, vicdanlı, insanpərvər və etibarlı adam, həm də yaxşı neftçi idi. Adı Nadir Babayevdir. Siz onu tanımırsınız?

- Xeyr, yoldaş Stalin. Amma dərhal həmin şəxsin tapılmasına göstəriş verəcəm.

- Axtarın onu, maraqlanın vəziyyəti necədir, nə işlə məşğul olur? Və mənim şəxsi salamlarımı çatdırın.

Bağırov axtarışlardan sonra Nadir Babayevi tapıb və onu Balaxanıdakı bütün neft yataqlarının direktoru təyin edib.

Səməd Vurğunun Stalini aldatması...

Səməd Vurğun 1935-ci ildə Kremldə Stalinin qəbulunda ikən ona yazdığı “Rəhbərə salam” şeirini oxuyub. Stalin elə orada Vurğundan soruşub:

- Vurğun soyadındır?

- Xeyr, yoldaş Stalin, təxəllüsümüdür.

- “Vurğun” hansı mənanı bildirir?

- Vurulan, məftun olan.

- Kimə, qızlara?

- Xeyr, Vətənə!

Ertəsi gün Stalinə orden və medallar almaq üçün təqdim edilmiş azərbaycanlıların siyahısını gətirirlər. Səməd Vurğun o siyahıda “Qırmızı Əmək Bayrağı” ordeninə layiq bilinibmiş. Amma Stalin öz əli ilə “Lenin” ordeni yazıb, o birini pozub.

Stalindən Rəsulzadəyə həyati təklif

Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra AXC-nin banisi Məhəmməd Əmin Rəsulzadənin güllələnməsi məsələsi gündəmə gəlir. Bundan xəbər tutan Nəriman Nərimanov Stalinə xəbər verir. Stalin dərhal Bakıya zəng vurub deyir ki, Rəsulzadəyə heç kim toxunmasın, gəlirəm.

Stalin Bakıya gəlib Azərbaycan Kommunist Partiyasının birinci katibi Əliheydər Qarayevin Rəsulzadənin güllələnməsi ilə bağlı qərarına veto qoyur və “Sizin öldürmək istədiyiniz adam iki dəfə mənim həyatımı xilas edib” deyir. Beləcə Rəsulzadənin ölüm hökmü ləğv edilir.

Bundan sonra Stalin Rəsulzadəni Moskvaya aparır və ölkədən getməsinə zəmin yaradır.

Stalinin Üzeyir Hacıbəyovdan istədiyi mahnı

1938-ci ildə Moskvada Azərbaycan Mədəniyyət Günləri təşkil edilir. Stalin Üzeyr bəyə “Pəncərədən daş gəlir” mahnısını ifa edəcəkləri təqdirdə konsertə gələcəyini deyir.

“Bolşoy Teatr”da baş tutan konsertdə həmin mahnı oxunur və sonda Stalin ayağa qalxaraq, Hacıbəyov və azərbaycanlı musiqiçiləri alqışlayır.

Sonradan məlum olur ki, Stalin 1908-ci ildə Bakıdakı məşhur Bayıl həbsxanasında ikən çöldəki yoldaşları ilə məktub vasitəsi ilə əlaqə qurmağa çalışırdı. Yoldaşları məktubları daşlara bağlayıb Stalinin qaldığı həbsxana kamerasının pəncərəsindən atırdılar və bir parol səsləndirirdilər. Həmin parol isə Azərbaycanın məşhur xalq mahnısı “Pəncərədən daş gəlir” idi.

Qeyd edək ki, SSRİ lideri İosif Stalin 1953-cü il martın 5-də vəfat edib.




Ana səhifəyə qayıt        Baxış: 507          Tarix: 18-12-2019, 16:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma