1926-cı il fevralın 26-da Bakıda ilk Ümumittifaq türkoloji qurultayı keçirilib. Qurultayda SSRİ-nin türkdilli xalqlarının latın əlifbasına keçidinin bünövrəsi qoyulub. Ancaq bu qurultayı təşkil etməklə bir neçə cəsur azərbaycan türkünün, bir növ, öz ölüm hökmlərini imzaladıqları barədə çox az adam məlumatlıdır.
Həmin vaxtdan - 26 fevraldan xeyli əvvəl SSRİ-nin türkdilli xalqlarının elit təbəqələri türklərin qarşılaşdığı problemlərin müzakirə olunacağı bir qurultayın təşkil edilməsi barədə fikir səsləndiriblər. Hətta yüksək səviyyədə görülən iş sayəsində Stalinin də razılığı alınıb. Bu da o zamanlar üçün həddindən artıq çətin bir missiya hesab olunurdu. Türkoloqlar erməni diasporunun bundan xəbər tutmaması üçün hər bir vəchlə qurultaya gizli şəkildə hazırlaşmağa cəhd ediblər, lakin bu, mümkün olmayıb.
Qurultay haqqında məlumatı ilk olaraq Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Levon Mirzoyan əldə edib. Mirzoyan Respublika Kommunist Partiyasının Mərkəzi Komitəsinin cənub-şərq bürosunun katibi Anastas Mikoyana təcili surətdə aşağıdakı məzmunda teleqram ünvanlayıb:
“Türklər Bakıda toplanıb qurultay keçirmək niyyətindədirlər. Stalin buna icazə verib. Onlara mane olmaq üçün buraya gəl. Detalları müzakirə etmək lazımdır”.
Mikoyanın cavabı: “Orconikidze ilə danış. O, Stalini fikrindən daşındıra bilər”.
Mikoyan Stalinin qərarına qarşı çıxmaqdan qorxduğu üçün bütün məsuliyyəti Qriqori Orconikidzenin üzərinə atıb. Orconikidzenin həyat yoldaşı erməni idi və o, ermənilərin ideyalarını dəstəkləyirdi. Tutduğu yüksək vəzifəyə baxmayaraq, hətta Orconikidze belə türk dünyası üçün mühüm olan bu qurultayın keçirilməsinə mane ola bilməyib. Heç nəyə baxmayaraq, azərbaycanlı türkoloqların gərgin səyi nəticəsində qurultay baş tutub.
Ermənilər isə bütün “səbəbkarları” bir-bir aradan götürməyə müvəffəq olublar. 1930-cu ilin sonlarında bir çox qurultay iştirakçısı pantürkizm, millətçilik, inqilab əleyhinə fəaliyyətdə təqsirləndirilib, repressiyaya məruz qalıb və qətlə yetirilib.
Onların arasında Aleksandr Samoyloviç, Cəlal Qorxmazov, Bəkir Çobanzadə, Osman Ağçokraklı, Əhməd Baytursınov, Salman Mümtaz, Ruhulla Axundov, Hənəfi Zeynallı və digərləri olub.\\Axar
Paylaş: