Xəbər lenti


Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimi dövründə karantin qaydalarını pozduğu üçün polis əməkdaşları tərəfindən minlərlə şəxs cərimələnib. Bəzi şəxslər cərimələri ödəsə də, bir çoxları düşünür ki, hökumət karantin rejimindən sonra humanist addımla cərimələri siləcək. Bu mövzu son bir neçə ay ərzində dəfələrlə müzakirə edilib.


Musavat.com mövzunun aktual olduğunu nəzərə alaraq, DİN Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevlə əlaqə saxlayıb.


Kamran Əliyev bu iddiaların əsassız olduğunu bildirib və deyib ki, tətbiq edilən cərimələr ödənməlidir: “Düşünmürəm ki, cəzadan azad edilmə ilə bağlı hər hansı bir addım atılsın. Çünki cərimə tətbiq edilən şəxslər konkret olaraq bilərəkdən qaydaları pozublar.

Qaydaları pozduqları üçün bu şəxslər cərimə olunublar. Həmin şəxslər onlara verilmiş müddət ərzində cərimələri ödəməlidirlər”.
Cərimə ödənməsə, nə olacaq?

K.Əliyev bildirib ki, bir ay ərzində tətbiq edilmiş cərimə ödənməsə, həmin şəxsin barəsində olan materiallar məcburi icraya yönləndiriləcək: “Məcburi icrada isə onların əmlakına, hər hansı bir mülkünə həbs qoyulacaq. Həmin əmlakdan, mülkdən istifadə edə bilməyəcək, satmaq istəyəndə də problemlə üzləşəcək

. Ona görə də kimsə ölkədə tətbiq edilən xüsusi karantin rejimi dövründə qaydaları pozduğu üçün inzibati məsuliyyətə cəlb olunubsa, onlar cərimələri vaxtında ödəməlidirlər. Arxayın olmasınlar ki, nə vaxtsa, bu cərimələrlə bağlı güzəşt olunacaq, cərimədən azad olunacaqlar”.
Cərimədən narazı qalanlar nə etməlidir?

Kamran Əliyev cərimələrdən narazı qalan şəxslərin məhkəməyə müraciət edə biləcəklərini də qeyd edib: “Kimsə düşünürsə ki, onun barəsində doğru cərimə tətbiq edilməyib, buna görə mövcud qanunvericiliyə uyğun olaraq şikayət etmək hüquqları var.

Amma onu da bilsinlər ki, indi cərimənin doğru yazılıb-yazılmadığını sübut etmək çox asandır. Kimsə deyə bilər ki, SMS-i, icaze.gov.az portalından icazəsi olduğu halda, cərimə olunub. Bunu sübut etmək çox asandır. Çünki portalda konkret olaraq icazənin verilmə və bitmə tarixi göstərilib. Bunu aydınlaşdırmaq çox asandır”.

Cəriməni vaxtında ödəməyəndə faiz hesablanır?

K.Əliyev bildirib ki, karantin qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrə əlavə faiz hesablanmır: 

“Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar olmadığına görə həmin cərimələrə nə güzəşt var, nə də əlavə faiz hesablanır”.





Ana səhifəyə qayıt        Baxış: 2 723          Tarix: 19-05-2020, 13:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma