Xəbər lenti


Sanki dünən idi. Koronavirusa yoluxanların dünya üzrə sayı 10 minə çatanda hamını heyrətləndirmiş, qorxutmuşdu. Bu günə olan məlumata görə isə artıq dünya üzrə bu bəlaya yoluxanların sayı 8 milyon nəfərə çatmaq üzrədir. Bu, Azərbaycan əhalisindən bir qədər az, Bakı əhalisindən 2-3 dəfə çox xəstə sayı deməkdir.

Ölənlərin sayı isə 435 mini ötüb ki, bu, Sumqayıtın əhalisindən bir qədər çox, İslandiya dövlətinin əhalisinin sayından çox insan itkisi deməkdir. Təkcə Braziliyada təxminən Oğuz rayonun əhalisi qədər-43 min adam ölüb. ABŞ-da ölənlərin sayı 130 minə çatıb ki, bu da Ağcabədinin əhalisinə bərabər insan ölümü deməkldir.

Rusiyada koronavirusa yoluxma göstəriciləri artmaqda davam edir. Qonşumuz Rusiyada son sutka ərzində 8 246 nəfər virusa yoluxub, 143 nəfər isə həyatını itirib. Bu günə qədər Rusiyada 537 210 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 7 091 nəfərə çatıb.
Mərəzin ilkin yayıldığı Çində isə xəstəlik geri qayıdır. Pekinin “Sinfandi” ət və kənd təsərrüfatı məhsullarının topdansatış bazarında infeksiya aşkar edildikdən sonra Çinin paytaxtı artıq fövqəladə vəziyyətin tətbiqinə hazırlaşır, şəhərdə xüsusi qərargah yaradılıb. Virusa yoluxma hallarının aşkarlanmasından sonra orta məktəblərin aşağı sinif şagirdləri üçün iyunun 15-də dərslərin başlaması ilə bağlı qərar ləğv edilib.

Ekran Alıntısı.JPG (31 KB)

Azərbaycanda dünənə olan məlumata görə, 387 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 4 nəfər vəfat edib. Bununla da xəstəlikdən vəfat edənlərin sayı 119 nəfərə çatıb. Ölkəmizdə 9957 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib ki, hazırda 4255 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Göründüyü kimi, ölkədə virusla bağlı vəziyyət hər ötən gün pisləşməkdə davam edir. Hətta ölkə prezidenti səviyyəsində edilən xəbərdarlığa baxmayaraq, bəzi adamlar hələ də məsuliyyətsiz davranaraq ətrafa təhlükə saçmaqda davam edirlər.

Ölkədə karantin rejimində ilk yumşaltma qərarında, yəni 27 apreldə Azərbaycanda 1500-dən çox koronavirusa yoluxma faktı aşkarlanmış, virusdan cəmi 21 adam vəfat etmişdi. Bir ay ərzində ölkədə virusa yoluxanların sayının və ölüm hallarının nə qədər artması göz önündədir. Qorxuducu statistikadır...

Nazirlər Kabinetinin son iki həftəsonu tətbiq etdiyi küçəyə çıxmaq yasağına baxmayaraq, virusa yoluxma təhlükəli həddə çatmaqdadır. Hökumət üzərinə düşən vəzifəni-xüsusi xəstəxanaların və xəstə çarpayılarının sayını artırmaqdadır. Amma etiraf ediləcək bir həqiqət də var: ölkədə bu qədər xəstəyə baxmaq üçün sadəcə, ixtisaslaşmış həkim tapmaq işi çətinləşir. Bununla bağlı dəqiq statistikaya malik deyilik, amma ölkənin əhali sayına görə nə qədər ixtisaslı virusoloq həkim olmalıdır ki, 4500 ağır xəstəyə baxsın, özünüz hesablayın... Həm də bu virus xəstəsinə bir həkim yox, bir neçə həkimin qulluq etməli olduğunu nəzərə alsaq, səhiyyə sistemimizi öz əlimizlə necə zora soxduğumuzu göz önünə gətirə bilərik.
Ekran Alıntısı111.JPG (58 KB)


Yuxarıda ölənlərin sayının Azərbaycanla müqayisə etməkdə başqa pis niyyətimiz yoxdur. İstəyirik bir daha vətəndaşlarımız virusla bağlı vəziyyətin hansı ağır nəticələr verdiyini öz rayonları, kəndləri ilə eyniləşdirərək müqayisə etsinlər. İtaliya, İspaniya kimi ölkələrin hansı faciələr yaşadığını, hətta səhiyyəsi çox hazırlıqlı olan qardaş Türkiyənin hansı çətinliklərlə üzləşdiyini niyə unuduruq ki?

TƏBİB sədri Ramin Bayramlı virusla bağlı təhlükənin real olduğunu xatırladaraq, “əminəm ki, hər kəs öz çevrəsində yaxınlarından birinin koronavirusa yoluxduğunun şahidi olacaq” deyəndə, yenə onun dediklərinə inanmayanlar vardı. Amma TƏBİB sədrini dedikləri, nə yazıq ki, doğrulamaqdadır. Artıq “Yeni Müsavat”ın çox yaxın dostları bu mərəzdən xəstəxanalarda mübarizə aparırlar. Cəmiyyətin tanınmış simalarının yaxınları, özləri koronavirusdan əziyyət çəkirlər. Həkimlər- son ayların “üzügörünməz” qəhrəmanları yalvarırlar ki, insanlar məsuliyyətli olsunlar, sadə qaydalara əməl etsinlər. Amma çifayda... Bir nəfər məsuliyyətsiz, başısoyuq adamın əməli 10-larla günahsız vətəndaşın həyatını riskə qoyur, həkimlərin həyatını cəhənnəmə çevirir, nəhayət, dövlətimizi zora salınır.

Müşahidələr göstərir ki, xəstəliyin yayğın olması ölkədə karantin rejiminin daha da sərtləşməsinə gətirib çıxara bilər. Hökumət həm isti yay günlərini, həm vətəndaşın sosial durumunu nəzərə alaraq daha sərt addımlara hələ ki, tələsmir. Amma belə görünür ki, vəziyyət getdikcə ağırlaşır, reanimasiyalar dolur və artıq ölkə səhiyyəsi belə bir çətin vəziyyətdə özü “koma”ya girə bilər...

Bir az vicdanlı olaq, bir az vətəndaşlıq məsuliyyəti hiss edək, bir az uşaqlarımızın və hamımızın gələcəyini düşünək...

Nazim SABİROĞLU,
Musavat.com



Ana səhifəyə qayıt        Baxış: 3 031          Tarix: 15-06-2020, 20:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma