Xəbər lenti


Əfqanıstan hakimiyyəti əldə olunan saziş çərçivəsində “Taliban” hərəkatının demək olar ki, 5 min tərəfdarını azad edib.
AZƏRTAC bu barədə 1 TV telekanalına istinadla xəbər verir.

Buna baxmayaraq, Əfqanıstan hökuməti digər dövlətlər tərəfindən qoyulan məhdudiyyətlərə görə bir neçə məhbusu azadlığa buraxa bilmir. Burada bir sıra ölkənin, o cümlədən Fransa və Avstraliyanın azad olunmasına qarşı çıxdığı yeddi nəfərdən ibarət qrupdan söhbət gedir.
“Biz diplomatik səylər göstərir və dialoqun tez bir zamanda başlamasını gözləyirik”, - deyə Əfqanıstanın Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Cavid Feysəl bildirib.

Bir qədər əvvəl “Reuters” agentliyi rəsmi Kabilin “Taliban” hərəkatının tələbi ilə yeddi məhbusdan ibarət qrupu həbsxanadan azad edərək Qətərə göndərəcəyi barədə məlumat yayıb. Məlumatda, həmçinin Əfqanıstan hökumətinin nümayəndə heyətinin hərəkatla danışıqlar aparmaq üçün bu həftə Doha şəhərinə yollanmaq niyyətində olduğu deyilir.

Xatırladaq ki, fevralın 29-da ABŞ və “Taliban” hərəkatı arasında sülh sazişi imzalanıb. Sazişə əsasən, Birləşmiş Ştatlar və müttəfiqləri 14 ay ərzində öz qoşunlarını Əfqanıstandan çıxarmalıdır. “Taliban” hərəkatı isə öz növbəsində ölkə ərazisini Birləşmiş Ştatlar və müttəfiqlərinin təhlükəsizliyinə təhlükə törədəcək fəaliyyət üçün istifadə etməyəcəkləri barədə zəmanət verib. Sazişə əsasən, “Taliban” hərəkatı və Əfqanıstandakı digər tərəflər arasında danışıqlar və atəşkəs rejimi başlanmalıdır. Danışıqlardan öncə etimadın möhkəmlənməsi üzrə tədbirlər qismində hərəkatın həbsdə olan 5 min üzvü və Əfqanıstan ordusunun taliblərin əsirliyində saxlanılan minə yaxın əməkdaşı azad olunmalıdır.



Ana səhifəyə qayıt        Baxış: 2 745          Tarix: 3-09-2020, 19:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma