Xəbər lenti
Bu gün, 16:30
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
O, Bakının universitet və institutlarının məzunları arasında ən zəngin adamdır. 20 milyard sərvətə malik olan Joze Eduardu duş Santuş ali təhsilini məhz Bakıda, Azərbaycan Neft və Kimya İnstitutunda alıb. 1963-1969-cu illərdə bu ali təhsil ocağında neft mühəndisi ixtisasına yiyələnsə də, Santuş heç vaxt öz ixtisası üzrə işləməyib.
Joze Eduardu duş Santuş 1942-ci ildə Anqolanın paytaxtı Luande şəhərində anadan olub.
İlk təhslini Luande milli liseyində alıb. Santuş çox gənc yaşlarından siyasi proseslərə qoşulub, Anqolanın Azadlığı Uğrunda Xalq Hərəkatı partiyasının gənclər təşkilatının yaradıcılarından biri olub. 1961-ci ildə Portuqaliya müstəmləkəçiləri tərəfindən Anqolada başlanan repressiyalar zamanı o, ölkəni tərk etmək məcburiyyətində qalaraq Konqoya gedib.
Bir müddət siyasi fəaliyyətini Anqola ilə sıx əlaqələr saxlayaraq Konqodan davam etdirən Santuş ali təhsili davam etdirmək haqqında da düşünüb. O, bu məqsədlə SSRİ-yə üz tutub. 1963-cü ildə Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olunub. Tələbəlik illərində də siyasi fəaliyyətinə fasilə verməyən Santuş institutda Anqolanın azadlığı uğrunda dərnəyə rəhbərlik edib.
Santuş ali təhsilini başa vurduqdan sonra 1970-ci ildə Anqolaya qayıdıb, hələ Portuqaliyanın nəzarətində olan Anqolada partizan hərəkatının fəallarından biri olub, Anqolanın Azadlığı Uğrunda Xalq Hərəkatı Partiyasında siyasi fəaliyyətini davam etdirib.
1975-ci ildə Anqola müstəqillik əldə edəndə Santuş ölkənin ilk xarici işlər naziri təyin edilib. 1977-ci ildə Mərkəzi Komitəyə və Siyasi Büroya üzv seçilib. 1978-ci ildə o, palnlaşdırma naziri vəzifəsinə təyinat alıb.
1979-cu ildə Anqolanın birinci prezidenti Aqostino Netonun səhhətində ciddi problemlər yarananda SSRİ onu Moskvada müalicə olunmağa dəvət edib. Buna qədər də Anqola prezidenti dəfələrlə öz sağlamlığını sovet səhiyyəsinə etibar edib. Ancaq bu dəfə həkimlər xərcəng xəstəliyindən və hepatitdən əzəyyət çəkən Netonun həyatını xilas edə bilməyiblər. Aqostino Neto cərahiyyə əməliyyatından sonra 56 yaşında Moskvada vəfat edib.
Birinci prezidentin vəfatından sonra Santuş hakim partiyanın, Anqolanın Azadlığı Uğrunda Xalq Hərəkatının sədri, 10 sentyabr 1979-cu ildə isə Anqolanın prezidenti seçilib. Onun bu vəzifələrə yüksəlişinin Moskvanın tövsiyəsi ilə baş tutduğu şübhə doğurmur.
Joze Eduardu duş Santuşun prezidentlik dövrü 38 il davam edib. Hakimiyyəti dövründə o, Anqolanı Afrikada ən korrupsiyalaşmış ölkəyə çevirməkdə ittiham olunub. Santuş prezidentlik dövrünün ilk illərindən zənginləşməyə başlayıb. Vətəndaşları son dərəcə yoxsul yaşayan ölkədə, Santuşun ailəsinin zəngin həyat tərzi əhalidə qıcıq yaradıb, müxalif qüvvələrin etirazları Santuş tərəfindən qətiyyətlə susdurulub.
Santuş ölkədəki narazılıq dalğalarından narahat olaraq, prezidentlik dövrünü uzatmaq üçün ölkə iqtisadiyyatının dirçəlməsi, büdcənin artırılması üçün zəruri tədbirlər həyata keçirib. Bu tədbirlərin nəticəsi olaraq on il ərzində dövlət büdcəsindəki vəsait 69 milyard dollara qalxıb. Amma prezident özünün və ailəsinin xəzinəsini də yaddan çıxarmayıb. 2012-ci ildə Beynəlxalq Valyuta Fondu öz hesabatında Anqolaya neft gəlirlərindən daxil olan 32 milyard dolların müəmmalı şəkildə “yoxa çıxmasını” bəyan edib.
Santuş Afrika ölkələrinin hazırki prezidentləri və sabiq prezidentləri arasında ən zəngin şəxs sayılır, o, 20 milyard dollar sərvətə sahibdir. Bu məbləğ onun varının görünən tərəfidir. Sabiq prezidentin qızı İzabel hazırda Afrikanın ən varlı qadını sayılır. O, xarici banklarda 2.3 milyard dollara sahibdir.
Santuş digər afrikalı həmkarlarından fərqli olaraq prezident kürsüsündən könüllü ayrılıb.
O, 2017-ci ildə keçirilən növbəti prezident seçkilərində namizədliyini irəli sürməyib. Santuşun təşəbbüsü ilə ölkənin müdafiə naziri Joau Lourenko prezident seçkilərinə qatılıb və Anqolanın 3-cü prezidenti seçilib.
Seçkilərdən öncə prezidentlə müdafiə nazirinin arasında razılaşma əldə olunub. Razılaşmaya görə, Santuş hakim partiyanın sədri vəzifəsində qalaraq ölkən idarə edəcək şəxs kimi qalmalıymış. Ancaq hakimiyyət dəyişikliyindən sonra bu razılaşma öz qüvvəsini itirib. Santuş əvvəlki mütləq hakimliyini bərpa edə bilməyib. Yeni prezident sabiq prezidentin səlahiyyət dairəsini tam məhdudlaşdırıb. Hətta Santuşun oğlu 2018-ci ildə korrupsiyada ittiham olunaraq həbs edilib. 2018-ci ildə isə Santuşu partiya rəhbərliyindən uzaqlaşdırıraq siyasi fəaliyyətinə son qoyublar.
Santuşun şəxsi həyatı da “zəngin” olub. Üç dəfə ailə həyatı quran Santuş ilk sevgisini Bakıda tapıb. O, Penzadan olan Tatyana Kukanova ilə Bakıda, tələbəlik illərində tanış olub və onlar 1966-cı ildə ailə həyatı qurublar. Məhz Afrikanın yuxarıda qeyd etdiyimiz ən varlı xanımı İzabel də bu cütlüyün “məhsulu” olub. Onların nikahı 1979-cu ildə pozulub, Tatyana Kukanova həyat yoldaşından ayrıldıqdan sonra Londona köçüb.
Santuşun ikinci nikahı da uzunömürlü olmayıb. O, Mariya Perdiqao ilə 6 il yaşayıb.
1991-ci ildə Santuş növbəti dəfə ailə qurub. Onun üçüncü xanımı prezident təyyarəsinin stüardessası olub. Prezident bu xanıma göylərdə vurularaq, yerdə onu Anqolanın birinci ledisi edib. Santuşun vəzifəsindən, imkanlarından, var-dövlətindən ən çox bəhrələnən də məhz bu xanım olub.
Hazırda 78 yaşlı Joze Eduardu duş Santuş Anqolada yaşayır və ölkədə gedən siyasi proseslərə müdaxilə etməyi özünə məqbul saymır.
İlham Cəmiloğlu, Musavat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar