Xəbər lenti
Bu gün, 21:36
Bu gün, 20:30
Bu gün, 19:40
Bu gün, 17:54
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Ekspertlər bu məsələdə dövlət, banklar və vətəndaşların birgə fəaliyyətinə ehtiyac olduğunu deyirlər
Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində Vətən savaşı verir. Bugünlərdə bütün Azərbaycan cəmiyyəti Ordumuzun, dövlətimizin dəstəklənməsi istiqamətində səfərbər olub. Hərə əlindən gələn qədər Ordumuza dəstək verməyə çalışır. Lakin son günlər cəbhədə döyüşən, yaxud şəhid, qazi olan insanların ailələrinə banklardan zənglər olur, onlardan kreditlərin ödənməsi istənilir. Bu kimi hallarla bağlı məlumatlar cəmiyyətdə böyük etirazlara səbəb olur.Azərbaycan banklarında döyüşən ordunun tərkibində olan hərbçilərimizin mövcud kreditləri ilə bağlı hansı addımlar atmaq olar? Bu kreditlərin tamamilə bağlanması üçün banklar və dövlət tərəfindən hansı tədbirlər həyata keçirmək olar?
Bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənovun “Yeni Müsavat”a dediyinə görə, qanuna əsasən, borclu insanın hərbi səfərbərliyə cəlb olunması fors-major, yəni qarşısıalınmaz qüvvənin yaranmasına görə öhdəliyini icra etməməsinin üzürlü səbəbidir:
“Buna görə də hərbi xidmətdə olduğu dövr ərzində hərbçimizin borcunun üzərinə əlavə faiz və cərimə hesablana bilməz. Bu qayda əslində onun borclu ailə üzvlərinə də aiddir. Çünki ailə başçısı hərbi xidmətdə olduğu dövrdə ailənin gəliri azalıb və ya ümumiyyətlə, yoxdur. Bütün dediklərimdən yalnız bir istisna var: əgər hərbçimizin işəgötürəni onun əmək haqqını əvvəlki qaydada tam ödəməyə davam edirsə... Qanuna görə, elə məhz belə də olmalıdır. Amma hər kəsin rəsmi iş yeri yoxdur axı. Digər tərəfdən isə pandemiyaya görə bəzi işəgötürənlərin də maliyyə vəziyyəti pisləşib.
O ki qaldı şəhid olan borclularımıza, bununla bağlı təəssüf ki, qanunda istisna yoxdur. Yəni onların borcu ümumi qaydada əmlakları hesabına ödənilməlidir. Bu halda əmlak vərəsələrinə keçirsə, onlar onlara keçən miras əmlak həddində borcu ödəməlidirlər. Əmlak yoxdursa, borc silinməlidir.
Amma əlbəttə ki, şəhidin əmlakından borcun tutulması mənəviyyatsızlıq olar. Tutaq ki, lap məsələn, onun evi var idi. İndi evi ailəsindən alacaqlar? Yaxud ailə üzvlərindən borcu tələb edəcəklər? Onun ailəsi Vətən üçün onsuz da ən böyük qurbanı verib axı!"
Mütəxəssis hesab edir ki, məsələyə kompleks yanaşmaq lazımdır: “Bu kreditləri əlbəttə ki, silmək, bağışlamaq lazımdır. Burada banklar da, dövlət də, ictimaiyyət də birgə iştirak etməlidir. Məsələni tamamilə bankların da üzərinə qoymaq olmur. İstehlak kreditlərini qoymaq olar. Onların məbləği onsuz da yüksək deyil: orta hesabla bir kreditin məbləği təxminən 5000 manatdır. Amma yenə də ola bilər ki, bir bank üzrə belə kredit çox olsun və bank üçün ağır yük olsun. Kommersiya kreditləri isə ümumiyyətlə, banklar üçün ciddi problemə çevrilə bilər. Bir kreditin məbləği bəzən yüz minlərlə və hətta milyonlarla ölçülür. Banklarımız bu yükün altına girə bilməyəcək. Buna görə də təklifim ondan ibarətdir ki, bununla bağlı xüsusi fond yaradılsın. Banklar, sahibkarlar, adi vətəndaşlar, nəhayət, dövlət qurumları da həmin fonda pul köçürə bilər. Şəhidin borcunu ödəmək böyük savabdır. Qoy, hamı bu işdə bacardığı qədər iştirak etsin”.
Bütün döyüşən insanların kreditlərinin tamamilə bağlanması mümkündürmü? Ə.Həsənov bildirir ki, mövcud qanunvericiliyə görə, yalnız o halda etmək olar ki, şəhidin əmlakı yoxdur: “Amma könüllü olaraq etmək olar. Güman edirəm ki, qələbədən sonra dövlət hər bir halda bunu edəcək. Amma hər şeyi də dövlətin üzərinə qoymaq olmaz. Dövlətimizin indi də xərci çoxdur, qələbədən sonra işğaldan azad olunmuş, digər zərər çəkmiş ərazilərimizin bərpasına xeyli vəsait tələb olunacaq. Ona görə də cəmiyyət bu işi bacardığı qədər etsin, çatmayan vəsaiti də sonda dövlət həll edər. Dövlət heç bir halda banklardan borcların silinməsini tələb edə bilməz. Amma tövsiyə edə bilər müəyyən məbləğədək silinsin. Banklar isə vicdanları və imkanları çərçivəsində problemi həll edə bilərlər. Amma dediyim fond yaransa, hamılıqla həll edərik”.
Ümumiyyətlə, banklarımızın vəziyyəti o qədərmi ağırdır ki, bir neçə on minə qədər olan kreditləri bağlaya bilməsinlər? Ekspert deyir ki, bankdan banka fərq var: “Ağır vəziyyətdə olanı da var, əlbəttə. Statistika yoxdur hələlik ki, bilək şəhidlərimizin nə qədər borcu var. Həm də borc yalnız banklara deyil axı. Bank olmayan kredit təşkilatları da var, ticarət şəbəkələrinə də borclar var. Buna görə də sözügedən fonda böyük ehtiyac var. Vətəndaş həmrəyliyi göstərib özümüz həll etməliyik. Banklar da qoşular bu halda. Axı ola bilər ki, hansısa vəziyyəti yaxşı olan bankın şəhid krediti ilə bağlı ciddi problemi yoxdur. Daha pis vəziyyətdə olan bankın isə var. Buna görə də birləşərək həll etmək lazımdır bu problemi”.
İqtisadçı-ekspert Natiq Cəfərli məsələnin həlli üçün konkret mexanizm təklif edir: “Birincisi, mağazalarda krediti olan şəhid və qazi ailələrinin ödənişlərini dövlətə yükləmək lazım deyil, dövlətin xərci çoxdur. Xalq olaraq iştirakçı olaq: bütün şəbəkə mağazalarda, haradan şəhid və qazi ailələri kredit götürüb, həmin mağazalardan biz əşya alanda müqaviləyə hər 50 manata 1 manat ayrıca ödəniş bəndi salaq - həmin 1 manat şəhid və qazi ailələrinin kreditinin qapanmasına yönəlsin. Banklarda isə ikili yanaşma lazımdı: Dövlət özəl banklara göstəriş verə bilməz, ona görə də şəhid və qazi ailələrinin kreditlərini tam bağlayan banklara 1 faiz vergi güzəşti edir, vətəndaş olaraq biz də hər 1000 manat kreditə gələn faizin üzərində 1 manat əlavə ödəniş edək və bu da müqavilələrdə göstərilsin. O ailələrə xalq olaraq edə biləcəyimiz ən kiçik iş məhz budur”.
İqtisadçı-ekspert Samir Əliyevin fikrincə, Vətən müharibəsində şəhid və qazi olan şəxslərin yalnız banklara deyil, bütün digər qurumlara da olan borcları ilə bağlı addımlar atılmalıdır: “Dövlət şəhid ailələri və qazilər üçün pensiya və müavinət verir. Lakin bu ödənişlərin kreditə yönəldilməsi ailələrin vəziyyətini ağırlaşdıra bilər. Buna görə də onlara hansısa formada dəstək verilməlidir. Düşünürəm ki, bu məsələdə bütün ağırlığın dövlətin üzərinə qoyulması düzgün olmazdı. Eləcə də banklardan döyüşən şəxslərin hamısının kreditlərinin bağlanmasını da tələb etmək mümkün deyil. Bu baxımdan, prosesdə həm dövlətin, həm bank və digər qurumların, həm də cəmiyyətin aktiv iştirakına ehtiyac var. Bankların əsas addımı verilmiş kreditlərin faizlərinin silinməsi ola bilər. Nəzərə almaq lazımdır ki, bank kredit verdiyi vəsaitləri əmanət olaraq xalqdan alır və üstündə də faiz ödəyir. Bu baxımdan, kredit faizlərinin silinməsi bankların edə biləcəyi ən böyük yaxşılıq olar. Əsas borca gəlincə, bu prosesdə vətəndaşlar da yaxından iştirak etməlidir. Onsuz da hazırda xalqımız döyüşən orduya dəstək üçün çox fəal işlər görür. Bu işin bir istiqaməti şəhid və qazilərin kreditlərinin bağlanması ola bilər. Bunun üçün xüsusi fondun yaradılmasına ehtiyac var. Vətəndaşlar həmin fonda ianə etməklə şəhid və qazi ailələrinə dəstək vermiş olar. Bundan əlavə, dövlət banklarla bağlı bəzi tələbləri yumşalda bilər”.
Dünya SAKİT,
“Yeni Müsavat”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar