Xəbər lenti
 
 
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili tərəfindən yaradılan müxalif Vahid Milli Hərəkat Partiyasının sədri, millət vəkili Nika Meliya həbs olunub.
 
Ovqat.com xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb.
 
Məlumata görə, Nika 40 min lari məbləğində girov ödəmədiyi üçün həbs edilib. Millət vəkilinin həbs qərarı ötən həftə Tiflis məhkəməsi tərəfindən verilib.  
 
O, 2019-cu ilin iyun ayında Rusiya Dumasının deputatı Sergey Qavrilovun.Gürcüstan parlamentinin sədrinin kürsüsündə oturdulmasına etiraz edərək xalqı qiyama çağırmış və keçirilən mitinqdə Rusiyanın əleyhinə sərt çıxış etmişdi. Gürcüstan rəhbərliyi xalqın qiyamından çəkinərək Rusiyalı deputatı təcili Gürcüstandan çıxarmaq məcburiyyətində qalmışdı. Bu hadisədən sonra Rusiya Gürcüstana ağır sanksiyalar tətbiq etmişdi. Sonunda rəsmi Tbilisi məcbur qalıb Nika Meliyanın həbsinə qərar vermişdi. Lakin xarici və daxili təzyiqlər nəticəsində Nika Meliya 40 lari (12 min dollar) girov qarşılığında azadlığa buraxılmışdı. Bundan əlavə məhkəmə onun qoluna məcburi elektron qandal bağlamağa qərar vermişdi.
 
Ötən ilin sonlarında keçirilən parlament seçkilərində deputat seçilməyə bacaran Nika buna baxmayaraq, seçkilərin saxtalaşdırıldığı iddiası ilə mitinqlər təşkil etmiş və aksiyaların birində qolundakı elektron qandalı çıxarıb nümayişkaranə şəkildə meydana tullamışdı. Gürcüstanın hüquq mühafizə orqanları bu faktı əsas gətirib Meliyanın məsuliyyətə cəlb olunması üçün parlament qarşısında məsələ qaldırmışdılar. Parlament deputatın toxunulmazlıq hüququnu məhdudlaşdırmış və həbsinin qapısını aralamışdı. 
 
Nəhayət, ötən həftə Tbilisi məhkəməsi müxalif deputat barəsində həbs qərarı çıxarmış və bu da ölkədə ciddi ajiotaja səbəb olmuşdu. Gürcüstanın Baş naziri Giorgi Qaxariya müxalif deputatın həbs qərarının demokratik dəyərlərlə bir araya sığmadığını bəyan edərək istefa vermişdi.
 
“İnanıram ki, ölkə daxilindəki qarşıdurmalar Gürcüstanın gələcək demokratik və iqtisadi inkişafını təhdid edir. Buna görə də vəziyyətin qütbləşməsini və gərginləşməsini azaltmaq ümidi ilə istefa edirəm”, - Giorgi Qaxariya Twitter səhifəsində yaydığı istefa bəyannaməsində belə yazmışdı.
 
Gürcüstanın İctimai televiziyasının məlumatına görə, dünən axşam Gürcüstan polisi Melianın qərargahına hücum edib Meliyanın tərəfdarlarının qurduğu barrikadaları yararaq partiya liderini və bəzi köməkçilərini göz altına alıblar. Polislər deputatın tərəfdarlarını dağıtmaq üçün bibər qazından istifadə etməli olub və bundan sonra onu tutmağı bacarıblar. Partiya qərargahının ətrafı polislər tərəfindən mühasirəyə alınıb.
 
Küçədə vətəndaş fəallar, Birləşmiş Milli Hərəkatın tərəfdarları və digər müxalifət partiyalarının liderləri isə polis basqınına etiraz ediblər, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları ilə toqquşmaqdan çəkiniblər.
 
Məlumata görə, Meliyanı 6 ilə qədər həbs cəzası gözləyir.
 
Qeyd edək ki, Meliya İngiltərədə təhsil almış siyasətçidir və onun həbsinə qərar verən hökumət Rusiyaya bağlı gürcü milyarder İvanişvilinin xeyir-duası ilə qurulub. Bu mənada bu həbsin həm də geopolitik müstəvisi də var. Son zamanlar ABŞ və NATO qüvvələrinin Qara dənizdə fəallaşması Moskvanın da əks tədbirlər görməsini şərtləndirir. Gürcüstanda son günlər vəziyyətin nəzarətdən çıxması bəzi ekspertlər tərəfindən bu konteksdə izah olunur.
 


Ana səhifəyə qayıt        Baxış: 5 010          Tarix: 23-02-2021, 10:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma