Xəbər lenti

 
Dünəndən etibarən Ermənistanda siyasi böhranın yaranmasına təkan verən əsl “səbəb” Paşinyanın “İsgəndər” raketi ilə bağlı sözləri imiş.
 
Ovqat.com-un məlumatına görə, hər şey Ermənistanın 3-cü prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağdakı son müharibə zamanı “İsgəndər” raketlərindən vaxtında istifadə edilməməsi barədə Nikol Paşinyana ünvanladığı ittihamla başlayıb.
 
Sarkisyanın fikrincə, müharibənin ən geci 4-cü günündə Paşinyan “İsgəndər” raketlərindən istifadə edilməsi barədə əmr verməli imiş. Paşinyan isə bunu etməyib.
 
Sarkisyanın bu sözlərindən sonra Ermənistanın Baş naziri 1in.am portalına verdiyi müsahibəsində barəsində irəli sürülən ittihamları cavablandırıb. O, deyib ki, “İsgəndər” raketlərinin istənilən effekti verməməsinin günahkarı Sarkisyandır. Çünki bu silahlar onun hakimiyyəti dövründə alınıb. Dağlıq Qarabağdakı döyüşlərdə isə bu silahlar ya ümumiyyətlə partlamayıb, ya da 10% partlayıb. Paşinyan dolayısıyla döyüş zamanı “İsgəndər” raketlərindən istifadə edildiyini bildirib və bu silahların əslində keyfiyyətsiz dəmir yığınından başqa bir şey olmadığını diqqətə çatdırıb. Bununla da Ermənistanda və onun himayədarı olan Rusiyada aləm bir-birinə qarışıb.
 
Rus hərbçiləri Paşinyanın bu sözlərini öz silah sənayelərinin əleyhinə aparılmış “qaralama kampaniyası” kimi alqılayıblar və bir sıra generallar tərəfindən ittihama cavab verilib. “Xor”a Ermənistan generaliteti də qoşulub.  Ermənistan Silahlı Qüvvələrinin Baş qərargahı rəisinin birinci müavini Tiran Xaçatryan jurnalistlərin suallarını cavablandıraraq bildirib ki, Paşinyanın bu iddiaları “qeyri-ciddi” sözlərdir. Xaçatryan jurnalistlərə tövsiyələrdə bulunaraq onu da qeyd edib ki, "Səthi qiymətləndirmələrlə" nəticə çıxarmaq da qeyri-ciddi davranışdır. "Kimin nə dediyini bilmirəm, amma bu mümkün deyil. Siz jurnalistləri də bu silahla bağlı yanlış təsəvvürlər yaratmamağa çağırıram”.

Erməni və rus generalları 44 günlük savaşda “İsgəndər” raketlərindən istifadə olunmasını inkar etsələr də, Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin sabiq müavini, Müdafiə Nazirliyinin (MN) Hərbi Nəzarət Xidmətinin sabiq rəisi general-leytenant Movses Akopyanın bir müddət əvvəl açıqladığı məlumatlar Paşinyanın fikirlərini dəstəkləyir. Xatırladaq ki, general döyüşlərdə “İsgəndər” raketlərindən istifadə olunduğunu, amma onların “hansı istiqamətə atıldığını deyə bilməyəcəyini” vurğulamışdı.
 
Ermənistan Baş qərargahının birinci müavini Xaçatryan Baş nazirin fikirlərini "qeyri-ciddi" adlandırdıqdan sonra işdən qovulub. Nikol Paşinyanın təqdimatı ilə prezident Arman Sarkisyan fərman imzalayaraq, onu tutduğu vəzifədən azad edib. Ermənistan Silahlı Qüvvələrin Baş qərargahının bu fərmana cavabı özünü çox gözlətməyib. Ertəsi gün Baş qərargah Paşinyanı istefaya çağırıb. Paşinyan bunu dövlət çevrilişinə cəhd kimi qiymətləndirib və Baş qərargahın rəisi Onik Qasparyanın da vəzifəsindən qovulması  (bir sözlə, Azərbaycan ordusunun ötən ilin  sentyabrında başlatdığı “iti qov” əməliyyatı Ermənistanın daxilinə sıçrayıb və ölkədə qovaqov düşüb) haqqında qərar imzalayıb. Ardınca da xalqı legitim hakimiyyəti qorumağa çağırıb. 
 
Paşinyanın Baş qərargahın rəisinin işdən qovulması barədə fərmanı Ermənistan prezidenti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minə bilər. Prezident Armen Sarkisyan isə onu təsdiqləmək fikrində deyil. Sarkisyan bildirib ki, qanunvericilik, fərmanı imzalamaq üçün ona 3 gün möhlət verir və bu möhlətin sonuncu günü öz mövqeyini açıqlayacaq. Sarkisyan rədd cavabı verərsə, Paşinyan fərmanını Kosntitusiya Məhkəməsinə göndərəcək. Konstitusiya Məhkəməsi isə fərmanın qanuna uyğun olub-olmamasını 5 gün ərzində dəyərləndirəcək. Qısası, Paşinyan fərmanın qüvvəyə minməsi üçün daha bir həftə gözləməli olacaq.  
 
Ermənistan küçələri isə səbrsizdir. Minlərlə erməni meydanlarda bir-birinin qanını və ölkədən tökmək üçün yuxarıdan gələn əmrləri gözləyir; həm Paşinyan tərəfdarları, həm də əleyhdarları. 




Ana səhifəyə qayıt        Baxış: 5 271          Tarix: 26-02-2021, 08:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma