2023-cü ildə Türkiyədə prezident seçkiləri keçiriləcək. Namizədlər sırasında hazırkı prezident və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyip Ərdoğanın olacağı mütləqdir. Lakin müxalifətin “altılı masa”sından çıxacaq vahid namizədin kimliyi bəlli deyil.
Buna baxmayaraq, müxalif cəbhənin mümkün namizədləri sırasında yalnız 2 şəxsin adı hallanır: Əkrəm İmamoğlu və Mansur Yavaş.
Builki seçkilərin perspektivindən və müxalifətin sürpriz namizədindən söz açan siyasi şərhçi Azər Rəşidoğlu Yenisabah.az-a açıqlamasında deyib ki, Rəcəb Tayyib Ərdoğan yenidən qalib gələcək:
“O, xalqa müraciətində də dedi ki, sizdən son dəfə dəstək istəyirəm. Çünki bu, onun axırıncı şansıdır. Eləcə də son vaxtlar ölkədə aparılan iqtisadi islahatlar, minimum əmək haqqının qaldırılması, qiymətlərin aşağı düşməsi və s. proseslər onu deməyə əsas verir ki, fors-major olmasa, Ərdoğanın qələbəsi qaçılmazdır. Düzdür, parlament seçkilərində AKP səslərini itirə bilər, ancaq hesab edirəm ki, Ərdoğan prezident seçkilərində qalib gələcək”.
“O ki qaldı müxalifətə, “altılı masa”nın kimi namizəd göstərəcəyini indidən demək çətindir. Səhv etmirəmsə, onlar fevral ayında namizədlərini açıqlayacaq. Ancaq indiki proseslər onu deməyə əsas verir ki. CHP lideri Kamal Kılıncdaroğlu namizəd olacaq. Əgər Kılıncdaroğlu namizəd olsa, Ərdoğan üçün onun üzərində qələbə qazanmaq böyük bir problem olmayacaq. Yox, əgər “altılı masa”da Əkrəm İmamoğlunun namizədliyi irəli sürülsə, o, İstanbulda səs yığsa belə, digər bölgələrdə, xüsusən də əyalətlərdə Ərdoğanın səsləri daha çox olacaq”.
Müsahibimizin qənaətinə görə, müxalifətin əsas problemi odur ki, Ərdoğanın qarşısına çıxaracağı Ərdoğan təbiətli və harizmalı bir lider yoxdur:
“Bu baxımdan, müxalifətin şanslarını yüksək qiymətləndirmirəm. Ola bilər, parlament seçkilərində müəyyən divident əldə etsinlər, ancaq prezident seçkilərində böyük ehtimalla Ərdoğan yenidən qalib gələcək. Təkrar edirəm ki, əgər hansısa fors-major olmasa...”
Azər Rəşidoğlu iddia edib ki, faktiki olaraq, bu gün Ərdoğan xarici siyasi problemləri həll edib:
“O, İsraillə gərginliyi aradan qaldırıb, ərəb ölkələri ilə problemləri həll edib, eləcə də Suriya ilə sövdələşmə ərəfəsindədir, Rusiya ilə ciddi problemi yoxdur, yaxınlaşma hiss olunur və ya Ukraynanın ərazi bütövlüyünü tanıyır və bu ölkəyə yardım edir. O cümlədən NATO üzvü olaraq, bölgədə ABŞ-ın ən yaxın müttəfiqidir. Ona görə də bu seçkilərdə Ərdoğan üçün hər hansı bir problem görmürəm, əksinə, o, qalib gələcək”.
Paylaş: