Xəbər lenti
Dünən, 19:25


Onun müəllifi olduğu plakatlar SSRİ-nin bütün guşələrində məşhur olub. Məktəb və institutlarda, zavod və fabriklərdə, dövlət qurumlarının inzibati binalarında, mədənəiyyət saraylarında Aleksey Kokorekinin əl işləri ən baxımlı yerlərə vurulub. SSRİ-nin tanınmış rəssamının “1 May, biz birlikdəyik”, “Vətən uğrunda”, “Əməyə və müdafiəyə hazıram”, “Qalib döyüşçü”, “Faşistlərə ölüm” və s. plakatları böyük bir təbliğat ordusunun işini görüb.
Bu əsərlər sovet vətəndaşlarını vətəni müdafiə etməyə, əmək fəaliyyətində fərqlənməyə çağırıb, ruh yüksəkliyi yaradıb. Bir sözlə, Kokorekin bütün yaradıcılıq fəaliyyətini vətənin rifahına istiqamətləndirib. Amma rəssamın ağlına da gəlməyib ki, nə vaxtsa o, tək canıyla vətənini böyük təhlükə ilə üz-üzə qoyacaq...
Aleksey Kokorekin 1906-cı ildə Türkiyədə, Qars vilayətinin Sarıqamış qəsəbəsində anadan olub. Oktybar inqilabından sonra ailə Rusiyaya köçüb. Kokorekin əvvəlcə Kubanda rəssamlıq məktəbində, sonra isə Moskvada ali təhsil alıb.

Artıq 1930-cu illərin əvvəllərindən başlayaraq Kokorekinin yaradıcılığı diqqəti cəlb etməyə başlayıb. Onun mövzu seçimi Mərkəzi Komitənin də diqqətindən yayınmayıb. Yaradıcılığını partiyanın fəaliyyət istiqaməti ilə paralelləşdirən gənc rəssam sırf kommunist ideyesana xidmət edib. Bütün əsərlərində Kommunist Partiyasının qarşıya qoyduğu vəzifələri rənglərlə əks etdirən Kokorekin Kremlin əsas təbliğatçılarından birinə çevrilib.
Sovet-alman müharibəsi illərində də Aleksey Kokorekin öz yaradıcılığı ilə fərqlənib. Müharibə və vətənpərvərlik mövzusunda olan plakatları hətta “birinci”lərin tez-tez olduğu məkanları da bəzəyib.
Rəssamın fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, 1946 və 1949-cu illərdə Stalin mükafatına layiq görülüb. 1956-cı ildə Nikita Xruşov Kokorekinə əməkdar incəsənət xadimi adını verib.
Yaradıcılığının ən parlaq dövründə, 53 yaşı olanda isə Aleksey Kokorekinin Hindistana ezamiyyəti hər şeyi yarımçıq qoyub, gələcək planlarını da, çəkəcək əsərlərini də, həyatını da.
1959-cu ilin dekabrında Aleksey Kokorekin Hindistana iki həftəlik ezamiyyətə yollanıb. Əvvəkli ezamiyyətlərdən fərqli olaraq Hindistana səfər öncəsi rəssama yolxucu xəstəliklərə qarşı peyvənd vurulmayıb. Bütün səfərlərində bu məsələyə diqqətlə yanaşan rəssam nədənsə bu dəfə peyvənd haqqında düşünməyib.

İki həftəlik ezamiyyət sona çatıb. Kokorekin ezamiyyətdən bir gün tez qayıdıb. Bunu da məqsədli edib. O, ezamiyyətin yorğunluğunu ailəsi ilə deyil, heç olmasa bir günlük də olsa sevimli qadını ilə keçirməyi planlaşdırıb.
Beləliklə, Kokorekin ezamiyyətdən sonra bir gün məşuqəsinin evində istirahət edib, ona Hindistandan gətirdiyi hədiyyələr də bağışlayıb. Səhərisi gün ailəsinə gedən rəssamın evinə yaxın dostları da qonaq gəlib. Eyniylə o, öz yaxınlarına da kiçik hədiyyələr bəxş edib. Axşamdan xetli keçmiş rəssamın səhhətində narahatlıq yaranıb, bədən hərarəti yüksəlib, başağrısı, əzginlik rəssamı halsız vəziyyətə salıb. Ailədə elə düşünülüb ki, bu, adi qripdir, yaxud da fərqli iqlim dəyişikliyinin təsirindəndir.

Dörd gün Kokorekin evdə qoyulmuş “qrip” diaqnozu ilə özünü müalicə ilə məşğul olub. Dördüncü gün onun səhhəti daha da ağırlaşıb. Evə həkim çağrılıb, onu xəstəxanaya, yenə də eyni “qrip” diaqnozu ilə ümumi palataya yerləşdiriblər. Xəstəxanada Kokorekinin bədənində səpkilər yaranmağa başlananda həkimlər məsələnin daha ciddi olduğunu anlayıblar. Tibb işçilərinin bütün cəhdlərinə baxmayaraq Kokorekini xilas etmək mümkün olmayıb. O, dekabrın 29-da xəstəxanada vəfat edib.
Meyitin yarılmasından sonra məlum olub ki, Kokorekin qara çiçək xəstəliyinə yoluxub. Bu nəticə əldə edildikdən sonra rəssamın meyiti krematoriyada yandırılıb və onunla əlaqədə olan bütün adamlar təcili tapılaraq xüsusi xəstəxanalara yerləşdiriliblər. Amma sözsüz ki, bu tədbir geçikib. 4 gün evdə, iki gün xəstəxananın ümumi palatasında müalicə alan rəssam bütün yaxın ətrafını, onlar da ünsiyyətdə olan adamları xəstəliyə yoluxdurublar. O cümlədən təkcə xəstəxanada çalışan 40 nəfər tibb işçisi də qara çiçəyə yoluxub ki, onlardan üç nəfəri ölüb. Beləliklə, qısa müddət ərzində 1500 nəfərdən artıq adamın qara çiçəyə yoluxduğu aşkarlanıb.

Məsələnin ciddiliyi nəzərə alınaraq Mərkəzi Komitəyə məruzə edilib. Nikita Xruşov epidemiyanın qarşısını almaq üçün Dövlət Təhlükəsizlik Komitəsini, Daxili İşlər Nazirliyini və ordu rəhbərliyini də bu işə cəlb edib. Moskvaya giriş-çıxış qadağan olunub və karantin elan edilib. Səhiyyə Nazirliyinin 27 min tibb işçisi peyvəndlərin vurulmasına cəlb edilib ki, Moskvada və Moskva vilayətində 3 mindən artıq peyvənd məntəqəsi yaradılıb. 1960-cı ilin yanvarında 5.5 milyon Moskva, 4 milyon isə Moskva vilayətinin sakininə qara çiçəyə qarşı peyvəndlər vurulub. Epidemiyanın qarşısının tam alınmasına 19 gərgin iş günü sərf edilib və görülən tədbirlər müsbət nəticələnib.

Bu hadisədən sonra isə məşhur rəssam Aleksey Kokorekin öz vətənpərvər əsərləri ilə deyil, daha çox vətəninin bəlaya salan bir vətəndaş kimi yadda qalıb.
İlham Cəmiloğlu, Musavat.com



Ana səhifəyə qayıt        Baxış: 2 873          Tarix: 25-06-2021, 15:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma