Mehmet Koç
“İran Araşdırmaları Mərkəzi”
İranda nemətullahi təriqətinin Qonabadi qolu zaman-zaman müzakirə mövzusu olur və yaxın günlərdə təhlükəsizlik qüvvələri ilə təriqət mənsubları arasında gərginlik yaşanıb. Bu gərginliyin sonuncusu fevralın 4-də olub. Paramilitar qüvvələrin təriqət liderinin Tehrandakı evi ətrafında toplanmağa başlaması ilə, ictimai mediada dərvişlərlə təhlükəsizlik qüvvələri arasında toqquşma əksini tapıb.
Bölgənin təhlükəsizliyi üçün məsuliyyət daşıyan polis generalı Məsud Müsəddiq hadisə yerinə gələrək təriqət lideri haqqında hər hansı bir qərarın olmadığını və söz-söhbətin yalan olduğunu bildirib. Dərvişlər isə təhlükəsizlik qüvvələrinin ərazidən çəkildiyi halda, oradan çıxacaqlarını söyləyiblər. Müzakirələrin sonunda tərəflər razılıq əldə edib.
İranda təriqətlərə təzyiq mövzusu uzun illərdir gündəmdədir və 2005-ci ildə Mahmud Əhmədinejadın hakimiyyətə gəlişi ilə bu söhbət güclənib. O yalnız nemətullahilərlə məhdudlaşmır. Buna görə də, fevralın 4-də əslində, İranda əhəmiyyətli bir məsələ üzə çıxıb.
Təriqətlər
İran İslam Respublikasında şiəliyə söykənən İslami qanunlar ictimai, mədəni, siyasi və iqtisadi sahələri əhatə edir. 1979-cu ildə qəbul edilən yeni konstitusiya nizamın söykəndiyi dini-məzhəbi təməli təyin edib. Buna görə də, Ayətullah Xomeynin “Vilayət-e Fəqih” anlayışı xaricində bütün siyasi-dini təfsirlər müxalif mövqe sayılır.
Bu dini-siyasi konsepsiya özündən olmayan (“Qeyri-ı xodi”), fərqli ictimai, siyasi və mədəni meylləri qeyri-qanuni elan edir. Həmin səbəbdən dini fəaliyyət icra edən təriqətlərlə İrandakı rejim arasında zaman-zaman bəzi gərginliklər yaşanır. Rəsmi ideologiyanın xaricində qalan təriqət və cərəyanlar, cəmiyyəti təsirləndirmə potensialları nəzərə alınaraq asanlıqla, milli təhlükəsizlik problemi sayılır.
İnqilab Rəhbəri Ali Xamneiyə görə, düşmən planlı şəkildə ölkədə gerçək irfana alternativ olan təriqətləri yayaraq, tövhid, nübüvvət, imamət və şəri hökmlər mövzusunda cəmiyyətdə şübhələr oyadıb, dini zəiflətmək məqsədi güdür. Xamnei cəmiyyətin bəzi təbəqələrinin, xüsusilə də gənclərin bu strukturlara göstərdiyi maraqla bağlı tədbir görülməsinin vacibliyini xatırladaraq, din adamları və universitet alimlərini bu məsələdə məsuliyyətlərini kifayət qədər yerinə yetirmədiyi düşünməkdədir.
Dini və təhsil müəssisələrinin bu mövzudakı zəifliyi digər təşkilatların dövrəyə girməsinə səbəb olub. O cümlədən parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyası məsələni gündəminə alıb. Milli Təhlükəsizlik Komissiyasının üzvü və Saxta İrfan məktəblərini Araşdırma Komitəsinin sədri Pərviz Sərvəri əlaqədar dövlət qurumları ilə görüşlərini və alınacaq qərarların yaxın zamanda İslami Təbliğ Təşkilatına və Milli Gənclər Təşkilatına bildiriləcəyini açıqlayıb.
Üstəlik, Mədəni İnqilab Ali Şurasının 14 noyabr 2006-cı il tarixli 593 nömrəli qərarında Şura Katibliyinin dövlətin əlaqədar təşkilatları ilə əlaqəli şəkildə irfan və mənəviyyat görünüşlü azğın meyillərin meydana gəlməsinə qarşı səlahiyyətləri sadalanır. Məhkəmə hakimiyyətinə də aid olan bu qərarlar əlaqədar vahidlərin təriqətlərlə mübarizədə bütünlüklə hərəkətə keçməsini təmin edib.
İran elitası milli təhlükəsizliyin mühüm bir parçası kimi mədəni təhlükəsizliyə böyük əhəmiyyət verir. Çünki rejimin təməlini meydana gətirən mədəni-dini dəyərlərin aşınması dövləti müzakirə edilən hala gətirəcək. İnqilab Rəhbəri Xamnei düşmənin İslam İnqilabına qarşı başlatdığı "yumşaq müharibə"ni vurğulayarkən, bu savaşın ən çox mədəni sahədə yaşanmaqda olduğunu bildirir.
Mahmud Əhmədinejad dövrünün kəşfiyyat naziri Heydər Muslihi 2009-cu ildəki prezident seçkilərindən sonra yaşanan etirazlarda təriqət və camaatların izlərinə rast gəlindiyini iddia etmişdi. İnqilabçı dövlətin on iki vilayətində yalnız iki təriqət fəal idi, sonradan onların sayı 20-ni keçib.
Muslihi düşmənin hakim şiə ərazilərini hədəfə aldığını və inqilabi İslam əleyhinə “mülayim İslam” layihəsi qoyduğunu bildirib.
İranın istər klassik, istərsə də müasir dövrlərində təriqət, ya da cərəyan adlandırılan müxtəlif strukturlar ortaya çıxıb. Nemətullahilərin Qonabad qolu (“Dəraviş-e Qonabad”) və “İrfan həlqəsi” (“İrfan-e Həlqe”) xüsusilə ön plana çıxıb.
Qonabadi dərvişləri
Nemətullahiyyə təriqəti adını qurucusu olan Şah Nemətullah Vəlidən (1330-1431) alıb. Sünni mənşəli təriqət olan nemətullahiyyə Səfəvilər dövründə tamamilə şiələşib. Təriqət 19-cu əsrdə kövsəriyyə, safi əlişahiyyə, şəmsiyyə, qonabadiyyə və s. qollara ayrılıb. Hazırda ən aktiv qolu olan qonabadiyyə adını Xorasan bölgəsindəki Qonabad şəhərindən götürüb.
Təriqət Xorasan bölgəsindən başqa, Tehran, Kərəc, Qum, Şiraz, Həmədan, Kirmanşah, İsfahan və Ərak kimi İranın mərkəzi bölgələrində fars və qismən kürd əhalinin sıx olduğu yerlərdə varlığını saxlayıb. Onun sözçüsü Mustafa Azmayeş, bəzi xarici mənbələrə görə, ölkədə 4 milyondan çox dərvişin olduğunu bildirib. Bu, ölkə əhalisinin təqribən 5%-inə bərabər saydır, amma rəqəmin şişirdilmiş olduğu təxmin edilir, həm də bu mövzuda rəsmi bir məlumat yoxdur.
Nur Əli Tabəndə (sağdan ikinci) Seyyid Həsən Xomeyni ilə eyni məclisdə
Mərasimlərini hüseyniyyə adlı mərkəzlərdə həyata keçirən təriqət ardıcılları, eyni zamanda, bu mərkəzlərdən inanclarını yaymaq üçün baza kimi də istifadə edir.
Apolitik rəftar sahibi, sekulyar (dünyəvi) düşünən, özünü şəriət ehkamına bağlı hiss etməyən və rəsmi ideologiyanı rədd edən həyat tərzi olan seqmentlərə xitab edən təriqət, universitet tələbələri başda olmaqla, təhsilli təbəqə üzərində təsirli olmağa çalışır.
Təriqətin 90 yaşlı lideri Nur Əli Tabəndə Fransada ali təhsil alıb. Liberal fikirlərə sahib olan Nur Əli, Mehdi Bazərganın baş nazir olduğu Müvəqqəti hökumətdə mədəniyyət və ədliyyə nazirinin müavini olub.
Nur Əli Azadlıq Hərəkatının (“Nehzət-e Azadi”) lideri Mehdi Bazərgana bənzər siyasi görüşlərə sahib olduğu və müxtəlif hadisələrdə ortaq davranış sərgilədiyi üçün 1990-cı illərdə hərəkatın bəzi şəxsləri ilə qısa birlikdə bir müddət həbsdə olub.
İnqilab Rəhbəri Xamneinin 2005-ci ilin fevralında Mədəniyyət və İslami İrşad Nazirliyi başda olmaqla, əlaqədar təşkilatlara göndərdiyi təlimatda bütün saxta sufi təriqətlərinə qarşı çoxyönlü mübarizə aparılır. Əhmədinejadın 2005-ci ilin iyun ayında hakimiyyətə gəlməsi ilə mübarizə sürətlə inkişaf edib. Mədəniyyət siyasətlərini təyin edən Şuranın qərarlarına uyğun olaraq, qonabadilərə aid hüseyniyyələr bağlanılıb və təhlükəsizlik gücləri ilə dərvişlər arasında qarşıdurmalar yaşanıb. Məsələn, təriqətin Qum (2005), Borucerd (2007) və İsfahan (2009) mərkəzlərinin bağlanılması ilə bağlı baş verən hadisələrdə yüzlərlə adam yaralanıb və minlərlə ardıcıl həbs olunub.
Üstəlik, bir çox təriqət üzvü, universitet və dövlət idarələrindəki vəzifələrindən ixrac edilib.
Onu qəbul edənlərdən siyasətdən uzaq dayanmağı təlqin etməsinə baxmayaraq, zaman-zaman təriqət öz maraqlarını müdafiə edən partiya və ya şəxsləri dəstəkləyib. Məsələn, 2009-cu ilin prezident seçkilərində islahatçı namizəd Mehdi Kərrubinin dəstəyini açıq şəkildə elan edib və ardıcıllarının Kərrubinin səs verdiyini açıqlayıb.
İranda təriqətlərə qarşı mübarizədə fətvalar da mühüm rol oynayır. Təriqəti şəriətin əleyhdarı kimi görən Ayətullah Qolpayeqani, Ayətullah Məkarim Şirazi, Ayətullah Fazil Lənkərani, Ayətullah Sistani və Ayətullah Behcət kimi öncül din adamları fətvaları ilə bu strukturlara maddi yardım etməyi, məkanlarında ibadət etməyi və mərasimlərinə qatılmağı caiz görməyib.
“İrfan həlqəsi”
“İrfan həlqəsi” ölkənin gündəminə tez-tez gələn başqa bir təriqətdir.
Doktor Məhəmməd Əli Tahiri fiziki və psixoloji problemlərinə müasir tibbi üsullarla çarə tapa bilməyən xəstələr üçün 2000-ci illərdən metafizik müalicə üsulu irəli sürüb. Bunun, bir növ, mənəvi kamala çatmaq mənasını verən Kosmik Şüur və işıqlanma yolu ilə gerçəkləşdiyini iddia edən Tahiri irəli sürdüyü müalicə üsullarıyla İran ictimaiyyətinin gündəminə gəlib.
İrfan həlqəsi xüsusilə Tehranda, eləcə də qısa müddətdə ölkənin müxtəlif şəhərlərində çox sayda insanı cəlb edib. Evdar qadınlar və gənclərin marağını çəkən bu təriqət sahibi pullu təhsil seminarları da təşkil edib.
Sufilikdəki rabitə üsuluna oxşar həmsöhbətləri ilə əlaqə quraraq / halqa meydana gətirərək onu müalicə etmə işinə görə o, “İrfan həlqəsiı” adını alıb.
Müəyyən bir müddət sonra təriqət içərisində yaşanan problemlər və bəzi şikayətlər nəticəsində araşdırma başlanıb və təriqət lideri Tahiri 2010-cu ildə ölkənin təhlükəsizliyini təhdid etdiyi üçün həbs olunub. 3 ay ərzində sorğulandıqdan sonra pul cəzası ilə sərbəst buraxılıb.
2012-ci ildə yenidən mühakimə olunan Tahiri 5 il həbs və şallaq cəzasına məhkum olunub. O, həbsxanada ikən təkrar mühakimə olunub və 2017-ci ilin avqustunda edam edilib.
Tahirinin müxtəlif şəhərlərdəki tanınmış ardıcılları da həbs cəzasına əlavə olaraq cərimələrlə cəzalandırılıb.
Ayətullah Safi Qolpayeqani öz fətvasında Tahirinin dindən çıxdığına hökm verib.
Nəticə
İnqilabdan təxminən qırx il keçməsinə baxmayaraq, cəmiyyətin geniş bir seqmentinin İran İslam Respublikasının ideoloji təməllərinə şübhə duyması alternativ olaraq təriqət və bənzər strukturları önə çıxarır. Mədəni İnqilabın Ali Şurasının hesabatına görə, ölkədə saxta firqələrə aid edilən irili-xırdalı 130 azğın qrup mövcuddur. 2010-cu ilədək bu sahədə nəşr olunan kitabların tirajı 200 milyon nüsxə olub.
Problemin yalnız ölkənin daxili dinamikasından qaynaqlandığını inanan səlahiyyətlilər sözügedən təriqət və firqələri İrandakı rejimi devirmək məqsədi güdən xarici qüvvələrin maşası olaraq qiymətləndirir və milli təhlükəsizlik təhdidi kimi görürlər.
Bu strukturların tamamilə aradan qaldırıla bilməyəcəyini qəbul edərək, İran rəsmiləri onların təzyiqlər nəticəsində daha təhlükəli olmasına mane olur və fəaliyyətlərini mümkün qədər məhdudlaşdırmağa çalışırlar. Fevralın əvvəllərində baş verən gərginlik də göstərir ki, bu, İran üçün vacib məsələdir.
Tərcümə: Strateq.az
Paylaş: