Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Dövlət Protokol İdarəsinin rəisi Səfir Pərvin Mirzəzadə Venesuelanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Pedro Argenis Sançes Floresi qəbul edib.
Trend-ə Azərbaycan XİN-nin Mətbuat Xidmətindən verilən məlumata görə, görüşdə Venesuela səfirliyinin müvəqqəti işlər vəkili Venesuela xarici işlər naziri Jorje Arreaza Monzerrat tərəfindən Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarova Venesuelanın Bakıda Səfirliyinin açılması və Pedro Argenis Sançes Floresin müvəqqəti işlər vəkili təyin olunması barədə məktubunu təqdim edib.
Səfir Pərvin Mirzəzadə Venesuelanın Azərbaycanda səfirliyinin açılması barədə qərarın alqışlandığını qeyd edərək bunun ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.
Görüşdə Qoşulmama Hərəkatının 3-6 aprel tarixlərində Bakıda keçiriləcək iclasına hazırlıq, Qoşulmama Hərəkatında sədrliyin 2019-cu ildə Venesueladan Azərbaycana keçməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Paylaş: