Elçin RÜSTƏMLİ
Strateq.az
Rusiyada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev iyunun 13-də həmkarı Vladimir Putinlə Kremldə keçirdiyi görüşdə iki ölkə arasındakı münasibətləri müzakirə ediblər.
Müzakirə zamanı media üçün xüsusi diqqət çəkən detallardan biri Putinin rəsmi Moskvanın Azərbaycan prezidentinin növbəti səfərinə hazırlaşdığı və səfərin də avqustun 30-a planlaşdırıldığı haqda açıqlaması olub: “…O ki qaldı ikitərəfli münasibətlərimizə, bunu sizin avqustun 30-da Rusiyaya səfəriniz zamanı əsaslı və dərindən müzakirə edəcəyik”.
…Vladimir Putinin bu açıqlaması kifayət qədər diqqət çəkir. Onun dediklərindən məlum olur ki, prezident İlham Əliyev Moskvaya rəsmi səfərə dəvət olunub və planlaşdırılan görüşdə ikitərəfli və regional məsələlərə dair çox ciddi müzakirələrin aparılacağı gözlənilir.
Bəs, Rusiya rəhbəri belə bir görüşə və “əsaslı və dərin” müzakirəyə nədən ehtiyac hiss edir? Moskva nədən narahatdır?
Sözsüz ki, bu suallara cavab axtararkən, ilk növbədə, regionda baş verən hadisələrə diqqət yetirmək lazım gəlir.
Qarabağ məsələsində mövcud situasiyanı dəyişmək cəhdləri
Əvvala, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Qarabağ problemi üzrə danışıqların formatı itib. Ermənistandan verilən bəyanatlar bu günə qədər aparılan danışıqların ruhuna tamamilə ziddir. Paşinyan hökuməti separatçı Qarabağ rəhbərliyinin danışıqlar masasında oturmasını tələb edir. Yəni, Azərbaycan həm Ermənistanla, həm də separatçılarla oturub danışmalıdır.
Azərbaycan isə bu tələbi qətiyyətlə rədd edir, münaqişənin Ermənistan və Azərbaycan arasında getdiyini bildirir, Azərbaycanın tarxi torpaqlarının işğaldan azad edilməsini tələb edir. Paralel olaraq, Bakının müharibə ritorikası da getdikcə sərtləşir. Silahlı Qüvvələrin arsenalına yeni reaktiv-hücum silahlarının verilməsi, silah tədarükündə yeni partnyorlarla əlaqələrin dərinləşdirilməsi, Naxçıvanın uzun müddət işğalda olan Cünnüt kəndini və ətraf əraziləri, xüsusən də Ermənistan paytaxtını İranla bağlayan əsas magistralı nəzarətdə saxlamağa imkan verən strateji yüksəkliyin götürülməsi Azərbaycanın müharibə bəyanatlarında niyyətinin ciddiliyindən xəbər verir.
Bakının sərtləşən ritorikası, şübhəsiz, Ermənistanın arxasındakı əsas gücdə – Moskvada xoş qarşılanmır. Putinin İlham Əliyevlə müzakirələrdə, ilk növbədə, bu məsələni masaya qoyacağı daha çox gözləniləndir.
Moskva hazırki status-kvonun dəyişdirilməsini əsla istəmir, ona regionda yaratdığı situasiyanın davam etməsi lazımdır. Hazırda Rusiyanın durumu elədir ki, sərhədlərində irimiqyaslı müharibənin başlaması onun maraqlarına ziddir. Çünki Moskva Yaxın Şərqdə cəlb oldunduğu müharibəyə milyardlarla vəsait xərcləyir, hərbi itkiləri kifayət qədərdir. Eyni zamanda ABŞ-ın liderliyi ilə gücləndirilən sanksiyalar yeni iqtisadi problemlərə səbəb olur…
Belə bir şəraitdə Cənubi Qafqazda “dondurulmuş” münaqişələrin “donu açılsa”, bu, digər konfliktlərə də sıçraya bilər. O zaman Moskvanın qayğıları böyük ölçüdə artar.
Rusiyanın Qarabağ münaqişəsinin həlli ilə bağlı əsas şərtləri aydındır: Azərbaycan Kremlin patronajlığı altında yaradılmış siyasi, iqtisadi, hərbi birliklərə inteqrasiya etməli, sülhün təminatçısı statusunda Qarabağa rus sülhməramlılarının yerləşdirilməsinə razılıq verməli və Misnk qrupunun digər həmsədrləri ilə münasibətləri bu konteksdə kifayət qədər sərinləşdirməlidir…
Böyük ehtimalla, hər hansı fövqəladə situasiya yaranmazsa, Putin avqustun 30-da bu təklifləri yenidən güdəmə gətirəcək, müharibə risklərinin azaldılması üçün Azərbaycan rəhbərliyinə təklif və təzyiqlərə cəhd edəcək.
Silah ticarəti
Bakının silah alqı-satqısına dair müqavilələri təzələməməsi də Moskvanı qıcıqlandırır. Çünki Azərbaycan Ukrayna, Belarus, İsrail, Pakistan və s. ölkələrlərə silah ticarətini genişləndirsə də, son vaxtlar Rusiya hərbi-sənaye kompleksi ilə yeni müqavilələr imzalamır. Bunun bır sıra səbəbləri var: onların sırasında, ilk növbədə, silahların keyfiyyəti, ehtiyat hisslərinin və sursatların əldə olunmasında yaranan problemlər, habelə Rusiyanın Ermənistana təmənnasız silah yardımlarının davam etdirilməsini göstərmək olar…
İran məsələsi
Putinin gündəmindəki daha və çox önəmli bir məsələ, şübhəsiz ki, İran ətrafında situasiyanın gərginləşməsidir. Azərbaycan regionda Rusiya ilə İran arasında birbaşa quru əlaqəsi olan və İranla çox geniş quru və su sərhəddinə malik ölkələdir. İranın əsas düşməni İsraillə isti münasibətlər bu coğrafi sərhədlərin strateji əhəmiyyətini daha da artırır.
Rusiya İran məsələsində çox ehtiyatlı davranır. Tarix boyu aralarında nüfuz və ərazi savaşları getsə də və elə indi də regionda toqquşan maraqları olsa da, hazırda Rusiya İranın parçalanmasını, irimiqyaslı hərbi təzyiqlərə məruz qalmasını istəmir. Hazırda hər iki ölkə ABŞ-ın liderliyi ilə Qərb koalisiyasına qarşı eyni mövqedən çıxış edirlər və onu da yaxşı anlayırlar ki, arlarına nifaq salınması və birinin zəifləməsi sürətlə digərinin də zəiflədilməsinə yol açacaq.
Bu konteksdən baxsaq, Moskva neft qiymətlərinə təsir baxımından Yaxın Şərqdə gərginliyin artmasından yana olsa da, regionda İran əleyhinə kəşfiyyat, informasiya və s. sahələrdə İsrail və ABŞ-la əməkdaşlığın genişlənməsini istəmir.
Xəzərlə bağlı ABŞ-la razılaşmalar
Azərbaycan və Rusiya liderlərinin gündəmində olacaq digər vacib məsələlərdən biri isə daha əvvəl – iyunun 11-də KTMT xarici işlər nazirlərinin Alma-Ata şəhərində keçirilən görüşündə ortaya çıxıb. Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva KTMT üzvü olan ölkələrin ərazisində Amerika laboratoriyalarının, həmçinin yüklərin Əfqanıstana tranziti üzrə Astana ilə Vaşinqton arasında bu yaxınlarda bağlanmış müqavilələr çərçivəsində Xəzər limanlarında ABŞ-ın logistik infrastrukturunun yaranması perspektivindən narazıdır.
Rusiyalı mütəxəssislərin qiymətləndirmələrinə görə, Xəzər limanlarından istifadə edən bu marşrutun iqtisadi və logistik məqsədəuyğunluğu yoxdur. Adının çəkiləmsini istəməyən rusiyalı diplomat bu razılaşmanı mətbuata belə şərh edib: “Bizə belə gəlir ki, bu razılaşma amerikalılara Xəzərdə mövcudluq, burada onların infrastrukturunun yaranması üçün lazımdır”.
Rusiya Xəzərdə kənar hərbi qüvvələrin fəaliyyətini özünün milli təhlükəsizliyinə birbaşa təhdid hesab edir. Onun sərhəd ölkələrindən bu barədə tələbi çox açıq şəkildə səsləndirilib. İndi Xəzər limanlarından istifadəyə dair razılaşmaların icra olunması, sübhəsiz ki, Rusiyada qıcıq doğurub.
Yeni “qırmızı xətlər”
Rusiya özünə qarşı əsas təhlükəni öz sərhədlərindən gözləyir. Ona görə də qonşu ölkələrin yürütdüyü siyasəti diqqətlə izləyir və onları Kremlin maraq dairəsindən kənara çıxmamaları üçün davamlı təzyiq altında saxlayır. Azərbaycanın yerləşdiyi coğrafiya, Qərbin bu regionda maraqları, qonşu ölkələrlə əlaqələri Moskvanı ciddi narahat edir. Açıq deyilməsə də, Azərbaycanın mümkün qədər iqtisadi, siyasi planda müstəqil siyasət aparmasını Kreml həzm edə bilmir. Xüsusən, rəsmi Bakının Qarabağ məsələsində Ermənistana qarşı diplomatik yoldan kənar, hərbi-siyasi təzyiqləri gücləndirməyə çalışması narahatlıq doğurur.
Beləliklə, Rusiya prezidenti V. Putin Azərbaycan prezidenti İlham Əliyevi 30 avqustda Moskvaya dəvət etməklə, ehtimal ki, ikitərəfli münasibətlərdə Moskvanın yaranmış yeni situasiyaya uyğun “qırmızı xətləri”nin sərhədlərini cızmağa çalışacaq…
Paylaş: