Xəbər lenti
Dünən, 19:25

  

Bütün üzv dövlətlər tərəfindən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tam şəkildə əməl olunması zəruridir.

AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin baş katibi Antonio Quterreş Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Moskvada keçirdiyi birgə mətbuat konfransında artıq 25 ildir Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icra olunmaması haqqında suala cavab verərkən söyləyib.

Baş katib BMT-nin bütün üzv dövlətlərinin təşkilatın Təhlükəsizlik Şurasının qərarlarına hörmətlə yanaşmasının zəruriliyini vurğulayıb.

Həmin suala cavab verən Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib: “Sözügedən qətnamələr hərbi əməliyyatlar zamanı qəbul edilib. Onlar bir çox hallarda, o cümlədən bizim ölkəmiz tərəfindən atılan addımlarla yanaşı, qan tökülməsinin qarşısının alınması, vəziyyətin siyasi dialoq müstəvisinə keçirilməsinə imkan yaratdı. Nəticədə, istisnasız olaraq bütün tərəflərin razılığı ilə ATƏT-in Minsk qrupu yaradıldı və bu çərçivədə qalan bütün məsələlərin, o cümlədən ərazilərin azad olunması və Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi ilə problemin siyasi həllinə nail olunması qərara alındı. Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatlar və Fransa ilə birlikdə bununla məşğuldur. Bakı və Yerevanın tam razılığı ilə qarşımızda duran vəzifələrin yerinə yetirilməsi üzərində işləyirik. Bu prosesin başa çatması üçün münaqişə tərəfləri arasında konsensus olmalıdır. Əminəm ki, bu istiqamətdə irəliləyən kimi münaqişənin nizama salınması daha yaxın olacaq”.




Ana səhifəyə qayıt        Baxış: 402          Tarix: 22-06-2018, 05:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma