Qeyd etdiyimiz kimi, “BBC News” Birtaniya arxivlərindən əldə etdiyi və Azərbaycan Xalq Cümhuriyyəti illərinə aid sənədlərin yayımına başlayıb.
Bu sənədlər əsasən ingilis diplomatların təxminən 100 il öncə bir-birinə yazdığı məktublar və teleqramlardır. Bu məktublarda Azərbaycan Demokratik Respublikasına və onun liderlərinə həm inamsızlıq, həm etimad var. Bu sənədlərin içində o dövrün şahidlərinin – ingilis diplomatların məktub və teleqramları yer alıb.
Strateq.az daha bir neçə məxfi teleqramı oxucularına təqdim edir.
Azərbaycanın Paris Sülh Konfransına nümayəndə heyəti Parisə gəldikdə dərhal müxtəlif ölkələrin təmsilçiləri ilə görüşlər keçirmiş və bu görüşlərdə Britaniyaya xüsusi diqqət yetirmişdi.
Britaniyanın bölgədəki hərbi rolu və bu dövrdəki yüksək nüfuzu və siyasi gücü Azərbaycan üçün önəmli idi. Bu əlaqələrə dair Britaniya Xarici İşlər Nazirliyinin daxilindəki müzakirələri əks etdirən qeydləri və məktubları sizə təqdim edirik.
Britaniya Səfirliyi,
PARİS.
13 May 1919
Zati-aliləri səfir üçün,
Aşağıda qeyd etdyim şəxslər bu gün hərbi konsulun qəbulunda olublar və özləri ilə general Tomsondan təqdimat məktubu gətiriblər:
ƏLİ MƏRDAN bəy TOPÇUBAŞOV- Azərbaycan Respublikasının Sülh Nümayəndə Heyətinin prezidenti.
MƏMMƏD HƏSƏN – Azərbaycan Respublikasının naziri.
MƏMMƏD MƏHƏRRƏMOV- Azərbaycan Respublikası parlamentinin üzvü.
ƏLİ QAFAROV- nümayəndə və tərcüməçi.
Bütün nümayəndə heyəti, ümumiyyətlə Britaniyaya dərin heyranlıqlarını bildirib və tezliklə səfirlə görüşmək istədiklərini söyləyiblər. Bunun üçün bir vaxt təşkil oluna bilərmi?
Bu centlmenlərin hərbi konsulla yeganə əlaqələri general Tomsonun təqdimat məktubu və hərbi konsulun heyət üçün “Lloyd Bank”ında açdığı hesabdan ibarət olduğuna görə, düşünürəm ki, səfirlik işçilərindən biri onlarla istədikləri kral hökuməti üzvlərilə görüşlərin təşkil edilməsində vasitəçi kimi tövsiyə oluna bilər. Kimisə təklif etmək istəyirsinizmi?
Ser Luis Malletdən
Paris,
14 May, 1919.
Lordum,
Mən hərbi konsuldan Azərbaycan Respublikasının Sülh Heyətinə dair memorandumu təqdim etmək istyirəm. Eşitdiyimə görə, onlar mənimlə görüşmək istəyirlər. Sizin hər hansı bir etirazınız yoxdursa, onlarla görüşməyimi təklif etmək istəyirəm. Sonuncu bənddə qeyd olunan məqamla bağlı demək istərdim ki, sizin tövsiyənizlə, bəlkə Britaniya nümayəndə heyətinin bir üzvünü Azərbaycan heyətinə yardımcı kimi təyin edək?
Lordum, sizin ən mütaətkar qulluqçunuz olmaqla qürur duyuram,
Lord Hardinq üçün
16 May 1919
Azərbaycan nümayəndə heyəti yəgin ki, üç Zaqafqaziya respublikasının heyətləri arasından bizim dəstək verməyə ən az səbəbimiz olanıdır, ona görə ki, əvvəla onların keçmişdə pan-turanizm və Osmanlı İmperiyasında “İttihad və Tərəqqi” komitəsilə əlaqələri olub.
İkincisi isə onların Rusiyadan tamamilə qopmaq və Bakının neft yataqlarına olan bütün xarici iddialardan azad olmaq istəkləri var. Bu isə gələcəkdə bu respublikanın öz məqsədlərinə nail olmasına dəstək göstərən müttəfiqlərə qarşı Rusiya hökumətində mənfi rəy yaradacaq.
Rusiya öz neft istehsalının ¾-ünü Bakının neft yataqlarından alır. Lakin gürcülərin və Qafqaz erməniləri heyətlərinin Parisə gəlmələrinə qarşı çıxmadığımıza görə, Azərbaycanın da Sülh Konfransında iştirakına etiraz etməyimizə heç bir səbəb yoxdur.
Yuxarıdaki qeydləri nəzərə alaraq bildirmək istəyirəm ki, onun səfir tərəfindən qəbul olunmalarına etirazımız yoxdur. Lakin onu da vurğulamaq istəyirəm ki, izah olunan səbəblərə görə, onları şövqələndirmək olmaz və nə səfirlik, nə də ki, bu heyətin hər hansı bir üzvü onlara xüsusi yardım göstərməyə təyin olunmalıdır.
Lord Derby
16 May 1919
Razıyam. Biz ehtiyatlı olaraq onların müstəqilliyə iddialarına dair heç bir öhdəliyi öz üzərimizə götürməməliyik. Əgər onlar utancverici suallar verərlərsə, onlara deyin ki, bu cür məsələlərlə yalnız konfrans məşğul ola bilər.
Lord Hardinq
Britaniya Nümayəndə Heyəti.
Paris.
Derby Erlindən
22 (10-375/3/3/10092)
Mayın 17-si, 1919
Sizin 14 may tarixli məktubunuza cavab olaraq bildirmək istəyirəm ki, Azərbaycan Respublikası nümayəndə heyətinin üzvlərini qəbul etməyinizə etirazım yoxdur. Lakin siz ehtiyatlı olmalısınız ki, onların müstəqilliyə iddialarına dair heç bir öhdəliyi öz üzərinizə götürməməliyik. Əgər onlar utancverici suallar verərlərsə, onlara deyin ki, bu cür məsələlərlə yalnız konfrans məşğul ola bilər.
Sizin işçilərinizdən birinin Azərbaycan nümayəndələrinə kömək etmək üçün təyin edilməsinə heç bir səbəb görmürəm.
Lordum, həqiqət və hörmətlə, sizin ən mütaətkar qulluqçunuzam,
Britaniya Nümayəndə Heyəti,
Paris,
Mayın 26-sı, 1919
Lordum,
Azərbaycanın Sülh Konfransına nümayəndə heyətinin prezidenti, cənab Topçubaşov, hazırki Azərbaycan hökumətində nazir, cənab Jalinsky (sənəddə ad Jalinsky kimi ifadə olunub, lakin böyük ehtimalla diplomatik heyətdə Topçubaşovun müavini olan Məmməd Həsən Hacınskidən söhbət gedir-red. ) və heyətin digər bir üzvü cənab Sakarov adlı bir tərcüməçiylə may ayının 23-də Ser Luis Malletin qəbulunda olublar.
Onlar bildiriblər ki, tezliklə istəklərinə dair sənədi konfransa və bizim heyətimizə təqdim edəcəklər. Görünür ki, onların ərazi iddiası iki Rusiya departamenti – Elizavetpol və Bakıdan ibarətdir. Onlar soruşdular ki, kral hökuməti onların müstəqilliyinin tanınması üçün cəhdlərini dəstəkləyəcəkmi? Həmçinin soruşdular ki, kral hökumətinin Azərbaycan üzrə mandatı öz üzərinə götürməsinə hər hansı bir ehtimal varmı?
Mən onlara bildirdim ki, mandat məsələsinə gəldikdə, buna böyük ehtimal yox idi və onların müstəqilliyinin tanınması və mandatların müəyyən edilməsi yalnız kral hökuməti deyil, bütün konfrans tərəfindən müzakirə edilməli olan məsələlərdir. Mən əlavə etdim ki, konfransın Qafqaz barədə nə vaxt və necə müzakirələr keçirəcəyini ehtimal etmək mümkünsüzdur.
Azərbaycanın Rusiyanın digər bölgələrilə münasibətləri barədə sualıma cavabında, cənab Topçubaşov bildirdi ki, onlar Rusiyada tezliklə sabit bir hökumətin qurulmasını gözləmirdilər, lakin eyni zamanda hadisələrin gedişini gözləməyə hazır idilər. Həmçinin, o, 1917-ci ildə olduğu kimi və türklərin Qafqaz işğalı ilə məhv edilən konfederasiyanın dörd Qafqaz respublikası (Gürcüstan, Ermənistan, Azərbaycan və Dağıstan) arasında yenidən qurulmasına ümid bəslədiyini bildirdi.
Söhbətimizin gedişində, o, hökumətinin gələcək dövlətlərinin sərhədlərinin daxilində qalan azlıqlara ədalətli yanaşma niyyətini vurğuladı və bu məsələ ilə bağlı qeyd etdi ki, onlar Azərbaycandan yola düşəndə hökumətdə erməniləri üç nazir və parlamentdə 20 deputat təmsil edirdi.
Yekun olaraq cənab Topçubaşov Azərbaycan hökumətinin general Tomson və Britaniya hərbiyyəsilə əla əlaqələri olduğunu, onlara xüsusi hörməti olduğunu və onlardan kömək və tövsiyələr aldığını qeyd etdi. Cənab Topçubaşov general Tomsonun və Britaniya hərbçilərinin bölgədən çıxışı barədə söz-söhbət eşitdiyini və hər iki halın onda narahatlıqlar yaratdığını bildirdi.
Heyət tezliklə Londona gələrək Xarici İşlər Nazirliyi ilə görüşmək niyyətindədir.
(cənab Balfour üçün)
Luis Mallet
Paylaş: