Berlində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitəsinin iclası keçirilib.
ATƏT PA-nın vitse-prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyev öz nitqində həmkarlarını regional təhlükəsizlik məsələlərində etimadın möhkəmləndirilməsi üzrə dialoqu intensivləşdirməyə çağırıb. Onun sözlərinə görə, silahlanma üzərində nəzarət barədə istənilən danışıq münaqişələrin ilkin səbəbi nəzərə alınmaqla aparılmalı, ümumi kontekstdən ayrı-ayrı elementlər çıxarılmamalıdır: “Etimad çatışmazlığı hər hansı mexanizmin olmaması və ya görülən tədbirlərin azlığından deyil, ayrı-ayrı dövlətlərin bütün sənədlərdə, o cümlədən ATƏT-in sənədlərində də əksini tapan beynəlxalq hüququn normalarına aşkar məhəl qoymamasının nəticəsidir. Əsrin dörddəbirindən çoxdur ki, biz regionumuzda suverenliyin və ərazi bütövlüyünün pozulduğunu müşahidə edirik. Bir çox münaqişələrin əsasında elə bu cür pozulma dayanır”, – deyən Azay Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini buna əyani nümunə kimi göstərib.
Deputat Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni təlimlərini və Ermənistanın bu ərazilərdə öz hərbi cəbbəxanasını, o cümlədən 45-ci hərbi birləşməsini beynəlxalq monitorinqdən gizlətməsi barədə müəyyən edilmiş faktları xatırladıb. “Bu, regional təhlükəsizliyə ciddi təhdiddir”, – deyə Azay Quliyev vurğulayıb.
Ermənistan nümayəndə heyətinin rəhbəri Ermine Naqdalyan bütün məsələlərdə Azərbaycanı ittiham etməklə təqsiri qarşı tərəfə yıxmağa çalışsa da, onun mənasız çıxışı heç kəsdə təsir oyatmayıb. Onun Azərbaycanı hərbi təlimlər keçirməsinə görə ittiham etməsi xüsusilə cəfəng görünüb. Bununla belə xatırlatmayıb ki, Ermənistandan fərqli olaraq Azərbaycan bu təlimləri işğal edilmiş qonşu ərazilərdə deyil, öz suveren ərazisində keçirir və buna tam haqqı var.
Ondan sonra söz alan deputat Elşad Həsənov həm xanım Naqdalyana, həm də iştirak edən bütün həmkarlarına xatırladıb ki, hərbiləşdirmənin beynəlxalq səviyyədə qəbul edilən meyarına görə, ölkənin hərbi xərclərinin onun ÜDM-ə nisbəti hesablanır. Bu baxımdan Azərbaycan və Ermənistan arasında rəqəmlər müvafiq olaraq 3,6 faiz və 4,1 faizdir. Beləliklə, Ermənistan həm Avropada, həm də üçüncü dünyada daha çox hərbiləşdirilmiş ölkədir. “Onsuz da cüzi olan dövlət büdcəsini sosial proqramlara xərcləmək əvəzinə, Ermənistan öz vətəndaşlarını lazımi səhiyyə, təhsil və s. məhrum edir, silahlanmağı davam etdirir”, – deyə azərbaycanlı deputat bildirib.
Ondan sonra söz alan Ermənistan deputatı Karen Bekaryan cavab verməyə çalışsa da, onun nitqi tamam qeyri-müəyyən səmtə yönəlib, ümumiyyətlə, sessiyanın ümumi mövzusundan kənara çıxıb. O, hansısa “feyk xəbərlər” və “ksenofobiya” haqqında danışarkən unudub ki, özü bütün ATƏT məkanında ən monoetnik ölkəni təmsil edir və məhz onun ölkəsinin sabiq prezidenti ermənilərin və azərbaycanlıların “etnik cəhətdən bir araya sığmazlığından” danışmışdı.
Beləliklə, Azərbaycan nümayəndə heyəti növbəti dəfə ATƏT PA-nın üzvlərini Ermənistan üçün münasib olmayan və gizlətdiyi faktlar barədə məlumatlandırdığı halda, erməni həmkarlar əks-arqument axtarışında öz köməksizliklərini nümayiş etdiriblər.(AzərTAc)
Paylaş: