Xəbər lenti

Zəlimxan Məmmədli: “2003-cü ildə müxalifət İlham Əliyevi milli platformaya gətirməli idi”

Azərbaycanın siyasi mühitinin zaman-zaman önəmli simalarından olub Zəlimxan Məmmədli. Onunla “Qaynar Qazan”da müsahibəyə qərar verəndə bu haqda danışmayacağını təxmin etmişdim amma. Nədən ki, Zəlimxan bəy xeyli zamandır ictimai fəaliyyətlə məşğul olur və bu səbəbdən siyasətdən ayrılıb. Onun gündəmi son illər “Borçalı” Cəmiyyətidir. Borçalı ilə yatır, Borçalı ilə qalxır. Vətənin Gürcüstanda qalan hissəsi kimi Borçalı əslində, yer üzündə yaşayan bütün Azərbaycan türklərinin və azərbaycanlıların əsas məsələlərindən biridir, biri olmalıdır. Nədən ki, biz pəndəmliklərimiz ucbatından qədim torpaqlarımız olan Dəmirqapı Dərbəndi, Ulu Göyçəni, Zəngəzuru, Qarabağı və daha necə müqəddəs torpaqlarımızı itirmişik. O mənada Borçalı bizim – bizim olan sonuncu müqəddəs torpağımızdır – Dəmirqapı Dərbənd kimi, Ulu Göyçə kimi, Zəngəzur kimi, Qarabağ kimi.

Artıq illərdir ki, siyasətin dolambaclı yollarından keçən Zəlimxan bəy bu qutlu mübarizənin içindədir. Qafqazın ən “yaramaz cocuqlarından” biri ilə – gürcülərlə savaş verir. Maraqlıdır ki, nə qədər qanunlara riayət edir, nə qədər gürcülərlə yaxınlaşmağa çalışır, nə qədər gürcülərin dövlətini də özünün dövləti bilirsə, o qədər də gürcülər tərəfindən itələnir, dışlanır və kənarlaşdırılmağa çalışılır. Ona görə ki, gürcülər onun kim olduğunu yaxşı bilirlər – hətta özümüzünkülərin bilmədiyi qədər. Onun necə milliyyətçi olduğunu, ürəyinin Azərbaycan və türk milləti üçün necə döyündüyünü gürcülər bilir və qiymətləndirir. Ona görədir ki, millətin bağrından süzülən “Elat” bayramı qadağan olundu və onun əvəzinə törəmə və qurama bir bayram çıxardılar. Sonra da ürəkləri soyumadı – Zəlimxan Məmmədlini Gürcüstana buraxmadılar – min bir bəhanə gətirərək. Beləcə, illərdir aparılan “gürcü-Borçalı” dostluğu ən azı birinci mərhələdə gözlənilən nəticəni vermədi.

Zəlimxan Məmmədli ilə həm də bu məsələlərdən danışdıq. O, siyasətlə o qədər içli-dışlı deyil, bir az məsafəlidir. Elə siyasətdən gedişi də asan olmamışdı. Hətta bir ara adama elə gəlirdi ki, Zəlimxan bəy siyasətdən bir az da zorən göndərildi ictimai işlərə. Bunu özü də təsdiqləyir bir növ. Məxsusən Əbülfəz Elçibəyin son günlərində mətbuat sözcüsü o idi. Elçibəy orada can çəkişəndə burada “bu gün-sabah gələcək” təranələri quraşdırılırdı və o bəyanatların çoxu Zəlimxan Məmmədlinin ağzından səslənirdi. O sualları da verdim və maraqlı cavab aldım – təbii ki, məncə səmimi olmadı o cavablar…

“Qaynar Qazan”da Zəlimxan Məmmədli ilə çox məsələlərdən danışdıq. Borçalı dərdindən, borçalıların Zəlimxan bəyə qarşı qaldırdıqları “qiyam”dan, “Elat” bayramından və siyasətdən. Amma saat yarımlıq söhbətin sonuna gələndə məlum oldu ki, tamamilə yeni və daha maraqlı bir mövzu başladı. Zəlimxan Məmmədli təmsil olunduğu və Xətai rayonunun icra hakimiyyətinin başçısı vəzifəsini daşıdığı Elçibəy hökumətinin zamanında qarşılaşdığı sabotajlardan, çörək qıtlığından və çörəyi dənizə tökənlərdən danışanda qərara gəldik ki, onu bir də “Azadlıq salnaməsi”ndə danışdırmaq lazımdır. Milli hökumətin işbaşından getməsi də gəlməsi kimi tarixi problemlərlə dolu olub. Aman Tanrım, bu milləti hökumətinə qarşı qaldırmaq üçün çörəyi dənizə tökən yaramazlar olub – bir düşünün.

Zəlimxan Məmmədli ilə söhbətimizin ən maraqlı məqamlarından biri də tarixi abidələr olan Şah İsmayıl Xətainin və Xocalı harayını əks etdirən “Ana” abidəsi oldu. Zəlimxan bəy planlarında olan Bakıdan bir az danışdı: Babək prospekti də AXC hökuməti dövründə açılıb. Xətai heykəlinin qarşısı böyük bir xiyaban olacaqmış və bu xiyaban “Ana harayı” abidəsinə qədər uzanacaqmış. Babək prospektinin Nizami rayonu ilə kəsişdiyi nöqtədə – indiki Ukrayna dairəsinin üstündəki Heydər Əliyev parkının yerində əzəmətli “Koroğlu-Çənlibel” abidə kompleksi qoyulacaqmış. Hündürlüyü 77 metr olacaq abidə kompleksi “7777 dəli” formasında olacaqmış. Və sair və ilaxır. Milli hökumətin və milli düşüncənin hər anı və məqamı gözəldir. Bir anlıq xəyalı belə adamı götürüb haralara aparır – neftdən gələn bu milyardlar millətin özünün qurduğu hökumətə qismət olsaydı, bu pullara milləti, onun gələcəyini düşünən sağlam insanlar hökm etsəydi, indi haralarda olardıq! Düşüncəsi belə insanı həyəcanlandırır – mən Zəlimxan Məmmədli ilə danışanda və onların gələcək planlarının cüzi bir hissəsi ilə tanış olanda o həyəcanı yaşadım. Tələbəlik illəri yadıma düşdü – biz o düşüncə və xəyallarla yaşayır, oxuyurduq. Biz bir dünya dövləti qurmaq istəyirdik. Quracaqdıq. Quracağıq.

Bu düşüncələr içərisində “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli ilə “Qaynar Qazan”da müsahibəmizin 1-ci hissəsini yayınlayırıq. Zəlimxan Məmmədli təpədən-dırnağa milli adamdır, millətin adamıdır. Şah İsmayıl abidəsinin, Xocalı faciəsini əks etdirən “Ana harayı” abidəsinin müəllifidir – bu abidələr onun başçılığında qoyulub. Tarixi məsələmiz olan Borçalı məsələsinin yükünü bu gün o çəkir – ən qutlu dərd millətin çəkilən dərdidir. Bu gün Borçalı dərdi onun çiyinlərindədir. “Elat” duyğusunu minilliklərin o tayından günümüzə qədər dartıb gətirən və millətin həyəcanverici duyğularını qabardan odur. Qısaca olaraq onun dərdinə şərik olmaq istədik “Qaynar Qazan”da. Buyurun, dinləyin…

Əvəz Zeynallı

“Qaynar Qazan”

 

I hissə

 

Borçalı sadəcə bir məhəllə deyil…

 

– “Qaynar Qazan”da bugünkü qonağımız “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədlidir. Zəlimxan Məmmədlinin Azərbaycan cəmiyyətində siyasi kimliyi də var. Amma son illər ictimai işlərlə daha çox məşğul olur. Bütün hallarda bu gün Zəlimxan Məmmədli ilə “Qaynar Qazan”da daha başqa suallar ətrafında danışacağıq. Zəlimxan bəy, “Qaynar Qazan”a xoş gəlmisiniz.

– Sağ olun, bəy, siz də xoş gəlmisiniz.

– Yeni ofisiniz mübarək.

– Açılışı sizinlə eləyirik, ayağınız sayalı olsun.

– Yeni bir ofis kirayə eləməklə yeni bir fazaya keçilir, fəaliyyətin növbəti mərhələsinə başlanılır, eləmi?

– Hər halda mən geniş adam deyiləm – özüm naturamı deyim. Həmişə nikbinəm və bir zirvə götürürəm özüm üçün. Lap bu, adi bir iş olsun. O zirvəni fəth etmək lazımdır. Əvvəlcə zirzəmidəydik, biz bir az yuxarı qalxdıq. Amma həm də dünya dəyişir, şərait dəyişir. Və “Borçalı” lahiyəsi nə qədər ictimai bir iş hesab olunsa da, hesab edirəm ki, böyük bir siyasi işdir. Biz itirə-itirə gəldik, nəhayət, bir yerdə dayanmaq lazımdır. Ağrısını çəkirik. Şairlərimiz Zəngəzurdan, Vedibasardan, Göyçədən şeirlər yazırlar, sonra ağılar deyirlər. Daha sonra yaddan çıxır. Biz deyirik ki, onlara dərs olsun ki, Borçalı sadəcə bir məhəllə deyil, həm də minillərlə babalarımızın yaşadığı bir Türk oylağıdır. Türk ruhunun hakim olduğu bir coğrafiyadır və onu qorumaq lazımdır. Bu yeni ofisimiz bu ideyaların gerçəkləşməsində yuxarıdan-aşağı baxmaq imkanı yaradır. Keçmişə, Azərbaycana, 100 il bundan qabağa, itirdiklərimizə, qazandıqlarımıza baxmaq imkanı yaradır. İndi çoxları üçün xırda görünən bu məsələdə fədakarlıq etməyə dəyərmi, dəyməzmi, bəlkə “böyük siyasət” deyilən bir şey var, “Zəlimxan orda olsa yaxşıdır”, – deyə suallar da olur, hətta bəzən çox ironik yanaşanlar da olur, bəyənməyənlər də olur, bir az bunun fəlsəfəsini açmaqda zorlanan zehniyyət də olur. Yəni diqqət mərkəzindəyik ki, “bu orada nə edir?” Hər halda, bu ofisimizi kirayələməyin də kökündə o durur ki, yol davam edir və o qadağa, bu baxışlar, tənqidlər – bunların heç biri təsirsiz deyil. Tarixdən gəlinən nəticə odur ki, sahiblənməsək, sahiblənirlər. Olmasa da, əlimizdən alırlar. İtirib axtarmırıqsa, bizlik olmur. Bu, məişətdə də, həyatda da, böyük siyasətdə də belədir. Biz hələ dünən Qərbi Azərbaycanı itirmişik, axtarmaq da istəmirik. Və o da sənə veriləsi deyil. Onu alan da oradan çıxıb gedəsi deyil, “bağışlayın” deyəsi də deyil. Ev eşqin olarsa, sahiblənmək duyğusu ortaya çıxarsa, oradan tutunmaq istəyib, “mənimdir” deyə hayqırarsansa, hətta burada bir az qan da tökərsənsə, bu, sənin ola bilər. Yoxsa elə-belə sənin olası deyil.

Bilirsiniz, bu ofisimizə ilk ayaq açan sizsiniz. Hələ ki, bəzi təmir işləri görülür. Girişindən çıxışına qədər səliqəli olmalıdır. Çünki bura bir milli dava ocağıdır. Bu ocaq bütün hallarda çox səliqəli olmalıdır. Artıq danışmaq da olmaz. Yasaq qoymuram, amma bura gələn adamlar mənən zəngin adamlar olmalıdır. Bu ocaqda hədəf mənim cibim və ya mənim kariyeram deyil, bir başqasınınkı da deyil. Burada millətimizi, onun əhəmiyyətli bir kəsimini, hələ ki Azərbaycan folklorunu, kültürünü özünəməxsus notlarla zənginləşdirən, həm də dilimizdə çox gileyləndiyimiz ərəb-fars sözlərini türk sözləri ilə əvəz edən bir ocaq var. Borçalı ocağını, onun ruhunu, coğrafiyasını yaşatmaq, yəni itirməmək lazımdır. O baxımdan, bu ocağa yaxşı insanlar gəlib-gedəcək. Ayağınız sayalı olsun.

 

5 dəfə mandatımı ləğv ediblər

 

– Amin. Borçalı çox ağır bir problemdir əslində və digər ölkələrdə qalan əsir yurdlarımızın hamısı itirilib. Dərbənd Rusiyada qaldı, itirildi. Siz demiş, itirib-axtaran da heç yoxdur. Sonra Ermənistanda qalan Göyçə, Zəngəzur və başqa torpaqlarımız itirildi. İndi kənarda qalan ən önəmli torpağımız Borçalıdır. Onun da başının üstündə zaman-zaman dumanlar əsib. İstəyirəm bu məsələnin mahiyyətindən danışaq. Siz həm də böyük siyasətdə idiniz. Böyük siyasətdən Borçalı məsələsinə bilərək getdiniz, yoxsa sizi itələyib sıxışdırdılar, ona görə ora getdiniz?

– Bəy, siyasət elə bir şeydir ki, biz toxum əkdik ki, bu cücərsin, sonra bar versin. Qoymurlar. Biri suyunu kəsir, biri dərmanını vermir, alaq otları basır, ziyanvericilər gəlir, qonşunun bağ heyvanı girir bostana, dağıdırlar, bar verməyə qoymurlar. Yəni siyasət obrazını götürəndə belə deyərdim ki, bizim Azərbaycan mühasirəyə düşüb. Hətta millətin boy verməsinin ən böyük dərmanı Məhəmməd Əmin Rəsulzadə xəttidirsə, müsavatçılıqdırsa, rəsmi səviyyədən tutmuş qıraqdan ərazimizə göz dikən də, işğal edən də onu təqib edir. Ona görə ki, o, millətin xilas yoludur və hər tərəfdən təqib olunur. Bir müddətə qədər onlara qarşı durduq, sadəcə siyasətdə o təməllər ki var, iki üstəgəl iki dörd edir, məchul deyil. Bəzi hallarda, iki üstəgəl iki doqquz deyirlər və bunun üstündə də çox israrlı olanda məntiq qoyursan. Yəni burada qatığın ağlığını sübut eləmək lazımdır. Görürsən ki, o da zorlayıb “sən niyə qatıq ağdır dedin, bu qaradır” deyəndə artıq baxırsan ki, siyasi termindən çıxdı bu. Buradakı normal yanaşma da deyil, primitiv yanaşma da deyil, artıq xəstə təxəyyülüdür. Və ona da boy vermək üçün müəyyən dava-dərmanlar vuranda baxırsan ki, insan simasını itirir. Ya bunu öldürməlisən, ya da özün getməlisən. Yəni mən bir az siyasətin içində mütləqləşdirdiyim bir şeylər var. Mənəviyyat və siyasət bir yerdə uyuşar, uyuşmaz deyirlər. Biri deyir, yox, praqmatik siyasətdə uyuşmaz, nə mənəviyyat, bas keç. Amma mənim düşüncəmə görə, öz fikrim belədir ki, bu ikisi yanaşı olanda millətə fayda verəcək, yox, bunlar ayrılsa millətə fayda gəlməyəcək. Mən də kariyerist deyiləm, yəni özüm üçün buranı bir kariyera yeri, mənfəət əldə eləmək, bu gün millət vəkili olmaq, sabah filankəs olmaq niyyətində deyiləm. Zamanında millət vəkili seçilmişəm də, üstündən 5 dəfə mandatımı ləğv ediblər, birində rəsmi, digərlərində saxtakarlıqla ləğv olunub. Təkliflər-filan da olub, onu, bunu edərik deyiblər, mən bu ikisinin vəhdətdə saxlanılmasının tərəfdarı olmuşam və bu gün də eləyəm. Bir insan kimi mənim də quruluşum elədir. Ola bilər ki, özünü iri hesab edən bir siyasətçi mənə yuxarıdan-aşağı baxsın ki, “bu nə danışır, sənin yerin siyasət deyil”. Amma hər halda, fayda verəcək məkanı orada görürəm ki, bunlar vəhdətdə getməlidir. Mən fayda vermək üçün siyasətdəyəm. Yəni siyasət başlayanda mən Bakıda kəndimizin maddi imkanlarına görə, ən imkanlılarından biri sayılardım. Burada müəyyən məsələlərə görə mənə müraciət edərdilər. Yəni maddi məsələ deyil, evim-eşiyim, maşınım, bağ yerim var idi. Amma sonra baxırsan ki, vətən savaşında bir maşın silah da almışam, silah da göndərmişəm. Yəni formalaşmasında rollarımız olub, heç vaxt dilimizə gətirməmişik, birinci dəfədir ki, burada gedir. Yəni bu, o deməkdir ki, ona qida verməsən, bar verməyəcək. Fikirləşirdik ki, millət bunu istəyirsə və bu da səndə varsa, bunu verməlisən. Amma sonra siyasətdə təməl olaraq ideoloji təmərküzləşmə getmədi. İdeoloji sistemləşmə pozuldu. Artıq eqolar gəldi, fərdlərin hikkələri gəldi. Və bir zamanlar gördüm ki, artıq bu, siyasət deyil, başqa bir şeyə oxşayır. Elə həmin ərəfədə aydınlarımız, ziyalılarımız dəvət elədilər, “a bala, gəl otur, söhbət eləyək, mətbuatda tənqidlər eşidirik”-filan. Yadınızdadırsa, bir az da əleyhimə gələn şəbəkə böyük idi, “sənin adın var, sanın var, əslin, nəslin var, gəl elə buna rəhbərlik elə. İcra başçısı-filan olmusan, imicin var”. Və o bir az diqqətimi çəkdi. Mənim dinc durmaq imkanlarım yox idi. Siyasətdən getməyi də düşünmürdüm. Bəydən sonrakı qurultayımızda hətta sədrliyə iddia qoydum. O iddianın kökü yanlışlara etiraz, protest idi. O etirazlar gerçək istəyim deyildi. Sadəcə, diqqəti buraya yönəltmək istəyirdim ki, bizim problemlərimiz var. Məsələn, bizim cəbhənin missiyası bu deyil, bu vəziyyətdə olmalı deyilik, bu təşəbbüsü götürməliyik. Yəni belə lahiyələr, təkliflər eləmişdim. Amma bu ziyalılar bir növ saqqızımı oğurladılar. Rəhmətlik Camal Mustafayev orada öndər olanlardan biri idi və mən ora getməyimdən peşiman deyiləm. Doğrudan da, ciddi təlatümlü bir Borçalının səsi indi çox yerlərdən gəlir. Yəni bizim hədəfimiz orada döyüş, möcüzələr yaratmaq deyildi.

 

Borçalı Göyçənin taleyini yaşasa…

Ən azı, ictimai rəyi, diqqəti problemə yönəltmək idi. Azərbaycanlı insanın Borçalının nə olduğunu bilməsi idi. Hələ də bu Azərbaycanın içində çox çalışmaq lazımdır. Azərbaycan aydınları, elit təbəqəsi bilsin ki, orada belə bir torpaq var. Azərbaycanın kənarında strateji əhəmiyyət daşıyır. Dövlətlərin münasibətini tənzimləyən bir yuvadır. Bura sadəcə insanların yaşadığı bir coğrafiya deyil, Borçalının ayrı bir siyasi mahiyyəti var. Mən cəsarətlə deyirəm ki, Borçalı Göyçənin taleyini yaşasa, hər halda yaşamayacaq, bir əminliyim var ki, Azərbaycanın dövlətçiliyinin gələcəyi ciddi şəkildə təhdit altına düşə bilər. Oraya yolumuz da, ruhumuz da bağlanar. Çox şeylər var ki, Qərbi Azərbaycan, Borçalı Azərbaycanın mənəvi dünyasını qidalandırır. Dərbənd təməl idi, Dərbəndi aldılar və unutmağımızdan da istifadə etdilər, “Dərbənd artıq bizim deyil” deyərək artıq onu düşünmürlər. Hərdən Borçalı Cəmiyyətində o məsələni gətirəndə “Dərbəndin Borçalıya nə dəxli var?”, – deyirlər. Çox böyük dəxli var. Və biz Qərbi Azərbaycana müdaxilə edəndə, hətta Qərbi Azərbaycandan böyük siyasətçilər “sən kimsən, bizim bostanımıza girirsən” deyirlər. Borçalı o baxımdan Azərbaycanın dövlətçiliyinin və regionda, ümumiyyətlə, Cənubi Qafqazda tarazlığın təmin olunmasının açarlarından, qüvvələrindən biridir. Etnik faktor var, dini faktor var, mənəvi və kultural faktorlar var. Çox ciddi faktorlar var ki, o coğrafiyanın qida mənbəyidir. Fikir verin, Qarabağda, Qərbi Azərbaycanda kompakt olaraq birlikdə məskunlaşmağa qoymurdular. Çünki o kültürü yaşadacaq. Dağıtdılar və 70-ə qədər rayona dağılıblar. Bir-iki nəsildən sonra artıq bir növ milli Azərbaycan dövlətinin o regionunun içərisində assimilyasiya olunurlar. Onun kültürəl, təməl özəllikləri sıradan çıxır. Dil quruluşu, türklük, türk ruhu sıradan çıxır. Bunu Dağlıq Qarabağda edirlər. Yadınızdadırsa, Qərbi Azərbaycandan deportasiya olanda, hətta kəndi kəndə dəyişmək məsələləri az yerdə baş tutdu. Əksər halda onu dağıtdılar. Bunların hamısı böyük bir siyasətdir. Mən demirəm ki, bunu Məmməd, Həsən elədi. Böyük güclərdir və bunlar türk ruhunu öldürmək üçün hesab edir ki, sazımız Kəlbəcərdədir, Qərbi Azərbaycandadır, Borçalıdadır.

 

Harada qədim Dədə Qorqud ruhunu saxlayan dialekt varsa, oranı dağıdırlar

 

Bu, bizim gözümüzün qabağında baş verir və bunu bu cür əsaslandırıram ki, məşğul olduğum sahə ümumi Azərbaycan probleminin tərkibi, mərkəzlərindən biridir. Bu, sənin problemindir, Əvəz Zeynallının problemidir, hamımızın problemidir. Qazaxlıların yığılıb sadəcə qazax problemini həll etməsi gülməli gələr. Azərbaycan var, dövlət var, mərkəzi aparatı, icra hakimiyyəti var. Bir kəndində müəyyən yardımlar edə bilər, bu, ayrı şeydir. Amma Borçalı ilə bağlı tamamilə fərqli bir şeydir ki, biz bir mərhələ üçün Borçalının problemini, mahiyyətini, Azərbaycan cəmiyyətinə, Türkiyə vasitəsilə hələlik türk dünyasına tanıtmaq üçün müəyyən lahiyələr həyata keçirmişik və buna davam edilməli, çox iş görülməlidir.

– Zəlimxan bəy, mən belə başa düşdüm ki, siyasətdən elə problemlər olmasaydı, hər iş rəvan getsəydi, siz heç “Borçalı” Cəmiyyətinə gəlməyəcəkdiniz.

– Anklav olaraq Zəlimxan Məmmədlinin fədakarlığı, onu da bilirəm ki, siyasi proseslər həll olunmamış effekt verəsi deyil. Anklav olaraq Borçalının xoşbəxtliyi Azərbaycanın xoşbəxtliyinin içərisindədir. Ola bilər ki, dağ da, dərə də qurarıq, məktəb də qurarıq, amma bu Azərbaycan Allah eləməmiş, türkçü olmazsa, heç nə olmaz. Sadəcə bir yuva olar ki, o yuva qaynayar. Bir müddət fədakarlık edər, o baxımdan, Azərbaycan və onun siyasi sistemi, ciddiliklə o dediyimiz xəstəliklərdən aşınmalıdır, qurtarmalıdır, ələnməlidir, yenilənməlidir. Təsir əks təsirə bərabərdir, adekvatlaşmalıdır. Elə döyürlər, biz də başımızı salırıq aşağı, demək olar ki, köhnə qvardiya yorulur, görürsən də tədbirlərimizdə. Eyni, monoton durumdur. Amma çox şeylər dəyişib ki, çox şeylər də dəyişməlidir və təbii ki, Azərbaycan siyasəti yeniləşməsə, modelləşməsə, düzəlməsə, ayaq üstə durmasa, Borçalı və o məsələdə digərləri haqqında da nəticə əldə olunmaz.

 

Mənim layihəm aparıcı olsaydı, indi fironlaşma olmazdı

– Tural Əliyev soruşur: “Zəlimxan bəy, KXCP-nin son vaxtlar fəaliyyətinin zəifləməsi sizcə, nə ilə əlaqədardır? Siz KXCP sədrliyinə namizədliyinizi irəli sürəcəksinizmi?”

– Təbii ki, bu, dediyim məsələ idi. Mən hakimiyyətin içində idim. Ali Məclisin sədri idim.

– Siz ora hələ üzvsünüz?

– Üzvəm, bəli. Mən sədaqəti çox xoşlayıram, bəy. Yola da sədaqətliyəm, amma mənim “Borçalı” Cəmiyyətinə getməmişdən əvvəl başqa fikirlərim də var idi. Amma təməlli olaraq siyasətdə idi. Yəni mən boş olaraq çəkilim gedim, elə deyil.

– Demokratiya yoxdur onda, belə çıxır ki.

– Əlbəttə.

– Sizin fikirləriniz olub, partiyada da bu olub yəqin ki.

– Həm o olub, həm hüquqi qərarların qəbul olunmasında kollegiallıq zahirən görünə bilər. Amma eyni zamanda elə şeylər baş verib ki, mən fikirləşirəm və bu gün də o iddianın üzərindəyəm ki, o layihə aparıcı olsaydı, indi fironlaşma olmazdı. 2003-cü ildən, bəy rəhmətə gedəndən sonra, Müsavat partiyası ilə həm vahid namizəd, həm də vahid komanda prinsipi ilə ümumi seçki qərargahına Arif Hacılı ilə mən rəhbərlik etmişəm. Ondan sonrakı dönəmdə, meydan bizim idi. Və o saxtalaşdırmalar oldu, udduq, o, öz yerindədir. Ona da protokol vermək, bunu iddia eləmək üçün əsaslarımız var. Amma həmin ərəfədə mənim düşüncəm bu idi ki, İlham Əliyev gəlib prezident olur, həm də bilirik necə olur. Amma bütün hallarda mənim üçün o, Heydər Əliyevin oğludur. Onun dədəsi Moskvanın məktəbinin bütün “orasını-burasını” da bilir. Və hətta dədəsinin Moskvadan Naxçıvana sürgün olunmasının – Şevardnadze ilə bu ikisi sürgün olunmuşdular. O sürgünün ətrafında Kremlin iddiaları, maraqları vardı. Yəni Azərbaycanda milli qüvvələrin qarşısına bunlar çıxarılırdı. Gürcüstanda da Şevardnadze faktı mühim rol oynadı. Qamsaxurdiyaya baxış birmənalı deyil. Qara piar üzərində onun obrazı formalaşır, amma o da milli dövlət qurmaq istəyir. O da milli gürcü dövlətini qurmaq istəyirdi. Hər ikisinin qarşısında Moskvanın yetirməsi durdu – Şevardnadze və Heydər Əliyev. Amma onun keçdiyi məktəb – KQB məktəbi o qədər mükəmməldir ki, bəlkə də zombiləşmiş müəyyən şeylər var ki, sən onu oradan alıb bura gətirəsən, bu mümkün deyil. İlham Əliyevin, xəyalpərəstlik deyirlər buna, amma düşünürdüm ki, təzə-təzə oturuşmamış, 2003-cü ildəki prezident seçkilərindən sonra məhz aktif 100.000-i ortaya çıxara bilən müxalifət, vahid bir güc mərkəzi vardı. Güc mərkəzi daha praqmatik yanaşaraq buna yaxın getməli idi. Gedib onun yaxasından tutub onu milli platformaya gətirməli idi.

– Müxalifət getmədimi?

– Yox, getmədi. Ondan sonra bir müddət asma-kəsmələrdən sonra artıq hərə öz oyununu oynamağa başladı.

– Deyirsiniz ki, 2003-dən sonraki o hadisələr olmamalı idi mi?

– Olmaya bilərdi. Mən, məsələn, layihə təşkil elədim o ərəfədə. O layihə ciddi şəkildə müzakirə olundu. Aktifləşmədən qarşılıqlı etimada doğru bir lahiyə. Yəni qütbləşmənin Azərbaycan cəmiyyətinə ziyanının fərqində idim. İndiki etapda bu cavan oğlan hələ o məktəbi keçməmiş varislik prinsipi ilə gəlir, onu çəkib bu düşərgədə işlətmək olardı, olmazdı? Bəlkə də bundan daha pis ola bilərdi.

– Yəni deyirsiniz ki, müxalifət İlham Əliyevə doğru getsəydi, İlham Əliyev əl uzadardı?

– Uzatmasa da, hər halda, məsuliyyət onun üzərində qalardı.

– Deyəsən, o vaxt İlham Əliyev dialoq təklif eləmişdi.

– Yox, bəlkə də o təklif elədi, amma öz maraqlarına uyğun şəkildə. Artıq çeşitlədi, kimlərlə getmək olar, oyunlar başladı. Həmin oyunlarda bizim verdiyimiz platformaya alternativ olaraq cəbhənin birləşmə layihəsi yuxarıdan gəldi. Etimad lahiyəsi partiyanın içərisində səs çoxluğuyla keçdi. Sonra üstündən xətt çəkdilər, keçmədi. Hətta o layihə keçsə, gərək kiminsə meyitinin üstündən keçəydik. Və təbii ki, artıq yaradıcı yanaşma yoxdur. Keçərdi, lap müzakirə eləyərdik, təkliflərimiz gedərdi, siyasi müxalifəti yığardıq. Biz etimad ideyasının tərəfdarıydıq. Hər halda indi də gec-tez Azərbaycanda ya qanlı inqilab, ya da etimad mühiti olmalıdır. Ortaya gəlməlisən və bir qərar qəbul eləməlisən. Yəni bilmirəm, bundan başqa alternativ yollar varmı? Həmin ərəfədə cəbhənin içərisində birləşmə oyunu gəldi. Məsələn, yurdçular öz oyununu oynadı, Qüdrətgil öz oyunlarını oynadılar.

– Bir yerdə idiniz, deyəsən, Qüdrət Həsənquliyevlə?

– Yox, onlar artıq ayrılmışdılar, hətta partiya qururdular, proses içəri gedirdi.

– İndi dediniz yadıma düşdü, bu hadisələrdə özünüzü nədəsə günahkar hesab edirsinizmi?

– Qabağa getsək, deyir, “çoxluq qərarı qəbul edibsə, tabe olmalısan” prinsipidir. Amma 1998-ci ildə tarixi bir şans məhz bizim partiyanın içərisində çoxluğun qərarı ilə bir tarixi prosesin qarşısı alınıb. Əbülfəz Elçibəy və Heydər Əliyevin prezidentliyə namizəd olaraq alternativ toqquşdurma imkanları bizim öz partiyamızın içərisində səs çoxluğu ilə dayandırılıb, boykot edilib.

 

Boykot ideyası ona görə irəli sürüldü ki, Elçibəy namizəd olmasın

– Yəni cəbhə də istəməyib ki, Əbülfəz Elçibəy namizəd olsun?

– Boykot ideyasının 12 sentyabr mitinqindən sonra ilk xətti, təməli bizdə qoyulub. “Qanunvericilik yaxşı deyil”, “paritet deyil” bəhanələri ilə…

– Yəni boykot ona görə irəli sürülüb ki, Əbülfəz Elçibəy namizəd olmasın?

– Bəli.

– Belə bir fikir var ki, İsa bəy də yerini verməyib?

– Həmin ərəfədə o da var idi. Bir partiya olaraq iddialı idi. Zaman-zaman çıxışları olub. Çox kəskin çıxışlar olub.

– Yəni Əbülfəz bəyin öz partiyası da onun namizəd olmaması üçün boykot edib.

– Mən içində olmuşam. Hətta cəbhənin boykot qərarının nüvəsi bizim partiyanın içərisində olub. Səs verənlər də indi kifayət qədər məsul yerdədirlər.

– Səs verənlər kim idi?

– Bəlli adamlar. Hər birinin də öz partiyası var.

– 1998-ci ildir, yaddan çıxıb.

– Kiminsə yadından çıxar, amma Əvəz bəy, sənin yadından çıxmaz.

– 20 il keçib, ən azından gənclər üçün burada deyilməlidir.

– Hər halda o vaxt Əbülfəz Elçibəy komandası və sonrakı idarə heyətinin üzvlərinin əksəriyyəti partiya sədridir.

– Deyirsiniz, hər kəs mükafatını alıb?

– Əlbəttə, mən hər halda bu hakimiyyətin bir üstün cəhəti olaraq öz maraqları baxımından onlara xidmət edənlərin haqqını verir. İstər imperiyada olsun, istərsə siyasətdə.

– “Özünüzü günahkar hiss edirsinizmi” ona görə dedim ki, Əbülfəz bəyin son günlərində mənim də yadımdadır, siz dediniz ki, vəziyyət çox yaxşıdır, özü ilə danışdıq. Amma sonra məlum oldu ki, həmin dövrdə Əbülfəz Elçibəy komada olub.

– Yox, mənim ən sonuncu danışığım da o rəhmətə gedəndən 3-4 gün əvvəl olub. Birbaşa özü ilə danışmışam. Kimlər salam verib, adlarıyla demişəm. Şəxsən mən orada Əbülfəz bəyin sağlığı ilə bağlı mediaya açıqlamadan məsul idim. Və həmin ərəfədə aldığım informasiya nə idisə, onu verirdim. Yəni hər hansısa formada onu təhrif eləyim verim, bu ola bilməzdi, mümkün deyildi. Nə alınıb, o verilib. Səsi çox boğuq idi. Amma biz ən sonuncu günlərdə onun xərçəng xəstəsi olduğunu öyrəndik. Bizə immuniteti çox zəifdir-filan deyirdilər, həkimi ilə, özü ilə, yanındakılarla danışmışıq. Ola bilər, Azərbaycan cəmiyyətini məyus eləməmək üçün idi, özünün tapşırığı idi. Amma mən nə almışamsa, mediaya da o informasiyaları vermişəm.

 

Mirmahmud Ağa da firondur

– Bayaq fironlaşma ilə bağlı bir şey dediniz. Öz partiyanızdan danışanda da elə deyirsiniz? Mirmahmud bəyə firon demək olarmı?

– Niyə olmaz ki? Mirmahmud ağa da bir bəndədir.

– Yəni odamı fironlaşdı?

– Ola bilər ki, obraz tam o fironlardan olmasın. Amma ümumiyyətlə götürəndə avtoratizmə meylli olur. Mən dediyim olmalıdır-filan. Mirmahmud ağa da olub, digərləri də olub. Azərbaycan siyasətində o buzu sındırana mən bir təbrik yazmışdım. İsa bəy namizədliyini verməyib Arif bəy seçiləndə, nəhayət ki, partiyada da bir yeniləşmə oldu. Hər halda Müsavat partiyasında böyük fəlakətlər olmadı, ayrılan-filan oldu. O da mövcud liderin əvəzolunmazlığı imicini yaratmağın ağrıları idi. Və o mühit 3-5 nəfər tərəfindən yaradılmalı idi, iddialı ola bilər, dəyişə də bilər. Mən bu gün o imici cəmiyyətin özündə də hazırlayıram. Mən artıq bəyan edirəm ki, namizədlər də hazırlansın, gəlin. 2 il yüklədilər “Borçalı” Cəmiyyətini, amma mən 2 il təpkili idim. Hələ 10 illikdə mən getmək istəyirəm.

– Belə çıxır ki, siz növbəti seçkilərdə “Borçalı” Cəmiyyətindən gedəcəksiniz?

– Yəni mənim istəyim belədir ki, yeni nəfəs gəlməlidir. Yeni nəfəsin qarşısında təbii ki, biz də kötük olmayacağıq, yardımçı olmaq istəyirik ki, bu, işlək bir mexanizmə çevrilsin. Mirmahmud bəy də bunu çoxdan etməli idi. İsa bəy elədi, yəni partiyanın imicini itirmədi.

– Məhz indiki məqamda da İsa bəyin attığı addımların faydaları səhhəti ilə bağlı məsələlərdə-filan görünür.

– İsa bəyin sağlıq durumundan öncə də kifayət qədər aktif bir tarixi təqdim eləməyə başladı. Amma qəfildən oldu. Bizim də başımıza gələ bilər, heç kim axşam nə baş verəcəyini bilmir.

– Yəni onu demək istəyirəm ki, hətta səhhətində çıxan problemlər də partiyada bir dalğalanma yaratmadı. Çünki artıq partiyanın başqa çıxış yollarının olduğu məlumdur. Zəlimxan bəy, Klassik Xalq Cəbhəsindəki qurultaya müdaxilə edəcəksinizmi? Namizədlərlə bağlı?

– Mən qurultay nümayəndəsiyəm, amma iddialı olan namizədlər də var. Mən KXCP-nin üzvüyəm. Amma eyni zamanda partiyanın sədrliyi ilə bağlı bu vəziyyətdə hər hansı bir formada o iddiada ola bilmərəm. Onun üçün bir sıra təməllər var. Loyal keçid müəyyən olunmalıdır. İndiki sədr bu baş verənlərə xeyir-duasını verməlidir və o xeyir-duanın da üzərində durmalıdır. Daha sonra o partiyaya yeni nəfəs vermək olar. Mən düşünürəm ki, KXCP indiki durumundan daha yaxşı müstəviyə qalxa bilər. Onun imkanları da var. Mənim özümü düşünürüksə, partiya quruluşunda təməl olaraq tələb olunan 5 maddənin 3-ü varsa, 2-ni də əksik görürəmsə, mən artıq o tərəfdə olmayacağam. Mən nə zamansa bu iddiada olsam, o zaman 5 komponentlə gəlib birinciliyə iddialı olacağam və reallaşdıracağam. 5 komponent olmasa gəlib oynayaram, 1-2 manat artıq verərlər, o da mənlik deyil.

– “Borçalı” Cəmiyyətindəki sədrliyinizdən istefa verəndən sonra yenidən siyasətə qayıdacaqsınızmı?

– Gələrəm, mümkündür. Allah can sağlığı versin, adamların bəziləri 50 yaşını keçdik, nəyimiz qalıb deyirlər, amma tibb elmində, biologiyada, təsnifatda 62 yaşa qədər gənclik dövrüdür. Sən onu bilirdinmi?

– Yox.

– 62-dən 70-in üstünə qədər ahıllıq dövrüdür. Sonra 90-a qədər qocalıq dövrüdür. 90-dan sonra artıq uzunömürlülük dövrüdür. Yəni 4 yerə bölünür. Bizim hələ cavan vaxtımızdır, mən cavan hiss edirəm özümü. Yəni 40-50 yaşlar eşidəndə belə havalanıram. Yox, deyirlər ki, nəyimiz qalıbdır? Hələ hər şey qabaqdadır. Mən “Borçalı” Cəmiyyətindən istefa vermək yox, layiqli bir sədr – hamınızın etimadı ilə – seçiləcək, ictimai qurumlu fəaliyyətini aparacaq, mənim də əl-qolum açılacaq. Siyasi fəaliyyətdə olmağa zaman, sağlıq icazə verəcəksə, o iddia var.

 

Nazim İbrahimovun cibinə baxanlar vardı…

– “Borçalı” Cəmiyyəti ətrafında gürcüstanlılar arasındakı təlatümlər səngidimi?

– Gürcüstanlılar arasında “təlatüm” anlayışı süni qurulmuş bir şeydir. Məsələn, Borçalını, gürcüstanlıları deyək, Azərbaycan cəmiyyəti yaxşı tanımır. Yəni onun varlığı, fəlsəfəsi, quruluşu, insan tipi həqiqətən öyrənilməli bir məsələdir. Bir qrup alim adında, amma nə alimliyində bir şey deyillər, nə də hər şeyə müdaxilə edirlər. Müəyyən mənada Nazim İbrahimovun cibinə baxanlar var.

– Nazim İbrahimov da edirdi onu?

– Onun başında duranlardan biri idi. Gürcüstandakı və buradakı şəbəkə onun dəstəsi idi. İndi tapşırığı haradan almışdılar, bilmirəm. Öz başı ora qədər çata bilərdi. Bir neçə dəfə görüşdüm və gördüm ki, bu başla heç yeni şeylər eləmək olmaz. Ondan yaxşı əyri biznes-filan qurmaq olardı. Pul silməyə yarayardı. Sağlam, keyfiyyətli bir milli-ideoloji təməlin daşıyıcısı kimi baxa bilməzdim ona. O, müəyyən mənada kriminallaşmış bir adam idi. Özü ilə söhbətlərimizdə də demişdim mən özünə. O, pul sayırdı.

– Kim?

– Nazim İbrahimov. Və onun da Gürcüstandakı şəbəkəsi lap birinci gündən əleyhimizə idi. Seçildiyim ilk gündən əleyhimə oldular. İlk boykot qərarı verən də onlar oldular, oradan – Borçalıdan. A uğurun xeyir olmasın, niyə boykot edirsən, nə baş verib? Siyasət deyil, hakimiyyətə getmirik, yaylaqda el bayramı etmək istəyirik da. Biri şayiə buraxdı, biri para buraxdı, bir qəzetdə “elat yox, elə atanlar” yazdılar. Hələ cəmi-cümlətanı bir ay deyil seçilməyimdən, atəşlər açılmağa başlayır. Bu da bunun maliyyələşdirdiyi qəzetin iki səhifəlik yazısıdır. Və bir nəfər də onun düşərgəsindən “Elat” bayramında iştirak etmədi. Bütün kəndlərimizin – 206 kəndin əksəriyyətinin ziyalıları iştirak edirdi.

– Getdikcə də böyüdü…

– Bəli, böyüdükcə də mənim üçün ciddi problemlər yaranmağa başladı.

 

I hissənin sonu

Strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 540          Tarix: 17-08-2018, 12:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma