Azərbaycan-NATO əlaqələri prezident İlham Əliyevlə bu qurumun Parlament Assambleyasının sədri Paolo Alli-nin başçılıq etdiyi nümayəndə heyətinin görüşündə müzakirə edilib.
Strateq.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, sentyabrın 12-ə keçirilən görüşdə prezident İlham Əliyev Azərbaycan ilə NATO arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib.
O, NATO Parlament Assambleyasının iqtisadiyyat və təhlükəsizlik komitəsinin Bakıda keçirilən iclasının əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Xəbərdə Paolo Allinin də regional təhlükəsizlik və əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılmasında maraqlı olduqlarını qeyd etdiyi bildirilir.
Xatırladaq ki, Azərbaycan NATO ilə əməkdaşlığa 1994-cü ildə başlayıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edir.
2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2005-ci ildən Azərbaycan FTƏP-ə qoşulub. Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvlük məsələsi qoyulmayıb.
Paylaş: