İki gün sonra – Bakının işğaldan azad edilməsinin 100-cü ildönümü günündə Bakıda Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə, dövlət başçılarının qatılacağı çox böyük tədbirlər olacaq. Bununla da bu ildönümünü birlikdə qeyd etmiş olacağıq.
Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Bakının erməni-bolşevik işğalından azad edilməsinin 100 illiyi” mövzusunda keçirilən simpoziumda bildirib.
Onun sözlərinə görə, həm Türkiyə, həm də Azərbaycan üçün 100-cü ildönümün təntənəli şəkildə keçirilməsinin əsas məqsədi baş verənləri xalqa anlatmaq, xüsusilə də gələcək nəsillərə hansı səbəbdən bir yerdə, qardaş olduğumuzu, tariximizdə nələrin baş verdiyini çatdırmaqdır: “Biz bütün həqiqətləri xalqa çatdırmalıyıq. Onlar türkün tarixində utanılacaq heç bir şeyin olmadığını öyrənməlidirlər”.
E.Özoral 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin elan olunmasının 100-cü ildönümünün olduğunu da xatırladıb: “Təbii ki, bunda Türkiyənin də payı var. Bu da 1918-ci il 15 sentyabr tarixində Qafqaz Islam Ordusunun Azərbaycan torpaqlarında həyata keçirdiyi əməliyyatların nəticəsində Bakını işğaldan azad etməsidir. Bu, bizim qardaşlıq münasibətlər baxımından çox önəmli bir yer tutur. Bu hadisənin 100 illik bir tarixi olsa da, o, hazırkı müstəqil Azərbaycanın yolunu açan çox önəmli bir hadisə olub. Bizim verdiyimiz bu dəstək Türkiyə üçün də qürur qaynağıdır. Hər birimizə qürur verən bu günün qeyd olunması üçün uzun müddətdir ki, hazırlıqlar aparırıq. Bu ilin əvvəlindən səfirlik tərəfindən Qafqaz İslam Ordusunun 100-cü ildönümü münasibətilə bir sıra tədbirlər keçirilib”
Paylaş: