Xəbər lenti
27-11-2024, 19:25

İsrail və Türkiyə iki ölkə münasibətlərinin normallaşması üçün məxfi danışıqlar aparır. Əgər dramatik nəsə baş verməsə iki ölkə səfirləri İsraildəki payız bayramlarının ardınca qarşılıqlı olaraq öz iş yerlərinə qayıdacaqlar. Bunu İsrailin “Yediot Ahronot” nəşri yazıb.

Bu ilin mayında Türkiyə XİN İsrailin Ankaradakı səfiri Eytan Nayeni ABŞ-ın Qüdsdə səfirlik açmasına etiraz olaraq geri göndərib. Prezident Rəcəb Tayyib Ərdoğan İsraili Qəzza ilə sərhəddə etirazçılara atəş açılmasına görə “terrorçu dövlət” adlandırıb. Paralel olaraq Türkiyə öz səfirini İsraildən geri çağırıb. Bu diplomatik demarşa baxmayaraq iki ölkə arasında münasibətlər kəsilməmişdi, xüsusən iqtisadi sferada əməkdaşlıq davam edir.

İndi İsrail KİV-ləri yazır ki, Suriyadakı müharibənin aktiv fazasının başa çatması, İranın bölgədə nüfuzunun artması, Türkiyə iqtisadiyyatında böhran və lirənin dəyərdən düşməsi kimi amillər Ankaranı yenidən İsraillə münasibətləri normallaşdırmağa sövq edir. Türkiyədə hesab edirlər ki, İsraillə münasibətlərin normallaşması ABŞ-la gərginliyi də yumşaldacaq.

Maraqlıdır ki, ötən həftənin sonunda Türkiyə prezidenti Ərdoğan İsrailin müdafiə naziri Aviqdor Libermanla eyni vaxtda Bakıda olub. Hərçənd diplomatik dairələrdə bunu “sırf təsadüf” adlandırırlar, ancaq faktın özü düşünməyə əsas verir.

Aviqdor Liberman Bakıya rəsmi səfəri zamanı prezident İlham Əliyevlə və digər yüksək vəzifəli rəsmilərlə danışıqlar aparıb. İkitərəfli münasibətlər və regional situasiya müzakirə olunub. Məlumatlara görə Azərbaycan İsraildən yenə hansısa silahlar almağa maraq göstərir.

Ərdoğana gəldikdə isə o Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün gəlmişdi. “Liberman hərbi paradla müşaiyət olunan bu təntənələrdə iştirak etməyib, amma həmin vaxt Bakıda olub. Onun qaldığı otel nömrəsinin pəncərəsindən parada tamaşa etməyə yola düşən Ərdoğanın korteji görünürdü. Lakin diplomatik mənbələr bildirir ki, onların arasında heç bir təmas olmayıb”-nəşr yazır.

“Bu səfərlər arasında heç bir əlaqə olmayıb və heç bir təmas baş verməyib. Bundan əlavə Azərbaycan hakimiyyəti də tərəflər arasında vasitəçilik etməyə təşəbbüs göstərməyib. Bu, sırf təsadüf idi”-diplomatik mənbə belə deyib. (virtualaz.org)

 




Ana səhifəyə qayıt        Baxış: 422          Tarix: 17-09-2018, 17:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma