Xəbər lenti

Vox (ABŞ), 26.09.2018

 

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxış zamanı bildirib ki, ABŞ onun rəhbərliyi dönəmində daha güclü, varlı və təhlükəsiz olub. Tramp qeyd edib ki, başqa ölkələr Vaşinqtonun suverenliyinə sayğı göstərsə, ABŞ onlara necə yaşamalı olduqlarını göstərmək niyyətində deyil.

Çıxışın tam mətnini Strateq.az-ın oxucularına təqdim edirik.

 

Xanım sədr, cənab Baş katib, dünya liderləri, elçilər və hörmətli nümayəndələr! Bir il qabaq bu böyük zalda sizin qarşınızda ilk dəfə çıxış etmişəm. Mən dünyamızın qarşısında duran təhlükələrdən danışdım və bütün insanlıq üçün daha işıqlı gələcəyin əldə edilməsi konsepsiyasını təqdim etdim. Qeyri-adi prosesdə əldə etdiklərimiz haqda danışmaq üçün bu gün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qarşısında çıxış edirəm.

Mənim administrasiyam iki ildən az müddətdə ölkəmizin tarixindəki istənilən başqa administrasiyadan daha çox şeyə nail olub. Amerika güclü həyəcan yaşayır. (Gülüş) mən belə reaksiya gözləmirdim, hər şey normaldır.

Amerika iqtisadiyyatı əvvəllər heç vaxt olmadığı qədər çiçəklənir. Mənim seçildiyim vaxtdan bəri  10 trilyon dollar varlanmışıq. Fond bazarı rekord yüksək səviyyədədir – milli sərvət 10 trilyon dollar çoxalıb və fond bazarı rekord yüksək səviyyədədir. Afroamerikalı, ispan amerikalı və asiyalı amerikalılar arasında işsizlik bütün tarix boyu ən aşağı səviyyəyə enib. Biz dörd milyon yeni iş yeri, o cümlədən istehsal sahəsində yarım milyon iş yeri yaratmışıq. Biz Amerika tarixində ən böyük vergi ixtisarı və islahatlar aparmışıq. Biz böyük sərhəd divarının inşasına başlamış və sərhədlərin təhlükəsizliyini xeyli möhkəmləndirmişik. Ordumuzun rekord maliyyələşdirilməsinə nail olmuşuq – bu il 700 milyard və növbəti ildə 716 milyard dollar.  Silahlı qüvvələrimiz əvvəllər heç vaxt olmadığı qədər daha güclü olacaq.

Başqa sözlə, Birləşmiş Ştatlar iki il qabaq mən vəzifəyə başladığım dövrdəkindən daha güclü, təhlükəsiz və varlı olub. Biz Amerikanı və Amerika xalqını qoruyuruq və habelə bütün dünyanı qoruyuruq.

Biz həmçinin vətəndaşlarımızı və bütün dünyada sülhsevər insanları müdafiə edirik. Biz hesab edirik ki, xalqlar öz qonşularının hüquqlarına hörmət edəndə təhlükəsizlik, inkişaf və sülh nemətini təmin etmək üçün bir-birinə daha yaxşı təsir göstərə bilər. Hər birimiz doğma ölkəmizi yerüzündə daha heç harada olmayan kimi edən özünəməxsus mədəniyyəti, zəngin tarixi və yaddaş bağları, ənənələr və dəyərlərlə  əlaqələnən xalqı olan ölkənin elçisiyik.

Amerika məhz buna görə müstəqillik və əməkdaşlığı kürəsəl idarəçilikdən üstün tutur və bu zalda hər bir xalqın öz adətlərini, inanc və ənənələrini gözləmək hüququna sayğı göstərirəm. Birləşmiş Ştatlar sizə necə yaşamağı, işləməyi və ya ibadət etməyi və dini ayinləri icra etməyi göstərməyəcək. Sizdən yalnız suverenliyimizə sayğı göstərməyi xahiş edirik.

Xaricdə Varşavadan Brüsselə, Tokiodan Sinqapura qədər Birləşmiş Ştatları təmsil etmək mənim üçün böyük şərəf idi. Mən bu zalda iştirak edən bir çox ölkələrin başçılarıyla sıx dostluq və tərəfdaşlıq münasibətləri düzəltmişəm. Bizim yanaşma həmişə inanılmaz dəyişimlər gətirib. Bu gün burada iştirak edən bir çox ölkələrin dəstəyi ilə Şimali Koreya ilə qarşılıqlı təsirdəyik ki, münaqişə təhlükəsini sülhə doğru qətiyyətli və yeni cəhdlə əvəzləyək. Mən sədr Kim Çen Inla üzbəüz görüşmək üçün iyunda Sinqapura uçdum. Bizim çox səmərəli söhbət və görüşlərimiz olub. Biz bu fikrə yaxınlaşdıq ki, Koreya yarımadasının nüvəsizləşdirilməsinə nail olmaq hər iki ölkənin marağındadır.

Həmin görüşdən sonra lap bu yaxınlarda az adamın təsəvvür edə biləcəyi ümidverici tədbirlərin necə alındığının şahidi olduq. Raketlər daha bütün istiqamətlərə uçmur. Nüvə sınaqları dayandırılıb. Bəzi hərbi obyektlər artıq sökülüb. Girovlarımız azad edilib. Şəhid olmuş qəhrəmanlarımızın meyidləri vətənə qaytarılır və Amerika torpağında dəfn olunacaq. Mən atdığı addımlara görə sədr Kimə təşəkkür etmək istərdim. Qarşıda görüləcək hələ çox iş var.

Sanksiyalar nüvəsizləşdirilməyə qədər fəaliyyətdə olacaq. Bu məqama – adamların anlamaq durumunda olduğundan daha önəmli olan ana çatmağmız üçün bizə yardım etmiş bir çox üzv dövlətlərə təşəkkür etmək istəyirəm. Onların dəstəyi və gələcəkdə hamımıza lazım olacaq özəl dəstəkdir. Cənubi Koreya prezidenti Muna, Yaponiya baş naziri və ÇXR sədrinə xüsusi təşəkkürlər.

Yaxın Şərqdə yeni yanaşmamız böyük uğurlar və həqiqətən, tarixi dəyişikliklər gətirir. Səudiyyə Ərəbistanına səfərimdən sonra Fars körfəzi ölkələri terrorizmin maliyyələşdirilməsilə mübarizə üçün yeni mərkəz açıb. Onlar yeni sanksiyalar tətbiq edir, terror şəbəkələrinin izlənməsi və üzə çıxarılmasında bizimlə əməkaşlıq edir və terrorizm və ekstremizmlə və öz bölgələri uğrunda mübarizədə öz üzərlərinə böyük məsuliyyət götürürlər.

BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri), Səudiyyə Ərəbistanı və Qətər Suriya və Yəmən xalqlarına yardım göstərilməsinə milyonlarla dollar ayırmağı öhdəliyə götürüb.  Onlar Yəməndə dəhşətli vətəndaş savaşına son qoymağa yardım etməyə borcludurlar. Özləri və övladları üçün hansı gələcəyi istədiklərini bu bölgə ölkələrinin özləri qət etməlidir. ABŞ bu səbəbdən Fars körfəzi ölkələrinin əməkdaşlıq  Şurası, İordaniya və Misirlə birlikdə strateji alyans yaratmaq üzərində işləyir ki, Yaxın Şərq ölkələri təhlükəsizliyi artıra və öz doğma bölgəsində sabitliyi möhkəmləndirə bilsin.

Xəbər verməyə şadam ki, ABŞ silahlı qüvvələri və ölkələrinizdən çoxuyla tərəfdaşlığımız  sayəsində İŞİD kimi tanınmış qana həris qatillər nə zamansa əldə saxladıqları İraq və Suriya ərazisindən qovulub. Biz radikal islamçı terrorçuları maliyyələşmə, ərazi, dəstək və ya sərhədlərimizdən sızmaq imkanından eləmək üçün dostlar və müttəfiqlərlə işi davam etdirəcəyik.

Suriyada davam edən faciə məyus edir və dərin kədər doğurur. Bizim ümumi hədəflərimiz Suriya xalqının əmin-amanlığını təmin edən siyasi həll ilə yanaşı hərbi münaqişənin zəiflədilməsindən ibarət olmalıdır. Biz bununla bağlı təkidlə Birləşmiş Millətlər Təşkilatının başçılıq etdiyi sülh prosesini fəallaşdırmağa çağırırıq.

Əmin olun, Əsəd rejimi kimyəvi silah işlətsə, ABŞ cavab tədbirləri görəcək. Mən İordaniya xalqına və qonşu digər ölkələrə təşəkkürümü bildirirəm ki, bu amansız vətəndaş savaşından xilas olan qaçqınları qəbul edirlər. İordaniyada gördüyümüz kimi, ən insani siyasət bundan ibarətdir ki, qaçqınlar öz evlərinə mümkün qədər yaxın yerləşsin ki, ölkənin bərpa prosesi gedən mərkəzi hissəsinə qayıdışları asanlaşsın. Bu yanaşma habelə böyük sayda adamlara yardım etmək üçün məhdud resursları səmərəli işlətməyə imkan verir ki, bu da itirilən hər bir dolların effektivliyini artırır. Suriyada humanitar böhranın istənilən həll variantı İranın korrupsiyalaşmış diktaturasının yemlədiyi və maliyyələşdirdiyi amansız rejimlə mübarizə üçün strategiyanı ehtiva etməlidir.

İran liderləri xaos, ölüm və dağıntı səpirlər. Öz qonşularına, sərhədlərə, yaxud suveren hüquqlara hörmət etmirlər. Bunun əvəzinə varlanmaq və bütün Yaxın Şərqə və onun hüdudlarından uzaqlara xaos yaymaq üçün milli ehtiyatları oğurlayıb axırına çıxırlar. İran xalqı nahaq qəzəblənməyib ki, liderlər xəzinədən milyardlarla dolları mənimsəyib, öz ciblərini doldurmaq və oyuncaqlarını savaşa göndərmək üçün ən dadlı tikələri ələ keçirib və dini fondları qarət ediblər. Bu təcavüzkar ekspansionist gündəlik İranın qonşularına böyük itkilərə başa gəlib. Yaxın Şərqdə bir çox ölkələr ABŞ-ın İranla 2015-ci ildə bağlanmış dəhşətli nüvə sazişindən çıxmağını və nüvə proqramına görə tətbiq edilən sanksiyaların təzələnməsini buna görə qətiyyətlə dəstəkləyib. Bu saziş İran liderləri üçün gözlənilməz uğur oldu. Saziş bağlandığı andan keçən bir il ərzində hərbi büdcə, demək olar, 40% artıb.

Diktatura vəsaitləri nüvə döyüş başlığı daşımaq qabiliyyəti olan raket düzəltmək, ölkə daxilində repressiyanı gücləndirmək, terrorizmi və xaosu, Suriya və Yəməndə dağıdıcı fəaliyyət və qan axıtmağı  maliyyələşdirmək üçün istifadə edib. ABŞ rejimi onu özünün qanlı gündəliyini irəlilətmək üçün gərəkən vəsaitdən məhrum etmək üçün keçən ay iqtisadi basqı kampaniyası açıb. Biz (nüvə proqramının həyata keçirilməsinə görə) İran sazişi çərçivəsində götürülmüş sərt sanksiyaları yenidən tətbiq etməyə başlamışıq. Əlavə sanksiyalar noyabrın beşində təzələnəcək, sonra isə ardınca digərləri gələcək. Biz İran neftini idxal edən ölkələrlə işləyirik ki, öz alqılarını ciddi azaltsınlar.

Biz yol verə bilmərik ki, terrorizmin bölgədəki baş sponsoru planetdə ən təhlükəli silaha sahib olsun. Daim “Amerikaya ölüm!”ü vird edən və İsraili məhv etmək hədəsi gələn rejimi qəbul edə bilmərik. Onlarn nüvə döyüş başlıqlarını yerüzündə istənilən şəhərə çatdırmaq vasitələrinə yiyələnmək olmaz, biz, sadəcə, bunu edə bilmərik. Bütün ölkələrdən İran rejiminin təcavüzü davam edincə onu təcridləməyi xahiş edirik və bütün ölkələrdən İran xalqının dini və mömin nəsibinin  qaytarılması uğrunda mübarizəsini dəstəkləməyi xahiş edirik.

Bu il Yaxın Şərqdə hər bir suveren dövlətin öz paytaxtını təyin edə bilməsinin etirafının əlaməti kimi irəli daha bir önəmli addım atdıq – İsraildəki ABŞ səfirliyini Qüdsə köçürdük. ABŞ bu bölgəyə sülh və sabitliyin qədəm qoyacağı gələcəyə – o cümlədən israillilər və fələstinlilər arasında sülhə də yorulmadan can atır. Bu hədəf daha yaxın olub və aşkar faktların etirafı buna mane olmayıb.

Amerikanın güzəştsiz realizm siyasəti göstərir ki, biz köhnə, nüfuzdan düşmüş, məlum olduğu kimi, uzun illər haqsız olan ideologiyanın və ekspertlərin girovu olmayacağıq. Bu, təkcə sülh məsələsinə deyil, həm də inkişaf məsələsinə aiddir.  Biz hesab edirik ki, ticarət azad və qarşılıqlı olmalıdır. Amerkadan öz maraqları üçün daha istifadə etməyəcəklər. ABŞ on illərlə öz iqtisadiyyatını – bu gün üçün yerüzündə ən böyük iqtisadiyyatı – yalnız cüzi  şərtlərlə açıb. Biz bütün dünyadan xarici mallara sərhədlərimizi sərbəst keçmək imkanı vermişdik. Amma başqa ölkələr əvəzində bizə öz bazarlarına uyğun çıxış verməyib. Bundan pisi, bəzi ölkələr öz açıqlığından sui-istifadə edib ki, öz valyutasıyla manipulyasiya etsin və ölkəmizdən öz maraqları üçün faydalansın. Nəticədə ticarət balansındakı kəsir ildə 800 milyard dollara qədər yüksəlib. Biz pozulan və əlverişsiz ticarət sazişlərinə sistematik olaraq yenidən baxırıq. Biz keçən ay prinsipcə yeni Amerika-Meksika ticarət sazişini elan etmişik. Dünən prezident Munla birlikdə çıxış edərək yeni Amerika-Koreya ticarət sazişinin uğurla bağlandığını bildirmişəm. Və bu ancaq başlanğıcdır. Bu zaldakı bir çox ölkələr razılaşar ki, dünya ticarətinin dəyişikliklərə kəskin ehtiyacı var. Məsələn, ABŞ və başqa bir çox ölkələr qaydalara əməl etdiyi halda Ümumdünya Ticarət Təşkilatına təşkilatın əsasında duran bütün prinsipləri pozan ölkələr qəbul olunub. Bu ölkələr bu sistemdən manipulyasiya etməkdən yana istehsalat fəaliyyətinin dövlət planlaması və dövlət müəssisələrindən istifadə edir. Onlar süni şəkildə endirilmiş qiymətlərlə daim mal satmaqla, texnologiyanın məcburi şəkildə verilməsi və əqli mülkiyyəti oğurlamaqla məşğuldurlar. Çin ÜTT-ə girəndən sonra ABŞ emal sənayesində üç milyondan çox iş yeri və 60 min zavod itirib. Yekunda son iyirmi ildə 13 trilyon dollar məbləğində ticarət kəsiri əldə etmişik.

Amma indi bu dönəm artıq keçmişdədir. Biz bu sui-istifadəyə daha dözməyəcəyik, biz imkan vermərik ki, bizim işçiləri işdən çıxarsınlar, şirkətlərimiz yalanın qurbanı olsun, sərvətimizi isə qarət etsinlər və yad əllərə keçin. Amerika öz vətəndaşlarını qoruduğuna görə heç vaxt özünü təmizə çıxarmayacaq. ABŞ Çin mallarına daha 200 milyard dollarlıq rüsum tətbiq edilməsini təzəcə elan edib. Hələlik cəmi 250 milyard dollarlıq.

Mən Çin prezidentinə çox sayğı göstərir və ona xoş hisslər bəsləyirəm, amma aydın işarə vurmuşam ki, bizim ticari disbalans qətiyyən qəbuledilməzdir. Bazar əyrilikləri və onların özlərini necə apardığı ilə barışmaq olmaz və mənim administrasiyamın göstərdiyi kimi, Amerika həmişə milli maraqlarımızla hərəkət edəcək.

Mən ötən il bu toplantı qarşısında çıxış və xəbərdarlıq etmişəm ki, BMT-nin insan haqları üzrə Şurası bu qurum üçün ciddi üzqaralığına çevrilib. İnsan haqlarını ən kobud şəkildə pozanları müdafiə edərək bu zaman Amerikanı və xeyli dostlarını kəskin tənqidə məruz qoyur. Bizim BMT-dəki elçimiz Nikki Heyli islahatlaırn aydın gündəliyini təqdim edib, amma çoxlu xəbərdarlığa baxmayaraq, heç bir iş görülməyib. Birləşmiş Ştatlar buna görə də yeganə məsul yolu seçib: biz insan haqları üzrə Şuradan çıxdıq və gerçək islahatlar aparılmayınca ora dönməyəcəyik.

Birləşmiş Ştatlar oxşar səbəblərə görə Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) heç bir dəstək təmin etməyəcək və onu tanımayacaq. Bizə məlum olduğu qədər, BCM-in heç bir qanuni qüvvəsi və səlahiyyəti yoxdur. BMC bildirir ki, ədliyyə, ədalətin bütün prinsiplərini və gərəkən hüquqi prosedurları pozmaqla bütün ölkələrin vətəndaşları üzərində, demək olar, mütləq yurisdiksiyaya malikdir. Biz seçilməmiş və hesabat verməyən instituta xoş gəlsin deyə Amerikanın suverenliyinə heç vaxt xəyanət etmərik. Biz kürəsəllik ideolgiyasını rədd edir və vətənsevərlik ideologiyasını qəbul edirik.

Bütün dünyadakı xalqlar cəbr və ağalığın yeni formalarına qarşı durmalıdırlar. Biz Amerikada energetik təhlükəsizliyə inanırıq – bizim və müttəfiqlərimizin. Biz Yer kürəsində ən böyük enerji resursları istehsalçısına çevrilmişik. Birləşmiş Ştatlar zəngin və əlyetən neft ehtiyatlarımızı, təmiz kömürü və təbii qazı ixrac etməyə hazırdır. OPEK ölkələri qalan bütün dünyanı qarət edir və bu mənə xoş gəlmir. Bu, heç kimə xoş gələ bilməz. Biz bu ölkələrdən çoxunu nahaq müdafiə edirik,  sonra isə onlar bizdən faydalanaraq bizə yükəsk neft qiymətləri təklif edirlər və bu, pisdir. Biz istəyirik ki, onlar qiymətləri qaldırmağı tərgitsinlər, istəyirik ki, onu endirməyə başlasınlar.

Onlar bundan sonra hərbi müdafiəyə xeyli töhfə verməldirlər. Biz daha bununla və bu dəhşətli qiymətlərlə barışmaq niyyətində deyilik. Yeganə xarici tədarükçüyə güvənərək ölkəni şantaj və qorxudulma üçün dişbatan edə bilərik. Buna görə də Avropa dövlətlərini, məsələn, Polşanı təbrik edirik ki, ölkələrin energetika tələbatında Rusiyadan asılı olmaması üçün Baltik boru kəmərinin inşasına başçılıq edib. Almaniya öz kursunu təcili dəyişməsə, bütünlüklə Rusiya energetikasından asılı olacaq.

Burada, Qərb yarımkürəsində öz müstəqilliyimizi müdaxiləçi xarici dövlətlərin qəsdindən qorumağı öhdəmizə götürmüşük. Prezident Monronun zamanından bəri ölkəmizin formal siyasəti xarici dövlətlərin bu yarımkürəyə və işlərimizə müdaxiləsinə qarşı durmaqdan ibarətdir. Birləşmiş Ştatlar ölkəmizin milli təhlükəsizliyinin təhlükəsizliyinə yönəlik xarici yatırımları daha yaxşı izləmək üçün bu yaxınlarda öz qanunlarını gücləndirib. Biz eyni şeyi etmək istəyən bu bölgənin ölkələri və bütün dünya ilə əməkdaşlığı salamlayırıq. Siz bunu özünüzü qorumağın xatirinə etməlisiniz. Birləşmiş Ştatlar da suverenliyə nəzarət olunmayan miqrasiya tərəfdən qaynaqlanan təhlükələrə qarşı durmaq üçün Latın Amerikasındakı tərəfdaşlarla iş görür. İnsan əzablarına, insan qaçaqmalçılığına və insan alverinə dözüm antiinsanidir. İndi baş verənlər dəhşətdir, bu, görünməmiş miqyaslara çatıb. Bu, böyük  qəddarlıqdır. Qeyri-leqal mühacirəti dəstəkləyən fondlar, cinayətkar şəbəkələr, amansız bandalar və ölümcül narkotiklərin axını. Qeyri-leqal mühacirət zəif əhalini istismar edir və cinayətkarlıq, zorakılıq və yoxsulluğun qüsurlu dairəsini yaradır. Yalnız milli sərhədləri qorumaq, cinayətkar bandaları məhv etməklə bu dairəni dağıda və əsil inkişafın özülünü qoya bilərik. Biz istənilən dövlətin bu zalda öz milli maraqlarına uyğun olaraq  mühacirət siyasətini iddia etmək haqqını tanıyırıq. Bizm də eyni şeyi etmək hüququmuza sayğı xahişilə eynilə başqa ölkələrə müraciət edirik. Bu, Birləşmiş Ştatların yeni kürəsəl mühacirət müqaviləsinə qatılmayacağının səbəblərindən biridir. Vətəndaşlarımızın nəzarət etmədiyi beynəlxalq institut mühacirəti yönəldə bilməz.

Nəhayət, mühacirət böhranının uzunmüddətli yeganə həlli insanlara öz doğma ölkələrində daha perspektivli gələcək qurmağa yardımdan ibarətdir.  Onların ölkələrinin böyüklüyünü qaytarın. İndiki anda Venesuelada insan faciəsinə örnəyi seyr edirik. İki milyondan çox adam səbəbi Maduronun və kubalı sponsorlarının sosialist rejimi olan əzablardan qaçıb. Venesuela yerüzündə ən varlı ölkələrdən biriydi. Bu gün sosializm neftlə zəngin ölkəni müflisliyə çatdırıb və vətəndaşlarını rəzil yoxsulluğa dürtməkləyib. Parktik olaraq hər yerdə sosializmə, yaxud kommunizmə keçməyə cəhdlər edilib. Bu, iztirab, korrupsiya və dağılmağa gətirib. Sosializmə xas hakimiyyət hərisliyi ekspansiya, müdaxilə və boğulmağa aparır. Dünyanın bütün dövlətləri sosializmə və onun bütün insanlara gətirdiyi yoxsulluğa qarşı durmalıdır. Bununla bağlı bura yığılan bütün dövlətlərdən xahiş etmişik ki, Venesuelada demokratiyanın bərpası çağırışlarında bizə qoşulsunlar. Bu gün repressiv rejimə, Maduronun ən yaxın çevrəsi və müşavirlərinə qarşı yönəlmiş əlavə sanksiyaların tətbiq edildiyini elan edirik.

Biz insanlara yaşayışın keyfiyyətini və ailələrin həyatını yüksəltmək üçün bütün dünyada gördüyü işə görə Birləşmiş Millətlər Təşkilatına minnətdarıq. İndiki anda Birləşmiş Ştatlar xarici dövlətlərə yardımın əsas qaynağıdır. Bu zaman bizə nədəsə kimsə az yardım edir. Və bununla dövlət katibi Mayk Pompeo məşğul olacaq.

Biz nəyin işlədiyini, nəyin işləmədiyini və bizim dollar və müdafiəmizi əldə edən ölkələrin bizim də maraqlandığımızla əlaqədar olub-olmadığını analiz edirik. Bundan sonra xarici dövlətlərə yardımı yalnız bizə və dostlarımıza sayğı göstərmək şərtilə verəcəyəik. Biz nəzərə alırıq ki, başqa ölkələr müdafiənin dəyərinə görə öz paylarını ödəyəcək. ABŞ BMT-i daha effektli və məsuliyyətli təşkilat etmək öhdəliyi götürüb. Mən artıq dəfələrə demişəm ki, BMT-nin məhdud potensialı var. Bizim islahat layihəsi çərçivəsində danışıqlar üzrə həmsöhbətlərimə demişəm ki, Birləşmiş Ştatlar BMT-nin sülhməramlı büdcəsinə 25 %-dən artıq ödəməyəcək. Bu, başqa ölkələrin inkişafı və cəlbi üçün stimula çevrilər, habelə onlara bu ağır yükü bölüşmək imkanı verər. Biz maliyyələşdirməyimizin böyük hissəsinin əlavə edilən üzvlük haqqından könüllülüyə keçirilməsi üzərində işləyirik ki, Amerika resurslarını daha uğurlu proqramlara yönəltmək imkanımız yaransın. Yalnız hər birimiz öz öhdəliyimizi yerinə yetirəndə və öz payımızı verəndə BMT-nin ən ali məqsədlərini gerçəkləşdirə bilərik. Biz qorxmadan sülhə, ümidsizliyi olmayan ümidə və təəssüf doğurmayan təhlükəsizliyə can atmalıyıq. Bunca tarixi hadisələrin baş verdiyi bu zala nəzər salanda dövlətin və zəmanənin qarşısında duran çətinliklərin öhdəsindən gəlmək üçün burada olmuş bir çox sələflərimizi yada salırıq. Onların bütün çıxış və qətnamələrinin hər kəlməsində və hər bir ümidində səslənmiş sual ağlımıza gəlir. Bu sual o haqdadır ki, övladlarımıza hansı dünyanı buraxacağaıq? Onlara miras olaraq hansı dövləti qoyacağıq? Bu gün bu zalı dolduran arzular bu səhnədə duran adamlar, burada təmsil edilən ölkələr qədər rəngarəngdir.

Burada kralı və vəliəhdi yeni, qətiyyətli islahatlar keçirən Səudiyyə Ərəbistanı iştirak edir. Müqəddəs torpaqda çiçəklənən demokratiya kimi 70 illik yubileyini iftixarla qeyd edən İsrail buradadır. Polşada böyük xalq öz müstəqilliyini, təhlükəsizliyini və suverenliyini qoruyur. Bir çox ölkələr özlərinin nadir görmə imkanlarını həyata keçirir, ümidlə dolu gələcək qurur və tale, miras və ev haqqında möcüzəli təsəvvürlərini həyata keçirməyə can atırlar. Bütün dünya böyük bir sərvətdir. Bəşəriyyət nemətdir. Çünki bu, millətlərin çox gözəl ulduz çələngidir – hər biri unikal, dünyanın bu hissəsində parlaq işıqsaçan özəlliyi ilə. Biz hər birində həm də vahd keçmişin birləşdirdiyi və ümumi gələcək naminə işləyən xalqın ümidini görürük. Amerikalılara gəlincə, biz bilirik ki, hansı gələcəyə can atırıq. Biz Amerikanın həmişə hansı millət olmalı olduğunu bilirik. Biz Amerikada azadlıq və şəxsiyyətin ləyaqətinin əzəmətinə inanırıq.

Biz özünüidarəyə və qanunun aliliyinə inanırıq. Azadlığımızı dəstəkləyən mədəniyyətlə – möhkəm ailə, dərin inam və cəsur müstəqillik mədəniyyəti ilə fəxr edirik. Biz öz qəhrəmanlarımızı alqışlayırıq, öz ənənələrimizi qoruyuruq və başlıcası, öz ölkəmizi sevirik.

Bu gün bu zalda olan və bütün dünyada bizi dinləyən hər bir kəsdə öz ölkəsinə güclü sevgi, vətəninə coşğun sadiqlik, vətənsevərlərin ürəyini və millətlərin qəlbini alovlandıran ehtiras duyan vətənsevər ürəyi yaşayır. İslahatları və inqilabı, özünü qurban verməyi, fədakarlığı, elmi kəşfləri və möcüzəli sənət əsərlərini o ruhlandırıb.

Bizim vəzifəmiz onu məhv etmək deyil, qəbul etmək, onun vasitəsilə qurmaq, qədim müdrikliyinə söykənmək və onda ölkəmizi daha böyük, bölgəmizi daha təhlükəsiz və dünyamızı daha yaxşı  etmək arzusu tapmaqdan ibarətdir. Bu ağlasığmaz potensialı və xalqımızı kəşf etməkdən ötrü bütün bunları mümkün edən özülümüzü qorumalıyıq. Suveren və müstəqil millətlər azadlıq, demokratiya və dünyanın çiçəklənməsinə şərait yaradan yeganə bələdçidir. Buna görə də biz öz suverenliyimzi və birinci növbədə qiymətli müstəqilliyimzi qorumalıyıq. Biz bunu edəndə qarşımızda əməkdaşlığın yeni yollarının necə açıldığını görürük. Biz sülhü qorumağa yeni ehtiras qazanırıq. Biz yeni hədəf, yeni qətiyyət, çevrəmizdə çiçəklənən və bu dünyanı yeni, daha gözəl, yaşamaq istədiyimiz dünyaya çevirən yeni ruh qazanırıq. Gəlin, vətənsevərlik, inkişaf və məğrurluqdan ibarət gələcəyi birgə seçək. Gəlin, sülhü və azadlığı hakim mövqedən və məğlubiyyətdən üstün tutaq.  

Gəlin, bura öz xalqımızı və ölkəmizi qorumaq üçün gələk. Həmişə güclü, həmişə suveren və həmişə ədalətli olaq. Tanrının mərhəməti, alicənablığı və şanına həmişə minnətdar olaq. Sağ olun, Tanrı sizi uğurlasın, Tanrı dünyanın bütün dövlətlərini uğurlasın. Çox sağ olun.

Tərcümə Strateq.az-ındır.

 




Ana səhifəyə qayıt        Baxış: 559          Tarix: 27-09-2018, 15:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma