Həmsədrlərin son bəyanatı işğalçı dövlətin maraqlarına xidmət edir
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupu həmsədrlərinin atəşkəslə bağlı verdikləri son bəyənat ölkə ictimaiyyətinin ciddi narazılığına səbəb olub. Azərbaycan ictimaiyyəti hesab edir ki, həmsədrlərin son bəyanatı bilavasitə işğalçı Ermənistanın maraqlarına uğyundur. Çünki həmsədrlər cəbhə bölgəsində hər ana alovlana biləcək vəziyyətə adekvat reaksiya verməkdə maraqlı görünmürlər. Bundan sui-istifadə edən Ermənistanın ardıcıl həyata keçirdiyi təxribatlar nəticəsində Qarabağ cəbhəsində yaranmış gərginlik kritik həddə çatıb. Hənsədrlər isə seyrçi mövqelərini davam etdirərərk ermənilərin ciddi təxribatını pisləyib, İrəvanı belə təxribatlardan əl çəkib, danışırlar masasına oturmağı tələb etmək əvəzinə, işğala məruz qalan tərəfi günahkar çıxaran bir bəyanat yayıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hikmət Hacıyev bildirib ki, ATƏT Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağda qeyri-sabit status-kvonun dəyişdirilməsi ilə bağlı substantiv danışıqların davam etdirilməsinə çağırmalıdır. XİN rəsmisi qeyd edib ki, həmsədrlərin standart bəyanatına Ermənistan tərəfinin uşaq kimi sevinməyi başa düşəln deyil: "Hamıya yaxşı məlumdur ki, Azərbaycan heç vaxt öz ərazilərinin işğalı ilə barışmayacaq.Atəşkəs həll deyil və ola da bilməz. Davamlı sülh üçün Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş torpaqlarından öz qoşunlarını çıxarmalıdır. ATƏT Minsk qrupu Dağlıq Qarabağda qeyri-sabit status-kvonun dəyişdirilməsi ilə bağlı substantiv danışıqların davam etdirilməsinə çağırmalıdır". H.Hacıyev qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarında qeyri-leqal mövcudluğu atəşkəsin pozulmasının və gərginliyin əsas səbəbidir.
Millət vəkili Sevinc Fətəliyeva bildirib ki, torpaqları işğal olunan, əhalisinin bir hissəsinin məcburi köçkün vəziyyətinə düşən tərəf Azərbaycandır. Məhz Ermənistan dövləti hərbi təcavüz yolu ilə torpaqlarımızı işğal edib və bu gün işğal olunmuş ərazilərimizdə silahlı birləşmələrini yerləşdirib: "Münaqişənin sülh yolu ilə həllində vasitəçilik edən Minsk Qrupunun həmsədrləri isə öz fəaliyyətlərində bu faktı nəzərə almalıdır. Amma təəssüf ki, onlar sadəcə bəyanatlar verməklə kifayətlənir, işğalçı ilə işğala məruz qalan tərəfləri bərabərləşdirir. Bu isə qətiyyən doğru deyil. Onların son bəyanatı isə bilavasitə işğalçı Ermənistanın maraqlarına uğyundur". Onun sözlərinə görə, dünyadakı ikili standartlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də özünü açıq şəkildə göstərir: "Belə ki, dünya dövlətləri və nüfuzlu təşkilatlar bu məsələyə beynəlxalq hüquq normaları çərçivəsində deyil, ikili standartlarla yanaşırlar. Bir sıra regionlarda baş verən separatizm qınaq obyektinə çevrilsə də, Ermənistanın təcavüzkar siyasətinə ciddi reaksiya verilmir. Bu isə Azərbaycana qarşı tətbiq edilən ikili standartların əyani nümunəsidir. Təbii ki, işğalçı Ermənistan bütün bunlardan "ruhlanaraq" münaqişənin həllini uzatmaq üçün müxtəlif bəhanələrlə əl atır. Amma Azərbaycan dövləti münaqişənin həlli ilə bağlı prinsipial mövqe ortaya qoyub. Bu mövqe ondan ibarətdir ki, işğal olunmuş torpaqlarımız azad edilməli, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalı və məcburi köçkünlər öz yurdlarına qayıtmalıdırlar. Bu hədəflərə çatmaq üçün də dövlətimiz hücum diplomatiyası həyata keçirir. Eyni zamanda, Azərbaycan güclü orduya malikdir. Qürurla deyə bilərik ki, güclü ordumuz cəbhədə düşmənin təxribatlarının qarşısını layiqincə alır. Prezident İlham Əliyev bildirib ki, bu gün bizim ordumuz təmas xəttində vəziyyətə tam şəkildə nəzarət edir. Dövlət başçısı bir daha vurğulayıb ki, azərbaycanlılar tarixi torpaqlarına qayıdacaqlar".
Millət vəkilinin sözlərinə görə, həmsədrlər münaqişənin həlli ilə bağlı obyektiv münasibət ortaya qoymalıdırlar. Problem beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır: "Görünən odur ki, cəbhə xəttində son zamanlar yaranmış gərginlik həmsədrləri narahat edir. Həmsədrlər də yaxşı bilirlər ki, münaqişənin həll olunmamsının əsas səbəbi Azərbaycan torpaqlarını Ermənistan tərəfindən işğal olunmasıdır. Ona görə də, onlar ilk növbədə erməni tərəfinə torpaqlarımızın azad olunması və dinc insanların öz yurdlarına qayıtmalarının təmin olunması haqda çağırışlar etməlidir. Amma ümumiləşmiş bəyanatlar səsləndirməklə, atəşkəsin bərpa olunması çağırışları etməklə münaqişə həll olunmayacaq. Əgər işğalçı erməni hərbi birləşmələri torpaqlarımızdan çıxarılarsa, onda atəşkəsin pozulmasına da ehtiyac qalmayacaq. Çox təəssüflər olsun ki, həmsədrlər heç vaxt bəyanatlarında bu məqamı səsləndirmirlər. Son bəyanatlarında da bu reallıq təsdiqini tapdı ki, onların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqe ikili standartların bariz nümunəsi olmaqla yanaşı, ədalətsiz və riyakar yanaşmadır. Ümumiyyətlə, dünya ictimaiyyətinə yaxşı bəllidir ki, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan, digər dövlətlərə də qarşı ərazi iddialarını davam etdirən Ermənistan beynəlxalq ictimaiyyətin loyal münasibəti və cəzasızlıq mühitindən istifadə edərək beynəlxalq hüquq normalarını heçə sayır". Onun sözlərinə görə, Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq 4 qətnaməsi başda olmaqla nüfuzlu beynəlxalq qurumların qərar və qətnamələrini icra etmir: "İşğalçı ölkə, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatında əks olunmuş status-kvonun saxlanmasının yolverilməzliyi, hərbi əməliyyatlardan çəkinilməsi və münaqişənin sülh yolu ilə həlli təkliflərinə də məhəl qoymur. Beynəlxalq ictimaiyyət Ermənistana qarşı adekvat tədbirlər görməlidir. Çünki beynəlxalq hüquq normaları tam əsas verir ki, Ermənistana sanksiyalar tətbiq edilsin, işğalçı ölkə işğal edilmiş əraziləri boşaltmağa vadar olunsun. Bütün bunlara baxmayaraq, beynəlxalq ictimaiyyət hələ də öz loyallığı ilə Ermənistanın təxribatçı, aqressiv fəaliyyətinə stimul verir. Əslində, beynəlxalq hüququn mühüm keşikçiləri sayılan beynəlxalq təşkilatların, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun ərazi bütövlüyü prinsipinə zidd olaraq Azərbaycan torpaqlarında yerləşən və bölgədə gərginliyə səbəb olan Ermənistan silahlı qüvvələrinin ərazidən çıxarılmasını tələb etməməsi onlara heç də başucalığı gətirməyən ikili yanaşmanın aydın təzahürüdür".//Olaylar.az
Paylaş: