Xəbər lenti
27-11-2024, 19:25

REAL Partiyası üç qanun layihəsinin Milli Məclisə təqdim edilməsi üçün konstitusiyanın 96-cı maddəsini əsas götürərək imzatoplama kampaniyasına başlamaq fikrindədir. Bu barədə REAL sədri İlqar Məmmədov müraciət yayıb.

Siyasi partiya Bakı merinin seçki yolu ilə seçilməsi, devalvasiyadan doğan kredit faizləri probleminin ədalətli həlli, dövlətin ali məktəblərdə təhsil alan tələbələrin təhsil haqqını tam ödəməsi ilə bağlı üç qanun layihəsi hazırlayıb. “REAL Partiyası qanunvericilk təşəbbüsü ilə qanun layihələrinin Milli Məclisə təqdim edilməsi məqsədi ilə 40 min seçicinin imzasını toplamağa start verir. Siz də imza toplamaqda bizə dəstək olun. Bu sizin konstitusiyada yazılmış haqqınızdır” – partiya lideri seçicilərə müraciət edib.

Bəs partiya 40 min imzanın öhdəsindən gələ biləcəkmi? REAL idarə heyətinin üzvü Azər Qasımlı imzatoplama kampaniyasının hələ start götürmədiyini bildirdi: “İmzatoplama kampaniyası bu ayın ortalarından sonra başlayacaq. İndi hazırlıq işləri gedir. Bu sadəcə, imza kampaniyası olmayacaq. Biz bunu böyük bir siyasi kampaniyaya çevirməyi düşünürük. Yalnız REAL-ın üzvlərini deyil, həm də könüllüləri bu prosesə cəlb etməyi düşünürük. Həm maliyyə, həm də imzaların yığılması nöqteyi-nəzərindən düşünürük ki, elə ciddi problemimiz olmayacaq. Əgər hakimiyyət kampaniyanın qarşısını almağa cəhd etməsə, yaxın zamanda imzaları toplaya biləcəyik. Bizim indiyə qədər imzatoplama təcrübəmiz olub. 2013-cü ildə İlqar Məmmədovun prezidentliyə namizədliyini irəli sürdüyümüz zaman 8 gün ərzində 42 min 600 imza toplamışdıq. O prosesdə 500-ə yaxın adam kampaniyada iştirak edirdi. Biz bunu idarə etməyi bacarmışdıq. Çox ciddi bir təcrübəmiz var. Azərbaycanda tək-tük siyasi partiya tapılar ki, 8 gün ərzində 40 mindən çox imza toplasın. Belə bir təşkilat açığı, tanımıram. İkinci təcrübəmiz parlament seçkiləri ilə bağlı oldu. 15 namizədimiz var idi və hər namizəd də 500-dən çox imza toplamışdı. Bu imzaları partiya üzvlərimiz yığmışdı. 2016-cı ildə də biz imza kampaniyasına başlamışdıq. İki mindən çox imzanı bir həftə ərzində yığmışdıq. Ondan sonra 40 min imza toplayacaqdıq. Amma bildiyiniz səbəblərdən bunu edə bilmədik. Təşəbbüs qrupumuz qeydə alınsaydı, 40 min imzanı da yığacaqdıq. İndi də düşünürük ki, bu imzaları toplamaq bizim üçün çətin olmayacaq. Hazırda bizim təkliflər çox aktualdır. İnsanların şəxsi həyatlarına, onların sosial vəziyyətlərinə müsbət mənada təsir edəcək. Bakıya yeni statusun verilməsi, paytaxtda Böyük Şəhər Bələdiyyəsinin yaradılması, seçkilər keçirilməsi təkliflərimiz bütövlükdə ölkəmizi əhatə etməsə də, gələcəkdə bunun ciddi təsirlərinin olacağı istisna deyil. Digər şəhərlərimizdə də belə bir seçkilərin keçirilməsi mümkün olacaq. Bunun da həmin şəhərlərdə yaşayan insanların həyatına müsbət təsiri olacaq. Bakıda adicə yağış yağır, problemlər aşıb-daşır. Problemləri də hərə bir şəxsin üzərinə atır. İnsanların konkret olaraq seçdikləri bir şəxs yoxdur ki, tələblərini ondan etsinlər. Kreditlərlə bağlı təklifimiz də var. Burada vətəndaşlara, banklara, iş adamlarına dəyən ziyanın dövlət tərəfindən ödənilməsini təklif edirik. Bu insanların maliyyə vəziyyətlərinə ciddi şəkildə təsir edəcək məsələdir. Buna görə insanların bu məsələdə bizə dəstək verəcəklərini düşünürük. Üçüncü təklifimiz də təhsil haqları ilə bağlıdır. Təhsilin pulsuz olmasını vacib sayırıq. Dövlət məktəblərinə daxil olan tələbələrin valideynləri pul ödəməməlidir. Bu hazırda abituriyent olan və 2019-cu ildə ali məktəbə daxil olmaq istəyənlərin valideynləri ilə bağlı birbaşa məsələdir. İnsanların bu məsələdə də bizə dəstək verəcəklərini düşünürük”.

REAL funksioneri imzaların ilk növbədə Bakıda toplanacağını qeyd etdi: “İmzalar 60-dan çox dairə üzrə toplanacaq. İlk olaraq Bakıda imza yığılacaq. Amma Azərbaycanın demək olar bütün bölgələrindən imza toplamaq niyyətindəyik. İmzatoplama kampaniyası üçün hansısa bir hakimiyyət qurumundan icazə almağımız kimi prosedura qaydası yoxdur. Konstitusiyasının 96-cı maddəsində açıq şəkildə yazılıb ki, Milli Məclis, ölkə prezidenti, Ali və Konstitusiya Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi və 40 min seçici imzasını verən qurum qanunvericilik təşəbbüsü ilə çıxış edə bilər. Bu hansı formada, necə bir şəkildə olmalıdır kimi qanunvericilik bazası hazırlanmayıb. Ona görə bu məsələdə tam sərbəstik. Hüququmuzdan sadəcə istifadə edirik. Kimsə bu hüququmuzdan istifadə etməməklə bağlı bizə nəsə deyə bilməz”.

 

 




Ana səhifəyə qayıt        Baxış: 401          Tarix: 9-11-2018, 12:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma