Xəbər lenti
Dünən, 23:30
Dünən, 20:17
Dünən, 16:49
Dünən, 15:30
Dünən, 14:18
Dünən, 13:53
Dünən, 11:19
Dünən, 10:14
Dünən, 09:24
28-11-2024, 22:53
28-11-2024, 21:42
28-11-2024, 20:38
28-11-2024, 18:24
28-11-2024, 17:12
28-11-2024, 16:24
28-11-2024, 16:00
Bəlkə bu da mənim suçumdur, bəzi məsələlərə qeyri-ardıcıl münasibətimin təzahürüdür: mən Azərbaycan telekanallarına baxmaya bilmirəm. Bəli, yazıram, tənqid edirəm, amma axırda yenə də baxıram və xüsusən də mədəniyyətə aid verilişləri buraxmıram.
Çox ola bilsin ki, bu vərdiş də məndə sovetin vaxtından qalıbdır. Uşaqlıqda nəinki öz televiziyamızda gedən bu qəbildən olan bütün verilişlərə baxırdım, hətta mərkəzi televiziyadakı verilişləri, xüsusən də professor S.Kapitsanın "Oçevidnoe-neveroyatnoe” və bir də "Nauka i jizn” verilişlərini qətiyyən nəzərdən qaçırmazdım.
İndi də belədir, daim izləyirəm ki, görüm, bizim mədəniyyət və elm adamlarımız nə edirlər, indi nələrlə məşğuldurlar?
Bəli, daha çox diqqət tarixə, bizim etnik və ərazi tariximizə yönəlib. Bunu da təbii sayırıq. Sovetin yetmiş illik tabularından, yasaqlarından sonra belə olması təbii haldır, üstəlik, burada bir qədər sui-istifadənin də olması da başadüşülən məsələdi: əvvəllər siyasi sensurandan əlavə elmin özünün də bir professional senzurası olurdu və bu, qeyri-elmi "ideya”ların və ya yanaşmaların elmə yol açmasına imkan vermirdi.
İndi bu tələblər yumşaq şəkildə desək, bir az yumşalıb, hətta deyərdik, tamam itibdir: kitablar daha akademik nəşriyyatlarda çap olunmur, ciddi mütəxəssislərin redaktəsindən keçmir, kimin vəsaiti varsa, özü "kitab”ını dərc etdirir, "fikir”lərini, "mülahizə”lərini və "kəşf”lərini yayır.
Başına döndüyüm televiziyalara da ciddi siyasi –iqtisadi verilişlərdən savayı hər şeyi göstərməyə, bacardıqları qədər efiri doldurmağa imkan verilir və onlar da tariximiz, mədəniyyətimiz haqqında azacıq bundan əvvəl bəhs etdiyim verilişləri həvəslə efirə buraxır və bununla cəmiyyətin daha ciddi kəsimini də unutmadıqlarını göstərməyə çalışırlar.
Nə başınızı ağrıdım, bu verilişlərdən də məlum olur ki, dünyanın bütün mədəniyyətini -elmini, hətta tarixini biz türklər yaratmışıq və dünyanın tarixi də elə türklərin tarixidir.
Bilirsinizmi, mən nə tarixçiyəm, nə dilçi, nə də ki, mifoloq. Amma gəlin bircə anlığa düşünək.
Lap sübut olundu ki, ön Asiyanın qədim xalqları, məsələn, şumerlər də türk olublar, lap təsdiq olundu ki, nə qədim yunanlar olub, nə də qədim romalılar və bunların əvəzində qədim türklər olublar, lap hamı qəbul etdi ki, Misir ehramlarını da, Zevsin məbədini də məhz bizim babalarımız – qədim türklər tikibdir, türklər Altaydan buralara yox, əksinə buralardan Altaya köç ediblər, - bütün bunlar axı bizə nə verəcək?
Məgər özümüzün atalar deyimimiz deyilmi ki, babamla babamdan deyil, özümlə özümdən danış?
Yoxsa dünyanın bütün xalqları toplaşıb bəşər tarixinə və mədəniyyətinə verdiyimiz böyük töhfələrə görə bizə müavinət kəsəcəklər?
Vallah, mən nə tarixin, nə də ki, tarixi araşdırmaların qəti əleyhinə deyiləm, amma bir sözüm var sizə: tarix qalsın özlüyündə, fəqət, indi üçün, bugün üçün gəlin bir az alman, ingilis, heç olmasa, eston, latış olmağa çalışaq! Min illər bundan əvvəl olmuşlar deyil, bu günümüzdəki durumumuz və halımız nəzərə alınır dünyada axı...
İllər bundan əvvəl bir amerikalı sosioloqun yazısını oxumuşdum. O, gələcəyə və keçmişə yönəlik şüur tiplərindən yazmışdı və gileylənirdi ki, Qərbdə insanlar daha çox gələcək, Şərqdə isə əksinə keçmiş haqqında düşünürlər.
Mənim Qərblə elə bir işim yoxdur, onların gələcəklərini də bilmirəm, bircə onu bilirəm ki, bu günləri adamda həqiqətən də qibtə doğurur, özü də məni bizim insanların əksəriyyətindən fərqli olaraq Qərbin maddi nemətləri qəti maraqlandırmır, yalnız insana verilən dəyər düşündürür, insana layiq cəmiyyət yaratmaqları cəlb edir.
O ki qaldı Qərbin gözəl şəhərlərinə, şüşə kimi yollarına, daha nə bilim, nələrinə, bunlar əslində ikinci dərəcəli məsələdi –əsl azad insan, əsl azad cəmiyyət bundan da yaxşısını yaratmağa qadirdir.
Bizim Şərq və onun kiçik parçası olan Azərbaycanımız isə keçmişdən qurtula bilmir. Bunun bir səbəbi odur ki, Şərqin də, Azərbaycanın da az- çox qüdrətli çağları keçmişdə qalıbdır.
Digər səbəbsə daha dəhşətlidir: insanlara bugün və gələcək barədə həqiqətləri danışmaq və çözmək demək olar ki, yasaqdır. Tənqidi fikir söyləmək, yeni nəsə təklif etmək, dünyanın öncül xalqlarının yaşadıqları qaydalarla yaşamağa çağırmaq demək olar ki, mümkün deyil, yalnız tərif və bir daha tərif söyləmək mümkündür.
Odur ki, biz sanki təqaüdə çıxmış, qocalmış bir xalqa bənzəyirik. Qocaların isə adətən keçmişi olur, bəli, qocalar keçmişdə "eşələnməyi”, xatirələrlə yaşamağı sevirlər.
O gün baxıram, televiziyaların birində ölkənin yarımillik ixracatından danışırlar və etiraf da edirlər ki, ixracımızın 90 fazizini neft, qaz və neft məhsulları təşkil edir, qeyri - neft sektorunun payı isə cəmi onca faizdir!
Sizə ərz edim ki, əslində qeyri-neft sektoru bundan da azdı və biz faktiki olaraq, heç nə istehsal etmirik.
Odur ki, vaxtınız və həvəsiniz, ən əsası da cəsarətiniz varsa, gəlin bunlardan danışaq. Yoxsa düşünürsünüz ki, şumerlərin türk olması və ya qədim türklərin Altaydan bura yox, buradan Altaya köç etməsi haqqındakı son "nəzəriyyə”lər təsdiq olunsa, vəziyyət tamam dəyişəcək və bizim qeyri–sektorumuz, istehsal həcmlərimiz 10 faizdən artıb 90 faiz olacaqdır? Yoxsa bizim şanlı və şöhrətli, sinəsi ordenli-medallı məmurlarımız tövbə edib daha ölkəni talan etməyəcklər? Yoxsa bizim insanlar da, heç olmasa, estonlar və ya latışlar kimi azad yaşamağa, heç olmasa, Ukraynadakı kimi azad seçkilər keçirməyə başlayacaqlar?..
Düzü, mən də çox inanmaq istərdim bütün bunlara, amma inana bilmirəm - odur ki, şanlı, ən əsası da milli telekanallarımızda "mədəniyyət”imizə, "tarix”imizə aid verilişlərin sayını bir az da artırın, birdən insanlarımız keçmişdən qopub, yaxud da bekarçılıqdan bezib bu gün və gələcək haqda fikirləşməyə başlarlar...
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar