Xəbər lenti

ABŞ prezidenti Donald Trampın Cənubi Qafqaz problemlərinə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə elə bir marağı yoxdur.
İstiPress-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, ABŞ dövlət katibinin Cənubi Qafqaz üzrə keçmiş köməkçisi Metyu Brayza Rusiyanın ″Vestnik Kavkaza″ portalına müsahibəsi zaman bildirib.
Karneqi Fondunun analitikləri Yevgeni Rumer, Riçard Sokolski və Pol Stronski tərəfindən hazırlanmış “ABŞ-ın Cənubi Qafqazda siyasəti” barədə məruzəni və Beynəlxalq Böhran Qrupunun Qarabağ münaqişəsi ilə bağlı bu günlərdə dərc etdiyi məruzəsini şərh edən Metyu Brayza deyib:
“Hər bir Amerika prezidenti anlayıb ki, biz öz müttəfiqlərimizi müdafiə etməli və gücləndirməliyik. Həm Respublikaçıların, həm də Demokratların adminsğtrasiyalarında belə olub. Söhbət həm enerci sahəsində əməkdaşlıqdan, həm boru kəmərlərindən, həm də Dağlıq Qarabağdan gedir. Mən prezident Tramp tərəfindən Cənubi Qafqaza hansısa marağını hələ ki, görmürəm. Bu məsələlərlə məşğul olacaq əməkdaşlar hələ ki, yoxdur. Mən narahatam ki, bu sahə lazımi diqqəti qazanmır. Ümid edirəm ki, Tramp Rusiya ilə əməkdaşlıq üçün problem axtaran zaman Qarabağı seçəcək”,- deyə Metyu Brayza vurğulayıb.
Həm Karneqi Fondunun, həm də Beynəlxalq Böhran Qrupunun Qarabağ münaqişəsi ilə bağlı bu günlərdə dərc etdiyi məruzəsində bildirilir ki, Azərbaycan və Ermənistan müharibə ərəfəsindədir və bu müharibəyə hər iki ölkənin strateci tərəfdaşları olan Türkiyə və Rusiya da qarışa bilər. Yəni hər iki analitik qrup region üçün böyük müharibə anonsu verib.
Metyu Brayza bildirib ki, yaranmış təhlükəli vəziyyətdən çıxış üçün nizamlama prosesində Rusiya və Amerika prezidentləri iştirak etməlidirlər. O, müsbət nümunə kimi 2016-cı ilin aprel döyüşlərindən sonra Rusiya prezidenti Vladimir Putinin oynadığı roldan danışıb:
“Prezident Putin onda çox konsturktiv rol oynadı. O, vəziyyətdən çıxış üçün təkliflər verdi.  Aprel hadisələrindən sonra o, Azərbaycan və Ermənistan prezidentləri ilə görüş keçirdi. Mən belə başa düşdüm ki, Azərbaycan tərəfi bu təşəbbüsü alqışladı, erməni tərəfi isə yox”.
Metyu Brayzanın fikrincə, Rusiya onda yaxşı təklif irəli sürmüşdü: “Tərəflərdən biri razılaşmadı və buna görə hər şey dayandı. İndi hər şey dalana dirənib. Bilmirəm, hadisələr necə inkişaf edəcək. Ümid edirəm ki, Amerika prezidenti nəsə təklif edəcək”.
Metyu Brayzı Amerikada Qarabağ problemini ən yaxşı bilən siyasətçilərdəndir. O, 2005-ci ildən münaqişənin həllində yaxından iştirak edir. Metyu Brayza Dağlıq Qarabağın yerli erməni silahlıları tərəfindən deyil, Ermənistan ordusu tərəfindən işğal edildiyini vurğulayan ilk qərb siyasətçilərindəndir. O, bu barədə fikirlərini ilk dəfə 2005-ci ildə  ANS Şirkətlər Qrupunun nəşr etdiyi “Hesabat” jurnalına müsahibəsində demişdi.
Buna qədər ermənilər Dağlıq Qarabağ münaqişəsini beynəlxalq diplomatik müstəvidə milli-azadlıq hərəkatı kimi təqdim edirdilər. 1992-ci ildə Azərbaycana qarşı ABŞ Senatında qəbul edilmiş 907-ci düzəliş də bu qeyri-obyektiv yanaşmanın məhsulu idi. Metyu Brayzanın münaqişəyə obyektiv yanaşması Amerikadakı erməni lobbisini həmişə narahat edib.  2011-2012-ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri olmuş Metyu Brayza diplomatik fəaliyyətini erməni lobbisinin təzyiqi altında dayandırmalı oldu. Senat onu bu vəzifəyə təsdiq etmədi.

 




Ana səhifəyə qayıt        Baxış: 989          Tarix: 3-06-2017, 11:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma