Xəbər lenti

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının oktyabrın 2-nə təsadüf edən üçüncü iş günü Böyük Britaniyadan olan deputat Lord Riçard Balfın hazırladığı “Avropada ombudsman təsisatı – müştərək standartlar ehtiyacı” adlı məruzə ətrafında müzakirələrlə başlandı.


Getdikcə cəmiyyət həyatında daha artıq rol kəsb edən bu təsisatın vacibliyi, ayrı-ayrı ölkələrin ombudsmanları arasında təcrübə mübadiləsinin gücləndirilməsi müzakirələrə qatılan deputatların üzərində dayandığı başlıca məqam idi.


Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da bu məsələ ilə bağlı çıxış edərək əvvəlcə ombudsman təsisatının Avropada artan əhəmiyyəri üzərində dayandı:


“Ombudsman” termini və təsisatı ilk dəfə XIX əsrdə yaranaraq XX yüzillikdə formalaşmış yeni bir hadisə olsa da, mahiyyəti etibarı ilə bu anlayış qədim tarixə malikdir. İnsan haqları, yaxşı idarəçilik uğrunda mübarizələr həmişə aparılıb. Kimsə şəxsi təşəbbüsü, kimsə cəmiyyətin seçimi əsasında bu missiyanı üzərinə götürüb, bununla da əslində demokratik dəyərlərin daha artıq bərqərar olmasına öz töhfəsini verməyə çalışıb. Lakin bu gün Avropada və dünyada ombudsman institutu  dövlət idarəçiliyi şəbəkəsində tənzimləməni təmin edən özünəməxsus yeri olan bir qurum kimi getdikcə daha artıq əhəmiyyət kəsb edir. Beləliklə də,  əhalinin dövlət nəzarətində olan sahələrlə əlaqədar şikayətinə baxan ombudsaman və onun rəhbərlik etdiyi institutun daha mükəmməl və çevik olmasına ehtiyac və zərurət də artır.

Nə qədər pardoksal səslənsə də vəzifəsi, məqsədi vətəndaşların hüquqları müdafiə etmək olan ombudsman institutunun özünün də bu gün müdafiəyə, bundan ötrü isə daimi təkmilləşməyə ehtiyacı var. Bir təsisat kimi daha yaxşı qorunan, daha nüfuzlu, daha təkmil olmağın yolu isə qlobal ombudsman şəbəkəsindəki əməkdaşlığın daha da sıx olması ilə bağlıdır. Daha yaxın əməkdaşlıq isə təcrübə mübadiləsinin çoxalmasına, ortaq standarların üzv ölkələrdə daha işlək olmasına gətirib çıxarır. Eləcə də bu fəal əməkdaşlıq ombudsman təsisatını qarşılaşa biləcəyi hər hansı məhdudiyyətlərdən daha çox qoruyur, onun daha geniş  müstəqilliyinə etibarlı zəmin yaradır”.


“Avropa və dünya ombudsman təcrübəsini öyrənmək və mənimsəməklə yanaşı Azərbaycan, bu təsisatın daha təkmil olmasına xidmət edən, başqa ölkələrin də  nümunə götürə biləcəyi öz müsbət təcrübələrini də ortaya qoyur…”


Azərbaycanda ombudsmanın fəaliyyətləri üzərində ayrıca dayanaraq bu haqda geniş məlumat verən R. Hüseynov ölkəmizin həmin sahədəki uğurlu addımlarının müvafiq beynəlxalq qurumlar tərəfindən təqdir edildiyini xatırlatdı:


“Azərbaycanda ombudsman institutunun 17 yaşı var. Lakin bu çox da böyük olmayan müddət ərzində nəzərəçarpacaq uğurlar əldə edilib. İl-il artan müsbət dəyişiklikləri və inkişafı isə ən azı hər il milli parlamentdə ombudsmanın illik hesabatını dinləyərək bunu keçmiş dövrlə müqayisə edəndə aydın görürürük. Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Avropa və dünya ombudsman təcrübəsini öyrənmək və mənimsəməklə yanaşı Azərbaycan, bu təsisatın daha təkmil olmasına xidmət edən, başqa ölkələrin də  nümunə götürə biləcəyi öz müsbət təcrübələrini də ortaya qoyur. Təsadüfi deyil ki,  Asiya Ombudsmanlar Assosiasiyası Direktorlar Şurasının 2018-ci ilin 30 oktyabrında Bakı şəhərində keçirilmiş 21-ci iclasında Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Azərbaycanın milli və beynəlxalq səviyyədə maraqlı tərəflərlə sıx əməkdaşlığa əsaslanan uğurlu fəaliyyəti təqdirəlayiq nümunə kimi təqdim olunub”. 


Dünyada və Avropada getdikcə böyük bəlaya çevrilən qaçqınlar və məcburi köçkünlər probleminə toxunan  deputat Azərbaycanın bu istiqamətdə daha narahat bir vəziyyətdə olduğunu diqqətə çatdırdı.


R. Hüseynov  ölkədə ombudsman təsisatının işə başladığı ilk gündən başlıca prioritetlərindən birinin məhz bu həssas təbəqənin problemlərinin həllinə daha çox diqqət yetirmək olduğunu söylədi. Eyni zamanda azərbaycanlı deputat bu sahədə Azərbaycan ombudsmanının təcrübələrindən oxşar problemlə üzləşəşən digər Avropa ölkələri ombudsmanlarının da yararlanmaslının məqsədənmüvafiq olduğunu bildirdi:


“Təəssüflər olsun ki, qaçqınlıq faciəsi  Avropada və dünyada getdikcə daha iri miqyaslar almaqdadır. Son 30 ilə yaxın müddətdə 1milyondan artıq qaçqın və məcburi köçkünün ağır qayğıları ilə yaşayan Azərbaycanda ombudsman təsisatından ötrü də bu sahə başılca prioritetlərdəndir. Həmin həssas təbəqənin problemləri ilə bağlı bir təsisat olaraq yarandığı ilk günlərdən daim yaxından məşğul olan Azərbaycan ombudsmanının təcrübəsi oxşar problemlərlə üzləşən ölkələr üçün gərəklidir və nümunə olaraq götürülə bilər”.

 

Nitqini yekunlaşdıraraq “Bizim hamımızın başlıca ideyamız və niyyətimiz daha yaşamalı Avropa Evini qurmağa nail olmaqdan ibarətdir. Bu gün ətrafında fikir bölüşdüyümüz çox lazımlı məruzə və onun fəlsəfəsi isə bu ideya və niyyətə birbaşa xidmət edir”– deyən R. Hüseynov inkişafa xidmət edən ortaq dəyərlərin ardıcıl şəkildə paylaşılmasının daha bütöv və yekdil Avropa quruculuğunda əhəmiyyətini vurğuladı. (Etikxeber.az)




Ana səhifəyə qayıt        Baxış: 322          Tarix: 2-10-2019, 21:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma