Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva Ermənistan Müdafiə naziri David Tonoyanın “Qarabağ məsələsi öz həllini tapıb” fikrinə münasibət bildirib.
Oxu.Az-ın xəbərinə görə, L.Abdullayeva bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə beynəlxalq vasitəçilərin iştirakı ilə uzun illərdir səylər davam etdirilir.
O deyib ki, belə olduğu halda işğalçı ölkənin Müdafiə nazirinin məlum fikirlə çıxış etməsi yalnız xəstə təxəyyülün məhsulu ola bilər.
“Faşizmi qəhrəmanlaşdıran, Azərbaycanın ərazilərini işğal edərək bu torpaqlarda yaşayan yerli azərbaycanlılara qarşı qanlı etnik təmizləmə həyata keçirən və Xocalı soyqırımı kimi vəhşilik törədən bir ölkənin müdafiə nazirindən daha nə gözləmək olar?!”, - deyə XİN rəsmisi əlavə edib.
L.Abdullayeva söyləyib ki, Ermənistanda qəhrəman səviyyəsinə yüksəldilən faşist cəlladı Qaregin Njde də vaxtı ilə məsələnin həll edildiyini düşünürdü:
“Ancaq onun aqibətinin necə olduğu hamıya bəllidir. Ermənistan-Azərbaycan münaqişəsi yalnız beynəlxalq hüquq prinsipləri tam təmin edildikdən və ədalət bərpa olunduqdan sonra, beynəlxalq ictimaiyyətin də tələb etdiyi kimi Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi, ərazi bütövlüyü bərpa edildikdən sonra həll olunacaq”.
Qeyd edək ki, D.Tonoyan jurnalistin “Siz Qarabağ münaqişəsinin həllini necə təsəvvür edirsiniz?” sualına pafosla və məntiqsiz cavab verib.
“Ancaq qələbəni təsəvvür edirəm. Qarabağ məsələsi həll olunub”, - o qeyd edib.
Paylaş: