Xəbər lenti
Bu gün, 18:09
Bu gün, 17:21
Bu gün, 13:41
Bu gün, 12:35
Bu gün, 11:21
Dünən, 23:24
Dünən, 22:14
Dünən, 21:42
Dünən, 19:32
Dünən, 17:30
Dünən, 16:41
Cənubi Qafqazda təhlükəsizlik sisteminin formalaşmasının müqəddəm şərtləri, gedişi və perspektivləri nüfuzlu politoloq və iqtisadçıların, jurnalist və analitiklərin apardıqları diskussiyaların əsas mövzusuna çevrilib. Müşahidələr göstərir ki, bu məsələdə qeyri-müəyyən məqamlar kifayət qədərdir. Onlar daha çox rəsmi İrəvanın pozucu fəaliyyətindən qaynaqlanır. Uğursuz xarici siyasət yürüdən Ermənistan hakimiyyəti regionda qeyri-müəyyənliyi artırır, müxtəlif təbiətli risklərin meydana gəlməsinə səbəb olur. Eyni zamanda, İrəvan bunu Rusiyanın Cənubi Qafqazda əməkdaşlıq və təhlükəsizlik istiqamətində ciddi müsbət addımlar atdığı bir mərhələdə edir. Bu isə regionda geosiyasi mənzərənin öz bütövlüyünü itirməkdə olduğu anlamını verir. Bütün bunların fonunda Cənubi Qafqazda təhlükəsizlik sisteminin Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı fonunda formalaşma perspektivlərinin geosiyasi analizinə ehtiyac görürük.
Risk mənbəyi: Ermənistan mövqeyini dəyişmir
Maraqlıdır, Ermənistanda hələ də bu vassal ölkəni müstəqil dövlət sayanlar var. Onlar hətta bu ölkənin qlobal proseslərdəki “yeri və rolu”ndan belə bəhs etməyə çalışırlar. Bunun üçün erməni ekspertlərin bir tutarlı arqumenti belə yoxdur. Əvəzində, antiazərbaycan ruhunda quraşdırılmış və əksər hallarda gülüş obyektinə çevrilən uydurmalardan danışırlar. Buna baxmayaraq, Cənubi Qafqazda təhlükəsizlik sisteminin formalaşdırılması kontekstində Ermənistan amilini nəzərə almaq lazımdır. Bunun iki aspektdə mənası vardır.
Əvvəla, Ermənistan Rusiyanın forpostu olaraq nə dərəcədə regional miqyasda təxribat törədə bilər? İkincisi, Ermənistan terroru dəstəkləyən dövlət kimi regional təhlükəsizlik sisteminə hansı dərəcədə təhdid yaradır? Bu iki sualın prizmasından Ermənistan rəhbərliyinin yeritdiyi səbatsız və qeyri-konstruktiv xarici siyasətə nəzər salsaq, rəsmi İrəvanın regionun təhlükəsizliyi üçün qara ləkə olduğunu görürük.
Birinci aspektdən başlayaq. Ermənistan daim Rusiyadan şikayət edir. Rusiyanın yaratdığı bütün inteqrativ təşkilatlarda təmsil olunan Ermənistandır: MDB, Aİİ, KTMT. Bundan başqa, bu ölkənin iqtisadi sistemi, enerji sektoru çox böyük ölçüdə Moskvanın nəzarəti altındadır. Bu yaxınlarda Nikol Paşinyan demişdi ki, KTMT Ermənistan üçün strateji əhəmiyyət kəsb edir. Yəni rəsmi İrəvan sözdə bütün təhlükəsizlik strategiyasını Rusiya ilə bağlayır.
Ancaq məsələ ondan ibarətdir ki, erməni ekspertlər və KİV orqanları gecə-gündüz qırıldadırlar ki, Rusiya Azərbaycana dəstək olur, onu müdafiə edir, qoruyur, əks halda, "şanlı" erməni ordusu Bakıda olardı. Hətta, sən demə, Azərbaycan 2016-cı ilin aprelində birbaşa Rusiyanın dəstəyi ilə erməni ordusuna hücum edibmiş. Təsəvvür edin: Rusiya öz forpostuna Azərbaycanla birgə hücum edib, ancaq "qəhrəman" erməni işğalçı ordusu güclü müqavimət göstərib! Həqiqət isə ondan ibarətdir ki, erməni rəhbərliyi dərhal Moskvaya qaçdı və yalvardı ki, Azərbaycan Ordusunun hücumunu dayandırsınlar. Kreml də lazımi yardımı ermənilərə göstərdi.
Bundan başqa, Ermənistan rəhbərliyi özü dəfələrlə Rusiyanın yaratdığı təşkilatlarda təmsil olunduğunu bəyan edir, lakin yenə də Moskvanın Azərbaycana yardım etməsindən dəm vurur. Özü də Ermənistan əleyhinə fəaliyyətdə Moskva-Bakı birliyindən danışır. Burası çox paradoksal olduğu qədər də primitivdir. Çünki regiondakı vəziyyəti az-çox anlayanlar gözəl bilirlər ki, Ermənistanın bütün sosial, siyasi, hərbi, strateji mövcudluğu Rusiya ilə bağlıdır. Moskva bir gün belə əlini çəksə, ermənilər qorxularından ölərlər.
Onda bəs, rəsmi İrəvanın bu hay-küyü nə üçündür? Aydındır: reallığı ört-basdır etmək, Ermənistanın müstəqil dövlət olduğuna sadəlövhləri inandırmaq və həm də Qərbin gözünə kül üfürmək. Bir sözlə, çox saxta, süni bir oyun aparmağa çalışılır. Məhz bu məqam regional təhlükəsizlik sisteminin formalaşması qarşısında ən ciddi əngəllərdən biridir. Onun səbəbləri sırasında yuxarıda vurğuladığımız ikinci faktor vardır.
Bəli, Ermənistan uzun illərdir ki, dövlət səviyyəsində terrora dəstək verir, onun qaynaqlarından biridir. Təcrübə göstərir ki, Ermənistan "müstəqilliyi" dövründə ondan-bundan yardım dilənməkdən və terror aktlarını təşkil etməkdən başqa bir iş görə bilmir. Məsələn, Ermənistan regional miqyasda hansı mədəni, elmi, siyasi və ya iqtisadi proqramın təşəbbüskarıdır? Ermənistan ekspert dairələrinin “analizləri”nə baxsan, orada birini qınama, o birisindən küsmə, digərini isə tərifləmədən başqa bir şeyə rast gəlməzsən. Tam arqumentsizlik və tam iftira. Bunun fonunda Rusiya ilə Türkiyə və Azərbaycanın arasını vurmaq, Azərbaycanla Gürcüstan arasında problem yaratmaq, Azərbaycan-İran münasibətlərini ləkələmək kimi mənfur işlərlə məşğuldurlar.
Regionun geosiyasi konfiqurasiyası: perspektivli model
Belə bir ideoloji, mənəvi və təbliğati mənzərəsi olan bir ölkədə terror hər zaman özünə yuva sala bilər. Ermənistan regionun terror qaynağı olaraq qalmaqda davam edir. Onun dəyişmək fikri yoxdur. Bunun fonunda Cənubi Qafqazda təhlükəsizlik sistemi necə formalaşa bilər?
Yaxşı ki, regionda bu prosesi apara biləcək dövlətlər var. Bunlar Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya və qismən İrandır. Hazırda Cənubi Qafqazın təhlükəsizliyinə ən çox töhfə verən ölkələr Azərbaycan, Türkiyə və Gürcüstandır. Moskva indi bu prosesdə müsbət rol oynayır və əhəmiyyətli dərəcədə sabitliyin qorunub saxlanmasına töhfə verir. Azərbaycan, Türkiyə və Gürcüstan isə konkret model üzrə hərəkət edirlər. Bu prosesin bir sıra vacib məqamlarını vurğulamaq olar.
Hər şeydən öncə, bu üç dövlət Cənubi Qafqazda regional əməkdaşlığın inkişafında maraqlı olub beynəlxalq hüququn imkan verdiyi çərçivədə müxtəlif layihələrin reallaşdırılmasında fəal əməkdaşlıq edir. Uzun illərin təcrübəsi göstərir ki, Azərbaycan, Türkiyə və Gürcüstan Cənubi Qafqazda beynəlxalq layihələrin həyata keçirilməsində dayanıqlı surətdə fəaliyyət göstərə bilirlər. Bu stabillik onu deməyə əsas verir ki, həmin ölkələrin regional əməkdaşlıqla bağlı təsəvvürləri üst-üstə düşür. Şübhəsiz ki, belə bir geoiqtisadi maraq ortaqlığı geosiyasi və təhlükəsizlik müstəvilərində də bu dövlətlərin real əməkdaşlığına imkanlar yaradır.
Həmin aspektdə Azərbaycan, Türkiyə və Gürcüstanın mürəkkəb geosiyasi şəraitdə belə təhlükəsizlik sahəsində əməkdaşlığı maraq doğurur. Onlar konkret proqramlar üzrə təlimlər keçirir, bu zaman enerji dəhlizlərinin təhlükəsizliyinin təmini ilə bağlı müxtəlif ssenariləri nəzərdən keçirirlər. Bu ilin sentyabrında bu çərçivədə xüsusi təyinatlıların keçirdikləri təlim ekspertlərin diqqətini çox çəkmişdi.
Bunlardan başqa, Azərbaycan, Türkiyə və Gürcüstanın Müdafiə nazirləri mütəmadi olaraq görüşürlər. Bu görüşlərdə ciddi müzakirələr aparılır və əməkdaşlıq genişlənir. Aydın görünür ki, tərəflər səmərəli və konkret nəticə verən əməkdaşlıq edə bilirlər.
Nəhayət, Azərbaycan, Türkiyə və Gürcüstan terrorla mübarizədə də ortaq fəaliyyət göstərə bilirlər. Təcrübə göstərir ki, onlar ancaq NATO-nun həyata keçirdiyi proqramlar çərçivəsində deyil, özləri müstəqil olaraq terrorla mübarizəni apara bilərlər. Məsələnin bu tərəfi çox önəmlidir. Çünki sirr deyil ki, regionda terror dalğası yaratmaq arzusunda olan qüvvələr vardır.
Bunlar Azərbaycan, Türkiyə və Gürcüstanın Cənubi Qafqazda təhlükəsizlik sisteminin yaradılmasının aparıcı dövlətləri olduğunu təsdiq edir. İndiki mərhələdə Ermənistandan başqa regionda destruktiv mövqe tutan ölkə yoxdur. Maraqlıdır ki, Rusiyanın regional əməkdaşlıq və sabitliyə ciddi töhfələr verdiyi bir mərhələdə də Ermənistan konstruktiv addım atmaq istəmir. Bununla o, ümumiyyətlə, Cənubi Qafqazın təhlükəsizliyi üçün ciddi təhdid mənbəyi olduğunu təsdiqləyir. Ermənilər qonşularına qarşı ərazi iddialarından, görünür, əl çəkmək istəmirlər. Belə bir şəraitdə çətin ki, Moskva axıra qədər onu müdafiə etsin. Artıq bunun bir sıra əlamətləri özünü göstərir. Deməli, istisna deyil ki, yaxın perspektivdə Cənubi Qafqazın təhlükəsizlik sisteminin formalaşmasında Azərbaycan, Türkiyə, Gürcüstan və Rusiya daha sistemli, davamlı ortaq fəaliyyət göstərsinlər.
Ancaq burada Gürcüstan-Rusiya münasibətlərindəki müəyyən anlaşılmazlığı və münaqişələrin ədalətli həlli məsələsini nəzərə almaq gərəkdir. Qərb də Tbilisi ilə Moskva arasında münasibətlərin normallaşmasına açıq və ya gizli mane olur. Bu maneə dəf edilsə, Cənubi Qafqazın təhlükəsizlik sisteminin daha intensiv formalaşmasını müşahidə etmək mümkün olacaq.
Münaqişələrin ədalətli həlli isə strateji əhəmiyyətli məsələdir. O cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə və beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsə, konkret təhlükəsizlik modelindən danışmaq ciddi deyil. Bu baxımdan Rusiyanın necə hərəkət edəcəyindən çox şey asılıdır. Bizcə, indiki mərhələdə Cənubi Qafqazda təhlükəsizlik sisteminin formalaşması qarşısındakı ən böyük maneə Ermənistanın Azərbaycana təcavüzünün aradan qaldırılmamasıdır. Hələlik Ermənistan pozucu fəaliyyətini davam etdirir. Və deməli, region hələ də təhlükədədir, müxtəlif təbiətli risklər isə artmaqdadır.(newtimes.az)
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar