Con Boltonun Ukrayna, Moldova, Belarus, Polşa turnesinin analizi başa çatmamış Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana səfər etdi. Ekspertlər ABŞ Prezidentinin müşavirinin Şərqi Avropaya səfərini nə dərəcədə gözlənilməz hesab edirdilərsə, N.Patruşevin də Bakıya gəlişinə elə qiymət verməyə çalışdılar. Məsələ həm də N.Patruşevin avqust ayında Ermənistana səfəri fonunda maraq doğururdu. Bu cür müqayisələr təsadüfi deyil. Söhbət Avrasiya məkanında ciddi geosiyasi rəqabət aparan iki böyük dövlətin təhlükəsizlik məsələləri ilə məşğul olan rəsmilərinin geosiyasi baxımdan həssas olan regionlara səfərlərindən gedir. Onlar hansı təkliflərlə gəlmişdilər? C.Bolton və N.Patruşev ümumi şəkildə təhlükəsizlik məsələsinə əhəmiyyət verdiklərini ifadə ediblər. Ancaq konkret olaraq bu ifadələrin arxasında hansı faktlar dayanır? Xüsusilə N.Patruşev hansı məqamları müzakirə edə bilərdi? Bu kimi suallara cavab üzərində geniş dayanmağa ehtiyac gördük.
Cənubi Qafqaza ikinci gəliş: Patruşev nəyi müzakirə edib?
Nikolay Patruşevin avqustda İrəvana etdiyi ikigünlük səfərinə erməni ekspertlərin münasibəti birmənalı olmadı. Rusiya və Ermənistanın təhlükəsizlik sahəsində yaxından əməkdaşlığı faktdır, lakin bir sıra məqamlara ekspertlər istehza ilə yanaşdılar. Konkret olaraq, hansı detalların müzakirə edildiyi haqqında informasiya ala bilmədiklərindən gileylənən ekspertlər tərəflərin standart ümumi frazalardan istifadə etdiyinə diqqət çəkdilər. Yekun olaraq isə belə qənaət yaranmışdı ki, tərəflər müxtəlif məsələləri müzakirə etsələr də, qarşılıqlı anlaşmaya varıldığını deməyin çətin olduğunu da qəbul etmək gərəkdir. Ekspertlər Nikol Paşinyanın lazımsız yerlərdə "suverenlikdən dəm vurması"nın Ermənistana zərər verdiyini də vurğulayırdılar.
Daha maraqlısı N.Patruşevin Azərbaycana səfəri öncəsi Ermənistan mətbuatında dərc olunan yazılarda özünü göstərib. İndi ermənilər yazırlar ki, N.Patruşev Ermənistanın ''Amulsar'' qızıl mədəninə amerikan-ingilis şirkətinin buraxılmaması üçün İrəvana göstəriş verməyə gəlibmiş. O gedəndən sonra N.Paşinyan həmin işlə bağlı iki nəfəri vəzifəsindən uzaqlaşdırıb.
Belə görünür ki, ya N.Patruşevin Ermənistanda apardığı müzakirələrin əsl məzmununu gizlətmək üçün müxtəlif şayiələr yayılır, ya da Rusiya rəsmisi İrəvanda erməni hakimiyyətini müəyyən məsələlərlə bağlı möhkəm tənbeh edib. Bir sözlə, bunlar ermənilərin öz işləridir. Lakin N.Patruşevin sentyabrın əvvəllərində Azərbaycana səfər etməsinə marağın böyük olması fonunda Ermənistan səfəri də düşündürücü görünür. Məsələ ondan ibarətdir ki, N.Patruşev Rusiyanın Təhlükəsizlik Şurasının katibi kimi ciddi səlahiyyətlərə malikdir. Və o, ''Amulsar'' kimi xırda məsələlərə görə İrəvana səfər etməzdi.
Rəsmi yayılan informasiyalardan görünür ki, N.Patruşev kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi, terror, ekstremizm və digər məsələlərlə yanaşı, dövlətlərarası əməkdaşlığın mühüm aspektlərini də müzakirə edib. Məsələn, Azərbaycanla hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi məsələsi müzakirə olunub, iki ölkə arasında münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik və bütün digər sahələrdə uğurla inkişaf etdiyi qeyd edilib. Bundan başqa, hər iki ölkənin dövlət başçıları arasında səmimi münasibətlərin əlaqələrin inkişafında rolu vurğulanıb. Tərəflərin ekstremizmə, terrorçuluğa qarşı mübarizə ilə bağlı qanunvericilik və əməkdaşlıq məsələlərini müzakirə edəcəyi bəyan edilib.
Azərbaycan ekspertləri daha konkret səviyyədə müzakirəsi ehtimal olunan məsələlərə də diqqət yetiriblər. Həmin sırada İranla bağlı vəziyyətin daha da mürəkkəbləşməsinin regionda meydana gətirə biləcəyi risklərin təhlili də vardır. Digər məsələ kimi Azərbaycan, Rusiya və İran dövlət başçılarının görüşünün təxirə salınması səbəbləri və N.Paşinyanın Dağlıq Qarabağla bağlı ifadə etdiyi məsuliyyətsiz və populist fikirləri göstərilir. Bunların fonunda N.Paşinyanın bir neçə müddətdir ki, vəziyyəti gərginləşdirən və faktiki olaraq, Azərbaycanı hərbi əməliyyatlara başlamağa təhrik edən bəyanatlarının müzakirəsi ağlabatan görünür. Ekspertlər hesab edirlər ki, N.Paşinyan bunu sifarişlə edir və məqsədi Ermənistanın müharibədə məğlubiyyətindən sonra Rusiyanı ittiham etməkdir. Bunun əsasında da Ermənistanı geosiyasi aspektdə o, Qərbə tərəf istiqamətləndirmək fikrindədir.
"Böyük oyun"un fraqmenti: geosiyasi mübarizə güclənir
Doğrusu, bu mövqe o qədər də inandırıcı görünmür, çünki forpost ölkə Rusiyanın tam nəzarəti altındadır və Moskvanın icazəsi olmadan hərb meydanında bir addım belə ata bilməz. N.Paşinyanın özündənrazı danışmasının arxasında da məhz bu məqam dayanır. Yəni "Dağlıq Qarabağda hərbi əməliyyatlara başlasanız, Ermənistanla deyil, Rusiya ilə toqquşmalı olacaqsınız". Əlbəttə, rəsmi Bakı hər bir incəliyi çox yaxşı anlayır və hər hansı təxribata qətiyyən getməz.
N.Patruşevin səfərinin mühüm geosiyasi və təhlükəsizlik aspekti, bizcə, başqa məqamlardadır. N.Patruşevin məsul olduğu sahənin miqyasını nəzərə alsaq, burada qlobal proseslərin məntiqini unuda bilmərik. Konkret olaraq, ABŞ-İran, ABŞ-Türkiyə və ABŞ-Rusiya münasibətlərinin dinamikasına diqqət yetirmək lazımdır. Aydın görünür ki, Amerika bütövlükdə postsovet məkanında daha fəal siyasətə keçir. Bunun bariz nümunəsi Şərqi Avropada, konkret desək, Ukrayna, Belarus və Moldovada özünü göstərir. Buraya Polşanı da əlavə etmək gərəkdir. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin son səfər marşrutu bu baxımdan özündə xeyli informasiya daşıyır.
Və N.Patruşevin Cənubi Qafqaz səfəri həmin səfərlə demək olar ki, zaman baxımından sinxronluq təşkil edir. O, Tbilisiyə məlum səbəblərdən gedə bilmir. Ancaq İrəvan və Bakıya gəlir. Belə təəssürat yaranır ki, Cənubi Qafqazda da geosiyasi rəqabət şiddətlənə bilər. Amerika Şərqi Avropada olduğu kimi, Cənubi Qafqazda da antirusiya fəaliyyətini canlandıra bilər. Bu məsələ avtomatik olaraq regionda İran və Türkiyə faktorunu da aktuallaşdırır.
Konkret olaraq, Rusiya İrana qarşı hər hansı bir aksiyada Cənubi Qafqaz dövlətlərinin iştirak etməməsini istərdi. Eyni zamanda, Türkiyəyə qarşı da hansısa hərəkətin olmasını arzulamazdı. Bu məqam birbaşa Ermənistana aiddir. Onun Qərbdəki havadarları Ankaranın müstəqil siyasətinə zərbə vurmaq üçün ermənilərdən terror, ekstremizm və separatçılıqda istifadə etməyə çalışarlar. Moskva bilir ki, Türkiyə bu kimi cəhdlərin qarşısını qətiyyətlə alır və bu səbəbdən İrəvanın ağlını başına yığması lazımdır.
Əlbəttə, söhbət təhlükəsizlikdən getdikdə, obyektiv olaraq, müdafiə məsələsi də aktuallaşır. Bu baxımdan N.Patruşevin hərbi-texniki əməkdaşlığı inkişaf etdirməkdən bəhs etməsi təsadüfi deyil. Moskva Cənubi Qafqazdakı tərəfdaşlarını hərbi cəhətdən təmin etməklə həm onların başqalarının təsiri altına düşməsinə əngəl olur, həm də hərbi baxımdan özü üçün daha aydın olan bir mənzərə yaradır.
Bunların fövqündə isə ümumiyyətlə, ölkə rəhbərləri arasında əməkdaşlığın və şəxsi münasibətlərin yüksək səviyyədə olması da şərt kimi görünür. Rusiya və Azərbaycan rəhbərliyi hər iki məsələdə kifayət qədər yaxın münasibətdədirlər. Deməli, N.Patruşev Rusiya Prezidentinin belə bir münasibətdən məmnun olduğunu və onu davam etdirmək əzmini ifadə edib.
Qeyd edilənlərin fonunda regional təhlükəsizliyin təmini məsələsinin vacibliyi aydın görünür. Rusiya burada hansısa qarışıqlığın olmasında maraqlı olmadığını nümayiş etdirir. Çünki Moskva, faktiki olaraq, Avrasiyada birləşdirici funksiyasını yerinə yetirməyə başlayıb. Bunu təsdiq edən faktlardan biri Vladimir Putinin Hindistanın baş naziri Narendra Modi ilə görüşdə yeni güclü təşkilatın yarana biləcəyi mesajını verməsidir. O, G7-dən də böyük olacaq və Rusiya ilə yanaşı, Türkiyə, Çin, Hindistanın da iştirak edəcəyi yeni təşkilatın formalaşmasının mümkünlüyünü vurğulayıb.
Belə çıxır ki, Cənubi Qafqazın da daxil olduğu böyük bir geosiyasi məkanda ciddi proseslər gedir. Artıq yeni səviyyədə qüvvələr balansının formalaşma ehtimalı özünü göstərir. Coğrafiyaya baxsaq, Türkiyə, İran, Rusiya, Hindistan, Çin kimi böyük dövlətlərin bir yerdə olacağı təşkilatda Cənubi Qafqazın taleyi də həll oluna bilər. Bu zaman, təbii ki, hər bir ölkənin öz funksiyası olacaq. Məsələn, Ermənistan təlimatlar yerinə yetirən forpostdan yüksək status ala bilməz.
Azərbaycanla isə regional məsələləri məsləhətləşməlidirlər. Çünki Azərbaycan regional liderdir və konkret fəaliyyəti ilə geniş məkanda proseslərə təsir edə bilir. Məsələn, enerji təhlükəsizliyinin təminində, sivilizasiyalar, mədəniyyətlər və dinlərarası dialoqun təşkilində və "Bir kəmər, bir yol" layihəsinin reallaşmasında aktiv iştirak edir.
Beləliklə, N.Patruşevin Azərbaycan səfəri regional geosiyasi proseslərlə qlobal trendlərin kəsişməsində aktuallıq kəsb edir. Zaman Moskva-Bakı əməkdaşlığının perspektivinin yüksək olduğunu təsdiqləyəcək.
Newtimes.az
Paylaş: