Xəbər lenti

 

Dövlət, ya da hökumət başçısı savadsızlığı, müşavirlərinin zəifliyi və özünü çoxbilmiş göstərməyə cəhd edəndə gülünc günə qalır. Ermənistanın baş naziri Nikol Paşinyan da elmi məsələlərdən danışanda sadaladığımız amillər özünü göstərir. Belə çıxır, onun dəqiq elmlərdən xəbəri yoxdur. Bu halda onu vəziyyətdən müşavirləri çıxara bilər. Özünü çoxbilmiş və hazırcavab göstərməyə çalışanda isə hökumət başçısının yamağı görünüb.

Deməli, Nikol Paşinyan noyabrın 20-22-də İtaliyada səfərdə olub. Səfər zamanı düşdüyü gülünc vəziyyət və özünü çoxbilmiş, hazırcavab göztərmək cəhdi ilə Ermənistanın hökumət və dövlət başçıları tarixində qalacaq. O, protokol qaydalarını bilmədiyini ötr-basdır etməyə səy göstərməklə əcaib vəziyyətdə qalıb. Ermənistan hakimiyyətinin bütün canfəşanlığına baxmayaraq, N.Paşinyan səfər zamanı İtaliya prezidenti Sercio Mattarella ilə görüşə bilməyib. Onun eləcə də Deputatlar Palatasının sədri Roberto Fiko ilə görüşü də alınmayıb.

Yeri gəlmişkən, Nikol Paşinyan “Facebook” səhifəsində Romanın “Corriere della Sera” qəzetinə müsahibəsindən bir hissə paylaşıb. O, jurnalistin “Azərbaycan İtaliyanın əsas enerji təchizatçılarından biridir. Bu, ölkəmizlə münasibətdə sizin üçün problem yaratmır” sualına cavabında deyib: “Bizim İtaliya ilə kifayət qədər yaxşı münasibətlərimiz var və ümid edirik ki, daha da yaxşılaşacaq. Mən deyərdim ki, Azərbaycan enerji deyil, neft və qaz təchizatçısıdır. Bu gün “enerji” sözünün anlamı çox tez dəyişir. Tezliklə İtaliya və bütün Avropa ölkələri üçün əsas enerji təchizatçısı günəş olacaq. Buna görə də biz faktları və gələcəyi nəzərə almalıyıq”.

Bu yerdə Nikol Paşinyana fizikadan bu xatırlatmanı etmək yerinə düşür. Enerjinin tərifi yoxdur. Onun itməməsi qanunu var. Neft və təbii qaz isə enerjidaşıyıcısıdır. Elmə əsasən, Yer üzündə mövcud olan bütün canlılar, cansızlar, bir sözlə, nə varsa hamısı Günəşdən enerji alır. Neft və təbii qaz da bu enerjinin daşıyıcısıdır. Bu məsələnin bir tərəfi. Digər tərəfdən, dünyada hələ uzun illər karbohidrogen resursların (Paşinyan üçün aydın olsun deyə, neft və təbii qaz) yanacaq bazarında və tələbatda mühüm rol oynayacağı, əsas yer tutacağı danılmazdır. Bu baxımdan, Azərbaycan Qərbi Avropanın və İtaliyanın enerji təchizatında aparıcı yerlərdən birini tutacaq. Ona görə də Trans Adriatik Boru Kəməri (TAP - Gasdotto Trans-Adriatico) Xəzərin Azərbaycan sektorundan təbii qazı Yunanıstandan Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya və daha sonra Qərbi Avropaya nəql edəcək boru xətti layihəsidir. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan bu kəmərlə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur, bununla Avropada, təxminən, 7 milyon ailə enerji ilə təmin ediləcək. Lahiyə 2020-ci ildə istismara veriləcək. Bu həm də o deməkdir ki, Azərbaycan Avropada Ermənistan əhalisindən iki dəfə çox insanın enerji ilə ehtiyacının ödənilməsində mühüm rol oynayacaq. Ölkə bununla həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Bundan başqa, Azərbaycan beynəlxalq bazarlarda etibarlı neft və qaz təchizatçısı, bir çox ölkələr üçün enerji təhlükəsizliyinin təminatçısı, diversifikasiya maraqlarının təmin edilməsi üçün məhz enerji sahəsində uğurlu əməkdaşdır. Bunların təsdiqlənməsi üçün çoxsaylı nümunələr sadalamaq olar. Nikol Paşinyan isə bu istiqamətdə Azərbaycanın rolunu azaltmaq üçün dəridən-qabıqdan çıxsa da, parter vəziyyətə düşüb.

Bəs Ermənistan insanların təhlükəsizliyi üçün nə ixrac edir? Bu ölkənin varlığının dünyaya nə xeyiri var? Bölgənin və dünyanın təhlükəsizliyinin təmin edilməsi üçün Ermənistan hansı addımları atıb? İnsanlar arasında sülh, danışıq və xoşməramlılıqla bağlı bu ölkə bir iş görübmü? Neft və təbii qaz hasilatçısı olmasa da, bu ölkənin dünyaya ixracatı yox dərəcəsindədir. Çox az miqdarda əlvan metal ixrac edir. Son zamanlar bu sahədə də ciddi problemlərlə üzləşdiyindən xarici sərmayənin qoyuluşu baxımından riskli dövlətə çevrilib. Ermənistan Rusiyanın sayəsində mövcuddur. Onun iqtisadiyyatı, dövlət sərhədlərinin qorunmasını belə Rusiya həyata keçirir. Keçmiş SSRİ zamanı Ermənistan SSR-in əhalisi dotasiya ilə yaşayıb. Sovet İttifaqı dağılandan sonra Rusiya ona himayədarlıq edib. Nikol Paşinyanın isə ölkəsinin sponsorunu dəyişməsi cəhdi iflasa uğradı. Nəticədə onun təmsil etdiyi qüvvələr 2018-ci ildə qaldıqları yerdən Rusiya ilə münasibətləri bərpa etməyə başlayıb.

Bu arada Nikol Paşinyan həm də yalançıdır. O, baş verənləri saxtalaşdırır. Azərbaycan torpaqlarında Ermənistan hərbçisi niyə ölür - sualına cavab verməyi bacarmayan bu “demokrat” hökumət başçısı tarixi faktları təhrif etməklə yanaşı, ən yaxın günlərdə baş verən hadisələri belə utanmadan saxtalaşdırır. O, Azərbaycanda “ermənifobiya”nın olduğunu deyir. Ancaq minlərlə erməninin Azərbaycanda yaşadığını (işğal altında olan torpaqlardan başqa) unudur. Henri Mxitaryanın təhlükəsizliyi üçün bütün təminatların verilməsinə baxmayaraq, Bakıya gəlməməsinə siyasi don geyindirir. Terrorçu ASALA-nın fəaliyyətini unutdurmaq üçün beynəlxalq ictimaiyyətin diqqətinə Azərbaycan zabiti Ramil Səfərovun Qurgen Marqaryanı zərərsizləşdirməsi barədə nağılı danışır. Ermənistanın bölgədə və ASALA timsalında dünyada terroru dəstəkləməsi və s. bir daha diqqətə çatıdırılması məsləhət görülür. Bu baxımdan, Ermənistan dünyaya iğtişaş, intriqa, ksenofobiya, terror, saxtakarlıq, düşmənçilik ixrac edir. Elə Azərbaycan torpaqlarının işğal altında saxlanılması, Gürcüstan, Türkiyə və İrana ərazi iddialarını örnək göstərmək yetərli olar.

Hətta bu yaxınlarda məlum olub ki, Ermənistandan ixrac edilən məhsullar saxtadır. Rusiya hökuməti Ermənistana saxta araqlarla bağlı şikayət edib. Ermənistanın keçmiş deputatı, Samvel Aleksanyanın adı da bu saxtakarlıqda daha çox hallanır. Hələ cari ilin avqustunda Rusiyanın Daxili İşlər Nazirliyi Ermənistanın Dövlət Gəlirləri Komitəsinə bu məsələ ilə bağlı müraciət etmişdi. Ancaq S.Aleksanyanın saxtakarlığı davam edib. Nikol Paşinyan və müavini Ainyanın keçmiş deputatla dostluq münasibəti var. Belə çıxır, Ermənistanın baş naziri Rusiyaya ixrac edilən saxta araqlardan gələn gəlirlər və rusiyalıların sağlamlığına ziyan hesabına ölkəsinin maliyyə problemini həll etməyi hədəfləyir. Qeyd edək ki, Paşinyan Aleksanyanın saxta araqlardan gələn pulların hesabına açdığı müəssisələrə gedir, bütün bunları isə televizorda göstərirlər.

Yeri gəlmişkən, br neçə ay əvvəl ABŞ-ın "HowMuch" reytinq agentliyi dünyanın ən iri ixracatçı ölkələrinin siyahısını dərc etmişdi. Siyahıda Azərbaycanın da adı var. Açıqlanan nəticələrin xidmət sahəsinə deyil, əmtəəyə aid olduğu xüsusi vurğulanıb. Siyahıda birinci yerdə Çindir. O, 2018-ci ildə 2,5 trilyon dollarlıq əmtəə ixrac edib. ABŞ ikincidir. Bu ölkə 1,7 trilyon dollarlıq içki və qida da daxil olmaqla ərzaq məhsulları, xam neft, mülki təyyarələr, avtomobil hissələri və sənaye texnikası ixrac edib. Almaniya siyahıda 1,6 trilyon dollarlıq ixracatla üçüncü, Yaponiya 738 milyard dollarlıq mal ixracatı ilə dördüncü, Niderland isə 723 milyard dollarlıq ixracatla beşinci olub. Minimal ixrac dövriyyəsi olan ölkələr - Ermənistan və Gürcüstan isə siyahıdan çıxarılıb. Azərbaycanda illik ixrac dövriyyəsinin 22 milyard dollar olduğu qeyd edilib. Odur ki, strateji müttəfiqinin əhalisi üçün saxta mal ötürən Ermənistanın bu siyahıya düşməsi mümkün deyil.

Nəhayət, Nikol Paşinyanın Günəş enerjisindən istifadə məsələsində də informasiyası qıtdır. Əslində, Ermənistanın baş naziri tükənən enerji daşıyıcısı sayılan neft və təbii qaza alternativ yanacaqlardan bəhs etmək istəyib. Ancaq içindəki psixoloji kompleksi və savad qıtlığı səbəbindən nə demək istədiyinin fərqində olmayıb. Bərpa olunan enerji mənbələri demək istəyib. Bura günəşlə yanaşı, (əlbəttə, bu şərtidir), külək, geotermal, hidroenerji, biokütlə və dalğa enerjiləri aiddir. Ekoloji baxımdan alternativ enerji mənbələri sərfəlidir. Dünyada alternativ enerjinin toplanması üçün səmərəli texnologiyalar belə tezliklə tətbiq edilməyəcək. Bərpa olunan enerji mənbələri bu qədər geniş potensiala malik olmasına baxmayaraq, dünyada istehlak edilən enerji növlərinə baxdıqda birinci yeri neft, sonrakı yerləri isə sıra ilə kömür və təbii qaz tutmaqdadır. 2016-cı ildə ənənəvi yanacaqların yekun istehlak içərisində payı 79,5 faiz, nüvə enerjisi 2,2 faiz, bərpa edilən enerji isə 18,2 faiz həcmində olub. Bu baxımdan, Nikol Paşinyanın Azərbaycan əleyhinə aparmağa səy göstərdiyi təbliğat gülünc və uğursuz olub.

Bir müddət əvvəl Ermənistan prezidenti Armen Sarkisyan Münhen Təhlükəsizlik Konfransında ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydendən 2020-ci ildə prezidentliyə namizədliyini irəli sürüb-sürməyəcəyini soruşub: “Siz namizədliyinizi irəli sürməyə hazırlaşırsınız?” Co Bayden pıçıltı ilə cavab verdiyindən onun söylədikləri eşidilməyib. Ancaq o, bir az sonra Armen Sarkisyana öz vizit kartını verib. Co Baydenlə Armen Sarkisyan arasında bu dialoq nədənsə sovet bəstəkarı Aram Xaçaturyanla İspaniyanın məşhur rəssamı Salvador Dalinin məşhur “görüşü”nü xatırladır. Co Bayden də Armen Sarkisyana vizit kartı verməklə sanki “sənə bu kart lazımdır. Başqa məsələlərin sənə aidiyyəti yoxdur” - mesajını verib. Nikol Paşinyanın İtaliyaya uğursuz səfəri də Xaçaturyan-Dali, Sarkisyan-Bayden “görüş”lərinin davamı olub. Roma Ermənistanın hökumət başçısını daha çox turist olaraq qəbul edib. İtaliya ona “Roma tətilləri”ndəki kimi həyatı başa salıb.  




Ana səhifəyə qayıt        Baxış: 307          Tarix: 27-11-2019, 16:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma